“Sumqayıt” da milli komandamızdan güclüdür” - FOTOLAR
Bizi izləyin

Digər

“Sumqayıt” da milli komandamızdan güclüdür” - FOTOLAR

Əməkdar artist Baloğlan Əşrəfovla Publika.az üçün etdiyimiz söhbət onun Ağdamda əsgərlər qarşısındakı çıxışından sonra baş tutdu.

Xeyriyyə tədbirlərindən də danışdıq, yazdığı mahnılardan da, ona bənzəmək istəyənlərdən və ən nəhayət, futbol üzrə milli komandamızdan da.

- Baloğlan müəllim, bildiyimə görə, tez-tez belə tədbirlərdə iştirak edirsiniz...

- Bəli, tez-tez cəbhə bölgələrində, əlillər evində, körpələr evində müəyyən aidiyyəti təşkilatların xətti ilə çıxışlarımız olur. Bu, Allaha da xoş gedir. Toylara getməyin, konsert verməyin də öz yeri var, belə tədbirlərdə iştirakın da. Bunu özümüzə borc bilirik.

- Müəllifi olduğunuz “Çıx qatar yoluna” adlı mahnınız son vaxtlar çox populyardır. Demək, bəstəkarlıq istedadınız da varmış...

- Ondan da gözəl mahnılar var. Sadəcə, indi Əli Mirəliyev xahiş elədi və onun xahişini yerinə yetirdim. Biz mahnı qoşuruq da. Böyük sənətkarımız Əlibaba Məmmədovun nə qədər mahnıları var. O da deyir ki, mahnı qoşuram.

- Nə qədər mahnınız var?

-Yazdığım mahnıların əksəriyyətinin sözləri də özümə aid olur. Ümumilikdə əlliyə yaxın bəstəm var.

- “Ay uçan quşlar” da sizin bəstənizdir?

- Yox, o mahnının ilk ifaçısı mənəm.

- Bəzi sənət adamları ifa tərzinizi qınayırlar ki...

- İndi daha qınamırlar. Məni qınayanların savadımın yarısı qədər savadı olsa, heç onlardan incimərəm. Əllərində əsası olmayan və heç nədən başı çıxmayan insanlardır məni qınayanlar. Əgər məni Azərbaycanın korifey musiqiçiləri, muğam ifaçıları bəyənibsə, bu, hər şeyi deyir. Azərbaycanda elə bir korifey bəstəkar olmayıb ki, onun mahnısını oxumayım.

- Özünüzü estrada janrında sınamağınız mümkündür?

- Yox, mənim öz yolum var. Hərdən zarafata salıb deyirlər ki, bu, Baloğlan yoludur. Mənim yolumu təkrarlamaq mümkün deyil.

- Bənzəmək istəyənlər var?

- Cəhdlər var, amma o deyil.

- Məsələn, İsrail Məmmədovun ifası sizə oxşayır?

- Yox. Özünü tərifləyən müğənnilərdən zəndeyi-zəhləm gedir. Allah hərəyə bir şey bəxş edib. Mənə də verdiyi budur. Mən sözə çox böyük maraq göstərən müğənniyəm. Mahnılarımın çoxu sözdən yaranır, sözdən bəhrələnir.

(Söhbətin bu yerində Baloğlan Əşrəfovun telefonuna zəng gəlir. Əməkdar artist sözarası həmin gün oynanılan “Neftçi”-“Xəzər Lənkəran” oyununun nəticəsiylə maraqlanır)

- Siz həm də futbol azarkeşisiniz. Nə vaxtdan azarkeşlik edirsiniz?

- Lap cavan vaxtlarımdan. Onda təkcə “Neftçi”miz var idi. Bu gün “Qarabağ” Avroliqada çıxış edir. Bu komandaya böyük məhəbbətlə baxıram və “Sent-Etyen”lə Bakıdakı oyununa da gedəcəyəm.

- Azarkeşi olduğunuz “Xəzər Lənkəran” son üç-dörd ildə uğursuz çıxış edir. Halbuki maliyyə eyni, rəhbərlik eyni, stadion da eynidir...

- Gəl “Xəzər Lənkəran”dan əvvəl Azərbaycan futbolundan danışaq, əgər cürətin çatacaqsa...

- Buyurun, danışaq.

- Çox vaxt Foqtsu qınayırlar ki, belə elədi, elə elədi. Qvardiolanı, Joze Mourinyonu da gətirsələr, həmin şey olacaq.

- Səbəb nədir?

- Səbəb odur ki, bizim futbolçular fiziki durumlarından tutmuş sürətə, texnikayadək heç bir cəhətdən müasir dünya futboluyla ayaqlaşa bilmirlər. Bunun üçün zəmin yoxdur. Uşaq futbolu yox vəziyyətindədir. Futbolun sürətini qaldırmaq üçün bunlar vacib faktorlardır. Bəlkə də, bu sözüm kiminsə xoşuna gəlməyəcək. Azərbaycan klublarının ən aşağıda gedənindən də zəifdir milli komandamız.

- Adətən, sonuncu yerdə “Sumqayıt gedirdi...

- Ondan da zəif oynayır milli komanda.

- Səbəb?

- Orada yenə ordan-burdan gələn oyunçular oynayır.

- Bəlkə, Qurban Qurbanov gətirilsin?

- Xeyri yoxdur, qardaş. Qurban da öz oyunçularını başqa yerdən gətirib. Gözəl oyunçular gətirib və onlarla sxemi, taktikanı qura bilir. Yazıq Foqts neynəsin? Foqts deyir ki, bunlardan idmançı düzəltməliyəm? O deyir ki, siz mənə hazır material verin, mən sistem qurum.

- Millinin sistemi də yoxdur axı.

- Əlbəttə. 15 dəqiqə oynayandan sonra “motor”ları çəkmir. Bütün dünya futbolu isə inkişaf edir, sürətlə yaşayır.

- Son olaraq soruşum ki, dünyada hansı derbiləri izləyirsiniz?

- Həmişə “Real-“Barselona” oyununu gözləmişəm. Türkiyədə isə “Fənərbağça” və “Qalatasaray”ın oyunu daha maraqlıdır.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm