Birləşmək zamanıdır
Bizi izləyin

Digər

Birləşmək zamanıdır

Birləşmək zamanıdır

"Xəzər Lənkəran" - "Neftçi" oyununda həbs olunan azarkeşlərin məhkəməsi hələ də davam edir.

Bu barədə mətbuatda müəyyən qədər yazılar gedib, idman ictimaiyyəti məsələylə bağlı münasibətlərini bildiriblər, ancaq çox təəssüflər olsun ki prosses hələ də yekunlaşmayıb. Yekunlaşmaq deyəndə ki, Azərbaycan futbolunu sevən, azarkeşlərin futbolda nə qədər böyük qüvvə olduğunu dərk eləyən hər kəs həbs olunmuş beş nəfər haqqında məhkəmənin ədalətli qərar verməsini və komandaları naminə hətta həbsi də gözə alan fanatların azadlığa buraxılmasını istəyir.

Təbii ki, hadisələrin belə axarında klubların da ortaya mövqe qoyması və öz azarkeşlərinə dəstək çıxmaları lazım idi. Ancaq təəssüf ki, nə "Neftçi" tərəfdən, nə də "Xəzər Lənkəran" cəbhəsindən bu barədə real addımlar atılmırdı. Doğrudur, ara-sıra klublardan bəzi açıqlamalar verirdilər, ancaq bunlar rəsmi klub mövqeyi hesab oluna bilməzdi. Ancaq deyəsən gec də olsa tərəflər artıq öz məsuliyyətlərini dərk eləməyə başlayıblar.

"Xəzər Lənkəran" Futbol Klubu rəsmi olaraq məhkəməyə məktub ünvanlayıb və bildirib ki, həbs olunan azarkeşlərlə bağlı bir iddiaları yoxdur. Əlbəttə, bir xeyli gecikmiş addım olsa da, hər halda, cənubluların bu müraciəti təqdirəlayiq haldır və alqışlanmalıdır. Çünki hazırda vəziyyət o qədər dolaşıq və qəliz bir durumdadır ki, ancaq klubların bu işə müdaxiləsi ilə vəziyyəti aydınlaşdırmaq və ədalətli qərarın verilməsi üçün məhkəməyə yardımçı olmaq olar.

Mətbuatda lənkəranlıların məktubunu oxuyarkən görəsən bu gecikmiş qərarın niyə məhz bu ərəfədə verildiyini düşünürdüm. Ancaq həftəsonunda Lənkəranda əzəli rəqiblərin yenidən görüşəcəyini xatırladığım anda artıq hər şey aydın olmağa başladı.

Xatırlayırsınızsa bir neçə gün əvvəl cənub klubunun fanat qrupları oyunları boykot edə biləcəkləri haqqında açıqlamalar vermişdilər. Görünür "Böyük oyun" ərəfəsində mümkün boykotun qarşısını almaq və azarkeşlərin gözündə itməkdə olan nüfuzunu yenidən bərpa eləmək istəyən klub rəhbərliyi belə bir addım ataraq həm həbsdə olan azarkeşlərinə dəstək olmaq, həm də digər azarkeşlərinə xoş görünmək istəyiblər.

Mən iddia eləmirəm ki, məhkəməyə ünvanlanan bu müraciətin bu ərəfədə olmasını səbəbi məhz budur. Ancaq hərhalda bu da ağılabatan versiyadır. Və səbəb bu olsa belə çox xoşdur ki, klub azarkeşlərinə dəyər verir, onalrın qərarları ilə hesablaşmağı bacarır.

İndi isə növbə "Neftçi"nin və hadisələrin öz cığırından çıxaraq bu hala gəlməsində birbaşa məsuliyyəti olan AFFA rəhbərliyinin, konkret Elxan Məmmədovundur. Əgər Elxan Məmmədov da hadisələrə sadəcə bir fanat qarşıdurması və azarkeş çılğınlığı kimi baxsa və əvvəldən iddia elədiyi kimi "təxribat" fikrindən əl çəksə və ifadəsini bu yöndə dəyişdirsə, bu, prossesin azarkeşlərin xeyrinə həll olunması üçün böyük bir addım olar. Bununla həm də AFFA rəhbərliyi azarkeşlər yanında etimad qazana bilər.

"Böyük oyun"da isə hər iki klubun azarkeşlərinə böyük yük düşəcək. Əgər "ağ-qaralı" azarkeşlər Lənkərandakı oyuna buraxılsalar cənublu fanatlarla bir yerdə dostluq görüntüsü yaratmalıdırlar. Bununla həm məhkəməyə, həm hər iki klubun rəhbərliyinə, həm də AFFA rəhbərliyinə gözəl və anlamlı mesaj göndərmiş olarlar.

Haydı, dostlar! Həbsdə olan hər iki klubun azarkeşləri adına, öz dostlarınız naminə düşmənçiliyi bir kənara qoyun və bir amal uğrunda birləşin!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm