Digər
Rəsulzadənin silahdaşı: “Gəlin, Rəsulzadəyə sahib çıxın”
Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin 130 illik tədbirlərində iştirak etmək üçün Azərbaycana gələn Azərbaycan Kültür Dərnəyinin rəhbəri, M. Ə. Rəsulzadənin sağlığında onunla çiyin-çiyinə mübarizə aparmış silahdaşı Cəmil Ünal və xanımı “Yeni Müsavat”ı ziyarət etdi. M. Ə. Rəsulzadəni şəxsən görən, canlı tariximiz olan Cəmil Ünal “Yeni Müsavat” və Publika.Az -a paralel müsahibə verdi.
- Cəmil bəy, öz məmləkətinizə, Azərbaycana xoş gəldiniz...
- Müsavat bizim öz qərargahımızdır. Sizlər də haqqın səsi olaraq “Yeni Müsavat” qəzeti ilə bizim ürəyimizdəki fikirləri burda yaşadırsınız, çatdırırsınız. O baxımdan əlbəttə ki, Müsavatı, sizləri ziyarət etmək bizim boynumuzun borcudur. Müsavatın bizim ürəyimizdə ayrı yeri var. Bundan əvvəl də gəlmişdik, sizləri ziyarət etmişdik. Allah sizlərə güc-qüvvət versin. İstər ölkə daxilində, istərsə də ölkə xaricində Azərbaycan xalqının baxış və diləklərini ən yaxşı dilə gətirənlərdən qəzetlərdən birisiniz. Allah sayınızı daim qılsın.
- Çox sağ olun. Cəmil bəy, böyük Məmməd Əmin
Rəsulzadənin 130 illiyi ərəfəsində həmin tarix və təqvim üçün
Azərbaycana gəlmisiniz. Rəsulzadəni görən, bilən insanlardansınız,
onların da sayı çox deyil. Bu günlərdə Əmin bəylə bağlı
xatirələrinizdə ən parlaq məqamları bizim oxucularımızla paylaşa
bilərsinizmi?
- Rəsulzadə dönəmində istər Müsavat Partiyası, istərsə Azərbaycan
Milli Mərkəzi mövcud şərtlər içində rəsmi təşkilat deyildilər,
illeqal fəaliyyət göstərirdilər. O tarixdə Azərbaycan Kültür
Dərnəyinin qurulma səbəblərindən biri də budur. Bura Müsavat və
Azərbaycanın Milli Mərkəzinin platforması oldu. Bütün toplantılar
Azərbaycan Kültür Dərnəyi ilə bərabər təşkil edilirdi. Bir də Qars
Ali Təhsil Tələbə Cəmiyyəti var idi, orda bu məsələlər müzakirə
edilirdi.
Rəsulzadənin ən çox çalışdığı, görüşdüyü yerlərdən biri də bu
cəmiyyət idi. Bunu çoxları bilmir. Biz də orda idik. Əlbəttə ki,
Məmməd Əmin Rəsulzadə ilə oturub söhbət etmək imkanlarımız yox idi.
O zaman mən Universitetdə oxuyan bir gənc idim. Fəqət zaman-zaman
onun söhbətlərində, danışıqlarında olurdum. O, inanın bütün
söhbətlərində önə çəkdiyi Azərbaycan məsələsi, onun istiqbalı və
gələcəyi məsələsi idi. Xüsusən gənclərə bir-biri ilə bərabər olmaq,
bir-birini incitmədən, bir-birinə dəstək olmaq şəklində bağlı böyük
öyüdləri var idi. Hətta bu öyüdlər 1924-cü ildə qurulan Azərbaycan
Gənclik Təşkilatından da bizə keçən mühüm örnəklər idi. Məmməd Əmin
bəy ən çətin şərtlər daxilində belə davasından geriyə bir addım
belə atmadı. Ən pis, ən basqılı zamanlarda inandığı davanı müdafiə
etdi və bunu da ətrafına, gənclərə ötürdü. Mənim şahid olduğum ən
xüsusi hal budur ki, Azərbaycan ziyalılarının bir-biri ilə
birləşmələri, əl-ələ olmaları, Azərbaycan məsələsində aralarında
xırda bir sıxıntı belə olmaması üçün var gücü ilə çalışan da
Məhəmməd Əmin bəy idi.
- Son vaxtlar Əmin bəyin nəşinin Azərbaycana gətirilməsi, öz ölkəsi, torpağı ilə qovuşması məsələsi gündəmə gəlib, bizim bir neçə millət vəkili də bu məsələni qaldırdı. Bu məsələyə Azərbaycan Kültür Dərnəyinin, milli mərkəzin münasibəti necədir?
- Düşünün ki, bir məmləkətdə dövlət qurucusu olan insan öz
məmləkətindən uzaqda, başqa bir torpaqda yatır. Bundan başqa bu
məmləkətdə parlament sədri olmuş Əlimərdan bəy Topçubaşi Fransada
yatır. Fətəli xan Xoylu Tiflisdə qətlə yetirilib. Nəsib bəy
Yusifbəyli necə şəhid olub, bəlli deyil. Bu şərtlər içində
Azərbaycan Kültür Dərnəyi əlbəttə, Rəsulzadəyə sahib çıxıb. Onun
qəbri Anıt məzarlığındadır. İndi əlbəttə ki, bu dövlətin qurucusu
olan bir insanın olacağı yer doğulduğu torpaqdır, vətənidir. Kim nə
deyirsə, desin, bu, belədir. Lakin Rəsulzadəni bir qrup insanlar
ürəklərinə qəbul etdirə bilirlərsə, əvvəlcə o, qapını açmaları
lazımdır. Rəsulzadə sizin keçmişinizdir, şərəfli bir yarpağınızdır.
O halda Azərbaycanın idarəçiliyində olanlar, Azərbaycan
hakimiyyətinin əvvəlcə bu yolda bir qapı açması lazımdır.
- Bu qapı necə açılmalıdır?
- Keçən dəfəki gəlişimizdə də bu barədə danışmışdıq. Rəsulzadəni
ürəyimizdə həzm etmək lazımdır. Lakin hələ də bunu həzm etməyənlər
və Rəsulzadənin Azərbaycana gəlməməsi üçün bəyanat verənlər də var.
Bunların nə qədər səlahiyyəti var bilmirəm. Bununla yanaşı, əvvəlcə
Məmməd Əminin olduğu yeri yaxşı təyin etməyimiz lazımdır. 130 illik
bir açılım, bir fürsətdir. Qos-qoca bir yerə Rəsulzadə, Cümhuriyyət
meydanı adını verin. Bir yerə Rəsulzadənin birləşdirici o fikirləri
ilə bərabər bir heykəlini qoyun. İkincisi, mən istərdim ki, bugünkü
hakimiyyət 2014-cü ili “Məmməd Əmin Rəsulzadə ili” elan etsin. Bu
millətin birliyi, bərabərliyidir, keçmişi ilə bütövləşməsidir.
Çünki onun açdığı yol Azərbaycanın istiqlal, azadlıq, milli dövlət
qurma, toplumdan millət çıxartmaq yoludur. Rəsulzadənin qurduğu
siyasi sistem həm milli dəyərlərə bağlı, həm də beynəlxalq
müstəvidə Qərbyönlü gözəl bir dövlətdir. Əvvəlcə bunun üçün bir
sıra qapıların aralanması lazımdır. Elçibəydən sonra Rəsulzadənin
məzarını gəlib ziyarət edən dövlət adamı yoxdur. Madam ki, bu sizin
böyüyünüz, dövlət başçınızdır, insan gəldiyi yerdə gedib
Rəsulzadənin məzarına bir gül qoyub bir “Fatihə” oxumazmı?!
Oxumamaq, gəlməmək səbəbi nədir? Biz bunu indiyə qədər anlaya
bilmədik. Kaş bunu bizə başa sala bilsələr, biz də fikrimizi daha
rahat şəkildə ortaya qoya bilərik. Məsələ budur.
- Yanvarın 31-də Türkiyədə dövlət səviyyəsində tədbirin
keçirilməsi nəzərdə tutulur. Müsavat Partiyasının 100 illiyində siz
də iştirakçı oldunuz. O zaman münasibət fərqli idi, Rəsulzadənin
yubileyinin dövlət səviyyəsində qeyd ediləcəyi gözlənilmirdi.
İndiki situasiyanı, verilən prezident sərəncamını hakimiyyətin
açılımı, münasibətinin dəyişməsi kimi izah etmək
olarmı?
- Bu, gec də olsa gözəl bir addımdır. Biz də bu addımı təqdirlə qarşıladıq. Çünki Rəsulzadə Azərbaycan hakimiyyətinin də keçmişidir. Bu gün dövləti idarə edənlərin baş əydikləri bayraq Rəsulzadənin “bir daha enməyəcək” dediyi o mübarək bayraqdır. O, bayrağa sahib çıxırsınızsa, o zaman gəlin Rəsulzadənin fikirlərinə də sahib çıxın. Sahib çıxın!!! İndiki münasibət bizdə bir ümid işığı doğurub. Bu baxımdan gec olmasına baxmayaraq, onlara təşəkkür etmək istəyirik. Fəqət, bizim təşəkkür etməyimiz gərək deyil. Çünki öz keçmişləri, öz tarixləridir. Siz tarixi nə qədər yox saysanız da, o tarix yaşanmışdır. Bir şey söyləmək istəyirəm. Lütfən, tarixə ideologiyanı qarışdırmayın, tarixi siyasiləşdirməyin. Siyasi mühitə uyğun tarix yazmayın. Bu, çox təhlükəlidir. İqtidar və siyasi mühit adına tarix yazılmaz. Bu yaşanıb, yaşanan tarix içində də sizin üzünüzü qızardacaq heç bir hərəkət olmayıb. O halda gəlin Məmməd Əmiə, sizə bir dövlət quran böyük kimi sahib çıxın.
Mən əvvəl səfər edəndə də bir söz demişdim: gəlin Rəsulzadənin heykəlini qoyun, qollarını açsın, bir tərəfdə mərhum Elçibəy, bir tərəfdə rəhmətlik Heydər Əliyev olsun. Keçmiş və bu günü qucaqlaşdıran bir abidə olsun. Bunda nə var axı? Bir bayrağını, bir istiqlal duyğusunu ölənə qədər ürəyində yaşadan insandır. Kimsənin də əleyhinə, hətta ona pislik edənlər də daxil, danışmayıb. Onun açdığı yol, fikir də bu gün sizin qərbləşmə siyasətiniz üçün bir rəhbərdir. O zaman parlament daxilində partiyalar, koalisiya var idi.
Millət vəkilləri Müəssislər Məclisinə gedə bilmədən bolşeviklər o qurumu dağıtdılar. Təkrar Tiflisdə qurulan Mavereyi-Qafqaz hökumətini təşkil edən Seym və onun daxilindəki Azərbaycan millət vəkilləri o tarixdə seçilənlərdir. Milli Şura da belə yarandı. Yəni millətin seçdiyi millət vəkilləri Milli Şuranı yaratmış və Məmməd Əmin Rəsulzadə Batumda olduğu zaman onu dövlət başçısı, Milli Şuranın sədri seçmişdilər...
Cəmil bəy bu məqamda Azərbaycanın mövcud durumu, Qarabağ məsələsi ilə bağlı narahatlığını açıqladı:
- Müxalifətin olmadığı yerdə demokratiya olmaz. Bunlar gözəl
şeylərdir. Biz ürəyimizlə milli məsələlərdə Azərbaycanın
yanındayıq. Bizim üçün iqtidar, müxalifət əsas deyil, Azərbaycanın
milli məsələləri əsasdır. Bu yaxında seçki keçirildi. Seçkidə ən
vacib məsələləriniz seçki idimi? Orda danışılacaq bir milli
məsələniz, Qarabağ məsələsi yox idimi?! Danışılmadı, müzakirə
edilmədi. Nə üçün, səbəb nədir?! Biz də deyirik ki, milli davalara
artıq sahib çıxın. 1994-cü ilin mayında Azərbaycan Bişkekdə
Ermənistan, Rusiya və Dağlıq Qarabağ erməniləri ilə atəşkəs
imzaladı. O zamandan 20 il ötüb. 20 ildə bizim milli siyasətimiz
nədir? Yəni hələ də Amerika, Fransa, Rusiya Minsk Qrupunun həmsədri
olaraq davam edirlərsə, bu, biz Qarabağı unutduq deməkdir. Çünki bu
üç həmsədr heç vaxt haqqı haqlıya təslim edən qrup deyil. Qarabağı
işğal edən erməni deyil, Qarabağı işğal edən rusdur. Belə olduğu
halda siz rusu həmsədr olaraq qəbul etdiyiniz zaman Qarabağ
məsələsi həll olunmayacaq. Yəni bu tip məsələlər bizi üzür. Amma
hörmətli İlham Əliyevin bu qapını aralaması bizi sevindirir, biz
cəmiyyət olaraq bir işıq görürük.
-Yubileyin dövlət səviyyəsində qeyd olunması yalnız
sərəncamdır, yoxsa...
- Yubileyi bir futbolçunun yubileyi kimi keçirmək lazım deyil.
Yubiley Məmməd Əmin Rəsulzadə üçün bir qədər kiçikdir. Onun üçün
bir qədər də dövlət ağırlığını qoya bilməliyik. Ürəyimdən bir şey
keçir. 31 yanvarda Rəsulzadənin özü gətirdiyi bayraq bizdə idi. O
bayrağı biz 1992-ci ildə Elçibəyə verdik. O, 1918-ci ildə “Bir kərə
yüksələn bayraq bir daha enməz” deyə, göstərilən bayraqdır. Onu
Elçibəyə təslim etdik. Gəlin, 31 yanvarda o bayrağı parlamentin
üzərinə çəkin, bir həftə, 10 gün qalsın. Nə olar?
-İndi o bayraq hardadır?
-Onu da siz araşdırın, sizə vermişik. Ankarada açılan səfirliyə o
bayrağı biz çəkdik. Elçibəyə təslim edildi və səfirliyə çəkildi. O,
bayraq 1920-ci ildə Məmməd Əminin qoynunda gətirdiyi bayraqdır. Biz
bu bayrağı saxladıq, istiqlaliyyət qazandığınız gün sizə verdik.
Geridə qalan digər əmanətiniz Müsavat idi, Müsavatı da sizə təslim
etdik. Başqa təslim edəcəklərimiz də var. Amma bu qapını da siz
aralayın. Rəsulzadə dava məsələsi olmamalıdır. O birləşdirici bir
ünsürdür, sizin kökünüzdür. Kökü olmayan otdur, hər kəs ayaqlayıb
keçər. Rəsulzadənin qurduğu dövlət sizin qürur duyacağınız milli
bir quruluşdur. Azərbaycan adını qoydu, milli dövləti qurdu. Bunun
inkar ediləcək tərəfi yoxdur.
- Təbii ki, deyilməsi, etiraf edilməsi lazımdır. Məmməd Əminin bayrağı Azərbaycanın, parlamentin üzərində dalğalanır...
- Bəli. Mən istərdim ki, bu tədbirlərə Müsavat Partiyası da dəvət
edilsin. Nə olar bir gün də barışıq günü elan edin. İndi
Köçaryanla, Nalbandyanla, Sərkisyanla görüşürsünüz. Bir gün də
oturun Qarabağ məsələsi ilə bağlı Azərbaycandakı müxalifətlə
görüşün. Bəyənirsiniz-bəyənmirsiniz öz işinizdir. Müxalifətlə
görüşsəniz nə olar? Heç olmasa dünyaya deyərsiniz ki, biz milli
davada millət olaraq bərabərik. Bu, iqtidarın əleyhinə olmaz,
iqtidara güc verər.
- Rəsulzadənin yubiley tədbirlərinə sizi dəvət ediblərmi
ki, bu dəyərli fikirlərinizi birbaşa rəsmi şəxslərə də çatdırmaq
imkanı qazanasınız?
- Xeyr. Yalnız mən gəlməzdən əvvəl sizin bəzi telekanallardan
dostlar Ankaraya gəlmişdilər. Görüşdüyüm zaman onlar Rəsulzadənin
qəbrini ziyarət etmək istədiklərini dedilər, apardıq, ziyarət
etdilər. O tarixdə səfirlikdən də ora gələnlər var idi. Orda “31
yanvarda biz də bir şeylər edəcəyik” demişdilər. Mən də gəldiyim
zaman bunu dostlara söylədim. Əgər sahib çıxırlarsa, əlbəttə, bunu
bərabər etməliyik. Bu, sən-mən məsələsi deyil. Bundan əvvəl də Anıt
Qəbrinin açılışında biz hörmətli İlham Əliyevə bir məktub
yazmışdıq. Bakıdan köməkçiləri gəldilər, abidəni açdılar. Orda
danışarkən söylədik ki, Rəsulzadənin bir yaxşılığı da bu oldu ki,
20 ildə Azərbaycanda iqtidarla müxalifət yan-yana gəlməmişdi. Heç
olmasa, onun sayəsində burda yan-yana gəldilər. Onun üçün də biz bu
məsələlərə açığıq, burda başqa hansısa məsələmiz yoxdur. Kaş ki
burada Müsavatı da çağırsaydılar, onlarla müştərək bir tədbir
təşkil edəydilər. Kaş ki, bizə də xəbər verəydilər. Mərkəz orda,
sizin tarixiniz bizdədir. Azərbaycan Kültür Dərnəyi 65 ildir
fəaliyyət göstərir. Sizin yaşınızdan çox böyükdür: 1949-2014. Orda
da sizin kökünüz durur, ora sizin ocağınızdır. Rəsulzadəni ortaya
çıxaracaqsınızsa, onun ocağına gəlin, bir əlinizi qızdırın, var
burda. Bura öz ocağınızdır.
- Rəsulzadənin nəşi Azərbaycana köçürülsə, bu, Türkiyəni,
sizləri incitməzmi?. Məhəmməd Əmin həm də iki qardaş dövlət
arasında bir körpüdür...
- Əlbəttə incidər. Doğulduğu yerdəki abidəsi ilə Türkiyədəki qəbri
Azərbaycan və Türkiyə arasında bir körpüdür. Amma əlbəttə ki, bu
dövləti quran bir insanın yeri doğulduğu torpaqdır. Lakin əvvəlcə
mən sizdən soruşuram: siz buna hazırsınızmı? Qəbir sökmək asan
işdir. Rəsulzadə nə şəkildə, necə gələcək? Əvvəlcə bir status
verin, prezidentliyini ortaya qoyun, dövlət qurucusu olduğunu iki
kəlmə ilə bəyan edin. Biz də bilək ki, “görən desin Xaçonun xəncəri
var” deyil. Yoxsa Məmməd Əmin Rəsulzadənin vətəni buradır, bura...
Amma ora da öz vətənidir. Onu ora göndərən zehniyyətə ayıblar
olsun. Burda Məmməd Əmin Rəsulzadənin doğulduğu bir ev
yoxdurmu?
- Onun Bakıdakı mənzilində bu gün ərəb şirkəti oturur...
- Baqqal dükanı kimi işlədirsiniz, ərəb şirkətinə icarəyə verirsiniz. Oranı muzeyə çevirmək ağlınıza gəlmirmi? Nə olar?
Elçibəy dönəmində Rəsulzadənin abidəsi üçün böyük bir yer ayrılmışdı. Nə olar ona bir abidə qoyasınız Azərbaycanda, yeriniz daralmaz. Əvvəlcə siz bunları edin, ondan sonra bizim fikrimizi soruşun.
- Rəsulzadənin torpağa tapşırıldığı məzarlıqda – Əsridə - Cümhuriyyət qurucularından olan digərlərinin də qəbri varmı?
- Ora 1955-ci ildə Ankaranın özəl bir məzarlığı idi. Rəsulzadənin vəfat etdiyi 59 il oldu. Ogünkü şərtlər içində oraya dəfn edildi. Fəqət 2000-ci ildən sonra öz imkanlarımız daxilində ona layiq olmasa da abidə ucaltdıq. Hətta yanındakı küçəyə də Böyük Şəhər Bələdiyyəsinin qərarına uyğun “28 May” adını verdik. O küçənin adı indi “28 May” küçəsidir. Bir böyük meydana da Rəsulzadə meydanı adı verildi. Son zamanlarda bir çox yerə Xocalı və erməni işğalında olan Zəngilan, Xocavənd və digər ərazilərin adı verildi. O zaman Rəsulzadəni orda dəfn etdik, lakin digərlərinə bunu edə bilmədik. İndi Cümhuriyyət qurucularının hərəsi biri bir yerdədir. Dediyim ki, Əlimərdan bəy Topçubaşinin məzarı Parisdə, Nəsib bəy Yusifbəylinin məzarı bəlli deyil. Fətəli xan Tiflisdədir. Onların içində bir Mirzə Baladır... (Mirzə Bala Məmmədzadə 1959-cu ildə İstanbulda ürək xəstəliyindən vəfat edib, Qaraca Əhməd məzarlığında dəfn olunub-red.) Türkiyəyə gəlib orda vəfat edənlər içərisində Kərim Odər də var. Ancaq Rəsulzadə ilə gələnləri onunla eyni məzarlıqda dəfn edə bilmədik...
Asif Nərimanlı
FOTOLAR: “Yeni Müsavat” və Publika.Az-a məxsusdur( Fotoqraf Elçin Murad).
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO