Ermənidən çox erməni olanlar
Bizi izləyin

Digər

Ermənidən çox erməni olanlar

Yunusova Leyla bəyan etdi, antiazərbaycançı 5-ci kolon da (sayları az olsa da) hərəkətə keçdi. Yenə də Azərbaycana böhtan atma, qara yaxma yarışına girişiblər. İddia edirlər ki, bu ölkədə qan su yerinə axır, dinlər, millətlər arasında qarşıdurma var, tolerantlıqdan əsər-əlamət yoxdur və... ermənilərlə dostluğa rəsmən qadağa qoyulub. Bu bəyanat müəllifi, 23 ildir müstəqil olan Azərbaycanda özünə zəhmət verib Azərbaycan dilini tam olaraq öyrənmək istəməyən Leyla Yunusova ölkəmizin tablosunu belə cızır. Onun cızdığı tabloya baxıldığında insanın tükləri biz-biz durur. Biz burda yaşamasaydıq, ölkəmizi tanımasaydıq bircə bu bəyanat bəs edərdi ki, Azərbaycana nifrət edək! Bəli, Leyla Yunusova əlindən gələni edir ki, bizi tanımayanlar bizə nifrət etsin!

İyulun 25-də özünü “Sülh və Demokratiya İnstitutu” adlı təşkilatın rəhbəri kimi təqdim edən Leyla Yunusova (soyadını “Yunus” kimi təqdim edir, amma sənədlərində bu dəyişikliyə ehtiyac duymur – A.H.) 2015-ci ildə Bakıda keçiriləcək 1-ci Avropa Oyunlarını boykot kampaniyasına başlayıb. Müvafiq olaraq da Avropa Olimpiya Komitəsinə, onun Avropa Birliyi yanındakı təmsilçiliyinə müraciət göndərib ki, bəs, “Azərbaycan qan içində üzən repressiv, avtoritar ölkədir, burda olimpiya oyunları keçirmək olmaz”. Leyla Yunusova belə iddia edir. Onun müraciətini oxuduqca gerçəkdən də adam düşünür, doğrudanmı bizim sakit, sabit, inkişaf yolunda sürətlə addımlayan ölkəmiz bu qədər bərbad və qorxuncdur? Doğrudanmı insanlar hər addımda zorakılığa məruz qalır, küçəyə belə çıxmaq dəhşətlidir? Bu sualları yəqin ki, hər kəs özünə verib cavabı üçün də uzağa getməli olmur. Çünki hər şey göz qabağındadır: sabitlik, sakitlik, tolerantlıq, gözlə görüləsi və hər gün hiss edilən iqtisadi inkişaf heç cür diqqətdən yayına bilməz. Hətta bütün bunları görmək istəməyən Leyla Yunusova kimilərin gözünə belə batar bütün bunlar. Bunun üçün sadəcə küçəyə çıxmaq, insanlarla ünsiyyət qurmaq yetərlidir. Bunlar öz yerində. İndi də gəlirəm adı keçən müraciətin ayrı-ayrı “maddə”lərinə. Və bu başdan deyirəm ki, köhnə havalarla zəngin müraciət başdan ayağa əsassız iddialarla doludur. Örnəklərə baxaq.

Leyla Yunusova iddia edir ki, xarici ölkələrdən birinin kəşfiyyatıyla əlaqələri rəsmən sübut edilmiş, sonra isə tam təbii səbəblərdən həbsdə olarkən vəfat etmiş Novruzəli Məmmədova qarşı guya işgəncə və repressiya tətbiq olunub. Özü də bu məsələylə bağlı onun etnik mənsubiyyəti ayrıca qabardılır, oğullarının Azərbaycan hakimiyyəti tərəfindən məhv edildiyi iddia olunur. Yalan olar, amma bu qədər də deyil! İddiaya baxın, bu qadın deyir ki, oğlu hər dəfə atasının yanına gələndən sonra aparılıb “dəhşətli şəkildə” döyülürdü. Bir dəfə başına belə oyun gələn adam ikinci dəfə ora gələrdimi? Məntiq hanı?

Və başqa bir iddiada yenə də etnik bağlılıq önə çəkilərək “Talışın səsi” qəzetinin baş redaktoru Hilal Məmmədovun məhz “etnik azlıq” nümayəndəsi və “baş redaktor” olduğu üçün jurnalist fəaliyyətinə görə həbsə atıldığı deyilir! Heç nə deyil, sadəcə soruşmaq istərdim ki, bu “baş redaktor”un baş redaktorluğu altında çıxmış bir nüsxə belə qəzeti kimsə təqdim edə bilərmi? Axı Hilal Məmmədov həbs ediləndə qəzet bir il idi ki, ümumiyyətlə fəaliyyətini dayandırmışdı. Çıxmayan bir qəzetin olmayan baş redaktoru jurnalist fəaliyyətinə görə necə həbs edilə bilərdi?

Novruzəli Məmmədov və Hilal Məmmədovla bağlı məsələnin “etnik azlıq” adı altında qabardılmasının özəl səbəbləri var - Azərbaycanda guya etnik azlıqlara qarşı qəddar siyasət həyata keçirilir. Yəni ermənilər öz iddialarında “haqlıdırlar”. 2015-ci ildə də avropalılar Azərbaycana “gəlməməlidirlər”. Çünki digər millətlərə qarşı burada “dözümsüzlük” mövcuddur. Bir dövləti, xalqı aşağılamaq, təhqir etmək üçün bundan artıq nə fikirləşmək olar?!

“Boykotçu” öz müraciətində iddia edir ki, “2009-2011-ci illərdə Bakının 60 mindən çox sakini qanunsuz olaraq öz mənzil və evindən məhrum edilib. Minlərlə bakılı “Avroviziya” mahnı müsabiqəsi nəticəsində evsiz qalıb”. Çox demirəm, o “60 mindən çox sakin”in heç 60 da deyil, 6 nəfərinin adını çəkə bilərsinizmi, Leyla Yunusova? Havadan rəqəmlər qapıb dünyaya car çəkmək çətin deyil. Amma gərək bunu faktlarla sübut edəsən. Dövlət, o böyük tədbiri ən yüksək səviyyədə təşkil etmək üçün sakinlərin özlərinin razılığıyla, özü də kimsənin haqqını yemədən köçürmə əməliyyatı keçirmişdi və bu gün o “60 min sakin” heç bir narazılıq olmadan yeni mənzillərdə məskunlaşıb. Və heç birinin heç bir şikayəti də yoxdur. Süni şəkildə ortaya atılmış Münəvvər adlı bir qadından və Leyla Yunusovanın özündən başqa üçüncü bir adamın adını kim çəkə bilər? Əgər həqiqətən də 2012-ci ildə “Avroviziya” yarışmasından əvvəl 60 min nəfərin mülkiyyət hüququ pozulmuşdusa, müxalifətin aprel-mart aylarında keçirdiyi mitinqlərində niyə barmaqla sayıla biləcək qədər adam iştirak edirdi?

Leyla Yunusova eyni qaydada iddia edir ki, “2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları ərəfəsində paytaxtda 80 min sakinin mülkiyyətinin qanunsuz olaraq məhv edilməsi nəzərdə tutulur. Artıq bakılıların evlərinin sökülməsinə başlanılıb”. Ədəbsizliyin bu qədərini də görməmişdik! Durub durduğu yerdə bir insan necə bu qədər açıq böhtan yaya bilər axı? Və ümumiyyətlə, dövlət niyə 80 min sakinin mülkiyyətini qanunsuz məhv etsin ki? Bu hansı məntiqə, hansı ağla sığacaq bir şeydir? Niyə dövlət bu qədər sayda vətəndaşını qarşısına almalıdır? Yaxud da ilk mərhələdə 60 min, sonra isə daha 80 min insanın mülkiyyəti məhv edilmiş olsaydı Bakının küçələrində qan su yerinə axardı! Yəni üst-üstə 140 min insanın başına bu boyda fəlakət gəlmiş olsa, onların hamısı olmasa da, ən azından yarısı indi küçələrdə etiraz aksiylarındaydı. Varmı bir nəfər belə? Haqqı tapdandığı iddia edilənlərin arasında yoxdur! Cəmi bir nəfər var, o da Leyla Yunusovadır!

Azərbaycana atılan böhtanlar təkcə bunlardan ibarət deyil. Hətta iddia edilir ki, Azərbaycan dövləti “Qarabağ münaqişəsinin dinc yolla həllinə əngəl törədir”, “millətlərarası və konfessiyalararası ədavəti qızışdırır”. Heyrət yəni! Bizə Ermənistan, erməni lobbisi nə gərək. İçimizdəki belə ermənipərəstlər və erməni təbiətli ünsürlər daha təhlükəli deyillərmi? Birisi bu Leyla Yunusovaya izah etsin ki, Azərbaycan dövləti onun rəhbəri Prezident İlham Əliyevin şəxsində yorulmadan bütün yüksək tribunalardan bəyan edir ki, Ermənistanla münaqişəni dinc yollarla həll etmək prinsipinə sadiqdir. Üstəlik, millətlərarası və konfessiyalararası münasibətlər baxımından da ölkəmiz bütün dünya üçün bir nömrəli model təşkil edir və təbii ki, bunun da belə olmasında dövlətimizin rolunu heç kim dana bilməz!

Hər cümləsindən Azərbaycana nifrət yağan bu “hüquq müdafiəçisi” daha sonra iddia edir ki, “hər an qonşunun timsalında düşmən obrazını təbliğ edən, prezidentin isə müharibəyə çağırışlar etdiyi, eyni zamanda, sülh uğrunda hərəkatın fəallarının, xalq diplomatiyası iştirakçılarının repressiyalara məruz qaldığı, təqib edildiyi, həbs edildiyi ölkədə” Avropa oyunlarını keçirmək olmaz. İfadələrə diqqət etdinizmi? Azərbaycan “hər an qonşunun timsalında düşmən obrazını təbliğ edən” ölkə kimi qələmə verilir. Sanki biz manyak bir ölkəyik, durduğumuz yerdə qonşunu – Leyla Yunusovanın qohumluq tellərilə bağlı olduğu Ermənistanı düşmən kimi təbliğ edirik! Torpaqlarımızı işğal altında tutan, bir milyon insanımızı yurd-yuvasından etmiş Ermənistana qucaqmı açmalıyıq bəs? Təbii ki, onun işğalçılıq siyasəti daim dünyaya bəyan edilməlidir və torpağı işğal altında olan bir dövlət kimi bu, Azərbaycanın ən təbii haqqıdır! Və təbii ki, biz “qardaş olub Hayastan” deməli deyilik! Leyla Yunusova belə demək istəyirsə, şəxsi işidir. Hətta gedib o Hayastanda yaşaya da bilər. Onun bu seçiminə kimsənin əngəl olmayacağına yüz faiz əminəm.

Bir də Rauf Mirqədirovun məsələsi ayrıca qeyd edilir. Açığı, manipulyasiya üçün belə tələskənliyin nədən qaynaqlandığını demək çətin olsa da, bunu da anlayırıq. Leyla Yunusova başa düşür ki, işin içində erməni məsələsi olduğu üçün dünyadakı müəyyən mərkəzlərin diqqətini çəkə bilər. Təbii ki, söhbət ermənilərə yaxın və ya bağlı mərkəzlərdən gedir. İndi buna demək lazımdır ki, Rauf Mirqədirov şübhəli şəxs qismində saxlanılıb, barəsində araşdırma aparılır, günahı yoxsa sərbəst buraxılacaq. Hə, əgər onun işində Leyla Yunusovanın da adı keçirsə və bundan əndişə duymaq üçün əsaslı səbəblər varsa, onda bu “hüquq müdafiəçisi”nin narahatlığını başa düşmək çətin deyil.

Leyla Yunusovanın iddiaları o qədər əsassız və gülüncdür ki, onların üstündən sakitcə də keçmək olardı. Amma düşünəndə ki, bunlara vaxtında cavab verilməsə gələcəkdə ermənilər əleyhimizə istifadə edə bilər, mütləq fikrimizi bildirməliyik.

İddia olunur ki, publicdialogues.info ünvanlı “unikal birgə Azərbaycan-Ermənistan saytı”nda “ciddi presssinqə məruz qalan, o cümlədən erməni qırğınlarını və milli mənsubiyyətə görə qətlləri pisləyən, «Daş yuxular» romanı yandırılan Əkrəm Əylisliyə dəstək kampaniyası başlanmışdı”. Söhbət bu kampaniyada Rauf Mirqədirovun da iştirakından gedir. Heç nə demirəm, sadəcə o romanı oxumuş və təhlil etmiş birisi kimi deyirəm ki, “Daş yuxular” iddia edildiyi kimi “erməni qırğınlarını və milli mənsubiyyətə görə qətlləri” pisləmir, Azərbaycanın ayağına etmədiyi cinayətləri yazır və erməniləri bir məzlum, sülhsevər xalq kimi qələmə verir. Bunu bir kənara qoyub soruşmaq istərdim ki, Əkrəm Əylisliyə hansı basqıdan söhbət gedir? Hə, ictimai rəy ona qarşı çıxıbsa, ədəbiyyat adamları sərt tənqidlərini səsləndiribsə, bunu basqı kimi qələmə verib dövlətin adına yazmaq nə qədər ədalətlidir, ay “hüquq müdafiəçisi”?

Bu “hüquq müdafiəçisi” bir də iddia edir ki, sən demə, Azərbaycanda xristianlara, o cümlədən ermənilərə nifrət tərbiyə edən tarix dərslikləri” varmış! Dünyanın gözü qarşısında hər kəsin dinc şəraitdə yaşadığı Azərbaycanda hansı nifrət tərbiyəsindən söhbət gedə bilər axı? Ümumiyyətlə, bir insan vətəndaşı olduğu dövlətə bu cür böhtanları necə ata bilər? Ata bilərmiş! Və atırsa, səbəbsiz də deyilmiş! Səbəbsə ya onun bizdən olmamasıdır, ya da bizdən olub bizə qənim kəsilənlərə satılmasıdır!

Leyla Yunusova müraciətini belə bir cümləylə bitirir: “Ölkəmizin azad düşüncəli insanları və dünyada ədalət tərəfdarları qan və göz yaşları basmış avtoritar Azərbaycanda Olimpiya oyunlarının keçirilməsinə qarşı kampaniyaya başlayır”. Qan və göz yaşları! Nə qədər də “romantik” bir ifadədir! Amma gerçəkləri bilənlər üçün nə qədər də gülüncdür! Hardadır o qan, hardadır o göz yaşları, ay Leyla Yunusova? Nədir, yoxsa ayaqyolu şousu bir fayda vermədi deyə yeni şoular düşünməli oldunuz?

Bu “hüquq müdafiəçisi”nin bu qaraqışqırıq dolu açıqlamalarını oxuduqca düşünürəm ki, niyə Azərbaycan dövləti ona öz gücünü göstərmir? Niyə, misal üçün, dəfələrlə şahid qismində ifadə verməyə dəvət edilsə də, istintaqdan yayınmasına göz yumulur? Onun öz fikirlərini azad şəkildə ifadə etməsilə işimiz yox, haqqıdır, gözü doyunca istifadə edə bilər. Amma Azərbaycan dövlətinə bu qədər böhtan atmasına, dövlətin hər kəs üçün eyni olan qanunlarına bu qədər sayğısız yanaşmasına, məncə, dözümlülük göstərməyin də bir həddi var. Dövlət hər kəsdən qanunlara sayğı tələb etməlidir. O cümlədən Leyla Yunusovadan da.

Azər Həsrət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm