Səyyad Əlizadə:“Rus qızı almaq istəyirdim, anam qoymadı” – FOTOLAR -VİDEO
Bizi izləyin

Digər

Səyyad Əlizadə:“Rus qızı almaq istəyirdim, anam qoymadı” – FOTOLAR -VİDEO

“Ulduzlu axşam”da Publika.az-ın qonağı sevilən sənətçi, səmimi insan Səyyad Əlizadədir.

“Sadəcə, ailəmin efirdə görünməsini istəmirəm”

- Adınız qalmaqallarda az hallanır. Bunu qoruyub saxlamaq çətindir?

- Həyatda asan nə var ki? Çalışmışam ki, heç kimin bostanına daş atmayım. Mənim bostanıma daş atanlar olub, onlara reaksiyam bu olub ki, eybi yox, canınız sağ olsun. Zəng ediblər ki, filankəs arxanızca belə danışıb, demişəm ki, “əcəb eləyib deyib”". Söz-söhbət yaranmasın deyə belə söyləmişəm.

- Elə televiziya proqramı olubmu ki, çağırıblar, amma dəvəti qəbul etməmisiniz?..

- Bəli. Televiziyalardakı qonaqlıq verilişlərində özümü görmürəm. Yemək bişirə bilmirəm, bu, mənim işim deyil. Deyirəm, buyurun gedək, at çapaq, güllə ataq. Məni kişi işləri maraqlandırır.

- Ailənizi də efirlərdə görməmişik. Bu, özünüzün birbaşa qadağanızdır?

- Evimdə çəkiliş istəmirəm. Qadağa deyil, sadəcə, ailəmin efirdə görünməsi xoşuma gəlmir. Bəzi proqramlarda bağ evimizi kənardan çəkiblər. Amma mən belə şeyləri sevmirəm.

-Xanımınız evdar qadındır?

- Yox, çalışır, mühasibdir.

“Qızlar həmişə arxamca qaçıblar”

- Necə tanış olmusunuz?

- Mən institutu qurtardım, məni təyinatla göndərdilər, Kiyevdə yaşadım. Hətta bir rus qızıyla evlənmək istəyirdim, anam dedi ki, “olmaz!” Mən də fikirləşdim ki, anam deyirsə, deməli, olmaz. Sonra anam dedi ki, çıx gəl Bakıya. Atamı tez itirmişəm. Anam bizi böyük əzab-əziyyətlə böyüdüb. Çıxdım gəldim bura. Dedi ki, evlənmək lazımdır, bir qız tap, evlən. Fikirləşdim ki, sevməsəm, necə evlənə bilərəm? Dedi, yox, sən filankəsin qızını alacaqsan. Qız da Naxçıvanda oxuyurdu. Mən də ərköyün olmuşam. Qızlar həmişə arxamca qaçıblar. Orta məktəbdə oxuyanda da, institutda da həmişə səhnədə olmuşam, qızlara o qədər də fikir verməmişəm. Anam qayıtdı ki, qızla telefonla danış. O vaxtlar da indiki kimi deyildi ki, istədiyin adamla danışasan, “pereqavor” verirdin, iki-üç gündən sonra teleqram gedirdi. Mən də zəng elədim, qız da soruşdu ki, kimdir? Adımı dedim, məni tanıyırdı, çünki o vaxt efirlərdə olurdum. Bu da bilirdi ki, Əşrəf kişinin oğlu filankəsəm. Dedi ki, siz kimsiniz ki, mənə zəng edirsiniz? Mən də onun bu sözünə çox əsəbləşdim. Naxçıvanlı dostum vardı, əsəbimdən Naxçıvana getdim, onu orada tapdım. Qızı çağırtdırdım, gəlib məni gördü, gələcəyimi gözləmirdi axı. Mən də coşmuşam, başlamışam ki, sən kimsən, mənə belə cavab verirsən, mən heç səni tanımıram (gülür).

“Dedim ki, mənə gəlirsən gəl, gəlmirsən, heç səni tanımıram”

Dedim ki, mənə gəlirsən gəl, gəlmirsən, heç səni tanımıram, anamın xahişi ilə sənə zəng etmişdim. Bu qız başını qaldırıb bir kəlmə demədi. Dostum da qayıtdı ki, sən camaatın qızının üstünə niyə qışqırırsan. Özlüyümdə fikirləşdim ki, bu, yaxşı qızdır. Gözəl, uzun saçlı qız idi. Xəyalımdakı qadın idi. Sonra bir-birimizi sevdik. Atasıgil də onu başqasına vermək istəyirdi.

- Olmaya xanımınızı götürüb qaçmısınız?

- Mən qızı götürüb qaçmağın əleyhinəyəm. Götürüb qaçmaq qıza da, qızın valideynlərinə də hörmətsizlikdir. Sabah götürüb qaçan da atadır, onun övladını götürüb qaçsalar, necə olar? Qız da atasıgilə dedi ki, filankəslə ailə həyatı qurmaq istəyirəm. Sonra valideynləri razılıq verdilər.

“Onun zövqü ilə hesablaşıram”

- Çox maraqlı və fərqli geyim stilinizlə şou-biznes nümayəndələri arasında seçilirsiniz.

- Geyim çox böyük bir mədəniyyətdir. Həmişə bu mənada həyatımda geyimə böyük önəm verirəm. Biz sənət adamlarıyıq və hər zaman səhnədə, tamaşaçı qarşısında çıxış edirik. Həmişə çalışıram ki, mənə hörmət edən insanların qarşısına çıxanda onlar geyimimə baxıb təəssüf hissi keçirməsinlər. Təbii ki, bir qədər sərbəst, yəni idman üslublu geyimləri sevirəm, amma efirə, səhnəyə çıxanda çalışıram geyim tərzimlə heç kimi təkrarlamayım. Yaxşı mənada fərqlənmək istəyirəm. Bu mənada özüməməxsus stilim var.

- Bu işdə yardımçınız varmı, stilisti nəzərdə tuturam, yoxsa elə öz zövqünüzə arxayın olursunuz?

- Bu işdə yardımçım həyat yoldaşımdır. Onun zövqü ilə hesablaşıram. Məsləhətləşirik, bir yerdə geyim seçirik.

“Səhnə geyimlərimi dostum İtaliyadan sifariş edir”

- Heç olurmu məsələn, sizin hansısa geyimdən xoşunuz gəlir, amma xanımınız həmin geyimi bəyənmir? Belə olan halda kimin fikri əsas olur?

- Deyim ki, hələ belə bir vəziyyətlə qarşılaşmamışam. Mən onun zövqünə inanmışam həmişə. Düzdür, özümün də müəyyən seçimlərim olub, amma əksər vaxt geyimlərimi həyat yoldaşım seçib.

- Deyəsən, kostyumlardan qaçırsınız?

- Yox, adətən efirlərə, el şənliklərinə, konsertlərə daha çox klassik stildə geyinib gedirəm. Amma qalan vaxtlarda indiki kimi geyinirəm - sərbəst stildə.

- Bəs hansı rənglərdə geyinməyi xoşlayırsınız? Adətən, qara rəngdən qaçırsınız və bu da müsbət haldır. Nədənsə, bizdə qara rəngə çox önəm verirlər. Məsələn, qara avtomobil, qara geyim, qara eynəklər… Bəzən bu qaralar həyatı çox yeknəsəq göstərir, insanların gözünü yorur…

- Mən ağ rəngi çox sevirəm və isti aylarda ağ rəngdə geyinməyə üstünlük verirəm. Amma soyuq fəsillərdə daha çox cinslərə və nisbətən tünd rənglərə müraciət edirəm.

- Alış-verişi hardan edirsiniz? Xarici ölkələrdən, yoxsa, elə Azərbaycandan?

- Səhnə geyimlərimi dostum İtaliyadan sifariş edir. Onun özünün Moskvada böyük bir geyim mağazası var. İtaliyadan geyimlər sifariş edir və mənim üçün Azərbaycana göndərir. Başqa alış-verişi də Türkiyəyə gedəndə İstanbuldan edirəm.

“Toyda qolundan qolbağını çıxarıb mənə verdi”

- Brend mütləqdirmi sizin üçün?

- Yox, mənim üçün əsas olan odur ki, aldığım geyim mənə yaraşsın. Yaraşmasa, dəxli yoxdur, hansı məşhur brenddir.

- Bəzi insanlar var ki, ayaqqabı dəlisidir, başqasının, qarderobda ən çox üstünlük verdiyi köynəklər, yaxud başqa aksessuarlardır. Bəs siz geyimdə hansı elementə üstünlük verirsiniz?

- Məndə konkret olaraq hansısa geyim elementini bəyənmək söhbəti yoxdur. Mən geyimə kompleks şəklində yanaşıram. Mütləq kostyum, ayaqqabı, köynək, saat bir-birini tamamlamalıdır. Gözəl bir köynək olsun əynimdə, ayaqqabı ona uyğun gəlməsin – bu, düzgün deyil.

- Qarderobunuzda ən bahalı geyim, ya aksessuarın qiymətini bizə deyə bilərsinizmi?

- Bahalı kostyum da var, üzük də, saat da – hansını deyim?

- Bax elə barmağınızdakı üzüyün qiymətini bilmək maraqlı olardı. Sağlıqla taxasınız, görürəm ucuz mala oxşamır…

- Əslində, mən elə şeyləri deməyi sevmirəm.

- Oxucu üçün maraqlıdır, buna görə soruşdum.

- Yox, buna görə demədim, sadəcə qürrələnməyi xoşlamıram. Əslində, əvvəllər üzük-zad taxmırdım. Bir dəfə bir yəhudi toyunda iştirak edirdim. Bir nəfər mənə yaxınlaşdı, qolundan qolbağını çıxarıb mənə verdi. Qayıtdı ki, bu qolbağı sizə hədiyyə edirəm. Sözün düzü, mən hədiyyə alanda dərhal götürmürəm, düşünüb-daşınıram. Səbəbini soruşdum ki, bu qolbağı mənə niyə bağışlamaq istəyirsiniz? Dedi ki,Səyyad müəllim, qızıl nəzərləri özünə çəkəndir, buna görə, verirəm ki, hər zaman üzərinizdə olsun. Dedim ki, mən qolbaq istifadə etməyi xoşlamıram. Amma həmin vaxtdan sonra başladım qolbaq taxmağa. Düzdür, indi taxmıram.

“Mənə 50 min dollar hədiyyə etmişdilər”

- Belə anladım ki, sizə hədiyyə edənlər çox olub?

- Əslində, mənə hədiyyə veriləndə o qədər də xoşlanmıram. Bir dəfə mənə 50 min dollar hədiyyə etmişdilər. Həmin pulun qəbzləri indi də evdə durur, saxlayıram. Mənə xəbər gəldi ki, pasport məlumatlarınızı verin, sizə pul göndəriləcək. Tanıdığım adamlar idi. Dedilər ki, sizə pul göndəriləcək, özünüz gəlib götürərsiniz. On dəfə dalbadal mənə beş min dollar həcmində pul göndərdilər. Bütünlüklə pulu alandan sonra zəng elədim həmin adama ki, pul mənə çatıb gəlin ötürün. Həmin şəxs mənə bildirdi ki, o pul sizə məxsusdur, hədiyyə olunub, götürün xərcləyin.

- Maraqlıdır, kim idi ki o adam?

- Rusiyada yaşayan bir iş adamı idi. Mən onların bir ailə məclisini idarə edirdim və dedikləri qiymətdən çox aşağı məbləğə getmişdim,on-on beş adam da dəvət etmişdim o məclisə. Həmin məclis çox yüksək səviyyədə keçdi və məndən çox razı qaldılar. Mən ona belə bir jest eləmişdim, o da əvəzində mənə yaxşılıq eləmək istəmişdi. Pulu qaytarmaq istədiyimi biləndə həyat yoldaşım qayıtdı ki, bu, sənə hədiyyə olunub, niyə qaytarmalısan ki? Dedim ki, yox, bu boyda pulu götürə bilmərəm. Təsəvvür edin, buna görə gecələr yata bilmirdim.

- Pulun aqibəti necə oldu?

- Deməli, dörd aydan sonra həmin adam Bakıya gəlib çıxdı və həmin pulu yiyəsinə qaytardım.

- Amma deyirlər, hədiyyəni geri qaytarmazlar. Maraqlıdır niyə, bahalı hədiyyələrə qarşı belə ehtiyatla davranırsınız?

- Hər halda, yüksək məbləğdə puldan söhbət gedirsə, düşünüb-daşınıram. Məncə, belə də olmalıdır. Mən hər zaman təmiz adımı qorumuşam.

“Anam həmin atı mənə görə satmışdı”

- Bilirəm ki, atları çox sevirsiniz… Nə əcəb, özünüzə bir at almırsınız?

- Ata maraq məndə uşaq yaşlarımdan olub. Uşaqlıqda at çapmağı çox sevirdim. Özümüzün də bir atımız vardı, anam həmin atı mənə görə satmışdı. Satıb mənə gitara aldırmışdı.

- Hə, “Könlüm keçir” layihəmizdə bu barədə danışmışdınız. Bəs nə əcəb indi at almırsınız?
- - Sözün düzü, at saxlamaq üçün həm də yer lazımdır. İstəyəndə müəyyən yerlərə gedib istədiyim qədər at çapıram.

- Sevənləriniz çoxdur. İllərlə efirə çıxmasanız da, yenə sizi sevəcəklər. Bunun sirri nədədir?

- Özüm də hər zaman bunu sirrini tapmağa çalışmışam. Fikirləşmişəm ki, görən niyə məni bu qədər çox sevirlər. Yeri gələndə başqalarından artıq da oxumuram. Görünür, bu Allahın mənə verdiyi bir şansdır. Buna görə Allahıma borcluyam, həm də minnətdaram. Çox gözəl bir duyğudur, hər kəsə arzulayardım.

Cəvahir Səlimqızı

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm