• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Onu kişi hesab eləmirəm” – FOTOLAR – VİDEO

  • Digər
  • 11 Avqust 2014 15:00
  • 4 711 Baxış
“Onu kişi hesab eləmirəm” – FOTOLAR – VİDEO

“Ulduzlu axşam”da həmsöhbətim Akademik Opera və Balet Teatrının solisti İlahə Əfəndiyevadır.

“Düşünür ki, sənətə gəlim, toylara gedib pul qazanım”

- Opera səhnəsində nadir səsli sənətçilərdənsən. Amma etiraf edək ki, bu gün estrada müğənniləri daha çox tanınır, daha çox üzdədir… Bu, səni haradasa əsəbiləşdirmir ki?

- Hər janrın öz publikası var. Eyni kitabı mən bəyənə bilərəm, amma siz yox. Zövqlər müxtəlifdir. Əslində, mən sənətə gələndə maddiyyatı düşünüb gəlməmişəm. Bu gün əksəriyyət düşünür ki, sənətə gəlim, toylara gedib pul qazanım.

- Pulsuz da keçinmək olmur axı…

- Əlbəttə, həyat elə pul üzərində qurulub. Amma mən sənəti təbliğ etmək üçün bu aləmə gəlmişəm. Allah bu səsi buna görə verib mənə.

“Heç nəyə qıcıqlanmıram”

- Klassik musiqi ifaçıları var ki, estrada mahnılarına müraciət edirlər. Məsələn, Fidan Hacıyeva. Belə eksperimentlərə necə baxırsan?

- Əslində, dünya ulduzları da bu eksperimentlərdən istifadə ediblər. Məsələn, Luçano Pavarotti də estrada orkestri və estrada ifaçıları ilə birgə səhnəni bölüşüb. Bu, yaxşı haldır.

- Sən özün hansısa estrada müğənnisi ilə səhnəni paylaşardın, onunla duet oxuyardın?

- Ola bilər… Əsas səslərin uyğunluğudur.

- Maraqlıdır, estradada kimləri dinləyirsən?

- Teymur Əmrahı çox bəyənirəm.

- Bəs xanımlardan?
- Hərəsi öz üslubunda maraqlı ifaçılardır. Amma mən dinləmirəm.

- Onların maqazin proqramlarında gündəm xatirinə dedi-qodu etməsi səni qıcıqlandırır?

- Mən ümumiyyətlə, heç nəyə qıcıqlanmıram. Heç küsən insan da deyiləm. Nəsə xoşuma gəlmirsə, bunu içimdə saxlayıram və o insana münasibətimi dəyişirəm. Amma küsmürəm. Fikrimi açıq şəkildə üzə deyirəm.

- Amma sözü üzə demək də çoxları tərəfindən yaxşı qarşılanmır…

- Elə yer var ki, orda susmaq lazımdır və susuram da.

- Tez-tezmi belə məqamlarla rastlaşırsan?

- Yox, çalışıram sözümü deyim.

“Heç kompleks də eləmirəm ki, ay birdən kök görünərəm”

- Bir xanım olaraq diqqət mərkəzində olmağı sevirsən?

- Baxır harda. Çox zaman xoşlamıram.

- Komplekslərin var?

- Yəqin ki, var. Amma çalışıram ki, necə varam, elə də olum.

- Bu gün dəb düşüb, əksər xanımlar çəki atmaq üçün pəhriz saxlayırlar.

- Heç vaxt pəhriz saxlamamışam. Gecə saat 2-də də yemək yeyə bilərəm. Acıramsa, mətbəxə keçib gecəyarısı istədiyim yeməyi yeyirəm. Bu, məni qorxutmur da. Çünki hər zaman hərəkətdəyəm.

- Dünya klassik opera ifaçıları da hər zaman kilolu xanımlar olub. Məsələn, Kabalyenin özü həddən artıq kilolu xanımdır… Bəlkə, buna görə çəki problemi səni narahat etmir.

- Uşaqlıqda çox arıq da olmamışam və indi də necə varamsa, mənə belə xoşdur. Heç arıqlamaq fikrim də yoxdur. Dəb məni maraqlandırmır, necə mənə yaraşırsa, eləyəm. Məncə, hazırkı görkəmim mənə yaraşır. Əslində, çox kilolu da deyiləm, sadəcə, sümüyüm iridir. Heç kompleks də eləmirəm bunu ki, ay birdən kök görünərəm. Lap kök görünüm, fərqi yoxdur, mən mənəm. Necə varamsa, odur. Xaraktercə də beləyəm – olduğum kimi.

“Qısa ətəkdə işə getməyi təsəvür edə bilmirəm”

- Klassik musiqi ifaçısısan, geyimlərini oxuduğun musiqiyə uyğunlaşdırırsan?

- Səhnədə mütləq geyimlərimi nəzərə alıram. Amma gündəlik həyatda mənə yaraşan nə olsa, üslubundan asılı olmayaraq geyinirəm. Cinsləri, uzun ətəkləri çox sevirəm. Xüsusən də məşq prosesində həmişə cins şalvarlar geyinirəm.

- Bəs qısa ətəklər?

- Yalnız gecə geyimlərimdə qısa ətəklər ola bilər, başqa vaxt qısa ətəklərdə olmağı xoşlamıram. Heç vaxt gündəlik qısa ətəkdə işə getməyi təsəvvür edə də bilmirəm.

- Cəmiyyəti nəzərə alırsınız?

- Mütləq. Bu, qorxu hissindən də irəli gəlmir. Sadəcə, hörmət... Klassik sənəti təmsil edirəmsə, cəmiyyətdə də özümü bu sənətə uyğun aparmalıyam.

“Dedi-qoduçu kişilərdən zəhləm gedir”

- Şəxsi sual vermək istəyirəm, bilmirəm reaksiyan necə olar…

- Baxır suala…

- Bilmirəm subaysan, ya ailəli?

- Subayam və öz qismətimi gözləyirəm.

- Ağ atlı oğlanı gözləyirsən?

- Əslində, ağ atlı oğlan yoxdur, bu, sadəcə, mifdir. Mənim üçün insani keyfiyyətlər önəmlidir. İndi bəzən elə kişilərlə rastlaşırsan, təəssüf hissi keçirirsən. Qadınların üzünə gülür, əlindən öpür, amma məqam düşən kimi onların arxasınca danışır. Dedi-qoduçu kişini kişi hesab eləmirəm. Əsas olan düşüncələrimizin üst-üstə düşməsidir.

- Bəs sənətini qəbul etməsə?..

- Elə ona görə indiyə qədər ərə getməmişəm də. Düşünürəm ki, gec olsun, amma güclü ailəm olsun. Mən ömürlük onun yanında olum, o, ömürlük yanımda olsun. Heç vaxt fikirləşmirəm ki, ailəm pis olsa, boşanaram. Müvəqqəti münasibətləri də qəbul etmirəm.

“Sevməsəm, robot olaram”

- Yəni içində sevgi yoxdur?

- Həmişə içimdə sevgi var, çünki mən yaradıcı insanam, sevməsəm, robot olaram. Adi kitab oxuyuram, oradakı qəhrəmanı da sevib, onun xəyalı ilə yaşayıram.

- Bəs real olaraq yanında olan birisi varmı?

- Yox, hələ ki, elə bir adam yoxdur. Gizlətmirəm, həyatımda sevmişəm də, sevilmişəm də. Amma müəyyən səbəblərdən ailə qura bilməmişik. Sözsüz ki, bu həyatımda müəyyən izlər də qoyub. Allaha çox yaxın insanam, nə olursa, Allah yaxşılığa doğru edir. Bəlkə də, o insanla ailə qursaydıq, bu günə qədər bərabər olmazdıq.

- Əcnəbi oğlanla ailə qurardın?

- Niyə də yox. Əgər düşüncəmə, ailəmə uyğun biri olarsa... Əcnəbi ilə ailə qurardım. Var əcnəbi dostlarım, tanışlarım. Əsas insani keyfiyyətlərdir.

- Bəs dini baxışlar?

- Din də çox önəmlidir, çünki valideynlərim dinə bağlı insanlardır. Özüm namaz qılıb, oruc tutmuram, bununla belə, Allaha bağlı insanam. Amma bu, bir tale işidir.

“Qarın-qursaq, ət yeməklərini çox xoşlayıram”

- Mətbəxlə aran necədir? Bayaq sözündən belə başa düşdüm ki, qurmansan, yaxşı yeməkləri sevirsən, bəs bişirib-düşürməklə aran necədir?

- Anam evdə olmayanda çalışıram nəsə bişirim.

- Axırıncı dəfə nə bişirmisən?

- Küftə-bozbaş. Özü də deyim ki, mən yemək bişirəndə çox dadlı bişirirəm. Ümumiyyətlə, gördüyüm işi çox mükəmməl edirəm. Ya nəyisə edirəm, ya da etmirəm. Edəndə də mükəmməl şəkildə edirəm. Çünki orada sevgi var.

- İlahə, nədənsə sənə baxanda elə bilirəm ət yeməklərini çox sevirsən və yeyirsən…

- Düzdür, məndə yeməklərə qarşı qəribə zövq var. Hərdən tanıyanlar deyir ki, sən kişi yeməklərini xoşlayırsan. Xaşı sevirəm. Qarın-qursaq, ət yeməklərini çox xoşlayıram. Əslində, xanımlar bu yeməkləri xoşlamır.

“Pulum çox olsaydı...”

- Ev işləri görürsən?

- Çox xoşlayıram, vaxtım olan kimi ev, təmizlik işləri ilə məşğul oluram.

- Dükan-bazara gedirsən?

- Xoşlayıram. Amma qiymətlərdən xəbərim olmur, elə nəyi görürəmsə, onu da alıb gətirirəm. Anamın belə şeylərdən yaxşı başı çıxır.

- Gündəlik ən çox nəyə pul xərcləyirsən? Geyimə?

- Yox. Heç geyimə pul xərcləməyi xoşlamıram. Səyahəti çox sevirəm. Pulum çox olsaydı, səyahətlərə çıxardım.

- Romantiksən?

- Ola bilər.

- İlahəni bir sözlə sevindirmək mümkündür? Yaxud da, əksinə…

- Elə an olar ki, bir sözlə kefim açılar, amma elə an da olar yüz sözlə kefim açılmaz. Hərdən düşünürəm ki, məndə iki insan cəmlənib. Biri bir cür əhvali-ruhiyyədə olur, o birisi başqa.

- Ən çox səni nə depressiyaya sala bilər?

- Haqsızlıq. Hər bir yerdə, istər işdə olsun, istər evdə, ya başqa məkanlarda.

- Səni sındırmaq asandır?

- Çalışmışam sınmayım və ayaqda durum. Çünki həyat davam edir.

- Gücün nədədir?

- Sənətimdə.

- Bəs gözəlliyin?

- Yox, gözəlliyimdən istifadə etməmişəm.

“Heç vaxt pisliyə pisliklə cavab vermirəm”

- Rəfiqələrin çoxdur?

- Yox, xoşlamıram rəfiqəlik etməyi. Mən səmimiyyəti sevən adamam və çox vaxt bu da başıma bəla olur. Buna görə bəzən susuram. Çox həssasam, hətta bir şey baş verəndə qabaqcadan hiss edirəm. Bəlkə də, bu mənim doğulduğum Xərçəng bürcündən irəli gəlir.

- Kimlə paylaşırsan?

- Anamla, bacılarımla.

- Pislikləri tez unudursan?

- Çalışıram tez unudum. Amma ürək fotoaparat kimidir, hər şeyi çəkir. Elə şeylər var ki, ürəkdə qalır. Adam var dalımca danışır, amma mən onunla salamlaşa, hətta üzündən öpə bilərəm.

- Bununla onu utandırmaq istəyirsən?

- Yox, sadəcə güclüyəm.

- İçində nifrət hissi olmur?

- Hər halda, onun üzünə, gözünün içinə baxa bilirəm. Heç vaxt pisliyə pisliklə cavab vermirəm.

Cəvahir Səlimqızı

Foto: Elçin Murad

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR