Elariz Məmmədoğlunu qız üstə döydülər - FOTOLAR, VİDEO
Bizi izləyin

Digər

Elariz Məmmədoğlunu qız üstə döydülər - FOTOLAR, VİDEO

Bu dəfə həmsöhbətim şou-biznesin üzdə olan nümayəndələrindən biritanınmış müğənni Elariz Məmmədoğludur. Elit toylar kralı kimi tanıdığımız Elarizin uşaqlığı necə keçib, görəsən?

“Yox, yenidən uşaqlığıma qayıtmaq istəməzdim. Çünki yaşanmışları yenidən yaşamaq mənə maraqsızdır”,–desə də, uşaqlığından elə şirin-şirin danışdı ki, ləzzətlə qulaq asmalı oldum. Yaman şuluq uşaqmış, amma üzünə baxanda heç deməzsən ha. Xətrinə dəyməsin, suyun lal axanı... Vallahi, zarafat elədim, çox səmimi müsahib idi. Bəzi həmkarları kimi xatirələrinə ütü çəkib hamarlamadı. Nəyi var, onu danışdı.

Sovetski uşağı…

“Bakının məşhur yerlərindən birində - Nərimanov heykəlinin arxasında bir bağ var. O bağın yanındakı küçədən sonra “Sovetski” deyilən bir məhəllədə dünyaya göz açmışam. Belə deyim də, “Sovetski” uşağı olmuşam. Sadə, ziyalı, orta qazanclı bir ailənin övladıyam. Tale elə gətirib ki, iki orta məktəbdə təhsil almışam. Biri Həmid Mahmudbəyov adına 2 saylı, digəri isə Hüseyn Cavid adına 132 saylı məktəb idi. İndiki İçərişəhər metrosu ilə üzbəüz yerləşən məktəb. İki məhəllədə böyümüşəm - həm məşhur “Sovetski məhəlləsi”ndə, həm də İçərişəhərdə. Çünki iki yerdə də evimiz vardı, hər ikisi balaca, dəbdəbəsiz evlər idi”.

“Deyirdim, bu nə addır e, qoymusunuz mənə?”

“Adımı valideynlərim qoyub - "el" qədim türk sözüdür, "ariz" isə arzulayan deməkdir. Adımın gözəl mənası olmasına baxmayaraq, əvvəllər, yəni uşaq olanda adımı bəyənmirdim. Çünki çox sual verirdilər ki, bu nə addır. Mən də bezirdim cavab verməkdən. Sonralar - böyüdükcə və tanınmağa başladıqca isə nadir ad kimi adımdan çox xoşum gəlməyə başladı”.

Ən şuluq məhəllə uşağı

“Orta məktəblə yanaşı, mən həm də musiqi məktəbinin tar və fortepiano şöbəsində təhsil alırdım. Xasiyyətimə gəlincə, çox şuluq sakinləri olan bir məhəllədə yaşadığım üçün mən də şuluqluğumla diqqət çəkirdim. Amma valideynlərim məni çox qapalı saxlayırdılar. Onlar məni təhsillə o qədər yükləməyə çalışırdılar ki, başqa şuluq işlərə vaxtım qalmasın. Həm orta, həm musiqi məktəbinə gedirdim. Üzgüçülüklə məşğul olurdum, buna görə də məhəllədə uşaqlarla avaralıq etməyə vaxtım qalmırdı. Həm də avaralanmağa qoymurdular məni”.

“O qədər şuluq idim ki, sinif rəhbərim dilimdən kağız da almışdı”

“Sözün düzü, əvvəllər çox sakit uşaq idim. Sonradan şuluq olmağa başladım. O qədər şuluq idim ki, məktəbdə sinif rəhbərim Məhəbbət İlyasova dilimdən kağış da almışdı. Demişdi ki, hər şənbə günü atan məktəbə gəlib mənimlə danışmalıdır. O biri məktəbdə oxuyarkən isə sinif rəhbərim Səlimə müəlliməni o qədər əsəbiləşdirmişdim ki, o, mənim əlimdən tutub atamın iş yerinə aparmışdı. Atamın iş yerində məndən o qədər şikayətləndi ki, bəs oğlun dərsdən qaçır, şuluqluq edir, dərs keçməyə imkan vermir”.

“Ortalığa gülməli söz atırdım, bütün sinif uğunub gedirdi gülməkdən”

“Şuluqluq salmağımdan danışım da bir az. Deməli sinifdə dərs başlayan kimi ortalığa gülməli söz atırdım, bütün sinif uğunub gedirdi gülməkdən. Mən isə tam sakit vəziyyətdə otururdum yerimdə. Müəllimə də qalırdı pis vəziyyətdə. Uşaqları heç cür sakitləşdirə bilmirdi. Sinifdə o qədər səs-küy olurdu ki, ağız deyəni qulaq eşitmirdi. Səbəbkar da hər zaman mən olurdum”.

“Dedim ki, burdan karbohidrat iyi gəlir”

“Ən çox kimya müəllimimin dərsində şuluqluq salırdım. Xırda-xırda o qədər şuluqluqlarım olub ki, indi bilmirəm hansını danışım. Bir dəfə kimya dərsində idik. Mən də arxa partada əyləşmişdim. Qəfildən durdum ayağa ki, müəllim, mən burda oturmaq istəmirəm. Müəllim soruşdu ki, niyə, səbəb nədir? Mənim də arxa tərəfimdəki stollarda kimyaya aid olan ləvazimatlar, kolbalar düzülmüşdü. Müəllimə cavab verdim ki, burdan karbohidrat iyi gəlir, buna görə yerimi dəyişmək istəyirəm. Bax, görürsən ki. Sizi də gülmək tutdu. O sözü deyəndə bütün sinif uğunub getdi gülməkdən. Müəllim əsəbiləşdi ki, mən burda sizə nəsə öyrətməyə çalışıram, sən də uşaqların fikrini yayındırıb şuluqluq salırsan. Məni buna görə ayağa qaldırıb o ki var danladı, səhəri gün valideynimi məktəbə çağırdılar, şikayətləndilər”.

“Atam qolumdan tutub fırladır və yumşaq yerimə qapaz çəkirdi”

“Atam məni belə şeylərin üstündə döyürdü. Amma Allah atama rəhmət eləsin, məni döydüyünə görə bu gün ona minnətdaram. Çünki o, məni döyməsəydi, indi belə ağıllı insan olmazdım. Biz azərbaycanlıların yaxşı cəhətləri ilə bərabər pis cəhətləri də var. Bəzi valideynlər uşağı döyəndə başına qapaz vururlar. O da çox pis şeydir. Uşağın beynini idarə edən beyindir. “Kül başına” deyib, uşağı qapazlayırlar. Amma atam qolumdan tutub fırladır və yumşaq yerimə şapalaq çəkirdi. Ağlasam da sinir sistemimə ziyanı olmurdu. Atamdan çox qorxurdum, elə indi də qorxuram. Hərdən evdə sakit gəzirəm ki, atam eşidər, sonra ayılıram ki, atam rəhmətə gedib. Atamın xofu qalıb canımda. Çox ağırtəbiətli kişi idi”.

“Xarici və sovet hökumətinin köhnə pullarını yığırdım”

“Uşaqlıqda hobbim vardı - qədim, xarici və sovet hökumətinin köhnə pullarını yığırdım. Hətta o qədər çox pulum vardı ki, başqaları da öz pullarını gətirib mənə verirdilər. Deyirdilər ki, bizdə azdır, səndə çox, qoy lap çox olsun. Xoşuma gəlirdi o pullar. Çexiyanın pulları aliminiumdan, Polşanın pulları ağır dəmirdən idi. Nikolayın pulları deyirdilər, Rusiyanın pullarını da həvəslə yığırdım. O pulları məktəbə aparırdım, hamıya göstərirdim. Evə qonaq gələndə mütləq pullarımı gətirib göstərirdim. İndi yoxdu onlar. Sonradan itirdim”.

“Buna görə də mən hüquqşunas ola bilmədim”

“Konkret olaraq kumirlərim olmayıb. Futbolu izləyəndə futbolçu olmaq istəyirdim, kosmonavtları görəndə kosmonavt olmaq istəyirdim. Musiqi məktəbinə gedəndə ordakı xor dərnəyində oxuyurdum. Bir müddət oxyandan sonra məni solist kimi qəbul etdilər. Mən oxuyurdum, arxamda da xor ifaçıları olurdu. Musiqi qabiliyyəti məndə uşaqlıqdan olub. Yavaş-yavaş taleyimi müəyyənləşdirməyə başladım. Amma valideynlərim məni hüquqşunas kimi görmək istəyirdilər. O vaxt hüquq fakultəsi dəbdə idi, amma sovet vaxtı həmin fakultəyə daha çox vəzifəli şəxslərin uşaqları qəbud olunurdu. Biz orta səviyyəli insanlar isə ora daxil ola bilmirdik. Buna görə də mən hüquqşunas ola bilmədim. Heç sənədlərimi də vermədim, çünki nəticəni bəri başdan bilirdim. Sovet hökumətində rüşvətin olduğunu bilirik də hamımız. Yox, heç peşman da olmadım. Məncə, hüquqşunas olsadım, başqa bir həyat tərzim olardı. Amma müğənni taleyi mənə daha xoşdur”.

“Ayağımı yerə döyürdüm ki, bir də mənə kəpənək taxmasınlar”

(Nə illah elədiksə, Elariz müəllim uşaqlıqda xarici görünüşcə necə bir oğlan olduğunu demədi. Şəkillərə baxıb özünüz nəticə çıxararsınız, dedi. Biz də çox üstünə getmədik. Amma geyimindən danışdı, özü də ağızdolusu.- C. S) Həmişə geiyimim fərqli olub, digər şagirdlərdən fərqlənirdim. Birinci sinifdə oxuyanda ağ köynək geyindirirdilər mənə, boğazıma da kəpənək taxırdılar. Bu işlə xalam Kövkəb məşğul olurdu. Bir gün gəlib etirazımı bildirdim ki, mən kəpənək taxmaq istəmirəm. Çünki sinifdə məndən başqa kəpənək taxan yox idi. Ayağımı yerə döyürdüm ki, bir də mənə kəpənək taxmasınlar. Onlar da məndən soruşdu ki, a bala, niyə, səbəb nədir? Dedim ki, mən yeganə kəpənək taxan şagirdəm və sonra mənə deyəcəklər ki, sən Lütfiyar İmanova oxşayırsan”.

“Soruşdular ki, ay bala, sən Lütfiyar İmanovu hardan tanıyırsan?”

“Hamı məəttəl qalıb bir-birinin üzünə baxdı. Məndən soruşdular ki, ay bala, sən Lütfiyar İmanovu hardan tanıyırsan? Dedim ki, niyə tanımıram, “Sənsiz”i, “Sevgili canan”ı oxuyur də. Onda başa düşdülər ki, məndə musiqiyə maraq var. İstər-istəməz mən müğənniləri, aktyorları yadımda saxlaya bilirdim. Çox səliqəli geyinirdim. Xoşlayırdım səliqəli görünməyi. Onuncu sinifdə oxuyanda Çingiz adlı bir sinif yoldaşım vardı, həmişə bahalı geyinirdi. Sonuncu siniflərdə oxuyanda onun atası çox varlanmışdı və Çingiz də buna görə bahalı geyimlərlə məktəbə gəlirdi. Artıq mən onunla ayaqlaşa bilmirdim. Mən ildə bir-iki kostyum dəyişirdim, amma o isə hər gün bir kostyumda dərsə gəlirdi”.

“Xalam oğlu Ağahüseynlə onları tutub yaxşıca əzişdirdik”

“Heç yadıma gəlmir ilk sevgim bağçada olub, ya orta məktəbdə. Uşağıydım də, həmişə kiməsə baxıb onu sevirdim. Böyüdükcə qız üstündə davalara da düşürdüm. Bir dəfə məhəllədə belə bir dava baş verdi. Bizim məhəllə qızının dalınca bir oğlan gəlirdi. Mən həmin oğlana qadağa qoydum ki, bir də məhəlləyə gəlib qızla danışmasın. Həmin oğlan da özüylə beş-altı nəfəri yığıb üstümə gəldi və dalaşdıq. Onlar təbii ki, məndən çox olduğuna görə bacara bilmədim. Amma sonradan xalam oğlu Ağahüseynlə onları tutub yaxşıca əzişdirdik. İntiqamımı aldıq”.

“O qızı paradda gördüm və …”

“Həyat yoldaşımla ilk dəfə İncəsənət İnstitutunun birinci kursunda oxuyarkən tanış oldum. Onda hər ikimizin 17 yaşı vardı, çox gənc idik. Böyük Oktyabr Sosialıist İnqilabının ildönümü münasibətilə 7 noyabr bayramı keçirilirdi. Həmin vaxtlarda Hökümət evinin qabığında təntənəli parad keçirilirdi. Bu bayrama bir neçə gün qalmış məşqlər olurdu. Bu məşqlər zamanı həmin qızı gördüm. Qəşəng, sakit bir qız kimi diqqətimi çəkdi, amma heç bilmirdim bu qızı sevib ailə quracağam. Bir il ali məktəbdə oxuduq, gördüm ki, çox tərbiyəli, ağıllı qızdır, başqa qızlardan fərqlənir”.

“Bizimkilər qızın dalınca çox gedib-gəldilər”

“Həmin vaxt qanun vardı, birinci kursdan sonra iki il hərbi xidmətə yollandım. Qayıdandan sonra da gördüm dostlarım o qızı ağlına, tərbiyəsinə görə tərifləyirlər. O, dördüncü kursda oxuyanda biz nişanlandıq. Dərhal razılıq vermədilər, bizimkilər qızın dalınca çox gedib-gəldilər. Elə belə yaxşıydı”.

“Yaşanmışları yenidən yaşamaq mənə maraqsızdır”

“Yox, yenidən uşaqlığıma qayıtmaq istəməzdim. Çünki yaşanmışları yenidən yaşamaq mənə maraqsızdır. Həmişə gələcəyi düşünürəm. Baxmayaraq ki, vaxt gedir, yaşa doluruq. Amma hər halda gələcəyə baxmaq, gələcəyi görmək istəyirəm. Yaşanmışları təkrar yaşamağın nə mənası var axı…”

Cəvahir Səlimqızı

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm