Azərbaycanlı aktrisadan şok etiraf: “Hamilə olduğumu bilsəydilər...” - FOTOLAR
Bizi izləyin

Digər

Azərbaycanlı aktrisadan şok etiraf: “Hamilə olduğumu bilsəydilər...” - FOTOLAR

Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Almaz Mustafayevanı “Uşaqlıqdan reportaj”a dəvət edəndə əvvəlcə nəm-num elədi. Səbəbini də bununla izah etdi ki, uşaqlığını çoxdan unudub. Amma yaddaşını qurdalamaq üçün o qədər də çox vaxt lazım olmadı….

“Revizor” qızı...

“Məmur qızı olmuşam, atam “revizor” idi. Uşaqlığım bibimin yanında-Bakıda keçib. Uşaqları böyük olduğu üçün bibim məni aparıb Bakıda, yanında saxlayıb. Orta məktəbə gedəndən sonra valideynlərimin yanına qayıtmışam. Məktəbdə oxuyanda yaxşı çalıb-oynamağım vardı, şeir söyləyərdim. Amma indi şeir söyləməyi heç xoşlamıram. Məktəbin ictimai işlərində çox fəal iştirak edirdim. Məktəb tədbirlərində, məktəblərarası müsabiqələrdə çıxış edirdim. Çoxlu fəxri fərmanlar da almışdım. Ağdamda doğulduğumdandır, ya nədənsə, yaxşı səsim vardı. O yerin camaatının gözəl səsi olur axı. Məktəbdə qızların çoxu Əfsər Cavanşirovun xoruna gedirdilər. Bir gün mən də onlara qoşulub xora getdim. Oxudum və Əfsər müəllim məni müşayiət edən bəstəkar Musa Mirzəyevə qayıtdı ki, bu qızın gözəl səsi var. Uşaqlıqdan Ağdamda böyük bir mülkimiz vardı, meyvə ağacından asılmış yelləncəkdə yellənə-yellənə oxuyardım. Heç kimin evində olmayanda, bizim evimizdə patefonumuz vardı, ordan eşitdiyim böyük sənətkarların mahnılarını zümzümə edərdim. Heç onda məktəbə də getmirdim”.

“Tanımadığım o oğlan atama dedi ki...”

“Atam mənim aktrisa olmağımı çox istəyirdi. Hətta o özü bir dəfə gəlib mənə dedi ki, Kinostudiyada Ədil İsgəndərov kurslar açıb və qızları-oğlanları ora dəvət edir. Mən onda Kinostudiyanı yaxşı tanıyırdım. Çünki məktəbdə oxuduğum vaxtlarda mən televiziyada uşaq verilişlərində iştirak edirdim. Televiziyaya məni uşaq verilişləri redaksiyasında rejissor vardı Vaqif Zeynalov adlı, o, aparmışdı. Bu da necə olmuşdu, danışım. Biz xorda oxuyanda tənəffüsə çıxardıq. Bir dəfə tənəffüs zamanı bir cavan oğlan mənə yaxınlaşıb soruşdu ki, televiziyada çıxış etmək istəyirsən? Dərhal “hə” cavabını verdim, amma dedim ki, evdə ata-anamla məsləhətləşməliyəm. Məşqdən sonra rejissor mənimlə evə gəldi və icazəmi aldı. 12 yaşım olardı onda”.

Məktəbə gələn yad kişlər və...

“Bir gün sinfimizə iki kişi gəldi, məni və Kolya adlı bir rus oğlanı özləri ilə götürdülər. Sən demə, bizi “Sehrli xalat” filminin sınaq çəkilişləri üçün seçiblərmiş. Gəldik Kinostudiyaya. O vaxt da Kinostudiya indiki Bakı Univermağının yerində yerləşirdi. Əlisəttar Atakişiyev mənə filmdən mətnlər verdi, oxudum. Diksiyam onun çox xoşuna gəldi və o məni dublyaj şöbəsinə apardı. O məni təqdim edəndə dedi ki, baxın görün sizin üçün tapıntı gətirmişəm. Beləliklə 1964-cü ildən həm də dublyajda işlədim. Eyni vaxtda da filmdə çəkildim. Əvvəlcə məni Zərifə rolu üçün yoxladılar. Amma sonra bədii şurada rolum dəyişdi və məni Səidə roluna təsdiqlədilər. Filmdəki muzey çəkilişləri Filarmoniyanın yanındakı bağda aparılırdı. Havalar çox isti idi. Yadımdadır ki, Möhsün Sənani filmə çəkilən bir neçə uşağı dənizkənarına aparar, dondurma alardı. Əlisəttar müəllim çox sərt insan idi, buna görə çəkilişlərə vaxtlı-vaxtında gələrdik”.

“Stolun üstündəki pulları görüb qorxdum”

“Atam uşaq vaxtı məni çox kaprizli böyütmüşdü. Dediyim kimi, “revizor” işləyirdi, yaxşı dolanardıq. Amma atam heç vaxt kiminsə cibinə girməzdi, halal məvaciblə dolanardı. Bizim bir qonşumuz vardı, o da “revizor” idi. Bir dəfə mən onlara gedəndə gördüm stolun üstü pulla doludur. Qorxdum, çünki ömrümdə bir belə pul görməmişdim. Tez həyətə qaçdım. Atama gəlib dedim ki, ata, sən də “revizor”san, amma niyə bizim bu qədər pulumuz yoxdur? Atam dedi ki, “mən sizi həmişə düşünmüşəm və bilmişəm ki, heç vaxt gecə gəlib məni evimdən aparmayacaqlar”. Doğrudan da, sonradan o ailənin başına çox iş gəldi, o kişini tutdular, mal-dövlətini müsadirə etdilər. Atam dedi ki, gördünüz, bu da o pulların aqibəti”.

“Aktrisa olduğuma görə, anası məni almırdı”

İş yoldaşım onu mənimlə tanış etmişdi. Mən teatrda işləyirdim, o, isə Moskvada oxuyub Bakıya qayıtmışdı. Qadın geyimləri üzrə ilk rəssam idi. Mən Kommunist küçəsi ilə aşağı düşürdüm. Onlar da “Monolit”in həyətində rəssamların yaradıcılıq evi vardı, ordan çıxıb gəlirdilər. Biz dayanıb söhbətləşdik. İş yoldaşım məni onunla tanış etdi. Sonradan o oğlan məni teatra dəvət etdi. Əvvəl-əvvəl dost kimi görüşdük, sonradan isə bu dostluğu sevgi əvəzlədi. Bir-birimizə çox isnişmişdik, hətta hara gedirdiksə, bir yerdə gedirdik. Bu sevgi düz yeddi ildən sonra evliliklə nəticələndi. Ailələrimiz bizim evlənməyimizi istəmirdilər. Onun anası məni almaq istəmirdi, deyirdi ki, aktrisadır. Mənim anamsa rəssama qız vermək istəmirdi. Çünki o vaxtlar rəssamlar haqqında mənfi fikirlər səslənirdi. Deyirdilər ki, rəssamlar arvad saxlayan olmur, özləri üçün yaşayır. Kəsəsi mənimkilər vermək, onunkilar isə almaq istəmirdilər. Oğlana çox yerlərdən qızlar təklif olunurdu, elə anamgil də mənə oğlanlar tapmışdılar. Amma bu sevgimizə əngəl ola bilmədi. Başa düşdülər ki, bizi bir-birimizdən ayırmaq mümkün deyil. Axırda evləndik”.

“Hamilə olduğumu bilsəydi...”

“Bir xatirə də danışım. “Şir evdən getdi” filminə hamilə ola-ola çəkilirdim. Hamıdan gizlətmişdim bunu, çünki bilsəydilər, məni filmə çəkilməyə qoymazdılar. Filmdə bardur vardı, onun üstündən hoppanırdıq. Artıq hamiləliyimin 7-ci ayında filmin çəkilişləri başa çatdı. Heç bunu bilən də olmadı. Çünki qarnım balaca idi, hamiləliyim bilinmirdi”.

İlk qonorara alınan don...

“İlk qonorarımı indiki kimi xatırlayıram. 1964-cü il idi, “Sehirli xalat” filminə görə mənə çoxlu pul vermişdilər. Onda da yekə-yekə əskinazlar idi. Qayda-qanuna görə pul filmə çəkilən uşağın valideynlərinə verilməli idi. Kinostudiyada Sara xala adlı kassir vardı, məni dublyajdan tanıyırdı. O etibar edib, pulu özümə vermişdi. Qonorarımı valideynlərimə verirdim. Evimizin yanında bir parça dükan vardı, “Madeyranın dükanı” deyirdilər. Anamla getdik ora, çünki bir müddət idi ki, dükanda çiyələk rəngli bir parçadan xoşum gəlmişdi, fikirləşirdim ki, qonorarımı alan kimi o parçadan alıb don tikdirəcəyəm. Aldıq parçanı, dərziyə verdik, mənə qəşəng bir don tikdilər. Dublyajdan da yaxşı pul qazanırdım”.

Cəvahir Səlimqızı

Foto:Nuron

Oxumağa davam et
Reklam
Reklam

Gündəm