“Mənə dedi, ağsaqqal, sevin ki, səni vurmuruq” - MÜSAHIBƏ
Bizi izləyin

Digər

“Mənə dedi, ağsaqqal, sevin ki, səni vurmuruq” - MÜSAHIBƏ

Güney Azərbaycan Milli Hərəkatının iştirakçısı, tanınmış şair Seyidcəlil Hüseyninin Bakıda olmasından istifadə edib onunla söhbətləşmək qərarına gəldik. Məlumat üçün bildirək ki, S.Hüseyni 1959-cu ilin martın 25-də Güney Azərbaycanın Muğan bölgəsinin - Ərdəbil əyalətinin Parsabad şəhərində anadan olub. Şirazda, Kirmanşahda ali təhsil alıb, İran İslam İnqilabında iştirak edib. Sonradan pantürkist damğası ilə riyaziyyat müəllimi işlədiyi məktəbdən uzaqlaşdırılıb. 2000 və 2001-ci illərdə Kəleybər şəhərində 1,5 milyon insanın iştirakı ilə keçirilən Bəzz qalasına yürüş aksiyasının təşkilatçılarından biridir. Babək Xürrəmdinə həsr olunmuş “Qanlı günəş” poemasının müəllifidir. Bir neçə kitabı çapa hazır vəziyyətdədir. Dörd il öncə Parsabad elektrik enerjisi idarəsindən təqaüdə çıxıb.

- Seyidcəlil bəy, Güney Azərbaycan Milli Hərəkatının hazırkı durumu necədir?
- Güney Azərbaycan Milli Hərəkatı hazırda üstünü kül basmış közə bənzəyir. Kənardan bir külək gələndə bu köz özünü nişan verir. Necə ki, 2006-cı ilin mayında “İran” qəzetində Azərbaycan türklərini tarakana bənzətdilər, o zaman bütün türklər xiyabanlara töküldülər. Nəticədə İran hökuməti geri çəkilməyə məcbur oldu. Milli hərəkata bağlılıq o tayda yaşayan bütün türklərin qanında var. Əgər bizim gənclik illərimizdə bir tələbə universitetə oxumağa gedirdisə, o, qayıdıb gələndə fars dilində danışmağa çox meyilli idi. Gəlib evlərində, adamlar arasında özünü savadlı göstərmək üçün farsca danışırdı. İndi isə universitet təhsilini başa vurub qayıdan bütün gənclər əsl türkcə danışmağa başlayırlar. Güney Azərbaycanda və İranda bütün milli ocaqlar hamısı universitetlərdə və gənclərdədir. Əvvəllər isə ustad Şəhriyar kimi tək-tük ağsaqqal şairlər, milli adamlar bu yükü çiyinlərində daşıyırdılar. Hazırda Güney Azərbaycanda milli hərəkata münasibətdə insanlar üç qrupa bölünüb. Bir qrup insan İran Ana Yasasının 15 və 19-cu maddələrinin həyata keçirilməsini tələb edirlər. İkinci qrup deyir ki, yox, bu azdır; gərək İran federasiya şəkilində idarə olunsun, türklərin özlərinin də milli-mədəni muxtariyyətdən bir qədər yuxarı səlahiyyətə malik dövləti olmalıdır. Üçüncü qrupa daxil olanlar isə deyirlər ki, biz 35 milyonluq millətik və müstəqil olmalıyıq. Bir az qorxaq olanlar 15 və 19-cu maddələrin tətbiqini istəyirlər. Ürəyində isə istiqlalı hamı istəyir.

- Həmin maddələrdə nələr nəzərdə tutulub?
- 15-ci maddədə qeyd olunur ki, İranın rəsmi dili fars dilidir, ancaq hər bir millətin öz dilində yazıb-oxumaq hüququ var. 19-cu maddədə isə bütün xalqlara ədalətli, bərabər yanaşmaq təsbit olunub. Həmin maddəyə görə heç bir xalqa qarşı ayrı-seçkilik olmamalıdır. Ancaq təəssüf ki, ona da əməl etmirlər.

- Siz həm də Kəleybər şəhərində keçirilən Bəzz qalasına yürüşün aktiv iştirakçısı olmusunuz...
- Bəli. Əvvəlki dönəmlərdə bildiyiniz kimi, Güney Azərbaycanda Səttarxan, Xiyabani, Pişəvəri hərəkatları olmuşdu. Amma Pişəvəri hərəkatından sonra - şah dönəmində milləti elə qorxutmuş, elə qırmışdılar ki, ondan sonra Azərbaycanda neçə illər ərzində bir nəfər “ana dili” deyirdisə, qoca kişilər “amandı, bu sözü dilinizə almayın” deyirdilər. Hələ şah dönəmində mollalar milli haqlarını istəyənlərə “kommunist, dinsiz” adları qoymuşdular. İnqilabdan sonra millət yavaş-yavaş özünə qayıtdı. 20-25 il bundan qabaq hərəkat Bəzz qalasında daha da qızışdı. Bu tədbirin təşkilat komitəsi iki il dalbadal Muğan bölgəsindən oldu. 2000 və 2001-ci illərdə 1,5 milyon Azərbaycan türkü milli mücadilə və mədəni haqlarını istəmək uçun ora toplaşdılar, iki-üç gün orda qaldılar. İnsanlar yallı gedir, saz çalınır, ocaq qalayır, Babəkin ərəb xəlifəsinə qarşı apardığı mübarizəni canlandırırdılar. Bəzz qalasında üç-dörd il bu tədbirlər keçiriləndən sonra İran hökuməti bunu özünə təhlükə gördü. Dedilər ki, burda oyanış var. Bu tədbirlərin qarşısını almaq üçün 2003-cü ildə qalanın ərazisini hərbi baza elədilər. Mən Babəkə həsr etdiyim “Qanlı günəş” adlı poemanın 500 nüsxəsini orada paylamaq istədim. Hələ ora çatmamış ETTELAAT məmurları bizi tutub apardılar. Bizə üç gün ərzində yeməyə heç nə vermədilər, yalnız su verdilər. Balaca bir otağa 49 nəfəri doldurdular, nəfəs almaq mümkün deyildi. Özü də isti havada, iyunun 30-da. Bir az yaşlı olduğumuz üçün bizi vurmurdular, amma 18-25 yaşlı gənclərin köynəklərini başlarına çəkib elektrik kabellə döyürdülər. Neçə dəfə ağladım, dedim, uşaqdır, tələbədir də, dağa gəlib, milli ruhuna qayıdıb, niyə vurursunuz? Mənə dedi, ağsaqqal, sevin ki, səni vurmuruq. Əgər bunları vurmasaq, hər gün bura gələrlər. Dedim, gəlsinlər də, nə olar gələndə? Dedi, yox, bunlar əmniyyəti-milliyə (daxili sabitliyə-S.Həmid) xətər olarlar.

- Onlar Sizinlə farsca danışırdılar?
- Yox, onlar da Azərbaycan türkü idilər, öz dilimizdə danışırdılar. Dövlətə işləyən Azərbaycan pasdarları (İran İnqilab Keşikçiləri Korpusu - “Sepah”ın hərbçiləri-S.Həmid) idilər.

- Hazırda həbsdə nə qədər milli fəal var?
- Bunu dəqiq demək çətindir. Biz də “GünAz”dan, başqa-başqa yerlərdən telefonla məlumat alırıq. Mənim özümün qardaşım oğlunu və həyat yoldaşını Novruz bayramına bir ay qalmış tutmuşdular. Qardaşım oğlunu xiyabanda tutmuşdular, ayağına qandal vurmuşdular. Çox döymüşdülər. 33 gün harda olduğunu bilmədik. 33 gündən sonra zəng vurdular. Mənim yaşadığın Parsabad şəhəri Ərdəbil əyalətinə tabedir. Parsabadla Ərdəbil şəhərinin 200 kilometr arası var. Qardaşım oğlunu da əyalətin mərkəzinə aparmışdılar və 33 gündən sonra zaminlə azadlığa buraxdılar. Fevralın 21-də - Beynəlxalq Ana Dili Günündə “Ana dilində mədrəsə” demişdi. “Ana dilində mədrəsə”in adını tutmaq bu cür sonluqla başa çatır. Nəzərə alın ki, söhbət hər hansı kiçik qrupun deyil, 35 milyonluq xalqın ana dilində təhsil almasında gedir. Bu il “Ana Dili Günü”ndə Əhərdə Abbas Lisani başda olmaqla, 100 nəfərə yaxın adamı tutdular. Əkbər Azadgili Tehranda həbs etdilər. Ümumilikdə, 300-400 nəfəri tutdular. Onlardan bəziləri çıxıb, bəziləri zindandadır. Yeni GAMOH-un üzvlərindən 5 nəfər 52 gün aclıq aksiyası keçirmişdilər. Həsən Azərbaycan adı ilə tanınan ağsaqqal musiqiçi Həsən Dəmirçini Qaradağda baş verən zəlzələyə yardım etdiyinə görə 6 ay zindanda saxladılar.

- İyun ayında Həsən Ruhaninin İran prezidenti seçilməsinin bir ili tamam oldu. Həsən Ruhani seçkidən qabaq ölkə vətəndaşlarına azadlıqlarla bağlı bir sıra vədlər vermişdi. Bu müddət ərzində həmin vədlərin hansı yerinə yetirilib, xüsusilə Azərbaycan türkləri ilə bağlı hansı dəyişikliklər var?
- Quru söz, ifadə tərzi dəyişib. Həsən Ruhani həm dünya ilə, həm də ölkə vətəndaşları ilə xoş danışır, gülə-gülə danışır. Axı İran prezidentinin hansı səlahiyyəti var? İndiki islahatçıların özlərinə lider hesab etdikləri Məhəmməd Xatəmi bir vaxtlar deyirdi ki, İranda prezident tədərkatçıdı. “Tədərkatçı” da farsca əsas olmayan adam deməkdir. Bir məqamı da qeyd edim ki, milli fəalların birinin işi məhkəməyə gedəndə ETTELAAT-dan zəng vurub qazıya deyirlər ki, buna filan qədər cəza ver. Səid Mətinpur nə üstündə düşüb zindana? Təzə toy eləmiş oğlana “ana dilində mədrəsə” istədiyinə görə 8 il həbs veriblər. Nə xanımını görə bilir, nə də uşağını. Bir ana dilini istəməyə görə, adama bu qədər həbs verərlər? Əgər ədalət olsa, bu adamın heç cəzası olmaz. Ana Yasada olan hüququnun reallaşmasını istəyib də... Ancaq rəsmi dairələr hesab edirlər ki, azərbaycanlıların, yaxud başqa millətlərin oyanışının əmniyyəti-milliyə zərəri var. Gərək burda hamı özünü fars bilə, farsca danışa. Farsca danışmasa da, milli məsələlərdən danışmaya. Bunları danışmaq əmniyyəti-millini pozar, təcziyəyə gətirər, yəni İrandan ayrılarsız. Hələ bunları eləməmiş o cür qabağını alırlar. Orada da milli fəal çoxdur. Onların tək-tük qabaqcılları var və onlara hər gün bir narahatlıq yaradırlar. Məsələn, uşaqlarına iş vermirlər, özlərini sıxıntıda saxlayırlar. Bir iş görmək istədikdə qarşısını alırlar. Seçkidə iştirak etmək istədikdə buna imkan vermirlər. Məsələn, mənim özümə dedilər ki, sən siyasisən, sənə olmaz. Ay qardaş, seçkidə iştirak etməyə, danışmağa siyasət adamı lazımdı da. Qoymadılar. Qoysalar da, qeydə alınma vaxtının bitməsinə iki saat qalmış deyirlər ki, gəl ver sənədlərini. İki saat qalmış rəy toplamaq olmaz ki... Özü də əvvəllər ancaq döyürdülərsə, indi çirkin yollara da əl atırlar.

- Yəni nə edirlər?
- Daha çox dolayı yolla incidirlər. Məsələn, mən bir milli-mədəni fəalam. Gənclər mənim başıma gələnlərə baxıb ibrət götürürlər. Görürlər ki, mən çətinliklər yaşayıram. Dörd oğlum var. Dördünün də ali təhsilli olmasına baxmayaraq, heç birinə iş vermirlər. Böyük oğlumun 35 yaşı var. Mühasibatı bitirib. Hansı banka gedirsə, deyirlər, sənin yaşın keçib. Deyir, axı məni yaşım öz-özünə keçməyib axı... 20 yaşımdan iş istəmişəm, verməmisiz, üstündən 15 il keçib. Daha mən qocalıram axı, harda işləyim? Özəl şirkətə gedirlər, orda da biləndən sonra milli fəalın, yaxud şairin oğludur, bir bəhanə ilə ordan da çıxarırlar. Ticarətlə məşğul olmaq üçün də bizim pulumuz yoxdur. Gərək mən və ailəm sizin pulla aldığım 250 manat təqaüdlə yaşasınlar. Bircə atasının milli fəal, şair olması uşaqlarının bu gündə yaşamasına bais olub. Oğlum 35 yaşına çatıb, evlənə bilmir. Kimə gedirsən, deyir, işləyirsən, deyirsən, yox, gəlmirlər. Bəs bu cavan oğlan nə cür evlənməlidir? Ayda bir dəfə də məni çağırıb sorğu-suala tuturlar. Biz orda bu cür çətinliklərlə üz-üzəyik. Qorxu, vəhşət yaradırlar ki, insanlar qanuni haqlarını istəməsinlər.

- Bəs, digər xalqlara münasibət nə cürdür?
- Digər xalqlar - kürdlər, ərəblər, bəluclar da bizim günümüzdədir. Bəluclar ümumiyyətlə əsəbi olublar. Bəluclar farslardan, farslar bəluclardan tutub edam edirlər. Ancaq Azərbaycan türkləri mədəni şəkildə etiraz edirlər. Çünki azərbaycanlıların sayı çoxdur. Digər tərəfdən də, azərbaycanlıların hökumətlə dini problemi yoxdur. Çünki azərbaycanlılar hamısı şiədir. Hökumət də şiədir. Əgər hökumətin sözünə baxsalar, azərbaycanlılar üçün iş tapılır. Prezident də, rəhbər də ola bilərlər. Məsələn, bilirsiniz ki, ayətullah Xamneyi azərbaycanlıdır. Ancaq gərək o sistemə qulluq edəsən, onların dediklərini yerinə yetirəsən.

- Güney Azərbaycanla bağlı narahatedici xəbərlərdən biri də Urmiya gölünün quruması ilə bağlıdır.
- Hökumət indi bəzi addımlar atmaq istəyir, Xəzər dənizindən gölə kanal çəkmək istəyir. Bu iş də bu gün başlasalar, 4 il çəkər. O vaxtadak də Urmiya gölü quruyub qurtarar. Hazırda Urmiya gölünün 97 faizi quruyub. Bu isə ətrafda yaşayan 14 milyon adamın duz fırtınası ilə üz-üzə qalması deməkdir. Göl tamam quruyarsa, onun təkcə Güney Azərbaycana deyil, Azərbaycan Respublikasına, Ermənistana, İraqa da mənfi təsirləri olacaq.

Səxavət Həmid

teleqraf.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm