• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Saniyədə 148 dollar qazanan adamın özəl şəkillərini mətbuata qadınlar “satdı” - VİDEO

  • Digər
  • 9 Avqust 2014 11:41
  • 3 708 Baxış
Saniyədə 148 dollar qazanan adamın özəl şəkillərini mətbuata qadınlar “satdı” - VİDEO

1996-ci ilin yazında peşəkar karyeraya başlayandan bu günədək barmaq dişlədən karyera qazanıb. Vuds 45-i PGA turniri olmaqla, 65-dən çox yarışın qalibidir. 1997, 2001, 2002 və 2005-ci illərdə “Masters”, 1999 və 2000-ci illərdə “PGA Çempionatı”, 2000 və 2002-ci illərdə ABŞ, 2000 və 2005-ci illərdə Britaniya açıq turnirində kubok qazanıb.

Publika.az “II taym” layihəsində bu dəfə dünyanın ən zəngin idmançısı, Amerikalı qolf ustası Eldrik Vuds haqqında məlumat verəcək.

O, dünyanın ən çox uğur qazanmış qolfçusudur. İlk şöhrətini “1997 Masters” Çempionatında qırdığı rekordla qazanmışdı. O, ustalıq dərəcəsi qazanan ilk qaradərili qolfçu olub.

Vuds ailəsi

Eldrik 1975-ci il dekabrın 30-da Kaliforniyada anadan olub. Rekordçu qolfçunun əsl adı Eldrik Tont Vudsdur. “Tayqr” (Tiger-pələng) isə onun ləqəbidir. İdmançının atası ABŞ ordusunda xidmət etmiş təqaüdçü leytenant Earl Vuds, anası isə Tailand mənşəli Kultidadır.

Vudsun adı ata-anasının adına uyğun olaraq qoyulub. Belə ki, adının ilk hərfinin “E” (Eldrik) ilə başlaması atasının adına (Earl), “k” ilə bitməsi isə anasının adına (Kultida) uyğun olaraq seçilib.
Vudsun "Tayqr" ləqəbi almasına səbəb isə atasının vyetnamlı əsgər yoldaşı Vuonq Danq Fonq olub.

Uşaq yaşlarında qazanılan uğurlar

Altı aylığından atasının qolf ağacı ilə məşqlərini saatlarla izləyən Vuds hələ 2 yaşındaykən "Mayk Duqlas Şou"ya qatılır. Bob Houp ilə birlikdə ilk vuruşunu gerçəkləşdirir.

Üç yaşından isə hər kəsi təəccübləndirən vuruşlar etməyə başlayan Vuds beş yaşında məşhur "Golf Digest" jurnalında əsas səhifədə yer alıb. Vuds "Optimist Beynəlxalq Gənclər" turnirini 6 dəfə - 8, 9, 12, 13, 14 və 15 yaşlarında qazanıb.
O, 1992-ci ildə, 16 yaşındaykən ilk dəfə peşəkar yarışda - “Nissan Los Angeles” açıq turnirində oynayıb, 1993-cü ildə isə 3 dəfə PGA Çempionatında iştirak edib.

"Dünya üzrə İlin Qolf Adamı"

Tayqr Vuds 1994-cü ildə Amerikanın məşhur universitetlərindən olan Stanforda qəbul olub. Universitet həyatı boyu 10 məşhur turnirdə qələbə çalıb. Həmin ildə "Qərb həvəskarı" yarışmasını qazanan Vuds Amerika komandasını "Dünya Həvəskarlar Çempionatı"nda təmsil edib.
1995-ci ildə zədələndiyinə görə onun üçün vacib sayılan ABŞ açıq turnirində iştirakdan imtina edib. 1996-cı ildə də 2 böyük turnirdə iştirak edən Vuds nə qədər önəmli bir qolfçu olduğunu hər turnirdə sərgiləyib.
1991, 1992 və1993-cü illərdə "ilin oyunçusu" mükafatına layiq görülüb. 1992-ci ildə "İlin Həvəskar Oyunçusu" mükafatını alan Vuds 1994-cü ildə isə "Dünyada İlin Qolf Adamı" seçilib.

İlk peşəkar oyunu - 790 min 594 dollar mükafat

ABŞ həvəskarlar mükafatını ard-arda 3-cü dəfə alan Vuds qısa müddətdə peşəkarların yarışında da özünü sübut edib. İki turnir qazanan və ilk “otuzluğa” vəsiqə qazanan Vuds Çempionlar yarışına qatılmağa layiq görülüb. Ümumilikdə 790 min 594 dollar qazanaraq 25-ci sırada qərarlaşıb.

2 milyon dollardan çox gəlir

1997-ci ildə mövsüm açılışında “Mersedes” Çempionatını qazanan Vuds ustalıq dərəcəsi ilə birlikdə 4 PGA kubokunu da qazanır. O dövr üçün rekord göstərici sayılan 2 milyon 66 min 833 dollar qazancla "Arnold Palmer" mükafatına sahib olub. O illərdə dünya səviyyəsində isə cəmi 25 turnirdə ümumilikdə 2 milyon 440 min 831 dollar gəlir əldə edib.

Ən gənc idman ustası

ABŞ Gənclər Çempionatını hələ 1991-ci ildə - 15 yaşındaykən qazanıb. Bununla da bu uğuru ən gənc yaşda əldə edən qolfçu olub. Vuds 1994-cü ildə də - 18 yaşında ABŞ Həvəskarları turnirini qazanaraq yenə bu nailiyyəti ilə tarixdə ən gənc qolfçu olub.

Qazandıqlarına görə pul rekordu qırdı

Eldrik 2001-ci ildə qazandığı II “Masters” (ustalıq dərəcəsi) ilə birlikdə 4 böyük peşəkarlar kubokunu eyni anda qazanan ilk idmançı olub. PGA Çempionatında hər kəsdən daha çox qələbəsi olan Vuds pul sarıdan da bütün zamanların “ən çox qazanan” qolfçusudur. 2000-ci ildə 9-u PGA turniri olmaqla 11 turnir qazanan "Tayqr" eyni zamanda David Duval ilə birlikdə Amerika komandasında dünya kubokunu qazanıb. Vuds 1999-cu ildə 6 milyon dollardan çox (6.616.585 dollar) qazanmaqla qırdığı pul mükafatı rekordunu da 9 milyon dollardan çox (9.188.321dollar) gəlir əldə etməklə yeniləyib.
Tayqr ümumilikdə qazandığı pul mükafatını (2005-ci il də daxil olmaqla) 68.151.294 dollara yüksəldib.

Vuds 3 böyük turniri qazanaraq əfsanəvi qolfçulardan Ben Hoganın 1953-cü ildə əldə etdiyi rekordu yeniləyib. Tayqr eyni zamanda PGA Çempionatını ard-arda qazanaraq Denni Şutenin 1936-37-ci ildə qırdığı rekordu da yeniləyib.

138 illik rekordu bir neçə ilə qırdı

Tayqr ABŞ açıq və Masters turnirlərini rekord hesablarla qazanıb. 15 və 12 atış fərqiylə kuboklar qazanan Vuds 138 il ərzində qolfda qazanılmış rekordları da tarixə basdırıb.

Bütün pul mükafatının 52 faizini alırdı

Vuds 1999-cu ildə möhtəşəm çıxışı ilə qəzetlərin manşetinə düşüb. PGA Çempionatı da daxil olmaqla, bir neçə kubok qazanan Vuds 6 milyon 616 min 585 dollar qazanıb.

Vudsun karyerası adətən belə şərh olunur: “O turnir üçün ayrılan ümumi pul mükafatının 52 faizini qazanırdı”.

Ən çox qazanan ad

1999, 2000 və 2002-ci illərdə kubokları “muzeyinə” daşımağa davam edən Vuds 2002-ci ildə isə PGA-da 6 milyon 912 min 625 dollar və dünya səviyyəsində 8 milyon 417 min 188 dollar qazanaraq 4-cü dəfə ard-arda ən çox qazanan idmançı olub.

Ən çox mükafat qazanan idmançı

Məşhur idman jurnalı “Sports illustrated” Vudsu 1996 və 2000-ci illərdə "İlin idman adamı"seçib. Fransanın "L'Equipe" jurnalı isə 2000-ci ildə Vudsu "Çempionların Çempionu" mükafatına layiq görüb. Dünyanın ən nüfuzlu xəbər agentliklərindən olan "Assoşeyted Press" isə Vudsu 1997, 1999 və 2000-ci illərdə "İlin kişi idmançısı" olaraq şərəfləndirdi. Tayqr Vuds və basketbol əfsanəsi Maykl Cordan mükafatı 3 dəfə qazanan ilk idmançılar olub.
2000-ci ildə dünyanın digər nüfuzlu xəbər agentliyi "Röyters" tərəfindən də "İlin idman adamı" seçilən Vuds, 1997-ci ildə Amerikanın öndə gələn idman kanalı ESPN tərəfindən "İlin kişi idmançısı" mükafatını almışdı.

“Ən varlı idmançı” “Forbes” jurnalında

Vuds qazandığı nailiyyətlərlə bu günədək dünyanın ən çox uğur əldə etmiş qolfçusu adını alıb. Qələbələri ilə yanaşı qazandığı məbləğə görə “Forbes” jurnalında “ən varlı idmançı” kimi adı 1-ci sırada çəkilir.
Dünya birincisi olaraq 2008-ci ildə 110 milyon dollar qazanıb. Hazırda uğurlarını davam etdirən idmançı saniyədə148 dollar qazanır.
“CNN Sport”un apardığı araşdırmalar nəticəsində hazırlanan dünyanın ən varlı idmançılarının siyahısında qolfdan boksa, futboldan basketboladək bir çox məşhur idmançılar yer alıb. Dünyanın ən varlı idmançıları siyahısında birinci yerin sahibi qolf üzrə dəfələrlə beynəlxalq turnirlərin qalibi Tayqr Vuds olub. Onun qazancı 111.9 milyon dollar göstərilib.

Haqqında kitab yazıldı

Vudsun karyerası və həyatı bir kitabda cəmləşib. Belə ki, yazar Bob Smiley idmançının bütün həyatını qələmə alıb. (“İzlənən gurultu” -“The follow Roar”)

Obama ilə qolf oynadı

2013-cü ilin fevralında Ağ Evdən mətbuata verilən açıqlamaya görə, prezident Obama Floridada həyat yoldaşı Mişel, qızları Maliya və Saşa ilə birlikdə tətildə olub. Prezident Obama tətil zamanı dünyaşöhrətli qolfçu Tayqr Vudsun da aralarında olduğu qrupla qolf oynayıb. Obama və Vudsun ilk dəfə birlikdə qolf oynadığı da qeyd edilib.

Qadınlarına sədaqətli olmayan kişi

Hədsiz sədaqətsizliyi ilə də tanınır. Onun müxtəlif qadınlarla şəkilləri mətbu orqanların manşetini bəzəyib. Xanımlarla açıq-saçıq şəkilləri isə müxtəlif qadınlar tərəfindən ortaya çıxarılıb.
Bir çox sevgilisi olan qolf ustası yalnız bir dəfə evlənib. O 2004-2010-cu illərdə İsveç model Elin Nordegren ilə evli olub. Bu evlilikdən Sam Aleksis və Çarlie Aksel adlı iki övladı dünyaya gəlib. Hazırda Lindsey Vonn ilə sevgilidir. Bu münasibət uzun müddətdir ki, davam edir.

Aygün İlqarqızı

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR