Xalq artisti: “Qorxurdum ki, rus qızları dalımca kəndə gələr” - VİDEO
Bizi izləyin

Digər

Xalq artisti: “Qorxurdum ki, rus qızları dalımca kəndə gələr” - VİDEO

“Rayonda iki uşaqla ailəsini atıb, Bakıda təzədən arvad alıb”

Bu dəfə xalq artisti, ustad xanəndə Zabit Nəbizadədir uşaqlıq xatirələrini ipə-sapa düzən. Söhbətə həvəslə başladı. Məktəbdə oxumağından, qoyun “oçuruna” getməyindən, zirəng oğlan olmağından, əsgərlikdə rus qızları ilə “fırlanmağından” danışdı. Amma sevgi-məhəbbət məsələsinə çatanda, əlimdəki diktafona işarə edib, söndürməyimi xahiş etdi:

“Hacı adamam, durub sevgi-məhəbbətdən danışmaq mənə yaraşmaz. Gəl bunun üstündən keçək. Kənd adamıyam, el-oba...”.

“Ay Zabit müəllim, olmadı ki, ən maraqlı yerlərini kəsib-doğrasam, kim oxuyacaq bu yazını” - İncəvara, inad etmədi, tezcə yola gəldi. Hə, yadımdan çıxmamış onu da deyim ki, xanəndənin bir dənə də olsun uşaqlıq şəkli yoxdur: “Kimiydi bizim şəklimizi çəkdirən, ailədə on uşaq olmuşuq, bir-birimizin paltarıyla böyümüşük, nə şəkil...”

Qəhrəman ananın xalq artisti olan oğlu

“Həmişə demişəm ki, fəhlə ailəsində dünyaya gəlmişəm. Amma əslində belə olmayıb. Atam ferma müdiri, kalxoz sədri olub, amma kəndçi ailəsi olmuşuq də. On uşaq olmuşuq evdə, anam qəhrəman anadır. Onda qayda-qanuna görə, on uşaq anasına qəhrəman ana deyirdilər. Mən doğulanda böyük əmim məsləhət görüb ki, adımı Zabit qoysunlar. Allah cəmi ölənlərə rəhmət eləsin, babamın Quba rayonunda bir dostu varmış, Zabit adında. Onun xatirinə mənə bu ad verilib. O qədər mehriban olublar ki, adını mənə götürüblər. İndi hərdən fikirləşirəm ki, qabaqlar necə sədaqətli kişilər olubmuş”.

“Qızlar qulağımı burub məni oxudurdular”

“Hələ birinci sinfə getmədiyim vaxtlarda cır səsim vardı. Elə hara gedirdimsə, əlimi qulağımın dalına atıb oxuyurdum. Özü də nə gəldi. Onda da indiki kimi deyildi e, birinci sinfin uşaqları yaşlarından çox-çox böyük görünürdü. Biz onda səkkizinci sinfin uşaqlarına yekə kişi kimi baxardıq. Yadımdadır ki, səkkizinci sinfin qızları məni öz siniflərinə aparıb partanın üstünə çıxardardılar. Radio kimi biri bu qulağımı, o biri digər qulağımı burub oxudardılar. Çox istəyirdilər məni. Belə şirin uşaq olmuşam, özümü istədirdim. Çox zehinli uşaq olmuşam. Heç kitabı üzündən oxuya bilməsəm də, eşitdiklərimi əzbərdən söyləyərdim. Nə gizlədim elə indi də eləyəm, kitab oxuyan deyiləm. Çünki oxuduqlarım yadımda qalmır e.

Hafizəm yaxşı olduğuna görə, dördüncü sinfə qədər əlaçı və “sinifkom” olmuşam. Müəllim nəyi danışırdısa, səhəri gün o danışdıqlarını əzbər özünə qaytarırdım. İndinin özündə də kitabı zəif oxuyuram. Böyük qardaşım yetkinlik yaşına çatana kimi babamgildə qalırdı, elə əsgərliyə də onlardan getdi. Buna görə də evdə mən böyük uşaq sayılırdım. Bir-birimizin paltarlarını geyinərdik. Onda indiki kimi deyildi, hərəyə ayrı-ayrı pal-paltarlar alınmırdı. Kənd uşağı necə olar, biz də elə.

“Anam üstümə qışqırdı ki, qələtini elə, sabah bizim qoyun “oçurumuzdur””

Altıncı sinfidə oxuyurdum. Kəndimizdə də klubda özfəaliyyət dərnəyi vardı, aşıq Mahmud rəhbərlik edirdi o dərnəyə. Bir dəfə dedi ki, bəs rayon mərkəzində tədbirə gedəcəyik, sənin də adını o siyahıya yazdırmışam, sabah hazırlaş bizimlə gedərsən. Axşam evdə anama dedim ki, sabah rayona gedib, orda çıxış edəcəyəm. Anam üstümə qışqırdı ki, qələtini elə, sabah bizim qoyun “oçurumuzdur”. Ağlaya-ağlaya gecəni yatıb səhəri örüşə getdim, o konsertə gedə bilmədim.

“Elektrik çaydanımızın “tok”unu götürüb özümə mikrafon düzəldirdim”

Ümumiyyətlə, anamgil həmişə mənə deyirdi ki, səndən oxuyan çıxmaz. 15-16 yaşım olanda, elektrik çaydanımızın “tok”unu götürüb özümə mikrafon düzəldib oxuyurdum. Anam qışqırırdı ki, baş-beynimizi aparma, get o yanda çığır, səndən oxuyan olar? Pis olurdum, amma oxumağımdan da əl çəkmirdim. Mən də anama dedim ki, ana, gör məndən necə oxuyan olacaq. Kənd adamıydıq deyə, anamgil istəyirdi ki, elə evin işini-gücünü görək, mal-qaraya baxaq. O fikir yox idi ki, mən gedib Bakıda ali məktəbdə oxuyum, savad alım. Onlar elə bilirdılər biz uşaqlar da qocalana kimi kənddə mal-heyvana baxacağıq. Dolanışıq da axı mal-heyvandan çıxırdı. Bu bəlkə də anamgilə yuxu kimi gəlirdi”.

“Qardaşımın üstündə məni döyüb qarın içinə tulladı”

“Atam çox sərt adam idi. Yox, bizimlə kobud davranmazdı, çox istəyərdi balalarını. Amma iki dəfə məni möhkəm döyüb, bu mənim yadımdan heç vaxt çıxmayıb. Yəni elədiyi dərs olub mənə. Bir dəfə məktəbə getmədiyim vaxtlarda əmimlə atam sobanın kənarında oturub qardaşıma dərs öyrədirdilər. Mən də qardaşımın yanında oturub xəlvəti ona kömək etmək istəyirdim. Atam soruşurdu ki, bu nə hərfidir, o da bilmirdi. Mənim zehnim yaxşı idi deyə dərhal yadımda qalırdı. Mən qardaşımı xəlvəti çimdiklədim ki, atamdan gizlin ona hərfi deyim, o başladı ağlamağa. Atam soruşdu ki, noolub, dedi ki, bəs Zabit məni çimdiklədi. Bu da ona yaxşılığım. Qış idi, onda da qış indiki kimi keçmirdi, azı yarım metrə qar yağırdı. Atam məni götürüb o qarın içinə necə tulladısa gözüm qaraldı.

“Mal-qaranı susuz qoydum, əvəzində döyüldüm”

Bir dəfə də başım qarışıb futbola, evə gec gəlmişəm. Kənd uşaqları yığılıb futbol oynayardıq. Bizim vaxtımızda kompüter zad yoxuydu, futbolla başımızı qatardıq. Onda da qapımızda üç-dörd malımız, 20-30 qoyunumuz vardı, onlara bulaqdan suyu həmişə mən daşıyıb gətirirdim. Bulaqla evimizin arasında da beş-altı kilometr məsafə vardı. Mən arabaya “filəq” deyirdilər onu qoyub, budaqdan su daşıyardım. Elə oldu ki, suyu gətirə bilmədim, başım qarışdı futbola. Atam evə gələndə bunu bilib məni döydü. İki dəfədən artıq məni döyməyib atam. Amma bir baxışı vardı ki, döyməkdən betər idi. Anamız bizi həmişə atamın adıyla qorxudardı”.

“Qorxurdum ki, əsgərlikdən sonra rus qızları dalımca kəndə gələr”

“Kənd yerində xobbimiz-zadımız yox idi, elə teldən araba düzəldib, sürərdik. O arabanı elə bəzəyərdik, elə bil gəlin maşınıdır. Nə gizlədim dərsə meylimiz az olardı. Sinifdə 26 uşaq idik. Elə yalandan dərsi yola verərdik. İçimizdə biri oxuyaydı, ya oxumayaydı. Qanmırdıq ki, oxumaq lazımdır, bizə başa salan da yox idi. Yadımdadır ki, bizim yerdə may ayına qədər yerdə qar qalırdı. Elə indi də belə olur. Evimiz də enişaşağı idi. Qışda bizi evdə saxlamaq olmazdı. Donuşluqda dağaşağı sürüşürdüm. Yayda isə o yerdə “sanka” ilə sürüşürdük. Mən o “sanka”ya məftillə tormoz da düzəltmişdim. İstəyəndə “tormoz” verib “sanka”nı saxlayırdım. Bir dəfə “tormoz” tutmadı, dağaşağı yumbalandım. Qolumu-qıçımı qan apardı. Anamgil yığışıb, qanı güclə dayandırdılar. İndi də bədənimdə o hadisədən qalma bir ləkə var. Uşaqlarım hərdən soruşur ki, ata, bu nə ləkədir belə. Deyirəm ki, sizin yaşda olanda dağdan sürüşürdüm, onda yıxılıb zədə almışam. Uşaqlarım tez-tez məndən uşaqlıq xatirələrimi danışmağımı istəyirlər. Mənim uşaq vaxtı əyləncələrim onlara qəribə gəlir. İndiki uşaqların həyatı ilə bizimki arasında yerlə-göy qədər fərq var axı”.

“Azərbaycan qızlarını aldatmırdım, çünki…”

“Əsgərliyi Kalilinqrad şəhərində keçirmişəm. Onu da deyim ki, əsgərlikdə aşpaz olmuşam. İşim-gücüm yemək bişirib, sonra çıxıb küçədə gəzmək olardı. Yaxşı dostlarım vardı. Ətrafımda qəşəng rus qızları çox idi, onlarla çox mehriban davranırdım. İndi bunu yazma e, sənə danışıram. Maraqlı günlərim olub. Amma nəyə istəyirsən and içim, heç vaxt o qızlardan istifadə etməmişəm. İstəyirdim e, amma sözün düzü qorxurdum. Deyirdim birdən cavanlıqdır də, arada nəsə olar, sonra problem yaşayaram. (Çox çək-çevirdən sonra problemin hədən ibarət olduğunu da öyrəndik-C.S) Qorxdum ki, birdən əsgərlikdən sonra rus qızları dalımca kəndə gələr. Kənd camaatı deyər ki, ə, bu da ağsaqqal oğlu, dalınca rus qızları gətirib. Bu ölümdən betər olardı mənə. Elə yaxşı ki, belə olub, yoxsa, görmürsən, Xoşqədəm nə qədər Rusiyadan qadınları gətirib, burda ərini axtarır. Hələ uşaqlarını demirəm. Amma öz Azərbaycan qızlarımızı aldatmamışam, çünki Allahdan qorxumuşam.

“Deyərlər, Hacı adamdır, oturub sevgi-məhəbbətdən danışır”

İlk sevgim birinci sinfidə olub. Amma sən Allah bunu elə yaz, mənə gülməsinlər. Deyərlər, Hacı adamdır, oturub sevgi-məhəbbətdən danışır. Amma nətəhər tilsimləmisənsə, açılmışam e... İndiki kimi yadımdadır, kəndin ayağında dəvə kəsilirdi, mən də ordaydım. Orda qəşəng bir qız gördüm, elə özüm yaşda olardı. Evə gəlib bibimgilə dedim ki, bəs dəvə kəsilən yerdə bir qız gördüm, ondan yaman xoşum gəldi. İndi öz oğlum gəlib deyəndə ki, sinifdə bir qızdan xoşum gəlir, mənə qəribə gəlir. Deyirəm, ə, buna bax e, böyüklərin yanında gör nə danışır. Tez də yadıma özüm düşürəm. Öz-özümə deyirəm ki, Zabit, yadındadır, o vaxt bibingilə sirr verməyin?

“Üz-üzə gəldik və utandığımdan sevdiyimi demədim”

Həmin qızla birinci sinfə bərabər gəlmişdik, amma onu bir ay yaşı çatmadığı üçün məktəbə götürmədilər. Atası yoxuydu o qızın, əmisi idi ağsaqqalı. Bir dəfə mən o qızın əmisini yolda gördüm və ona dedim ki, filankəs dayı, qız dərsə gəlməsin, yaşı düşmür, gələn il gələr. Yekə kişilər kimi özümü böyük-böyük aparırdım. Kişi heç başa düşmədi məqsədimi. Sonradan o qızla üz-üzə gəldik. Məni əsməcə tutdu, həyəcandan ürəyim az qala sinəmdən çıxacaqdı. Nətəhər özümü itirdimsə, utandığımdan sevdiyimi də ona deyə bilmədim. Ümumiyyətlə, utancaq oğlan olmuşam, qızlara ürəyimi aça bilmirdim. Elə sevgimi içimdə boğub öldürürdüm. Həm də onda dövr başqa idi, abır-həya vardı. Elə düşüm qızların dalınca, kəndin içində, kimin qızı gəldi, söz ataq, eşqnamə oxuyaq, belə şey yox idi. Kimin qızına yaxın durmaq olardı. Elə uzaqdan qaş-göz edərdilər oğlanlar qızlara. Kəndin o başına gedib saatlarla gözləyərdilər ki, qız məktəbdən çıxıb ordan keçəcək. Hə, bu oğlan da, uzaqdan ona baxacaq. Yaxınlaşmaq, əlindən tutmaq-zad yoxuydu, adamı öldürərdilər. Sinifdə bilərdilər ki, tutalım, filan qızı filan oğlan sevir. Həyat yoldaşımı da görəndən sonra sevmişəm, elə onunla da evlənmişəm.

Mən ailəmə sadiq bir insanam. Müğənni tanıyıram ki, rayonda iki uşaqla ailəsini atıb, Bakıda təzədən arvad alıb. Allah-təala bəlkə də buna görə məni belə əyləncələrdən uzaq edib. Mən gözüdağınıq kişi olmamışam. Bu sevgi söhbətini çox uzatdım e, deyəsən. Uşaqlıqdır də, bəlkə də bunun marağı da elə belə xatirələrdədir. İnsan yaşa dolduqca uşaqlıq onu çəkir. Kəndi-kəsəyi yadıma saldınız, yaman kövrəldim, gərək sabah kəndə gedim baş çəkim”.

Cəvahir Səlimqızı

Foto: Nuron

Oxumağa davam et
Reklam
Reklam

Gündəm