Elşən Musayev: “Əgər bunların “təmiz”i Mehman Əliyevdirsə…”
Bizi izləyin

Digər

Elşən Musayev: “Əgər bunların “təmiz”i Mehman Əliyevdirsə…”

Azərbaycanın radikal müxalifəti bataqlığın tam içindədir. Həm də birmənalı! Boğazına və xirtdəyinə qədər! Belə bir məqamda isə təmiz olmaq, daha doğrusu onların arasında təmiz qalmaq faktiki olaraq qeyri-mümkündür.

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev müəllif yazısı ilə çıxış edib. Publika.az həmin yazını təqdim edir.

Azərbaycan siyasətində hər zaman özünü kimlərəsə oxşatmağa çalışan, eyni zamanda kimlərinsə zövqünü oxşamaq istəyən qüvvələr olub. Və ya belə deyək: Həmin qüvvələrin heç bir zaman öz timsalları, öz yolları və istiqamətləri olmayıb, ola bilməyib. Ya da belə olmasını elə özləri istəyiblər.

Təbii, söhbət Azərbaycan müxalifətindən gedir. Daha doğrusu onların radikal qanadından...

***

Dünyanın hər hansı bir yerində nə baş verirsə versin : yaxşı- pis, doğru-yalnış, fərq etməz, bizim müxalifətimiz anındaca “amin”deyəcək. Hansı beynəlxalq təşkilatda, təsisatda, qurumda kiminsə burnu qaşınıb asqırsa, yenə bizimkilər“sağlam ol”- deyib qışqıracaqlar. Və nəhayət..sanki dünyada baş verən bütün inqilablar Azərbaycan müxalifətinin ürəyindəndir və ya onları düşündürən yüz minlərin, milyonların qətli və qırğını deyil, yalnız öz aləmlərində bunlara verilən ötürmədir. Yəni orda baş verdisə bizdə də olacaq. Ya da onlarda varsa bizdə niyə yoxdur? – kimi sərsəmləmələr və illuziyalar... Hətta ənənəvi müxalifətimiz ölçü məsələsində belə o qədər komplekssiz və problemsizdir ki, istənilən adamın köynəyini, şalvarını, papağını çox rahat bir şəkildə əyinlərinə geyinə bilirlər.

Amma bir tək yerişlərini yeriyə bilmirlər ki, bilmirlər...

***

Yəqin 2005-in narıncı inqilablarını çox adam xatırlayır. Eyni zamanda həmin ərəfədə Azərbaycan müxalifətinin ərsəyə gətirdiyi mənasız və lüzumsuz tamaşaları...Heç yadımdan çıxmaz, həmin dövrdə bunlar hansısa “ağıllı”nın təlimatı ilə bütün maddi resurslarını narıncı köynəklərin alınmasına sərf etmişdilər. Beyinlərini, üslublarını, ideologiyalarını dəyişmək əvəzinə köynəklərinin rəngini dəyişmə qərarı vermişdilər və elə bilirdilər bir tək həmin köynəkləri geyinməklə Gürcüstan və Ukraynadan sonra Azərbaycanda da eyni hadisələri təkrarlamaq mümkün olacaq. Amma necə deyərlər: “sən saydığını say, gör fələk nə sayır” Və ya bu insanlar köynəklərinin rəngini dəyişə bilsələr də üzlərinin rəngini dəyişə bilmədilər. Hər zamankı tək qap-qara oldu.. Həm tərəfdaşlarının, həm də onlara siyasi və maliyyə dəstəyi verən beynəlxalq qurumların, dövlətlərin qarşısında....

***

Və deyim ki, daha sonrakı illərdə də eyni adlı mahiyyətdən doğan proseslərin şahidi olduq. Eyni mexanizm, eyni kurs, eyni taktika... Sadəcə bir az daha fərqli üslubda və improvizədə. Yaxşı bəs həmin fərq özünü hansı əlamətlərlə ehtiva edirdi? - Alınıb-satılmanın qaydalarında və yerdəyişməsində! Vəssalam. Bununsa izahını daha təfsilatlı verim: Əvvəla ondan başlayaq ki, Azərbaycan siyasətinin radikal- müxalif qanadında alınıb satılmayacaq adam yoxdur. Bu birmənalıdır. Ay filankəs təmizdir, mələkdir, nə bilim hamamın yanında qalır və s ilaxır-hamısı illuziyadır, boş söhbətdir. Hətta deyim ki, seçki ərəfəsində həmin müxalifətin pərakəndə və bir yerdən satış tarifləri belə müəyyən olunur və həmin tariflər beynəlxalq qurumların və fövqəl dövlətlərin nəzəri diqqətinə çatdırılır. Yəni bunlar özlərini açıq-aydın hərraca qoyurlar. Sadəcə məsələ burasındadır ki, artıq xaricdə köhnə mallara, istifadə müddəti keçmişlərə,“maklaturalar”a tələbat yoxdur. Əksinə, bunların özləri çıxarıb pul versələr ki, bizə dəstək olun, yenə olmazlar. Çünki, Azərbaycan müxalifətinin kəramətinə artıq bütün dünya bələddir. Və inandırım sizi...həmin müxalifətçilik bu gün əməlli başlı biznes manapoliyasına çevrilib. Müxtəlif insanların əli ilə dövriyyə vurur. Sahib olduqları saxta müxalifətçiliyin rəngini hər dəfə dəyişməsələr də ahəngi dəyişib həmin dövriyyəni qorumağa çalışırlar...

Baxın, İbrahimbəyov niyə birdən-birə ortalığa atıldı? Yeni bir sifət idi (təbii əgər sifət demək mümkünsə) -ona görə. Ya da Cəmil Həsənli faktorunun özü - ətrafında alim, professor, sadə insan imicini yaratmağa çalışdılar. Niyə? Çünki, beynəlxalq aləmi guya öz aləmlərində vizual da olsa aldatmağa çalışırdılar. Həm də nəzərə almadan ki, beynəlxalq düzəni tənzimləyənlərin hamısı köhnənin qurdlarıdır və çörəyi qulağına yemirlər...

***

Və...madam ki, söhbət şəxsiyyət kontekstinə gəldi, o zaman çox maraqlı bir məqamı da vurğulamadan keçməyim: Yəqin çoxları xatırlar, son Prezident seçkiləri ərəfəsində müxalifət tərəfdən bir neçə namizədin adı hallanırdı. Onlardan biri də Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev idi. Təbii, məlumdur ki, onun siyasi gücü, tərəfdaşı, elektoratı, dəstəyi yoxdur. Amma, mövzunu görün hansı istiqmətdə qoymuşdular.. Ki, adam təmizdir, ədalətlidir, millətçidir, son dərəcə sadə bir həyat tərzi var və nəhayət heç bir müxalifətdaxili qruplaşmalarda adı keçmir...

Bir neçə gün bundan öncə isə mətbuatda həmin” tər-təmiz” Mehman Əliyevin çox maraqlı bir telefon danışığı yayıldı. Daha doğrusu həmin danışığın mətni. Tərəf müqabili isə Ukraynada fəaliyyət göstərən Amerika fondlarından birinin nümayəndəsi...İlk öncə telefon danışığına Ukrayna Azərbaycanlıları Konqresinin sədri Xəqani Hüseynov başlayır. Daha sonra isə dəstəyi həmin o haqqında danışdığım fondun nümayəndəsinə verir. Yaxşı bəs söhbət hansı əsnada keçir - Məncə elə ən maraqlı məqam da burasıdır.. Və ya qarşı tərəf eyni adlı gedişatda Mehman Əliyevə bildirir ki, Amerika növbəti Prezident seçkilərinə qədər Azərbaycanda işləməyə qərarlıdır və hətta hakimiyyəti dəyişməyin belə, formalarını müzakirə etmək olar. Eyni zamanda həmin danışıqda ən çox diqqət cəlb edən məqamlardan biri “demokratik inqilaba dəstək”- ifadəsinin işlənməsidir. Ən sonda isə qarşı tərəf Mehman bəyə belə bir sual ünvanlayır: “İnqilab və maliyyə məsələləri haqqında telefon vasitəsilə danışmaq sizin üçün rahatdırmı?” Və...təbii olaraq da “xeyr”cavabını alır...

Belə bir telefon danışığının olduğunu isə artıq Mehman Əliyev etiraf eləyib. Ardınca isə bildirib ki, məni hər an həbs edə bilərlər. Mövzunun ikinci konteksti - yəni həbs və ya cinayət məsuliyyəti ilə bağlı bir şey söyləməyəcəm. Çünki bu istiqamətdə dolğun qərarların verilməsi artıq hüquq-mühafizə orqanlarının üzərinə düşən məsələdir. Amma bir neçə siyasi məqama toxunmaq istəyirəm . Daha doğrusu bunları söyləməyi özümə borc bilirəm:

1)Haqqında danışdığım insanlar zamanında bir tək hakimiyyətlə bağlı deyil, hətta Dağlıq Qarabağla belə bağlı məsələləri həmin o beynəlxalq təşkilatlarla, xarici ölkələrlə müzakirə pridmetinə çeviriblər. Və ya bu əsrarəngiz vicdan yiyələri hətta güzəştli şərtləri belə sənəd halında masa üzərinə qoymağı bacarıblar...Proses kimin ofisində olub, orada kimlərin iştirakı olub - Azərbaycan dövlətinə və hakimiyyətinə çox yaxşı bəllidir. Sadəcə açıqlamırlar. Daha doğrusu açıqlaya bilmirlər. Çünki, belə olacağı halda həmin anti-milli ünsürləri, öz vətənini satmağa hazır olan saxta vətənşüvənləri inanın ki, bu xalqın əlindən kimsə ala bilməz...

2)Azərbaycanın radikal müxalifəti bataqlığın tam içindədir. Həm də birmənalı! Boğazına və xirtdəyinə qədər! Belə bir məqamda isə təmiz olmaq, daha doğrusu onların arasında təmiz qalmaq faktiki olaraq qeyri-mümkündür...

3)Əgər bunların “təmiz”i Mehman Əliyevdirsə - hansı ki, tanımadığı biri ilə(həm də telefonla) hakimiyyət və inqilab müzakirələrini çox rahat bir şəkildə eləməyi bacarıb - o zaman təsəvvür edin, həmin qüvvələrin natəmizı nədir, kimdir və necədir...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm