Rus qızı: “Azərbaycanlılarda xəyanət yoxdur, sədaqət var” - FOTOLAR
Bizi izləyin

Digər

Rus qızı: “Azərbaycanlılarda xəyanət yoxdur, sədaqət var” - FOTOLAR

“Xəzər Şimşəyi” Soveti bir-birinə qatıb

Azərbaycan voleybolununun dünya idmanına bəxş etdiyi ən parlaq sima şübhəsiz ki, İnna Rıskaldır. Bu voleybolçu gözəl və yadda qalan oyunu ilə öz adını Olimpiya və idman tarixinə əbədi yazanlardan biridir. Beynəlxalq Voleybol Federasiyasının keçirdiyi sorğuya əsasən İnna Rıskal qadınlar arasında “XX əsrin ən güclü üç voleybolçusu” arasında ikinci olub.


O, 1961-ci ildə əvvəlcə 16 yaşında Bakıda keçirilən məktəblilərin Ümumittifaq Spartakiadasında iştirak edib və oradan birbaşa SSRİ-nin yığma komandasına dəvət alıb.

Publika.Az “II taym” layihəsi çərçivəsində o dövrdə oyunu ilə yanaşı gözəlliyi ilə də diqqət çəkən İnna Rıskal haqqında məlumat verəcək.

İnna Rıskal "Məhsul", sonra isə "Neftçi" komandasında çıxış edərək təcrübə qazanıb. 1963-cü ildə keçirilmiş Avropa Çempionatında ilk dəfə çıxış edən həmyerlimiz qitə çempionu adını qazanır. Bununla da çempionatda ilk dəfə iştirak edən "Gənc oyunçuların ən güclüsü" üçün təsis edilmiş mükafata yiyələnir.

Çapar qızının istedadını Şamil Şamxalov kəşf etdi


İnna Valeryevna Rıskal 1944-ci il iyunun 15-də Bakıda dünyaya gəlib. Onun atası Valeri Yakovleviç Rıskal ölkənin ən yaxşı çaparlarından biri olub. İnna hələ 12 yaşında olarkən o, Şamil Şamxalovun rəhbərliyi altında voleybolun sirlərinə yiyələnməyə başlayıb. İnna dərhal diqqətləri öz üzərinə çəkməyi bacarıb. 15 yaşından “Neftçi”də müdafiə mövqeyində oynayıb və həmin illərdə debüt edib. 16 yaşından isə SSRİ yığma komandasının heyətində forma geyinib.

Addım-addım uğurları

O, 1961-ci ildə əvvəlcə 16 yaşında Bakıda keçirilən məktəblilərin Ümumittifaq Spartakiadasında iştirak edib və oradan birbaşa SSRİ-nin yığma komandasına dəvət alıb.

1962-ci ildə həmyerlimiz 18 yaşlı İnna SSRİ yığma komandasının tərkibində dünya çempionatında oynayıb. Qızlar yalnız yapon voleybolçularına uduzaraq ikinci yeri tutublar.
Tokiodakı 1964 Yay Olimpiya Oyunları və Monrealdakı 1976 Yay Olimpiya Oyunlarında gümüş, Mexikodakı 1968 Yay Olimpiya Oyunları və Münhendəki 1972 Yay Olimpiya Oyunlarında analoji yarışların qızıl mükafatçısı olub.


SSRİ yığmasının aparıcı oyunçusuna çevrilən İnna dörd dəfə Olimpiya Oyunlarında iştirak edib, iki dəfə qızıl, iki dəfə isə gümüş medala layiq görülüb.

1968-ci ildə SSRİ-nin əməkdar idman ustası adına yiyələnib. 1970-ci ildə dünya çempionu, 1973-cü ildə dünya kubokunun sahibi, 1963, 1967 və 1971-ci illərdə Avropa çempionu olub.

1963-cü ildə keçirilmiş Avropa Çempionatında ilk dəfə çıxış edən həmyerlimiz qitə çempionu adını qazanmaqla çempionatda ilk dəfə iştirak edən "Gənc oyunçuların ən güclüsü" üçün təsis edilmiş mükafata yiyələnib.

"Xəzər şimşəyi" gümüşə sahib oldu

Bir il sonra 1964-cü il Tokio Olimpiya oyunlarında jurnalistlər İnnanı "Xəzər şimşəyi", “Xəzər qasırğası” adlandırırlar. Həmin vaxt 19 yaşlı İnna vətənə gümüş medalla qayıdır.

İ.Rıskal 1965-ci ildə “Avropanın ən güclü voleybolçusu” seçilir. 1966 və 1972-ci illərdə "Neftçi" klubunun tərkibində SSRİ çempionatının bürünc, 1967-ci ildə Azərbaycan yığma komandası ilə SSRİ çempionatının gümüş medallarını qazanır.

Soyadı Amerikadan duyulur

Təsadüfi deyil ki, İ.Rıskal və L.Buldakova sovet voleybolçuları arasında Olimpiya oyunlarının 2 qızıl və 1 gümüş medallarına yiyələnmiş yeganə nümayəndələridir.

2000-ci ildə İ.Rıskalın soyadı voleybolun vətəni sayılan Holyoke (ABŞ, Massaçusets ştatı) şəhərində yerləşən Voleybol şöhrəti zalında yazılıb. Keçmiş SSRİ-dən bu şərəfə layiq görülən ilk voleybolçudur. 15 il SSRİ yığmasının heyətində çıxış edən İnna Rıskal idman nailiyyətlərinə görə “Qırmızı Əmək Bayrağı” ordeni ilə mükafatlandırılıb.

İllər sonra gələn mükafat

2008-ci ilin dekabr ayında Rusiya Voleybol Federasiyasının (RVF) Moskva şəhərindəki ofisində keçirilən tədbirdə Azərbaycan voleybolunun yetirməsi İnna Rıskal da iştirak etmişdi. RVF 1968-ci ildə Mexiko şəhərində təşkil olunan Yay Olimpiya Oyunlarının qızıl medalını qazanan SSRİ yığmasının üzvlərini mükafatlandırıb. Həmin heyətdə yer alan Rıskala da mükafat təqdim edilib.

İnnanın həyat yoldaşını Məhəmməd Əli ilə nə birləşdirir?

İnna o dövrdə “Neftçi”nin formasını geyinmiş tanınmış futbolçu Aleksandr Syomin ilə ailə qurub. Aleksandr Syomin 1963-1964-cü illərdə Bakının "Neftyanik”, 1967-1972-ci illərdə "Neftçi” komandasının şərəfini qoruyub. Bu məşhur cütlüyün iki oğlu var.

Sovetin Əfsanəvi “Xəzər Şimşəyi”: - “Bir ana, bir idmançı kimi çox xoşbəxtəm. İki oğlum var”- deyə mətbuata açıqlamasında bildirib.

Hazırda İnnanın həyat yoldaşı əfsanəvi boksçu Məhəmməd Əli ilə eyni xəstəliyi daşıyır. Belə ki, Aleksandr Syomin parkinson xəstəliyindən əziyyət çəkir.

“Bakı mənim doğma şəhərimdir”

İndi vətəndən uzaqda, Moskva şəhərində yaşayır. O bu yaxınlarda verdiyi müsahibələrinin birində:

“Vətənim Bakıdan uzaqda yaşayıram. Bunu sözlə demək mümkün deyil. Hamı bilir Bakı üçün, Azərbaycan üçün necə darıxıram. Mən bakılıyam. Bakıda doğulmuşam, burada böyümüşəm. Uşaqlığım, gəncliyim, ümumiyyətlə, həyatımın şirin anları burada keçib. Bakının hər qarışı, dalanları, küçələri mənim üçün çox əzizdir. Bu qədim şəhərlə bağlı xoş, ömrümdən silinməyəcək xatirələrim var. Mən böyük fəxrlə deyirəm ki, Azərbaycan mənim vətənim, Bakı isə doğma şəhərimdir. Doğma şəhərdə şəxsi mənzilim olsaydı, məmnuniyyətlə gələrdim. Bakısız çox darıxıram. Azərbaycan üçün burnumun ucu göynəyir. Mən vətənimi sevirəm.”- deyə bildirib.

“Biz azərbaycanlılarda xəyanət yoxdur, sədaqət var”

Hətta bir dəfə o hazırkı durumu ilə bağlı danışarkən şəraitindən gileylənib: “Böyük oğlumun öz ailəsi, evi var. Balaca oğlum bizimlə yaşayır. Həyat yoldaşım yataq xəstəsidir. Çox şükür, mən zəif və iradəsiz qadın deyiləm. Mən axı azərbaycanlıyam, oranın çörəyini yemişəm. Biz azərbaycanlılarda isə, xəyanət yoxdur, sədaqət var”.

İnna Rıskalın qazandığı nəticələr:

1959-61-ci il – Məktəblilərin Ümumittifaq Spartakiadası. I yer.
1963-cü il – Avropa Çempionatı. I yer.
1964-cü il – Tokio Olimpiadası. II yer.
1965-ci il – SSRİ spartakiadası. I yer.
1966-cı il – SSRİ çempionatı. III yer.
1967-ci il – Avropa Çempionatı. I yer. SSRİ spartakiadası. III yer.
1968-ci il – Mexiko Olimpiadası. I yer.
1970-ci il – Dünya çempionatı. I yer.
1971-ci il – Avropa çempionatı. I yer.
1972-ci il – Münhen Olimpiadası. I yer.
1972-ci il – SSRİ çempionatı. II yer.
1976-cı il – Monreal Olimpiadası. II yer.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm