“Ədəbiyyatda problem” problemi
Bizi izləyin

Digər

“Ədəbiyyatda problem” problemi

Çexovun hekayələrinin süjetləri çox sadədir. Onun personajları həyatda məğlub olmuş, mübarizələrini sona yetirmiş adamlardır. Yazıçı adətən belə insanları təsvir edərkən onların mənəvi fəlakətlərini göz önünə gətirir, amma oxucu bunları oxuduqca elə hesab edir ki, bu, adi bir hadisədir. Çexovun güclü qələm sahibi olmasının bir səbəbi də budur. O, adi oxuculara qeyri-adi gələn hadisələrə çox normal yanaşır, fəlakətləri təsvir edərkən bayağı ifadələrdən qaçır. Bu da Çexovun nəsrini yüksək zirvəyə qaldırır. Rus nəsrinin bu nəhəngini oxuyandan sonra belə qənaətə gəldim ki, həyatdakı hadisələrə anormal yanaşmaq düzgün deyil, əslində, insanın yaşamı bu mərhələlərdən keçməlidir. Burda qeyri-adi, fövqəl bir şey yoxdur. Bir də ki, Çexovu oxuyarkən yaşamdan bezmək, həyatdan həzz almamaq mümkün deyil. Yazıçıda sanki görünməz bir tilsim var, o tilsim adamı yaşamağa, həyatdan zövq almağa səsləyir.

Çexovu xatırlamağımın bir səbəbi var. Kim inkar eləyə bilər ki, Çexov problem qaldırmır? O, əsərlərində sadə bir insanın timsalında Rusiyanın, onun ictimai quruluşunun eybəcərliyini üzə çıxardır və bunların sadə insanları necə basıb əzdiyini göstərir. Amma hansı böyük sənətkarlıqla?! Hansı böyük ustalıqla?! Bizdə, bu çatışırmı? Sual və yuxarıda dediyim səbəb budur.

Bayaq Çexovun yaradıcılığı haqqında qısa bir xatırlatma etdim. Rus nəsrinin digər görkəmli nümayəndələrindən İvan Buninin, Konstantin Paustovskinin, Platonovun, Turgenevin əsərlərində də eyni situasiyanı görmək olur. Hələ mən fransız ədəbiyyatının nəhənglərindən olan Mopassanın adını çəkmirəm. Bu yazıçıların hər birinin əsərlərində təsvir etdikləri hadisələr öz axarları ilə gedir. Həyatın bir anının təsviri, sadə bir insanın mənəvi fəlakəti bu yazıçıların əsərlərinin fabulasını təşkil edir. Çox uzağa getməyək, indi daş-qalaq edilən sovet ədəbiyyatında bu cür problemlər qaldıran yazıçıların adı və əsərləri bu gün qalırmı, ümumiyyətlə, varmı?

Təəssüf ki, Azərbaycan nəsrində bugünədək yaradılmış əsərlərdə müəyyən istisnaları çıxmaq şərti ilə yuxarıda sadaladığım yazıçılardakı kimi həyat həqiqətlərinə bu cür yanaşma hallarına az-az rast gəlinir. Və yenə o andır sual gəlib durur gözlərimin önündə: “Ədəbiyyatda problem anlayışı nə deməkdir?”

Məsələn, son dövr çıxan kitablara diqqət yetirək. İstər roman olsun, istər hekayə, müəllif ora əsərinə dəxli olmayan müəyyən bir problem əlavə eləyir. Rusların sözü olmasın, bu lap “tretiy lişni” alınır. Axı bir fikirləşin, problem olmadan da hər hansı obrazın, personajın həyatını təsvir etmək olar. Bunun üçün mütləqmi əlahiddə problem lazımdır? Həm də bu problemlər publisistik dillə ifadə olunduğundan, romanın, hekayənin axıcılığını pozur, əsəri ağırlaşdırır. Bir də ki, belə publisistik yerlər əsərdə çox lazımsız və bədiilikdən uzaq görünür. İstər-istəməz bu, yamağa bənzəyir və adamı dalayır. Belə əsərlər təbiiliyini itirdiyindən oxucu marağından kənarda qalır. Məncə, ədəbiyyatdan, yazıçıdan umulan ilk şey səmimiyyətdir. Səmimi olmayan inandırıcı deyil və bədii tutumdan, gerçəklikdən uzaqdır.

Bəzən müəllif romanında təsvir etdiyi personajın həyatının təsvir etməyi unudaraq əsərinə artırdığı lazımsız problemi publisistik dillə ifadə edir, guya maraqlı bir şey yazdığını zənn edir, sonda onun demək istədiyi fikir ortaya çıxmır. Oxucular yalnız romanın publisistik bölümünü yadda saxlayıb qəti qərar çıxardırlar: “Bu roman, hekayə heç nədir”. Oxucu, əlbəttə də ki, haqlıdır. Çünki bədii əsərlə qəzet üçün yazılmış publisistik məqalə arasında yerlə-göy qədər fərq var. Bu fərqliliyi unudaraq yenilik adı ilə nəyisə kiməsə sıramaq, yalandan novator kimi görünmək istəyi istər-istəməz adamda acı təbəssüm oyadır.

Ədəbiyyat elə bir sahədir ki, orda hər şeydən yazmaq olar. Amma problemdən yazanda belə, hər şeyə məhz ədəbiyyat prizmasından yanaşmaq lazımdır. Çox təəssüflə qeyd etmək istəyirəm ki, problem qaldırmaqları ilə öyünən müəlliflərin istedadı buna yetmədiyindən həmin çatışmazlıqları ört-basdır etmək məqsədi ilə stəkanda fırtına qoparmaqla məşğuldurlar. Halbuki, yazıçı əsərdə işıqlandırmaq istədiyi hadisəni, toxunmaq istədiyi problemi bir insanın həyata baxışı ilə oxuculara çatdıra bilərdi. Daha bunun üçün problemin özünü əsərə yapışdırmaq gərək deyil. Əgər müəllifin yazdığında bir fikir varsa, o problemin özündən danışmasa, yalnız real insanın həyata baxışı ilə bu problemi göstərsə, mütləq istədiyinə nail olacaq, çatdırmaq istədiyi fikir oxucuya diktə olunacaq.

Düşünürəm ki, ədəbiyyatın missiyası heç də problemdən danışmaq deyil, daha doğrusu, onun varlığı üçün problem lazım deyil. Ədəbiyyat bir fransız yazıçısının dediyi kimi, səhər bir insanın yuxudan durub corab geyinməsi qədər sadə və dürüst olmalıdır. Ədəbiyyat insanlara həyatın hər anını görməyə kömək etməlidir, insanlarda mənfi emosiya yaratmamalıdır, insanın dönüb öz həyatına baxması üçün baxış bucağı verməsidir. Ədəbiyyat oxucuya öz daxili aləminə diffuziya etməyə imkan verir, onun kamilləşməsinə, lap “köhnə ədəbiyyatçıların” dediyi kimi, onun vətəndaş kimi yetişməsinə xidmət edir. Məncə, tərpətmək, həyəcanlandırmaq, kədərləndirmək ədəbiyyatın missiyasıdır və biz də kitab oxuyarkən müəllifdən məhz bunları umuruq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm