Hər şey hər zaman göründüyü kimi deyildir...
Bizi izləyin

Digər

Hər şey hər zaman göründüyü kimi deyildir...

Hər şey hər zaman göründüyü kimi deyildir...

Həyatında nə baş verirsə versin, insan hər zaman baş verənlərdə bir xeyrin olduğunu düşünməli və hər zaman şükür etməyi bacarmalıdır.

Şakir olmaqla yanaşı Şəkur olmağı da bacarmalıdır insan...

Şakir rahatlığa şükür edəndir...

Şəkur isə bəlaya şükür edəndir...

Şakir varlığa şükür edəndir...

Şəkur varlığa da, yoxluğa da şükür edəndir.

Şəkur ola bilənlər isə Şəkkar olmağa çalışmalıdır. Şəkkar olmaq çox çətindir... amma bunu bacaranlar Allahın sevimli bəndəsi, xoşbəxt insandır. Şəkkar ona gələn hər nə olsa (haqdan gəldiyinə) sevinəndir. Təəssüf ki, bu gün insanların içində varlığa, rahatlığa şükür edən şakirlər belə azdır... “Şəkur” isə “Şakir”dən də azdır.

“Şəkkar” isə çox nadirdir...

Bir neçə il öncə dinlədiyim bir öykünü çox sevmişdim. Dərin hikmət vardı anlamında... – Onu sizinlə də bölüşmək istərdim:

Deyir, iki mələk Yer üzünü insan cildində dolaşmağa çıxır. Axşam düşəndə kəndin ən zəngin səmtində varlı bir adamın qapısını Allah qonağı olaraq döyürlər... Ev sahibləri onları çox soyuq qarşılayır və yemək də təklif etmirlər. İsti qonaq otaqları yerinə buz kimi nəmli zirzəmiyə iki nazik döşək atıb, “Gecəni burda keçirə bilərsiniz”, – deyirlər. Döşəkləri betona sərərkən yaşlı mələk divarda bir çat görür. Əlini uzadır və yarığa əlini sürtən kimi divar öncəkindən daha sağlam olur. Gənc mələk “Niyə bunu etdin?”, – deyə maraqla soruşur. “Hər şey hər zaman göründüyü kimi deyildir” – yaşlı mələk yavaşca cavab verir.

Ertəsi axşam mələklər bir kənd evində çox yoxsul amma qonaqpərvər bir ailənin qonağı olurlar. Kasıb ailənin var-yoxları bircə inəkləri var imiş... Onun südünü satıb dolanırlarmış. Ev sahibləri onları sadə süfrələrinə qonaq edirlər, birgə yemək yeyirlər. Yatmaq zamanı gələndə evin xanımı “Siz uzun yoldan gəlirsiniz, yorğun-sunuz, bizim yataqda siz yatın ki, rahat olasız, biz də bu divanda yatarıq”, – deyərək, öz rahat yataqlarını onlara verir. Günəş doğarkən oyanan mələklər zavallı adamla xanımını iki gözlərini iki çeşmə kimi ağlar görürlər. Məgər həyatdakı tək sərvətləri olan inəkləri öl-müşdü... Gənc mələk hirsdən dəliyə dönür. “Bunu necə edə bildin. Bu qədər yaxşı insanların yeganə sərvətini itirmələrinə necə izn verdin? Öncəki gecə getdiyimiz varlı evdə hər şey vardı amma ev sahibləri yaxşı insanlar deyildilər, bizə heç bir şey vermədilər... amma sən onların divarlarını təmir etdin; bu yoxsul insanlar bizimlə hər şeylərini paylaşdılar... amma sən onların inəklərinin ölməsinə göz yumdun!” Yaşlı mələk yenə eyni sözü deyir: “Hər şey hər zaman göründüyü kimi deyildir...” Gənc mələk sualını daha böyük qəzəblə verir – “Necə yəni?”, – deyə... Yaşlı mələk izah etməyə başlayır: “İlk getdiyimiz zəngin evinin o divar çatının içində illər öncədən saxlanmış bir xəzinə vardı. Ev sahibləri zənginlikləri ilə lovğalanan, paylaşmağı heç sevməyən insanlar olduqları üçün bu dəfinəni tapmağa haqları yox idi. Mən də divardakı çatı bağlayıb onları bu xəzinədən əbədiyyən məhrum etdim. Dünənki gecə yoxsul kəndlinin yatağında yatarkən ölüm mələyi adamın həyat yoldaşının canını almağa gəldi. Qadının həyatının bağışlanmasına qarşılıq ona inəyi verdim. İndi anladınmı? Hər şey hər zaman göründüyü kimi deyildir. İşlər bəzən istənildiyi kimi getməz göründüyündə, əslində olan budur. Əgər inanclısansa, hər işdə bir xeyrin olduğunu düşünərsən. O xeyrin nə olduğunu da bir müddət sonra anlayarsan.”

P.S. Məndən öncə bu mətləbi yozanlara salam olsun. Salam olsun o kəsə ki, yüz illər öncəsi “harda görsən könlü qırıq, məhrəm ol, hansı məzlum yolda qalsa, həmdəm ol!” – deyib də durmuşdu – o xeyirxah, ədalətli mələyin qan qardaşı, könüldaşı kimi... Həyat su misali axar...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm