Digər
Humay
Ömrümüzün getməkdən ibarət olduğunu söyləməklə heç kəsdə təəccüb doğurmayacağıma əminəm. Gəlirik, gedirik; gedirik, uzaqlarda itirik, bir cıqqılı, qara nöqtəyə çevrilincə ayaq döyürük. Əfsanələrə can atırıq. Nə zamansa hansısa əfsanəyə qovuşmağa ümidliyik.
Qoy bizdən bir əfsanə qalsın. Ya da özümüzlə bir əfsanə aparaq.
2012-ci ilin fevralında o zamankı iş yerimdə şələ-şüləmi (köçən
adamın özüylə aparacağı şeylər sonda elə çoxalır, nələrisə yenə
çıxdığın yerdə qoymalı olursan) yığışdırıb təzə iş yerimə kəsə
cığırlarla payi-piyada, avtobussuz-maşınsız yol aldım, məlum oldu
ki, xeyli getməliyəmmiş. Bu nədi dedim, yol nə uzunmuş.
Həmin buludlu-soyuq qış günortasından iki il yarım keçdi. “Bir
əfsanəymiş...”
...o, ağ libaslı qadındı. Həmişə yaxşılıqlar eləməyə çalışar. Uşaqların himayədarıdı, Yer üzünə bərəkət paylayar, ətrafına, yan-yörəsinə nur, işıq saçar, göyüzündə yaşayar, hərdən aşağılara enər – dada, yardıma çatmaqçun. Çünki onun qanadları var, çünki onu quş kimi təsəvvür edərlər! Çünki o, uça bilir.
Ötən illərin, ayların, həftələrin gərginliklərini, dramatizmini kənara qoyuram. Bu, heçdən qəzet, sayt yaratmaqdı, kollektiv yapmaqdı, planlaşdırma aparmaqdı, yazı oxumaqdı, insanlarla ünsiyyətdi, iclaslara, ad günlərinə yığışmaqdı, təbrik sözü deməkdi, soruşulana cavab verməkdi, məsuliyyətdi, özün kimi qalmaqdı. Adındı, imzandı...
Əfsanəyə davam edimmi?
...əlimdə telefon içəri keçdim. Gülümsədi. “Telefonunuzda problem var?” – soruşdu. Hə dedim. Bəlkə də ürək dərmanı istəyəcəkdim. Bir əyər-əskiyimiz olanda onun yanına qaçırıq, ona ağız açırıq. “Hə, dedim, telefonumda şəbəkə itir...” Əslində, telefonu əlimdə kimdənsə zəng gözlədiyimçün tutmuşdum.
Bayaq harda qalmışdım? “Gündəlik Teleqraf”dakı işimdə. Bu, axı mənim son köşəmdi. Bu redaksiyada bu qəzetə sonuncu cümlələrimi yazıram.
Qoy bu bir əfsanə olsun.
...bu yaxınlarda ondan borc pul almışdım. İşdə təcili lazım oldu, mən də ondan istədim: “Sabah gətirərəm”.
Səhəri gün gətirə bilmədim. Çatda yazdım: “Olarmı borcu maaşda çıxaq?” “Niyə olmur – dedi. Çıxmasaq da olar...” Bu cavabı nəzakət etiketi kimi də qəbullamaq olardı. Amma elə bil damarımdan qan partladı, gözümdən yaş sıçradı.
“Allah səni nə qədər pak yaradıb!” yazdım.
...son köşəm, Humay, sənin olsun. Köməksizlərin himayədarı, ağ libaslı, qanadlı Humay.
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi