Hacı Şahin: “Səninlə döyüşənlərlə döyüşəcəksən”
Bizi izləyin

Digər

Hacı Şahin: “Səninlə döyüşənlərlə döyüşəcəksən”

"Məşhədi Dadaş" məscidinin axundu, ilahiyyatçı Hacı Şahin Həsənlinin Publika.az-a müsahibəsi:

– Bu gün ABŞ-da törədilən 11 sentyabr terror hadisəsindən 13 il ötür. Əsasən, bu hadisədən sonra dünyada “İslam terrorizmi” ifadəsi işlənməyə başladı. Qərbdə İslam dininə terrorçu damğası vurmaq nə dərəcədə ədalətlidir?

– Ümumiyyətlə, “İslam terrorizmi” termini qəbul edilməzdir. Hər hansı ilahi dinin terrorla əlaqəsi ola bilməz. Təbii ki, xristianların və müsəlmanların da içərisində terrorçu ola bilər. Ancaq bunu heç zaman dinin adına bağlamaq olmaz.

Bu gün bəzi radikal dini cərəyanların nümayəndələri bir sıra xarici dövlətlərin əlində bir alətə çevrilib. Bunun da arxasında həmin dövlətlərin siyasi maraqları dayanır.

Misal üçün, bu gün İraq Şam İslam Dövləti (İŞİD) Suriyada və İraqda baş verən proseslərdə fəal iştirak edir. İŞİD-in əsas məqsədi Suriya daxilində vətəndaş qarşıdurması və xaos yaratmaq idi. İŞİD Suriyada öz məqsədinə tam çatmadığı üçün fəaliyyətini İraq ərazisində genişləndirməyə başladı. Bu gün bütün dünya İŞİD-in törətdiyi vəhşiliyi görür. İnsanın başının kəsilməsi, öldürülmüş insanın cəsədinə hörmətsizliyin edilməsi və digər bu kimi hərəkətlər nəinki İslamda, hətta heç bir dində müsbət qarşılanmır. İslam dinində isə bu cür vəhşiliyə ümumiyyətə yer yoxdur. Bu vəhşiliyi törədənlər İslam dini pərdəsi arxasında gizlənmiş dağıdıcı və radikal dini cərəyanlardır. Bu cərəyanlar hara ayaq qoyursa, orada dağıdıcılıq baş verir, insanların günahsız yerə qanı axıdılır və sairə. Hətta bu gün iş o yerə çatıb ki, İŞİD qüvvələri yolda insanları saxlayıb onun əqidəsini soruşur, onların zövqünə uyğun gəlməyən adamlara qarşı isə zorakılıq və ağlasığmaz qəddarlıq edilir. Yəni bu cərəyanların mahiyyətində radikallıq və dağıdıcılıq dayanır. Bu cərəyanlar özləri kimi düşünməyən adamları düşmən elan edirlər. Ancaq İslam dini bunun tam əksini deyir. Dinimiz insanları sağlam məntiq və gözəl nəsihətlə İslama dəvət etməyi tövsiyə edir. İslam dinində zorakılıq yoxdur. İslamda cihad haqqında ayələr isə əsasən müdafiə xarakterlidir. Yəni İslamda “səninlə döyüşənlərlə döyüşəcəksən” məntiqi irəli sürülür.

İŞİD və bu kimi digər cərəyanlar qarşılarına siyasi məqsədlər qoyublar.

– Sizcə, bu cür radikal qüvvələrin arxasında dayanan kimlərdir?

– Bu cərəyanların arxasında bir sıra Ərəb dövlətlərində müəyyən siyasi dairələr dayanır. Xüsusi olaraq da həmin dairələr Suriyada hakimiyyətin devrilməsinə yaxından dəstək veriblər.

Bundan əlavə, bu cərəyanların yaranmasında bir sıra Qərb dövlətlərinin də böyük rolu olduğu deyilir. Əsas məqsəd isə müsəlmanlar arasında dini mənsubiyyət ayrı-seçkiliyi salmaqdır. Qərb tərəfindən Suriya müxalifətinə dəstək açıq-aşkar verilirsə, bu qüvvələrə isə dəstək gizli şəkildə həyata keçirilir.

Bu sözləri Taliban haqqında da demək olar. Çünki heç kəsə sirr deyil ki, Taliban “soyuq müharibə” dövründə Qərb tərəfindən Sovet İttifaqına qarşı yaradılmış dini cərəyan olub. Lakin sonradan Taliban nəzarətdən çıxaraq, fəaliyyəti Qərbin özünə qarşı yönəlib. Bütün bu quruplaşmaların arxasında isə çox ciddi maliyyə mənbələri dayanır. Yəni, böyük maliyyə vəsaiti olmadan bu qədər silah-sursatı və qüvvəni saxlamaq mümkünsüzdür. Ona görə də bir sıra Qərb və Ərəb dövlətlərinin bu qüvvələri yaxından dəstəkləməsi haqqında ciddi məlumatlar var.

– Bu qüvvələrin tərkibində azərbaycanlıların da döyüşməsi faktları mövcuddur. Həmin şəxslərin gələcəkdə Azərbaycanda hər hansı təhlükə törətməsi ehtimalı nə qədər mümkündür?

– Bəli, belə qüvvələrin tərkibində azərbaycanlıların döyüşməsi faktları var və bu faktlar hüquq-mühafizə orqanları tərəfindən də təsdiq edilib. Amma bu radikal cərəyanlar indiyədək Azərbaycanda hər hansı ciddi fəaliyyətlə məşğul ola bilməyib. Çünki Azərbaycanda onların fəaliyyət dairəsi çox məhduddur. Ümumiyyətlə, Azərbaycanda radikal cərəyanların sosial bazası yoxdur. Bu cür radikal qüvvələr Azərbaycanda çox məhdud sayda gəncləri öz tərəfinə çəkə biliblər və “müqəddəs savaş” adı ilə Suriyaya və İraqa döyüşməyə yollayıblar.

Hesab edirəm ki, Azərbaycanın müvafiq dövlət orqanları və dini icmalar, bütövlükdə cəmiyyət bu məsələ ilə bağlı ciddi mövqe ortaya qoymalıdır. Bu cür adamlarla həm qanun müstəvisində iş aparılmalı, həm də dini maarifləndirmənin səviyyəsi artırılmalıdır. Çünki bəzən insanlar məlumatsızlıqdan və təsadüfən bu cərəyanlara gedib qoşulur. Ona görə də gənclər arasında dini maarifləndirmə işləri gücləndirilməlidir. Bu zaman gənclərin radikal dini cərəyanlara qoşulması da azalar. Bu baxımdan din xadimlərinin də üzərinə böyük məsuliyyət düşür.

Azərbaycanda gənclər arasında dinə maraq gün-gündən artır. Bu marağı biz təmin edə bilməyəndə isə gənclərimiz radikal və zərərli dini cərəyanların təsiri altına düşürlər. Ona görə də müasir dövrün tələblərinə uyğun olaraq gənclərimizə dini geniş formada çatdırmaq və təbliğ etmək lazımdır.

– Bu gün İŞİD və digər radikal dini cərəyanlardan bizə qarşı hər hansı təhdidlər varmı?

– Ümumiyyətlə, mən bu təhdidləri çox real hesab etmirəm. Çünki Azərbaycanda bu qruplaşmaların imkanları həddindən çox şişirdilir. İndi radikal dini cərəyanlardan Azərbaycana qarşı elə ciddi təhlükə yoxdur. Çünki Azərbaycanda əsrlər boyu formalaşmış dini tolerantlıq ənənələri mövcuddur. Azərbaycanda din və dövlət siyasəti ayrıdır. Azərbaycanlıların dini dünya görüşündə də tarixən radikallığa yer olmayıb. İndiyədək də Azərbaycanda dini zəmində hər hansı qarşıdurmanın şahidi olmamışıq. Yəni, radikallıq Azərbaycana tamamilə yad olan düşüncə tərzidir. Ona görə də mən radikal dini cərəyanların Azərbaycanda fəaliyyətini genişləndirəcəyini düşünmürəm.

Hər halda, qabaqlayıcı tədbirlər də hər zaman görülməlidir. Çünki heç bir cəmiyyət baş verə biləcək bu cür hadisələrdən tam sığortalanmayıb. Hüquq-mühafizə orqanları, dini icmalar və aidiyyəti dövlət qurumları tərəfindən qabaqlayıcı tədbirlər görülməlidir. Əsas tədbirlərdən biri də insanların dini maarifləndirilməsidir. Televiziya kanallarında dini verilişlərin sayı artırılmalıdır. Çünki din sahəsində hər hansı boşluq yaranarsa, kənar qüvvələr buranı doldura bilər.

Ancaq yenə də deyirəm ki, radikal dini qüvvələr indiyədək Azərbaycanda hər hansı dağıdıcı fəaliyyətlə məşğul ola bilməyib. Bildiyiniz kimi, bu qüvvələr bir neçə dəfə terror aktları törətməyə cəhd etsə də, onların qarşısı vaxtında alınıb. Ümid edirəm ki, gələcəkdə də bu cür tədbirlər vaxtında görüləcək.

– Azərbaycana qarşı işğalçı siyasət aparan Ermənistana qarşı cihad edilməsi nə qədər İslam qanunlarına uyğundur?

– İslamda cihad haqqında ayələr var və bu, əsasən təcavüzkara qarşı nəzərdə tutulur. Yəni müqəddəs Qurani-Kərim kitabında olan ayədə deyilir ki, sizinlə vuruşanlara qarşı vuruşun. Yəni, müsəlman olan xalqın hər hansı birinin torpaqları təcavüzə məruz qalırsa, o torpaqları qorumaq onun həm vətəndaşlıq, həm də dini vəzifəsi hesab olunur. Ona görə də əsl müqəddəs cihad öz torpaqlarının qorunması uğrunda aparılan savaşdır.

Bu gün Azərbaycan da müharibə şəraitində yaşayan dövlətdir. Əgər hərbi əməliyyatlar başlayarsa, o zaman Azərbaycan xalqı müsəlman əhali olduğu üçün bu müharibəni həm də müqəddəs savaş hesab etməlidir. Bu, İslam dininin prinsipidir. İslam dini heç zaman da kiməsə təcavüz etməyi tövsiyə etmir. İslam dini təcavüzkarın əleyhinədir, amma təcavüzə məruz qalmış bir xalqın öz torpaqlarını qorumasını onun dini vəzifəsi hesab edir. Bu, həm vətəndaşlıq borcumuzdur, həm də Allah qarşısında hər bir müsəlmanın vəzifəsidir.

Ona görə də öz torpaqları işğala məruz qalmış ölkənin gənclərinin gedib başqa bir ölkədə cihad adı ilə döyüşməsinin heç bir məntiqi yoxdur. Bu, siyasi bir oyundan başqa bir şey deyil. Əgər kimsə cihad etmək və cənnətə getmək istəyirsə, o zaman öz torpaqlarının qorunması uğrunda mübarizə aparsın. Bu mübarizədə öldürülən insanlar isə şəhid sayılır.

– Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni sədri Mübariz Qurbanlı oldu. Din xadimləri və dindarlar bu təyinatı necə qarşılayır?

– Mübariz Qurbanlının fəaliyyəti ilə əvvəlcədən tanışıq. O, çox təcrübəli siyasətçi və ziyalıdır. İxtisası da tarixdir və tarix də dinə yaxın sahədir. Biz bu həftə Nəsimi rayonunda keçirilən tədbirdə də bir yerdə iştirak etdik. Mübariz müəllim də çıxışında bildirdi ki, bizim fəaliyyətimizin əsas hissəsi radikalizmlə mübarizədir və Azərbaycanda radikal fəaliyyətlərin qarşısı qanunun bütün gücü ilə alınacaq. Hesab edirəm ki, bu siyasətin reallaşmasında din xadimləri də Dövlət Komitəsi ilə yaxından əməkdaşlıq etməlidir. Əgər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə dini icmalar birgə əməkdaşlıq edərsə, o zaman radikal dini cərəyanların fəaliyyətinin genişləndirilməsi mümkün olmayacaq. Mən bu məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin imkanlarını yüksək qiymətləndirirəm.

Din xadimlərimiz də Mübariz müəllimin bu sahəyə rəhbər təyinatını müsbət qarşılayır. Çünki Mübariz müəllim kifayət qədər tanınmış ziyalıdır. O, dini və milli-mənəvi dəyərlərimizə bağlı olan insandır. Hesab edirəm ki, onun bu vəzifəyə təyin olunması radikal dini cərəyanlara qarşı bir müddət öncə başlanılmış mübarizənin məntiqi davamı olacaq və yaxşı nəticələri əldə olunacaq.

Mən bir məsələni də xüsusi qeyd edim ki, son dövrlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən yas məclisləri, başdaşları və digər bu məsələlərlə bağlı bir sıra təşəbbüslər irəli sürülür. Bütün bu təşəbbüslər isə Azərbaycanda dini sahədə islahatların aparılmasına, dini dünyagörüşünün dəyişməsinə gətirib çıxara bilər.

–Yaxın zamanlarda dəbdəbəli yas məclisləri və başdaşları ilə bağlı hansı addımlar atıla bilər?

– Bu barədə geniş danışıqlar da olub. Təbii ki, bu adət-ənənələr on illər ərzində formalaşıb. Bu adət-ənənələrin bir çoxunun isə dinlə heç bir əlaqəsi yoxdur. Əslində, yas mərasimlərində ehsan verilməsi məsələsi dini baxımdan bəyənilməyən əməldir. Yəni, hər hansı bir insan öz yaxınını itirirsə, yaxınlar və qonşular onun evinə yemək gətirməlidir və özləri isə orada yemək yeməməlidir. Yəni, yas mərasimlərində ehsan verilməsi bir adət-ənənə halına alıb və bu, tədricən aradan qaldırılmalıdır. Doğrudur, bunu hər hansı sərt cəza qanunları ilə bir gündə həll etmək mümkün deyil. Amma bu məsələdə də dövlət qurumları ilə din xadimləri birgə fəaliyyət göstərməlidir.

Bundan əlavə, başdaşları ilə bağlı da qanunvericilik bazası hazırlana bilər. Başdaşlarının qadağan olunması ilə bağlı yaxın vaxtlar qanun layihəsi hazırlanacaq. Bununla bağlı Mübariz Qurbanlı da təkliflə çıxış edib. Hətta yaxın gələcəkdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən bununla bağlı təkliflər Milli Məclisə təqdim edilə bilər. Çünki bu məsələlərin hər biri dinimizə tam ziddir. Yəni qəbirüstü abidələrə böyük pul xərclənməsi israfçılıqdan başqa bir şey deyil. Ona görə də bütün bu məsələlər kompleks şəkildə həll edilməlidir. Bunun üçün də dini təfəkkürümüzdə islahat aparılmalıdır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm