Şərqin Bermud Üçbucağı - Poyan gölü
Bizi izləyin

Digər

Şərqin Bermud Üçbucağı - Poyan gölü

Çin Xalq Respublikasında yerləşən Poyan gölü ətrafında əfsanələr gəzir. Çyansi vilayətindəki göl Laoi məbədinin ətrafındadır. Ona görə yerlilər gölü çox vaxt Laoi Məbədinin Suyu adlandırırlar.

Amma gölün qəribə xüsusiyyətləri var. Gölün sularına qərq olub ölənlərin sayı-hesabı bilinmir. Kütləvi informasiya vasitələri gölə Şərqin Bermud Üçbucağı adını veriblər. Həqiqətən də, oxşarlıq var.

Gedər-gəlməz

Təsəvvür edin, son 30 il ərzində Poyan gölündə 200 qayıq batıb, 1600 nəfər itkin düşüb. Xilas edilənlərdən 30 nəfəri ruhi xəstəlik tapıb. Batan qayıqlar arasında çox iriləri – su tutumu 2 min ton olanlar da olub. Rəsmi olaraq, 1985-ci ilin təkcə avqustunda 13 qayıq yoxa çıxmışdı.

Çin höküməti axtarışlara böyük qüvvə və texnika cəlb etsə də, nəticə olmayıb. Xilasedicilər bircə qayığı belə tapmayıblar.

Qəfil tufan

Yerli balıqçılar gölə qayıqla çıxmazdan əvvəl məbədə gedir və orada şam yandırırlar. Göldən sağ qayıtmaları üçün bir xeyli dua edirlər. Poyan gölü ətrafında yaşayan əhalinin gəlir yeri yalnız balıqçılıqdır. Odur ki, ölümü gözlərinin qarşısına alıb, çörəkpullarını qazanmağa məcburdurlar.

Onlar deyir ki, gölün ətrafında həmişə mülayim hava olur. Amma saniyələr ərzində hər şey dəyişə bilir. Poyan gölündə anidən baş verən tufanlar məhz qayıqları batırır...

Çjan Syadzini bəxti gətirən adam saymaq olar. 20 ildir balıqçılıqla məşğul olur. O, Poyan gölünün “əfv etdiyi”, hələlik dəymədiyi tək-tük balıqçılardandı. Çjan 2001-ci ildə göldə qəfil tufana düşməsini belə xatırlayır:

“Qış vaxtı idi. Hava soyuq olsa da, göyün üzü tərtəmiz idi. Göldə dalğa yox idi. Ovumuz yaxşı keçmişdi. İşimizi qurtarıb evə qayıdırdıq. 8 qayıq sahilə tərəf yön almışdı. Birdən-birə hava qaraldı, tufan qopdu. Var gücümüzlə sahilə can atırdıq. Amma cəmi 2 qayıq xilas oldu. Qalanları sulara qərq oldu. Tufan cəmi 20 dəqiqə davam etdi. Sonra hər şey sakitləşdi. Sanki, heç bir şey olmamışdı."

İtkin yaponlar və uçmuş su anbarları

İkinci Dünya müharibəsində Çin Yaponiya tərəfindən işğal olundu. 1945-ci il aprelin 16-da Poyan gölü haqqında məlumatı olmayan yüksəkçinli yapon zabitlər katerlə səyahətə çıxdılar. Katerdə zabitlər və yüngül əxlaqlı qadınlar vardı. Kef məclisi 2 saat davam etdi. Heç nə bədbəxtlikdən xəbər vermirdi. Qəfil tufan qalxdı. Kater və içindəkilər suya qərq oldu.

Yaponlar katerdəkilərin meyitlərini tapmaq üçün xüsusi dalğıc dəstəsi göndərdi. Amma bu dəstə də göldə itdi. Onlardan yalnız biri sağ qayıtdı. Yaponlar sağ qalmış dalğıcı dindirmək istədilər. Lakin əbəs yerə. O, dəli olmuşdu. Elə hey sayaqlayırdı.

1977-ci ildə Poyan gölü, yaponlar kimi, Çin hökumətinə də “dağ çəkdi”. Hökumət gölün ətrafında 3 su anbarı inşa etdi. Onlardan biri elə Laoi Məbədinin yaxınlığında idi.

Tikintiyə xeyli vəsait sərf edildi. Açılış mərasimi ilə bağlı bayram tədbirləri, rəsmi çıxışlar oldu. Qəzetlər sosialist ölkəsinin növbəti uğurlarından bəhs edirdi.

Heyhat, açılışdan cəmi 4 gün sonra hər 3 su anbarı səssiz-səmirsiz yoxa çıxdı. Çin hökumətinin xərclədiyi milyonlar Poyan gölünün sularında batdı.

Poyan gölünün ən son qurbanı bu ilin mart ayında 1000 tonluq kater olub. Həmin gün göldə nə külək vardı, nə tufan. Qayıq, sadəcə, içindəkilərlə birgə yoxa çıxdı. Axtarışlar da nəticə vermədi.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm