• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Talassemiya xəstələrinə qan verdim

  • Digər
  • 30 İyul 2014 11:46
  • 1 302 Baxış
Talassemiya xəstələrinə qan verdim

Son vaxtlar özümü lazımsız, kiməsə xeyir verməyən adam kimi hiss edirdim. Lap qapalı həyat tərzi yaşayırdım, sanki cəmiyyətdən təcrid olunmuşdum. Gecənin bir aləmində bürkülü və darıxdırıcı saatlardan sıxılıb, “Facebook” profilimə göz gəzdirdim.

Mesaj bölməsində bir qız məni talassemiyalı xəstə uşaqlara könüllü qan vermək üçün çağırırdı. Bu mesajı oxuduqdan sonra içimdəki bürkü yoxa çıxdı. Darıxdırcı saatlar artıq uzaqlaşırdı. Otağımızdakı işıqları söndürüb, çarpayıma uzandım. Mütləq yuxuya getməli, səhəri isə şəhərə tərəf yol almalı idim!

Günorta dostlarımla görüşüb, şəhərə üz tutduq. İsti yay havası adamı canından bezdirirdi. Amma əhvalımız qaydasındaydı. Dostlarıma qan verəcəyimdən, xəstə uşaqların həyatını xilas edəcəyimdən danışırdım. Nədənsə, onlar məni sadəlöhv adlandırır, bu qanın xəstə uşaqlara yox, başqa yerə gedəcəyi ilə bağlı deyinirdilər. Mənsə onların fikirlərinə etiraz edir, özümü neqativ enerjilərdən yayındırdım. Həm ilk dəfə idi ki, qan verməyə gedirdim, kefimi pozmaq istəmirdim. Bu hal mənim xoşuma gəlir, özümə güvənim geri qayıdırdı.

Bir haşiyə çıxım: “Talassemiya” sözü ümümilikdə Aralıq dənizi anemiyası mənasını verir. Aralıq dənizi bölgəsində yaranan və köçəri tayfalarla yayılaraq dünyanın bir çox ölkəsində rast gəlinən irsi qan xəstəliyidir. ÜST-ün (Ümumdünya Səhiyyə Təşkilatı) məlumatlarına görə, bütün dünyada 266 milyon hemoqlobinopatiya daşıyıcısı mövcuddur. Talasemiya dünyada ən sıx müşahidə olunan yeganə gen pozğunluğudur. Xüsusilə Aralıq dənizi bölgəsi, Orta Şərq və Asiya qitəsində talassemiyaya çox sıx rast gəlinir. Yalnız Aralıq dənizi bölgəsində 200.000 beta talassemiya majorlu xəstə olduğu fərz edilir. Yunanıstan, Cənubi İtaliya, İran, Cənubi Rusiya, Hindistan və Cənub-Şərqi Asiyada daşıyıcılıq nisbəti 10-15% arasındadır. Talassemiya irsi keçən, qarşısı alına bilinən qan xəstəliyidir. Aralıq dənizi bölgəsində daha sıx rast gəlinən bu xəstəlik ümumiyyətlə bir yaşından əvvəl nəfəs borusunun, dalağın böyüməsi və uşağın inkişafdan qalması ilə özünü biruzə verir. Azərbaycanda isə belə xəstələr hər il artmaqdadır. Təssəvvür edin ki, Arizonada qohumlara yalnız 65 yaşından sonra evlənməyə icazə verilir. Bizdə isə tam əksinədir. Yetkin yaşından qızı ya dayısının, ya da əmisinin oğlu ilə evləndirirlər. Sonra isə ağır xəstəliklər meydana çıxır...

Nəsə, qayıdaq bürkülü Bakımıza. Ramazan bayramı olduğudan şəhərdə adamlar az gözə dəyirdi.

Qanvermə aksiyası “Park Bulvar”da təşkil edilmişdi. Mesaj yazan qızı - Dilarə xanımı görüb salamlaşdıq. Onun gülərüzlüyü ətrafa da yayılmışdı. Qanvermə növbəsində yerimi tutdum. Tünlük deyildi. Həkimlərin qısa yoxlanışından sonra qanvermə prosesi başladı. Yaşlı bir həkim mənə: “Uzan, narahat olma oğlum”, - dedi. Qımışdım. Artıq dəqiqələr keçir, damarımdan qanımın necə hərəkət etdiyini hiss edirdim. Ətrafdakı insanlar bizə - qan verənlərə baxır, üzlərindəki ifadədən nə düşündüklərini sezmək olmurdu. Balaca uşaqların gözlərində isə qorxu vardı. Bir an özümü elə hiss etdim ki, elə bil xəstəxanada yatıram və bütün insanlar donmuş halda mənə baxırlar. Tibb bacısının səsini eşidirəm: “Qardaş, əlini tez-tez hərəkət etdir”.

“Vəssalam, gedə bilərsən” - deyə yaşlı həkimin son sözləri qulağımda cingildədi. Dilarə xanımla sağollaşıb getmək istədim ki, qabağımı yeniyetmə bir qaqaş kəsdi:

– Qardaş, qan vermişiniz, bir-iki dəqiqə oturardınız.

– Narahat olma, hər şey yaxşıdır.

– Qan vermisiniz, ona görə dedim.

– Sağ ol, qaqaş, elə oturmağa gedirəm.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR