Ölümümdən sonra gördüklərim
Bizi izləyin

Digər

Ölümümdən sonra gördüklərim

Masaların üstü həyatım boyunca görmədiyim, dadmadığım nemətlərə dolu idi. Meyvələr, müxtəlif şirələr, şirniyyat və digər çərəzlər məclisi bəzəyirdi. Qışın oğlan çağında tapılmayan xurma, banan, alma, armud, feyxua, şokoladlar adama gəl-gəl deyirdi. Məclisə toplaşmış insanların səs-küyü bir-birinə qarışmışdı. Kimisi yeməyə girişmişdi, kimisi ağzı dolu halda laqqırtı vururdu. Sanki, toy idi. Bizim həyətdə birinci dəfə idi ki, belə bir məclis qurulmuşdu. Hətta məni heç it yerinə qoymayan insanlar da burda idi. Heç nə olmamış kimi, meyvələrdən içəri ötürür, şirələrdən içirdilər. Adamların bu qədər sərbəst olduğuna bir az sevindim də. Amma birdən hər kəs masadan çəkildi, əllərini göyə qaldıraraq elə ağızları dolu halda dua oxumağa başladılar. Məclisin başında əyləşmiş mollanın “Fatihə”sindən sonra salavat çəkib, yenidən yeməyə girişdilər...


“Fatihə”dən sonra anladım ki, ölmüşəm. Bütün bu insanlar da mənim yasıma toplaşıblar. Hər şeyi yavaş-yavaş xatırlamağa başladım.


Sağlığımda bizim ev bu qədər yemək-içmək görməmişdi. Üç övladımsa boyunlarını bükərək durub baxırdılar. Yazıqlar bilmirdilər atalarının ölümünə ağlasınlar, yoxsa görmədikləri bu qədər nemətə görə sevinsinlər. Ömrü boyu banan görməyən uşaqlar bu meyvəyə ilk dəfə gördükləri meymuna baxırmış kimi baxırdılar. Onların yerinə mənim də ağzım sulandı. Ölü olmasaydım, piştaxtalarda həsrətlə baxdığım bu meyvələrdən mən də dadardım. Heyf ki, ölmüşdüm və sağlığımda olduğu kimi, hər şeyə kənardan baxırdım. Arvadımsa deyirdi ki, yası layiqincə yola verməliyik: “Yoxsa rəhmətliyin ruhu inciyər. Bir də kimdən əskiyik ki? Keçən il qonşumuzun əri öləndə hər şey verirdilər. Bəs, camaat bizə nə deyər”.


Beləcə, yas mərasimi başladı. Əvvəlcə məni yumaq üçün ölüyuyanları çağırdılar - təbii ki, pulu ilə. Danışıqlardan sonra 400 manatla razılaşdılar. Həyatım boyu o qədər çimmişdim, amma heç 400 manatlıq sabun istifadə etməmişdim. İndi isə meyitimi yumaq üçün bu qədər pul verirdilər. Nəşimi yuduqdan sonra cənazə namazı qılındı. Cənazə namazımı qılan molla əlləri havada, pıçıltıyla qardaşıma deyirdi: “İndi yas mərasimini 1000-1200 manatdan aşağı aparan yoxdur. Amma rəhmətliyi tanıdığım üçün 800 manata məclisi yola verərəm, amma daha bundan da aşağı olmaz”.

Qardaşımsa içində boğula-boğula “buna gücüm çatmır” deyəndə molla- “yəni rəhmətliyin, bir az da olsun, xatiri yoxdurmu?”, - deyib söhbəti bağladı. Mollanın ərəbcə oxuduğu dualarda dini sözlərdən başqa nə desən vardı. Sağlığımda ərəbcəni bilməsəm də, öldüyüm üçün başa düşürdüm. İnsanlarsa müti halda əllərini qaldıraraq, mollanın hərəkətlərini təkrarlayırdılar. Beləcə, ölüyuyanlarla mollaya 1200 manat verdikdən sonra cənazəmi yerdən qaldırdılar.

Sənədli və sənədsiz qəbirlər

Gəldiyim son mənzilə də məni pulsuz gətirmədikləri kimi, burada da pulsuz qəbul etmədilər. Ömrüm boyu 20 qəpiklik avtobusdan başqa heç nə ilə yola çıxmasam da, cəsədimi qəbiristanlığa gətirən maşına 100 manat verildi. Məni basdırmaq üçün bir neçə yer təklif etdilər. Hər birinin də üstündə öz qiyməti. Ağacların altında olan boş yer 2000 manat, ona yaxın yer 1500, digər yerlər isə 1000 manata idi. Bundan başqa, 400-500 manata sənədsiz qəbir yerləri də vardı. Belə ki, sənədi olmayan qəbirləri sonradan ləğv etmək daha asan olurdu. Mənim də qəbrimi sonradan dağıtmamaq üçün, ağacın kölgəsində olmasa da, bir az ona yaxın yerdə basdırdılar. Amma bunlar da hamısı deyil. Əvvəlcə qəbrimi qazmaq üçün qəbiristanlığın qəbirqazanlarına 200 manat verdilər. Üstümü torpaqlayandan sonra qaldı baş daşı. Bunun qiyməti isə daşın materialından asılıdı. 600 manatdan başlayan qiymətlər 5 “min”dən yuxarı da qalxırdı. Ən bahalıları da mərmərdən düzəldilənlərdi. Sağlığımda qiymətimi qara qəpiklə ölçsələr də, ölümə “5 min” qiymət verdilər. İnsafən, qiymətim özü belə baha olmazdı, amma el-oba, dost-düşmən var axı. Qəbiristanlıqda haqq-hesabı çürütdükdən sonra məclis qurulan evə qayıtdılar.

Yas dəftəri və xərclər


Məni basdırdıqdan sonra ilk iş evin bir küncündəki toz basmış, saralmış dəftəri ortaya çıxarmaq oldu. Bu dəftərdə bu günə qədər getdiyim yas mərasimlərində kömək məqsədilə verdiyim pulların siyahısı vardı. İndi də mənim yasım idi. Hər kəs bir zamanlar verdiyi pulu – borcu qaytarmalıydı. Qaytarmayanlara bir söz deməyəcəkdilər, amma bunun sonrası da vardı axı. Ona görə də camaatın dilinə düşməmək üçün məcbur olub aldıqlarını qaytarmalıydılar. Daha sonra qurulan çadırın, masaların, bütün xidmətin haqqını ödəmək üçün yaxın bildiyimiz insanlardan borc aldılar, 1000 manat düzəldi. Mənim üçün qurulan çadır ən müasir, camaat arasında dəbdə olanlardan idi. Yoxsa adamlar deyərdilər ki, sağlığında da bir şey olmayıb, ölüsünə də ona görə hörmət qoyan yoxdu. Mənim və doğmalarımın barəsində heş kəs pis heç nə düşünməsin deyə qohum-əqraba xeyli borca düşdü. Təbii ki, yası yola vermək üçün 7 gün gecə-gündüz, bundan sonra isə hər cümə axşamı və “qırx” mərasimində məclis qurulmalıydı. Hər günün də öz tələbi...

Məclis üçün ayrıca xidmətçilər tutuldu, hər birinin də gününə 30 manat danışdılar. Vallah, mənə bu qədər qiymət verildiyini bilsəm, heç ölməzdim də...

Ölümümün 3-cü günü: Məclisə bozbaş gəlir

Bu gün ən vacib günlərdən idi. Məclisin ən qızğın vaxtında ehsan verildiyi üçün məni yad etməyə gələnlər də çoxalmışdı. Boz papaqlı bu adamları bura gətirən məndən çox, bu gün veriləcək bozbaşın ətri idi. Məclisdə Quran oxuyan mollanın bozbaş həsrəti isə bitmək bilmirdi. Tez-tez oxuduğu Quranı yarımçıq kəsib, qardaşımı çağırıb deyirdi ki, veriləcək ehsanın bol olmalıdır, yoxsa bundan rəhmətliyə - yəni mənə - heç bir xeyir olmayacaq. Bozbaşla yanaşı, plov da verdilər. Xeyirlə şəri birləşdirən bu iki yemək aləmi qarışdırdı, məclisdəkilər də unutdular ki, yasa gəliblər, ya toya. Bir də nə fərqi axı, onsuz da ölü dirilən deyildi ki...

Molla isə yeməklərdən yeyir, aradabir dünyanın fani olduğundan danışırdı. Deyəsən, onun söhbəti hər kəsin xoşuna gəlmişdi.

Doğrudan da, yas mərasimlərində 3-cü gün vacib günlərdən sayılır. İnsanlar arasında yayılmış inanca görə, ölən şəxsin ruhu məhz bu gün göylərə gedir. Bu gün nə qədər çox ehsan verilsə, göylərə getməzdən əvvəl ölüyə bir o qədər çox rəhmət düşür.

Bir kasa bozbaşa bir rəhmət. Yas mərasimimdə iki cür yemək verdilər ki, başqasına bir rəhmət düşəndə mənə ikisi çatsın. Bu gün mənə yeməklərin hesabına ikiqat rəhmət oxudular....


Ölülərin bir manata anılması

Qadınların məclisi ayrı olur axı. Ömür boyu görmədiyim günə düşmüşdüm, buna görə də qadın məclisini xüsusi maraqla gözdən keçirirdim. Eşitmişdim ki, belə məclisdə qiyməti bir manata ölülərə “Yasin” oxunur. Həm ucuz, həm keyfiyyətli. Manatlarsa mollaya çatır, nə olsun ki, məclisi apardığına görə haqqını artıqlaması ilə alıb. Bir manatdan artıq pul verənin ölüsü daha çox yad edilir. Hamı heç olmasa, bir manat verir, kənardakılar baxır axı. Beləcə, manatların hesabına məni də yad etdilər. Daha doğrusu, mənim yasım qadınlara dünyadan köçmüş əzizlərini yad etmək üçün fürsət oldu. Ölüləri başqa vaxt kimin yadına düşür ki? Ona görə də bu fürsəti heç kim qaçırtmaq istəmirdi. Manatlar mollanın üstünə yağış kimi yağırdı. Mərsiyə deyib ağlayan molla isə arada fürsətdən istifadə edib, süfrədəki təamlardan ötürür, məni əzizi ölmüş kimi ağlayırdı. Nahar vaxtı isə ölülərin yad edilməsi üçün qəbul edilən sifarişlərin arası kəsildi, hər kəs verilən ehsandan yeyib, mənə rəhmət dilədi...


Öldüyümün yeddinci günü

“Üçüm” yola verdikdən sonra yasa gələnlərin və deməli, məni yad edənlərin də sayı azaldı. Məclisin ən qızğın çağlarından olan “7”-yə isə hələ daha 3 gün vardı. Bu üç gündə, heç olmasa, qulağımın dincələcəyinə, bir az rahat yata biləcəyimə görə sevinirdim.


Mərasimin 4-5-6-cı günləri yalnız çay süfrəsi verilirdi. Bozbaş olmasa da, süfrədə hər şey var idi. Amma yasımı təşkil edən qardaşım camaat arasında gedən söhbətlərə görə əsəbləşmişdi. Bir az da məyus olmuşdu. Onun öz-özünə danışmağından belə başa düşdüm ki, gələnlər məclisdən razı qalmayıb – camaat yeməyin azlığından, bəziləri isə ac getdiklərindən şikayətlənib. Yazıq uşaq yaxınlıqdakı ağacın gövdəsinə söykənib sakitcə deyinirdi: “Bunlara yaxşılıq yoxdur. O qədər yemək verdik, yenə də narazıdırlar. Elə bil bura yas yox, toydur”.

Qardaşım camaatı razı salmaq üçün mərasimin yeddinci gününü daha yaxşı keçirtmək qərarına gəldi. Bunun üçün hətta bankdan kredit də götürdü. Necə olsa, ölü yiyəsidir, eləməliydi.

Nəhayət, yeddinci gün adamlar mənim yas mərasimimə axışdı. Adam əlindən tərpənmək olmurdu. Bu dəfə menyuya üçüncü yemək də əlavə olunmuşdu. Üç növ isti xörək yeyən əhli-məclis ruhuma üç dəfə rəhmət dedi. Yeməklərdən razı qalan molla da Quranı ürəklə oxuyurdu. Beləcə, sonuncu gün də bitdi. Çadırlar söküldü, masalar götürüldü. Lələ köçdü, yurdu qaldı.

Mən də köçmüşdüm həyatdan, amma peşman idim. Bu hələ hər şeyin sonu deyildi. Qarşıda hələ görəcək günlərim vardı.

Cümə axşamları və qırx


Günlər keçdikcə mən də torpağın altında çürüyürdüm. Mənim çürüməyimə təkcə torpaq deyil, başsız qalan ailəmin mənə görə kifayət qədər borca düşməyi də səbəb olurdu. Ən çox dərddən çürüyürdüm. Hələ qarşıda cümə axşamlarının, “qırxın” qaldığını düşünəndə çürümüş tüklərim biz-biz olurdu. Ölümümün qırxıncı gününə kimi hər cümə axşamı yaxınlar, dostlar evimizə toplaşıb yedilər-içdilər, bir az da ağlaşıb getdilər. Hər cümə axşamını keçirtmək üçün kimdənsə borc aldılar, kiməsə ağız açdılar. Qırxıncı gün tamam olanda isə daha borc alası adam qalmadı, evdə olan-qalanı satıb bu günü də yola verdilər. Bir qarın yemək üçün rəhmət oxuyanlar gəldilər, yedilər, laqqırtı vurub getdilər. Nəhayət, yas mərasimi qurtardı. Daha heç kim qapımızı açmadı.


Mollanın ölüm siyahısı


Mənim yasımı 800 manata yola verən mollanın özü sağlığımda deyirdi ki, bir şəxsin yaxını həyatdan köçürsə, müsəlman olan kəslər ona kömək etməlidir. Əgər həmin insanın imkanı yoxdursa, ehsan vermək, yaxud digər işlər vacib deyil: “Quranda Allah buyurur ki, ölülərinizə matəm saxlayarkən təmtərağa yol verməyin”.

Həmin molla Əraf surəsi, 52 və 53-cü ayədən misal gətirərək deyirdi ki, doğrudan da, “Rəbbimizin peyğəmbərləri haqla (doğru xəbərlərlə) gəlmişdilər. İndi bizdən ötrü şəfaət edəcək bir kimsə varmı? Yaxud geri (dünyaya) qaytarıla bilərikmi ki, etdiyimizi əməlləri edək? Onlar özlərinə ziyan etdilər. Uydurduqları (pir etdikləri bütlər də) onlardan uzaqlaşıb qeyb oldu”.


Qorxulu səslə misal çəkdiyi bu surəni onun niyə sitat gətirdiyi yadımda deyil. Amma dünya malının dünyada qalacağından danışan bu molla mənim yasımda elə dünya malına susamışdı ki...

Yadıma bir şey də düşdü. Bu mollanın hər kəsdən gizlətdiyi bir dəftəri vardı. Hər yas mərasimində bu dəftəri gizlicə açıb, nəsə qeyd edirdi. Mənim yas mərasimimdə də dəftərini gizlincə açıb, nəsə yazmaq istəyirdi ki, ölü olduğumdan orada nə yazıldığı gözümdən yayınmadı. Hamıdan gizlin olan sirli dəftərdə bu günə qədər həyatdan köçmüş tanıdığım insanlar və ölməyə hazır olanların adları yazılmışdı. Diqqətlə baxanda tanıdığım yaşlılar və ağır xəstələrin adlarını gördüm. Ölməyə “hazırladığı” bu adamlarının hər birinin qarşısında mollanın ərəb hərfləri ilə yazdığı sözlərdən belə başa düşdüm ki, hər yas mərasimində qazandığı puldan alacağı şeyləri də qeyd edir. Misal üçün, qonşumuzda xəstə olan Məmməd kişinin adının qarşısında - “Plazma ekran televizor”, narkotikə qurşanmış qardaşım oğlunun qarşısında - “soyuducu”yazılmışdı. Bir sözlə, ölümünə artıq “fərman verilmiş” insanların hər birinə bir şey düşürdü. Mollanın yazdığına görə, maşın almaq üçün bir neçə adamın bir-birinin ardınca ölməsi lazımmış. Bu siyahıda mənim də adım var idi...



Oxumağa davam et
Reklam
Reklam

Gündəm