Sağ qalmaq üçün dostlarını yedilər: bir təyyarə qəzasının tarixçəsi – FOTOLAR
Bizi izləyin

Digər

Sağ qalmaq üçün dostlarını yedilər: bir təyyarə qəzasının tarixçəsi – FOTOLAR

1972-ci il oktyabrın 12-də Uraqvayın Montevideo aeroportundan köhnə, ikimotorlu təyyarə havaya qalxdı. Təyyarədə 45 nəfər vardı.

Bunlar ekipaj heyəti və “Old Kristiens” yerli reqbi komandasının üzvləri idilər. Komanda Çilidə keçirilən beynəlxalq turnirə dəvət almışdı. Uçuş normal keçirdi. Arada təyyarə Argentinanın Mendos aeroportuna endi, qısa fasilədən sonra havaya qalxıb Kordilyerə tərəf istiqamət aldı.

Dağ silsilələri üzərindən uçarkən qəfil hava şəraiti pisləşdi. Güclü külək, hava axınları təyyarəni atıb-tuturdu. Birdən pilotlar idarəetməni itirdilər. 4500 kilometr hündürlükdə, dumanda təyyarə qayalardan birinə çırpılaraq yerə düşdü.

Ümidsizlik

Qaya ilə toqquşan anda təyyarənin arxa hissəsi qopdu. Son sıralarda oturan sərnişinlər kreslo qarışıq dibsiz uçuruma yuvarlandılar. Beş nəfər həlak oldu.

Dağlardakı birinci gecədən sonra ağır yaralılardan daha 3 nəfər keçindi. 37 nəfər isə hələ sağ idi. Təyyarənin salamat qalan korpusunu birtəhər düzəltdilər. Kresloların üzlərini çıxararaq parçalarla giriş-çıxışı bağladılar. Burada soyuqdan müvəqqəti qorunmaq, xilasedicilər gələnədək yaşamaq olardı. Sonra sərnişinlərin çantalarındakı azuqələri və dərman preparatlarını topladılar. Reqbi toplarının havasını çıxardılar, içinə qar yığıb günün altına qoydular. Əriyən qar içməli su problemini həll edirdi.

Texnikadan başı çıxanlar təyyarədə olan detallardan əldəqayırma radioqəbuledici düzəltdilər. İndi onlar xəbərləri dinləyə bilirdilər. Amma gələn xəbərlər ümid vermirdi. Onlar öyrəndilər ki, hökumət ikihəftəlik axtarışların nəticə vermədiyini bəhanə edərək, xilasetmə işlərinə son verib.

Qərar

Vəziyyət getdikcə ağırlaşırdı. Dağların başı qarla örtülmüşdü. Nə heyvan, nə ağaclıq vardı. Azuqə isə bitirdi. Peçenyelər və şirniyyatların qırıntısı ilə nə qədər qidalamaq olardı? Aclıq, soyuq, yorğunluq və ən əsası, ümidsizlik daha 10 nəfərin həyatına son qoydu.

Sağ qalanlar seçim qarşısında idi. Ölənlərin meyitlərinı təyyarədən azca aralıda bir yerə yığmışdılar. Gənclərdən biri meyitlərin ətiylə qidalanmağı təklif etdi. Əvvəl bu, etiraz doğurdu. Hətta bəzilərinin ürəyi bulandı. Təklif verən gəncə yumruq vuran da tapıldı. Axı insan ölmüş dostunun meyitini necə yeyə bilər?

Xilas

Günlər keçirdi. Başqa çıxış yolu yox idi. Daha bir neçə nəfər keçinmişdi. Sağ qalanlar meyitləri doğrayıb yeməyə başladılar. Gözlərini bir-birilərindən gizlədərək öz dostlarının ətini çeynədilər. Sağ qalmaq üçün başqa çıxış yox idi. Artıq havalar isinirdi. Kömək gözləmək əbəs idi. Reqbi komandasının kapitanı Robert Konnessa dağları aşıb kömək dalınca getməyə qərar aldı. Parrato və Tenten adlı iki gənc də ona qoşuldu. Qalanları isə kömək gələnədək təyyarənin yanında gözləyəcəkdilər.

Yol ağır idi - keçilməz dağlar, qayalıqlar. Keçidlərin birində Konnessa az qala uçuruma yuvarlanacaqdı. Onu güclə xilas etdilər. Ayağı bərk əzilmişdi. Yoldaşlarının köməyi ilə o, yoluna davam etdi. Ümidsizliyə düçar olduqları anda dağda gənc çobana rast gəldilər. Çobanın adı Serjio Katalone idi. O, yaxınlıqdakı El-Durasio kəndindən idi.

Serji hələ uzaqdan yerə yıxılıb qalxan, əldən düşmüş 3 nəfəri sezmişdi. Yaxına gələndə onu dəhşət bürüdü. Üst-başları cırıq, həddən ziyadə arıqlamış, əldən düşmüş gənclərə yemək verib kəndə qaçdı. Tezliklə kömək gəldi.

Xilasedicilər helikopterlə qəza yerinə uçdular. Orada 45 nəfərdən sağ qalmış 14 idmançı-tələbə onları gözləyirdi.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm