Rusun soyuğundan qaçan Avropa Azərbaycanın istisinə yığışıb
Bizi izləyin

Digər

Rusun soyuğundan qaçan Avropa Azərbaycanın istisinə yığışıb

Yola saldığımız həftə həm iqtisadi, həm də siyasi baxımdan gərgin oldu. Bütün dünyanın diqqəti 300 ildən sonra müstəqil olmaq istəyən Şotlandiyada keçirilən referenduma yönəldi. Rusiya Avropa Birliyinin sanksiyalarına cavab olaraq Avropa və Amerikadan avtomobil, geyim, taxta məhsullarının idxalına embarqo tətbiq edəcəyini, Avropa Komissiyası isə “Cənub Axını” layihəsindən imtinaya hazırlaşdığını bildirdi.

Başlayaq son ayların favorit mövzusundan – Rusiya Avropanın sanksiya müharibəsindən. Rusiya Avropa Birliyinin sanksiyalarına cavab olaraq qidadan sonra avtomobil və geyimin idxalına qadağa tətbiq olunmasını müzakirə edir. Bu barədə Vladimir Putinin iqtisadi məsələlər üzrə köməkçisi Andrey Belousov bəyan edib. O bildirib ki, Rusiya sanksiyalara cavab olaraq embarqonun ikinci dalğasına Amerika və Avropadan geyim, avtomobil, ağac məhsulları idxalını daxil edə bilər: “Avtomobillərin idxalını qadağan edə bilərik. Çünki Rusiyanın özündə bütün növlər üzrə avtomobil istehsal edilir. Eləcə də üst geyimlərini, kostyumların qadağası müzakirə mövzusudur. Ağac məhsullarının MDF-nin idxalının embarqo siyahısına daxil ediləcəyi istisna deyil. Bundan əlavə, xarici maliyyə xidmətləri qadağan oluna bilər. İnanın, Rusiya bankları bunun üçün bizə ancaq “sağ ol” deyəcəklər”.

O da məlum olub ki, embarqoya ayaqqabı idxalı daxil edilməyəcək.

Prezidentin köməkçisi ölkədəki qiymət artımına toxunaraq, sanksiyaların burada rol oynamadığını deyib: “Qiymət artımları ilin birinci yarısını əhatə edir. Embarqo qərarı isə ikinci rübdə verilib. Bazar sabitdir, hələlik, hansısa mənfi təsirlər görmürük. Bütün sahələrdə sanksiyalara qarşı cavabımız var. Bunlar reallaşdırılacaq”.

Belousov Rusiyanın cavab sanksiyasının tam şəkildə nədən ibarət olacağını açıqlaya bilməyəcəyini deyib.

Xatırladaq ki, sentyabrın 12-də Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların ikinci mərhələsini rəsmiləşdirib. Sanksiya paketi Rusiyanın iri dövlət banklarını likvidliklə təmin etməyi qadağan edir. Eləcə də, neft şirkətlərinin xaricdən maliyyə almaq imkanlarını qapadır. Bundan əlavə, Avropa Birliyi Ukraynanın və Rusiyanın 24 yetkilisinin adını qara siyahıya salıb. Bununla da, 119 şəxsin adı birliyin qara dəftərinə düşüb.

Avropa Birliyindən sonra Amerika da yeni sanksiyalarını açıqlayıb. ABŞ-ın yeni sanksiyaları “Siberbank”, ”Banka Moskva”, “Qazprombank”, ”VTB Bank” və digərlərini əhatə edib. Bütün banklar üçün uzunmüddətli verilən kreditlərin müddəti azaldılıb.

Sanksiyalar, embarqolar Rusiyanın pul vahidi rublun evini yixib. Həftənin ortasından başlayan dəyər itkisi həftənin sonuna doğru sürət qazanıb. Artıq, sərbəst bazarda rublun dəyəri 38.93 Amerika dolları səviyyəsindədir.

Rus rublunun tarixindəki ən aşağı səviyyəyədək geriləməsinə səbəb kimi neftin qiymətindəki azalma, Ukrayna böhranıyla əlaqədar tətbiq olunan iqtisadi sanksiyalar, eləcə də inkişaf edən bazarlarda artan kövrəklik göstərilir. Rusiya Mərkəz Bankının ölçü kimi dollar təhvil satışı etməsi gözlənilir.

Girişdə qeyd etdiyimiz kimi, həftənin ən önəmli hadisəsi Şotlandiyanın müstəqillik referendumu oldu. Dünyanın başbilən analitiklərinin hərəsi bir proqnoz verdi. Kimisi müstəqilliyin Şotlandiyaya, kimisi Böyük Britaniyaya düşərli olmayacağını bildirdi. Xüsusilə Şimal Dənizindəki neft yataqlarının necə bölüşdürüləcəyi, Şotlandiyanın milli valyutasının nə olacağı, Böyük Britaniyanın hərbi bazasının ölkənin ərazisində qalıb-qalmayacağı mübahisəli mövzular kimi səsləndirildi. Lakin Şotlandiya referendum qutularından “müstəqil çıxması” ilə bu mübahisələrə son qoyuldu. Bir həftədir, müstəqillik xəbərlərindən dalğalanan birjalar da rahatladı. Hətta birjalarda kiçik diametrli ralli yaşandı. Sterlinq, əhəmiyyətli pul vahidləri qarşısında dəyər qazandı. Avro qarşısında son iki ilin ən yüksək səviyyəsinə çatdı.

Bazar mütəxəssislərinin rəyinə görə, Avropada iqtisadiyyatı artıq gerçək gündəminə qayıdacaq: “İqtisadiyyat öz təməlləri üzərində şəkillənməyə yenidən başlayacaq. Bu vəziyyətdə “Bank of England”ın 2015-ci ildən faiz artımına getməyəcəyini də söyləyə bilərik".

Onu da qeyd edək ki, təkcə valyuta bazarları deyil, digər bazarlar da Şotlandiyadakı qutulardan çıxan nəticələrdən təsirlənib. İngiltərədə FTSE 100 İndeksi, 1 faizə yaxın yüksəliş nümayiş etdirib. Stoxx Europe 600 İndeksi 0.5 faiz səviyyəsində yüksəlib. Standard&Poor's 500 də bənzəri şəkildə 0.3 faizlik artım göstərib.

İstanbul birjasında isə əksinə, milli 100 indeksi dəyərdən düşdü. Bank sektoru başda olmaqla 0.73 faizlik itki yaşandı.

Bütün bunlara baxmayaraq, OECD Avro Bölgəsinin iqtisadi artım təxminlərini aşağı istiqamətli revize edərək bazarlarda pul darlığı riskinə qarşı hökumətlərin ciddi tədbirlər görməsinin vacibliyini vurğulayıb.

OECD bu il üçün Avro Bölgəsinin 0,8; gələn il isə 1,1 faiz nisbətində böyüyəcəyini bildirib. Yeri gəlmişkən, təşkilat may ayında Avro Bölgəsi iqtisadiyyatı üçün il üzrə 1,2 faiz artım proqnozlaşdırırdı.

Beynəlxalq Valyuta Fondu (IMF) da ağzını nəhs açıb. BVF-nın hazırladığı “Qlobal Görünüş və Siyasət Problemləri” hesabatında bildirilir ki, artan geopolitik risklər qlobal iqtisadiyyata əhəmiyyətli dərəcədə təhdiddir. 21-22 sentyabr tarixlərində Avstraliyanın Cairns şəhərində təşkil ediləcək G20 Maliyyə Nazirləri və Mərkəz Bank rəhbərlərinin toplantısında təqdim olunması planlaşdırılan hesabatda inkişaf edən ölkələrə də tövsiyələr irəli sürülüb.

Qayıdaq Rusiya-Avropa iqtisadi savaşına. Avropa Parlamenti Avropa Birliyi ölkələrinə Rusiya ilə enerji müqavilələrini təxirə salmağı təklif etməyə hazırlaşır. Bura eləcə də “Cənub axını” layihəsi daxildir. Avropa Parlamenti mavi qazla bağlı mübahisəli məsələləri həll etmək üçün Ukrayna, Rusiya və Aİ arasında danışıqların davam etdirilməsini planlaşdırır. Eləcə də, Avropa Birliyi ölkələrini ”Cənub axını” layihəsindən imtina etməyə inandırmaq niyyətindədir. Hətta parlamentin iclasında bu yöndə səsvermə keçiriləcəyi irəli sürülür. AB iddia edir ki, “Qazprom” Avropaya qaz təchizatını artıra və ya istehsalı azalda bilməz. Ümumilikdə, AB Rusiyanın qaz asılılığından qurtulmaq istəyir.

İş dünyası

Çinin e-ticarət nəhəngi “Alibaba” hissələrini New York Birjasında yerləşdirdi və rekorda imza atdı. Hissələrin qiyməti ortalama 93 dollar səviyyəsini keçdi. “Alibaba” ən böyük rəqibləri - “Amazon” və “eBay” kimi adını doğulduğu yerdən alan bir marka deyil. Lakin Çinin ən məşhur şirkətidir. Satışları bu ölkədə virtual alverin 80 faizinə bərabərdir.

Sektor mütəxəssisləri Amerika və Avropaya açıldığında “Alibaba”nın işinin o qədər asan olmayacağı fikirindədilər: "Beynəlxalq seqmentə baxdığınızda hissələrin 20 faizə yaxın çıxış potensialı var”.

15 il əvvəl 60 min dollar sərmayə ilə qurulan şirkət Çinin iqtisadi yüksəlişinin də simvolu olmaq iddiasındadır. Xalqa açılışla bərabər, “Alibaba”nın bazar dəyəri təxminən 168 milyard dollar olub.

“General Motors”un tərkibinə daxil olan “Opel”in Rusiya bazarındakı istehsal və məşğulluq fəaliyyətlərini yenidən təşkil edəcəyini açıqlayıb. Şirkətin rəhbərliyi bu barədə şərhdə, satış və qazanc rəqəmlərindəki geriləmə səbəbindən bu ölkədə istehsalı azaldacaqlarını deyib. İxtisarlar işçilərin də sayına şamil ediləcək. Bütün bu prosesləri həyata keçirmək üçün alman əsilli mütəxəssis tapılıb.

Qeyd edək ki, “Opel”in bu qərarı Amerika Birləşmiş Ştatları və Avropa Birliyinin Ukrayna böhranı səbəbiylə Moskva rəhbərliyinə qarşı elan etdiyi iqtisadi sanksiyaların əhəmiyyətli nəticələrindən biri kimi şərh olunur.

Rusiyanın hava yolları şirkəti “Aeroflot” ekonom klassda uçan sərnişinlətə təklif edilən qidanın tərkibinə dəyişiklik edib. Nəticə, etibarilə menyu azaldılıb. Oktyabrdan başlayaraq ekonom klassda uçan sərnişinlərə yemək az veriləcək. Belə ki, 1-2 saatlıq uçuşlarda çay ləğv edilərək, sendviç əta olunacaq. 2-3 saatlıq uçuşlarda “soyuq yeməyi” isə çay əvəzləyəcək. 12 saatdan artıq uçuşlarda isə nahar arası saatlarda yüngül qəlyanaltılar ləğv ediləcək. Bundan əlavə, oktyabrın 26-dan ekonom klassda 6-7 saatlıq reyslərdə “isti yeməkdən” sonra qəlyanaltılar yığışdırılır. 7-8 saatlıq uçuşlarda isə “soyuq yemək” qəlyanaltı ilə əvəzlənəcək. Hava yolları şirkətindən bildirilir ki, yeni qənaət qərarı sanksiyalarla bağlı şirkətin gəlirlərinin azalmasının nəticəsidir. Menyu dəyişiklikləri nəticəsində şirkətin nə qədər qənaət edəcəyinə gəlincə, bu, hələlik, bəlli deyil: “Biz avropalı rəqib şirkətlərin təcrübəsindən istifadə edərək menyuya dəyişiklik etmişik.

Nəzərə çatdıraq ki, “Aeroflot” 2013-cü ildə 20,9 milyon sərnişindaşıma həyata keçirib. Hava yolları şirkətinin əsas hissədarı dövlətdir. Dövlətin şirkətdə payı 51,17 faiz təşkil edir.

Mobil platformalarda böyümək istəyən “Microsoft” “ Minecraft” oyununun təsisçisi İsveçin “ Mojang” şirkətini 2,5 milyard dollara satın alıb. Satışdan sonra “ Mojang”ın üç qurucusu vəzifələrindən ayrılacaq.

Dünyada ən çox oynanan oyunlardan biri olan “Minecraft” əl dəyişdirdikdən sonra android, ios, xbox və windows kimi bütün əməliyyat sistemləri üzərindən oynana biləcək.

Analitiklər “Microsof”tun windows əməliyyat sistemli telefonlarına marağı artırmaq üçün belə strateji bir alışı həyata keçirdiyini deyirlər: "Əsl çətin iş bundan sonra başlayır. “Microsoft” “Minecraft” ruhunu və nüfuzunu davam etdirə bilib-bilməyəcəyinin şahidi olacağıq. Çünki bu cür satınalmalar “Microsoft” kimi böyük şirkətlərin daxilində əriyib gözdən itə bilər".

Gəldik çatdıq güllük-gülüstanlıq olan ölkəmizə. Statistikaya görə, bu il “Şahdəniz-1” layihəsi üzrə Cənubi-Qafqaz Boru Kəməri ilə Gürcüstana 4 mlrd. kubmetr və Türkiyəyə 29 mlrd. kubmetr qaz ixrac olunub, indiyə qədər dünya bazarlarında Azərbaycanın payına düşən 185 mln. ton “mənfəət nefti” satılıb, 2025-ci ilədək Azərbaycanın ümumi ixrac potensialının 40 mlrd. kubmetr qaz həcminə çatdırılması planlaşdırılır, dünya bazarlarına xam neft ixracı 10 dəfədən çox artırılıb, Azərbaycanda kasko sığortası bazarı 35% azalıb, Bolqarıstan 2016-cı ildən etibarən Azərbaycandan qaz idxalına başlayır, 2015-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi vaxtından əvvəl Nazirlər Kabinetinə göndərildi.

Başlayaq həftənin önəmli hadisəsi olan Səngəçal terminalında Cənub Qaz Dəhlizinin təməlinin atılmasından. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, Bolqarıstan prezidenti Rosen Plevneliev, Yunanıstanın baş naziri Antonis Samaras, Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Monteneqronun baş naziri Milo Cukanoviç, Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Klaudio Deviçenti, BP şirkətinin icraçı direktoru Robert Dadli və digər rəsmi şəxslər, şirkət nümayəndələri iştirak ediblər. İlk borunun üzərində Cənub Qaz dəhlizinin keçəcəyi ölkələrin, eləcə də ARDNŞ və BP-nin bayraqlarının əksi olub. Əvvəlcə Azərbaycan prezidenti İlham Əliyev, daha sonra isə digər ölkələrin dövlət və hökumət rəsmiləri, ARDRŞ və BP prezidentləri müqavilə imzalayıblar. Borunun qarşısında xatirə şəkli çəkdirildikdən sonra ilk boru xəndəyə döşənərək Cənub Qaz Dəhlizinin təməli atılıb.

“Növbəti illərdə bütün layihələr üzrə Azərbaycan Dövlət Neft Fonduna 200 milyard dollara yaxın vəsaitin daxil olması gözlənilir”.

Bunu isə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov bildirib. Ş. Mövsümov deyib ki, fonda ötən dövr ərzində 105 mlrd. dollardan çox vəsait daxil olub. O, əlavə edib ki, hazırda fondda 37 mlrd. dollardan çox vəsait var. Onun sözlərinə görə, indiyə qədər ARDNF-in vəsaitləri qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərində Azərbaycanın payının maliyyələşdirilməsinə, Bakı-Tbilisi-Qars dəmir yolunun maliyyələşdirilməsinə, Oğuz-Qəbələ su kəmərinin, Taxtakörpü su anbarının tikintisinə, Samur-Abşeron kanalının yenidən qurulmasına, tələbələrin xarici ölkələrin universitetlərində oxumasına yönəldilib.

Həftənin daha bir diqqət çəkən hadisəsi Bolqarıstanla olan qaz müqaviləsi oldu. Bolqarıstan 2016-cı ildən etibarən Azərbaycandan qaz idxalına başlamaq niyyətindədir. Bu barədə adıçəkilən ölkənin iqtisadiyyat və energetika nazirinin müavini Anton Pavlov deyib. A. Pavlovun sözlərinə görə, sözügedən məsələ ilə bağlı Bolqarıstan prezidenti Rosen Plevneliyev sentyabrın 20-də Bakıya səfəri çərçivəsində azərbaycanlı həmkarı İlham Əliyevlə danışıqlar aparacaq: “Bildiyiniz kimi, cari ilin payızında Yunanıstanla Bolqarıstan arasında qaz borusunu tikintisi ilə bağlı yekun investisiya qərarı veriləcək. Sözügedən borunun tikintisinin 2016-cı ildə başa çatacağı gözlənilir. Bolqarıstan prezidenti Bakıya səfəri çərçivəsində azərbaycanlı həmkarı İlham Əliyevlə 2016-cı ildən etibarən Azərbaycan qazının Bolqarıstana idxalı ilə bağlı danışıqlar aparacaq. Azərbaycan qazı Bolqarıstana Türkiyə və Yunanıstan ərazisindən çatdırıla bilər”.

Nazir müavinin sözlərinə görə, qaz nəqlinin illik həcmi 200-300 mln. kubmetr təşkil edə bilər.

Məndən bu qədər. Hər kəsə uğurlu həftəsonu…

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm