• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Atatürk: "Azərbaycandan mümkün qədər çox istiqraz alın"

  • Digər
  • 30 Avqust 2014 12:52
  • 513 Baxış
Atatürk: "Azərbaycandan mümkün qədər çox istiqraz alın"

Hər bir xalqın tarixində əlamətdar günlər olur. Bu baxımdan başqa xalqların tarixində adi təqvim günlərindən biri olan 30 avqust tarixi qardaş Türkiyə üçün ən əlamətdar günlərdən biridir. Çünki qəhrəman türk ordusunun 1922-ci il avqustun 30-da qazandığı zəfər türk milli qurtuluş savaşının dönüş nöqtəsi hesab olunur.

Məhz bu səbəbdən də həmin gün Azərbaycanın əvəzsiz strateji müttəfiqi olan qardaş Türkiyə Respublikasında Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Günü kimi geniş tədbirlərlə təntənəli şəkildə qeyd edilir.

1918-ci ildə Birinci Dünya müharibəsində məğlubiyyətə uğrayan Türkiyəni parçalayaraq, onu işğal altında saxlamaq arzusunda olan qüdrətli dövlətlər məhz 30 avqust zəfərindən sonra çirkin niyyətlərinin heç vaxt baş tutmayacağını, Anadoluya sahib ola bilməyəcəklərini bir daha anladılar. Nəhəng imperiyalar 2 min illik hərb tarixi olan türk xalqının Vətənə olan sonsuz sevgisi, azadlıq eşqi qarşısında aciz qaldıqlarını etiraf etməyə məcbur oldular. Düşmən öz qoşununu Türkiyə ərazisindən çıxardığı zaman onun əsgər və zabitləri Vətən uğrunda şəhid olan türklərin al qanına boyanmış aylı-ulduzlu bayrağa heyrətlə, təəccüblə baxırdılar. Dünya türklərinin Qərbdəki qalası hesab olunan Anadolunu əsarətdə saxlamağa çalışanlar türk millətinin heyrətamiz cəsarəti, türk ordusunun yüksək döyüş qabiliyyəti qarşısında dəhşətə gəldiklərini gizlətmirdilər.

Həmin dövrdə baş verən hadisələr bir daha təsdiq etdi ki, eyni etnik kökə, eyni dilə, eyni dinə malik olan Türkiyə və Azərbaycan xalqlarının sevinci də, kədəri də bir olub, bu xalqlar həlledici məqamlarda biri-birinə təmənnasız qardaşlıq dəstəyi verməkdən çəkinməyiblər. Azərbaycan ilə Türkiyənin tarixində baş verən bir sıra hadisələr qardaşlığın, dostluğun, birliyin, sədaqətin ən gözəl nümunələridir. 1915-ci ildə Çanaqqala döyüşü, 1918-ci ildə Bakının düşməndən azad olunması da həmin nümunələrdən biridir. 1919-cu ildə başlayan türk qurtuluş savaşının 1922-ci il avqustun 30-da böyük zəfərlə sona çatmasının səbəbi türk xalqının azadlıq eşqi ilə yanaşı, həm də ümumtürk həmrəyliyinin nəticəsidir.

Avqust zəfərinə aparan yol o qədər də hamar olmayıb. Beş imperiya qarşısında məğlub olan 600 illik Osmanlı imperiyası 1918-ci il oktyabrın 30-da Mondoros atəşkəs müqaviləsini imzalamaq məcburiyyətində qaldı. İngilislər, fransızlar, italyanlar və yunanlar Anadoluya qoşun yeritdilər. Uzun illər davam edən müharibədən yorğun düşmüş Osmanlı türkləri düşmənə müqavimət göstərirdi, lakin bu hərəkat kiçik dəstələr halında həyata keçirildiyi üçün nəticəsiz qalırdı.

Məhz belə bir ağır məqamda Mustafa Kamal Paşa 1919-cu il mayın 19-da Samsuna gələrək, xalqı həmrəyliyə səslədi, milli qurtuluş savaşının başlandığını elan etdi. Ancaq ortada həllini gözləyən çox ciddi problemlər var idi. Çətin maddi şəraitin hakim olduğu bir zamanda türk xalqının topladığı vəsaitlər döyüş silah-sursatının alınmasına, maşınların yanacaqla təmin olunmasına və digər maddi-texniki təminatın reallaşmasına kifayət etmirdi.

Azərbaycan xalqı məhz belə bir məqamda özünün təmənnasız qardaşlıq missiyasını çox böyük uğurla yerinə yetirərək Anadolu türklərinə lazımi dəstəyi verdi, yüzlərlə azərbaycanlı payi-piyada yol gedərək Ərzurumda və digər vilayətlərdə yenidən formalaşdırılan türk ordusunun sıralarına könüllü olaraq qoşuldu. Təkcə bu faktı yada salaq ki, 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Baş naziri Nəsib bəy Yusifbəyli 1,5 milyon fransız frankı məbləğində pul yardımını göstərən çeki və neft qəbzlərini Türkiyəyə göndərmişdi. Bu, borc kimi deyil, qardaşlıq köməyi kimi nəzərdə tutulan yardım idi.

Kazım Qarabəkir Paşa “İstiqlal hərbimiz” adlı əsərində yazıb ki, Nəsib bəy Yusifbəyli Anadoluya vurduğu teleqramda Rauf bəy Orbayın Türkiyədən Azərbaycana gəlməsini və nə qədər tələb olunursa silah, sursat verməyə hazır olduqlarını da bildirib. Bundan başqa, Anadoluda milli mücadilənin başlandığını eşidən analarımız, bacılarımız qulaqlarındakı sırğaları, əllərindəki üzükləri çıxararaq ayrı-ayrı şəxslər vasitəsilə Türkiyəyə göndəriblər. AXC süquta uğradıqdan sonra isə sayı tam məlum olmayan silahlı Müsavat dəstələri polkovnik Səməd Sayqının komandanlığı ilə Cənubi Azərbaycanın ərazisindən keçərək Ərzuruma gəlib, Anadoluda müharibədə iştirak ediblər.

Bu barədə ilk məlumat 1920-ci il aprelin 23-də fəaliyyətə başlayan Türkiyə Böyük Millət Məclisinin (TBMM) həmin il iyulun 8-dəki iclasında yeni deputatlara çatdırılır. İclasda çıxış edən Silahlı Qüvvələrin Baş Qərargah rəisi İsmət İnönü bildirir ki, kömək məqsədilə Azərbaycandan silahlı dəstələr gəlir. Onlarla birlikdə türk ordusunun çox böyük ehtiyac duyduğu səhra topu kamaları (çaxmaqları) da vardır.

Türkiyə tarixindən məlumdur ki, güclü və nizami ordu qurulanadək işğalçılara qarşı “Kuvayi-milliye” adlandırılan məhəlli silahlı dəstələr vuruşub. Qeyd etdiyimiz kimi, nizami ordunun yaranması yolunda ən böyük maneə isə, əsasən, maddi çətinliklər idi. Ancaq Anadolu türkləri bu köməyin qardaş Azərbaycandan göstəriləcəyinə şübhə etmirdilər. Bu, Mustafa Kamal Paşanın 1920-ci il mayın 3-də komandan Kazım Qarabəkirə göndərdiyi teleqramda da öz əksini tapıb. Teleqramda deyilir: “Əlimizdə beş para olmadığı zatı-alinizə məlumdur. Hələlik daxildə heç bir maddi təminatımız, mənbəyimiz yoxdur. Özümüzü təmin edənədək Azərbaycan hökumətindən mümkün qədər çox istiqraz aktı alınmasının araşdırılmasını və təmin olunmasını rica edirəm.
Böyük Millət Məclisi rəisi M.Kamal”.

Baxmayaraq ki, 1920-ci ilin aprelin 28-də AXC-nin süquta uğramasına və milliyyətçi düşüncəyə sahib insanların Azərbaycan rəhbərliyindən uzaqlaşdırılmasına baxmayaraq hətta bolşevik azərbaycanlılar da türk xalqının taleyinə biganə qalmayıblar. Bunun sübutu böyük sərkərdə Mustafa Kamal Atatürkün müraciətinə həmin il bolşeviklərin hakimiyyətdə olduğu Azərbaycandan dərhal müsbət cavab verilməsi idi. Qısa zamanda Anadoluya həmin dövr üçün böyük miqdarda hesab olunan pulla yanaşı, ən çox ehtiyac duyulan şeylər, o cümlədən neft, benzin və maye qaz göndərilmişdi. Türkiyə tərəfi tələb etməsə də, milli qurtuluş savaşı qələbə ilə sona çatanadək hər ay Azərbaycan hökuməti könüllü olaraq Bakıdan 62 vaqon neft və benzin, 3 vaqon maye qaz göndərirdi.

Bütün bunlar qardaşın qardaşa köməyi, vəfa borcu idi. Bunun ən gözəl izahını isə biz Nəriman Nərimanovun 1921-ci il martın 23-də Mustafa Kamal Atatürkə yazdığı məktubda daha yaxşı görə bilərik. Türkiyə tərəfinin borcları necə qaytaracağı barədə narahatlıq keçirdiyi bir vaxtda N. Nərimanov yazırdı: “Paşam, türk millətinin bir ənənəsi vardır: qardaş qardaşa borc verməz. Qardaş qardaşın əlindən tutar, biz qardaş xalqlarıq. Hər zaman və hər şəraitdə biri-birimizin əlindən tutacağıq. 1918-ci ildə siz bizim əlimizdən tutdunuz. Bizi ölümdən qurtardınız. Bu gün biz sizin qardaşınız olaraq əlinizdən tutmağa çalışırıq. İmkanımız çatdığı qədər pul göndərəcəyik. Bu gün sizin üçün etmək istədiyimiz bir qardaşın, başqa bir qardaşı üçün etmək istədiyindən başqa bir şey deyil”.
Ümumtürk həmrəyliyi nəticəsində 1922-ci ildə əldə edilən 30 Avqust zəfəri türk hərb tarixinə qızıl hərflərlə yazıldı. Düşmən tam məğlubiyyətə uğrayaraq geri çəkilməyə məcbur edildi. Yeni qurulacaq qüdrətli dövlətin ərazisinin böyük bir qismi düşməndən azad edildi. Dünyaya bir daha sübut edildi ki, Malazqirt zəfərinin qazanılması üçün gecə vaxtı atla dəniz boğazını üzüb keçən kəngərli-qıpçaq-peçenek türklərinin, İstanbulu fəth etmək üçün gəmiləri qurudan aparan Osmanlı türklərinin qəhrəmanlığı, fədakarlığı və yenilməzliyi əbədi olaraq türk milləti timsalında yaşayacaqdır.

AzərTAc

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR