• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Azərbaycanlı aktrisanı öldürmək istədilər - FOTOLAR

  • Digər
  • 3 Fevral 2014 16:22
  • 5 748 Baxış
Azərbaycanlı aktrisanı öldürmək istədilər - FOTOLAR

“Ulduzlu axşam”ın qonağı Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Hicran Nəsirovadır. Zamanında sənət dostları tərəfindən zərbələr alan, filmlərə təsdiqlənsə də, sonradan yerinə başqa aktrisalar çəkilən, cadu-piti olunaraq bir zamanlar ölüm yatağına düşən Hicran Nəsirova. Danışdıqlarına təəccüb edəcəksiniz.

“Kəfəni yırtdım”

- Hicran xanım, istəməzdim pis şeylərdən başlayaq, amma, həyatınızda ağır mərhələ yaşamısınız, hətta ölümün pəncəsindən qurtulmusunuz … Bu sizin səhnə həyatınıza təsir etdimi?

- 2000-ci ildə ağır xəstəliyə düçar oldum. Ulu öndərimiz Heydər Əliyevin sayəsində mən salamat qaldım. O fenomen şəxsiyyət mənə maddi dəstək göstərdi və Moskvada ağır əməliyyat olundum. Hətta Bakıdan həmin xəstəxanaya zəng edib məni tapşırmışdılar. Kəfəni yırtdım, buna görə mən ölüncə Heydər Əliyevə özümü borclu sayıram.

“Zarafatla dedi sənin qurdun yoxdur, ona görə arıqlamırsan”

- Bildiyimə görə, həmin əməliyyatdan sonra xeyli çəki aldınız… Arıqlamaq üçün cəhd edirsinizmi?

- O xəstəliyin adını çəkmək istəmirəm, hər kəs bilir. Həmin vaxt aldığım kimyəvi dərmanlar kilo almağıma səbəb oldu, amma yəqin ki, yaş da öz təsirini göstərir. İdman etmirəm, etsəm, bəlkə də arıqlayaram. Bir dəfə həmkarım Ramiz Novruza dedim ki, ay Ramiz, necə olur bu qədər yeyirsən, amma həmişə formadasan, amma mən adi su da içəndə kökəlirəm. Dedi ki, bacı sənin qurdun yoxdur.

- Sizdə köklük kompleks yaradır?

- Səhnədə yox, çünki plastikam var. Amma efirdə özümü görəndə kompleksə düşürəm. Buna görə, hətta televiziya verilişlərinin çoxundan imtina edirəm. Çox vaxt aparıcılar buna görə məndən inciyirlər. Bu yaxınlarda İTV-nin səhər proqramına getmişdim, hamı təriflədi, amma gördüm ki, yox, kök görünürəm. Bax, belə olanda kompleksə düşürəm. Mən əvvəllər çox nərmənazik qız olmuşam. Həmin vaxt çəkildiyim tamaşalarda da bu görünür. Ailə qurana qədər 44-48 kilo idim.

“O qədər qəddar idim ki, gözünün içinə baxıb...”

- Arzuladığınız, amma oynamadığınız rollar var yəqin?

- Çox rollar var. Bütün aktyor və aktrisalar hər zaman Şekspirin əsərlərində oynamağı özünə fəxarət bilib. Mən tələbə vaxtı “Romeo və Cülyetta”da Cülyettanı oynamışam, özü də çox gözəl alınmışdı. İndiki yaşıma uyğun rollar var. Məsələn, istərdim “Romeo və Cülyetta”da indi dayəni oynayım. İlham Rəhimli dəfələrlə verilişlərdə də deyib ki, Hicran üçün əsərlər yazılmalıdır.

- Maraqlıdır, necə bir qadın obrazında görünmək istərdiniz; qəddar, yazıq… necə?

- Mən qəddar qadın obrazı yaratmışam -“Kral Lir”də Reqananı oynamışam. Reqana çox qəddardır. Təsəvvür elə “Kral Lir” birinci qızının yaından qovulandan sonra onun yanına qayıdır. Mən daha dəhşətli şəkildə qəddarlıq nümayiş etdirib, atamı qovuram. Bu səhnəni mən oynayanda Kral Liri oynayan rəhmətlik Kamal Xudaverdiyevin gözündən yaş axırdı. O kişinin gözünün içinə baxıb çörəyi vermirdim. Təsəvvür edin, rolun içinə necə girirdimsə, xeyli vaxt özümə gələ bilmirdim. Rolun cazibəsindən çıxmaq mümkünsüz idi.

- Həyatda necə qəddarlığınız var?

- Deməzdim, yox, deməzdim.

“Həyat yoldaşıma görə bunu edə bilmədim”

- Elə bir rol olubmu ki, oynamaq istəyəsiniz, amma həyat yoldaşınızı gözünüzün qarşısına gətirib o roldan imtina etmisiniz?

- İtkin gəlin filminin çəkilişləri zamanı olub. Mən hələ tələbəlik vaxtında İtkin gəlin əsərini oxuyanda özümü Əfsanə kimi görürdüm. Zaman gəldi, Lütfi Məmmədbəyov məni həmin filmə dəvət etdi. Amma o mənə Əfsanəni yox, Dünya rolunu verdi. Mən çəkilmək istəmədim. Dedim necə ola bilər mən Dünyanı oynayım. Çünki bilirsiniz də Dünya özü də bilmədən pis yola düşən bir qadındır. Rəhmətlik qaynanam soruşdu ki, nooldu, filmə razılıq verdin? Dedim ki, yox e, həyat yoldaşım, qayınlarım gəlib durur gözümün qabağında, belə bir qadın obrazında necə çəkilim? Qaynanam dedi ki, əgər oynaya bilərsənsə, get oyna.

“Sonradan bildim ki, yerimə başqa aktrisanı çəkiblər”

- Əvvəllər bildiyimə görə aktrisalar arasında paxıllıqlar çox olub. Rol üstə gizlin mübarizələr gedib…Siz belə paxıllıqarın qurbanı olmusunuz heç?

- O qədər baş rollara dəvət ediblər məni, hətta təsdiqləyiblər, amma çəkilməmişəm. Sonra görmüşəm ki, o rollara başqa aktrisaları çəkiblər. Hətta bir film vardı, orda mənim bədən ölçülərimi götürüb paltarlar da tikilmişdi, amma bir onda gördüm ki, filmin çəkilişləri başlanıb və yerimə başqa aktrisa çəkilir. O aktrisa indi rəhmətə gedib, adını çəkmək istəmirəm.

- Heç maraqlanmadınız, bütün bunlar niyə baş verir?

- İş-işdən keçəndən sonra maraqlanmırdım. Bir dəfə rejissor Rasim Ocaqov məni Təhminə filminə dəvət etdi. Orda Təhminənin rəfiqəsi Mədinəni oynamalıydım. Sonra yenə də başqası çəkildi. Rasim müəllim özü məni görəndə dedi ki, səni Təhminədən daha gözəl olduğuna görə o rola çəkmədim. Dediyinə görə, baş rol Mədinənin yanında gölgədə qala bilərdi. Onda da qayıtdım ki, elə məni çəkərdiniz də o rola Türkiyədən niyə aktrisa çağırırdınız ki? Güldü, dedi ki, onsuz da mən səni çəkəcəyəm.

“Özüm çəkilməsəm də xalatım filmə çəkildi”

- Çəkdimi barı?

- Yox, Otel otağı filmində epizodik rola çağırdı. Sınaq çəkilişi etdi, dedi ki, çəkiləcəksən. Bir xalat lazımdır. Mən də evdən bir xalat gətirdim. Dedilər bir-iki aya çağıracağıq. Bir gün Həmidə Ömərova bizə gəldi ki, bəs Hicran filmə çəkilirəm, mənə bir xalat lazımdır. Gətirdim verdim, daha üzə vurmadım ki, o rolu mənə vermişdilər. Sonradan Həmidə biləndə and-aman elədi ki, çəkilmirəm, çəkilmirəm sən çəkil. O da necə olmuşdu, xalatın cibindən ssenairini tapıb xəbər tutmuşdu bundan. Nə isə özüm çəkilməsəm də xalatım o filmə çəkildi.

- Səbəbini də bilmədiniz?

- Bir kəlmə ilə deyəcəyəm; arxamda duranım yox idi, yəqin buna görə.

“Qızımı müğənni olmağa qoymadım, çünki…”

- Qızınız bir ara müğənni olmaq istədi, Yeni ulduz müsabiqəsində görmüşdüm onu.

- İlk addımdan haqsızlığa uğradı, buna görə də istəmədim davam etsin. Haqsızlıq olmasaydı, mən müğənni olması üçün qızıma dəstək olacaqdım. İndi rəssam-dizaynerdir.

- Tez-tez depressiyaya düşürsünüz?

- Həm kövrəyəm, amma tez sınan, ağlayan olsam da, dözümlüyəm.

- Gücüz nədədir?

- Qoy bu sirr qalsın. Onu istəmirəm deyim. Düşmənlərdən qorxuram. Bilsələr, o tərəfdən məni vurarlar.

- Rəfiqəlik etdiyiniz sənət dostlarınız varmı?

- Zərnigar Ağakişiyeva, Həmidə Ömərova, Məleykə Əsədova, Şükufə Yusupova ilə yaxın münasibətlərimiz var.

- Sənətdə zərbələr almısınızmı heç?

- Çox olub.

- Reksiyanız necə olub bəs?

- Əvvəllər buna görə çox ağlayırdım. Çünki cavan vaxtlarımda daha çox badalaqlar almışam.

“İş otağımda, qapımda o qədər cadular tapırdım ki…”

- Bağışlayansınız?

- Sadəcə həmin adamdan uzaqlaşıram, vəssalam.

- Həyatda sizi ən çox qorxudan nədir?

- Tək qalmaqdan çox qorxuram. Dediyim kimi həyatda çox zərbələr almışam. (ağlayır) Cadu-piti ilə məni öldürmək istəyirdilər. İş otağımda, qapımda o qədər cadular tapırdım ki… Hamı deyirdi ki, fikir vermə. Fikir verməməyimin də axırı o oldu ki, ölümcül xəstələndim.

- İmkanınız olsaydı, hansı xasiyyətinizdən imtina edərdiniz?

- Ürəyiyumşaqlığımdan. Bundan xilas ola bilmirəm.

Cəvahir Səlimqızı

Foto:Nuron

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR