Qəzet oxuyaq
Bizi izləyin

Digər

Qəzet oxuyaq

Qəzet oxumaq, çox güman, artıq yaxın keçmişdə, bəlkə də, lap uzaqlarda qalıb. Qəzet oxumaq mədəniyyəti - bu kültür indiki cəmiyyətimizdə birmənalı qarşılanır. Artıq texnika bu mədəniyyəti aradan qaldırmaq üzrədir. İnsanlar internet saytlardan, sosial şəbəkələrdən mətbuatın nəbzini tutur.

Həsən bəy Zərdabi “Əkinçi” qəzetininin fəaliyyətinə başlayanda elə bir dövr idi ki, insanlar oxumağın nə olduğunu bilmirdilər. Kitab, qəzet, jurnal - bu sözləri xalq heç vaxt eşitməmişdi. Hamı yalnız mollalara inanırdı. Onların ağzından çıxan sözlərə güvənirdi. “Əkinçi” ilk dəfə insanlarımıza oxumaq şansı yaratdı. İlk dəfə xalqımız qəzetlə tanış oldu.

Daha sonra “Molla Nəsrəddin” bu yolun uğurlu davamçısı oldu. Mirzə Cəlil sadə dillə xalqı ayıltmağa, saxtakar mollaların uydurma əhvalatlardan xilas edib reallığa gətirdi. Reallıq isə acınacaqlı idi. Məhəmməd Hadi əlyazmalarını satmağa başladı, Sabir yaşamaq üçün sabun bişirdi, Mirzə Cəlil isə son illər yazdıqlarını sobada yandırdı...

Amma bütün bunlar reallığın görünməsi üçün bir güzgü rolunu oynadı. Xalq silkələndi, özünü gördü, aynadakı simada özünü tapdı... Adamlar özlərini tanıdıqca səhvlərini də gördülər. Və qəzet insanları göstərən güzgü kimi onların qarşısında durdu. Artıq onları mollaların uydurma əhvalatları deyil, sarı kağızda yazılanlar maraqlandırırdı. Çünki yalnız qəzet həqiqəti yazırdı...

Özünü tapmağın, özünlə hesablaşmağın başlanğıcı qəzetdən keçir. Qəzet səni, sənin ətrafını göstərir. O, yanlış da deyə bilər. Amma bu, cəniyyətin güzgüsüdür. Qəzetə baxıb istədiyini tapmaq sənin əlindədir. Bütün məşhurlar özünü görmək üçün ətraflarına baxıblar. Qəzet sənin ətrafına nəzər salaraq həm də səni göstərir.

Artıq metrolarda, parklarda və digər ictimai yerlərdə qəzet oxuyan adamların sayı sürətlə azalmaq üzrədir. Metronun içərisində də qəzet satmırlar. Hərçənd yaşlı adamlar daha çox metro daxilində qəzet almağa alışmışdılar. İndi qəzeti çöldən almağa məcburdurlar. Bu cür islahatlar bizi qəzetdən daha da uzaqlaşdırır. Qəzetdən uzaqlaşmaq isə, ətrafımızdan və özümüzdən təcrid olmaqdır...
Özümüzə yaxın olaq...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm