• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İnzibatizm buldozeri

  • Digər
  • 26 Sentyabr 2014 11:55
  • 553 Baxış
İnzibatizm buldozeri

İnkişaf etmiş ölkələr cərgəsində özünə yer tutan, Afrika qitəsinin yeganə ölkəsi CAR-ın şimal-şərq qulağının dibində tüklü xala oxşayan əndirəbadi bir ölkə var – Svaziland.

Dünyanın ən varlı ölkələrindən biri CAR-a qonşu olan dünyanın ən yoxsul ölkəsidir. Təbii sərvətləri şəkər qamışı, qoyun və keçidir. Bu ölkəyə CAR-ın baqqal dükanı da deyirlər. Bu ölkənin də bütün çırtdan ölkələr kimi qürur duyduğu özünəməxsus iqlimi, palçığı, dini inancı, milli və kirli mətbəxi, ən əsası isə çox qədim ənənələri var. Məsələn, onlar da odu, suyu, yeli, palçığı bir-birinə qarışdırıb bizim Novruz bayramına oxşar bir hay-küy düzəldiblər, ancaq ildə bir dəfə keçirilən bu bayramın ən möhtəşəm atributu nə tonqalın üstündən atılmaqdır, nə xəfiyyə kimi qapı pusmaqdır. Onların başdan-ayağa qadağalara bürünmüş, hamıya bir gözlə baxsın deyə yalnız bir gözü görünən kurallarına nəzarət edən lüt-əttcə bir kralları var. Bayram gününün sonunda bu kral bir az da lütlənib yelpikli milçəkqovanlarının əhatəsində tonqalın qırağına gəlir, zəncisayağı ədəb-ərkanla keçib mərasimin yuxarı başında bir ayağını dizdən bükərək digər ayağının üstündə oturur. Bu oturuş qaydası onlarda şahanəlik əlaməti hesab olunur və kraldan başqa heç kim belə otura bilməz, otursa da, yerindən qalxmaz. Sonra yalnız milli nağaralardan və vuvuzelalardan ibarət folklor ansamblının bəh-bəh-şivənliyi altında ölkənin ən gözəl bakirə qızları tonqalın ətrafında milli tam-tam rəqsi etməyə başlayırlar, ta o vaxta qədər ki, kral onlardan birini bəyənsin və o gecə özünə arvad etməyə razılıq versin. Yəni svazilandlıların kralı milli adətlərinə görə ildə bir dəfə bayram axşamında evlənmək zorundadır. Əgər o ölkəsinin sakral dəyərlərinə nankor çıxıb qızlardan heç birini bəyənməsə, hər hansı bəhanə ilə evlənməkdən imtina etsə, dərhal ölkədə ona qarşı inzibati tədbirlər üsyanı baş qaldırar, kralın cinsi vasvasılığı ictimai qınaq obyektinə tuş gələ bilər və bütün ölkə vətəndaşları onun adını yalnız əllərinin baş barmaqları ilə işarə barmaqlarının uclarını birləşdirərək xatırlayar. Bir növ, xalqın gözündə gürcülərin Saakaşvilisi kimi yarıtmaz pəzəvəngə çevrilər. Ona görə də bədbəxt Svaziland kralı nağıllarda oxuduğumuz, suyun qabağını kəsib, supulu əvəzinə xalqdan hər il bir qız tələb edən bədheybət kimi hər il vətəninin bir qızıyla evlənməlidir.

Əslində, bu yazıda Zvasiland qəbiləsi və bu qəbilənin özünü kral adlandıran qəbilə başçısından yox, osmanlı qulları və Atatürk, gürcü xalqı və Saakaşvili gözlənilməzliyi, anlaşılmazlığı, ümumiyyətlə, xalqların yenilikçi liderlər tərəfindən azadlığa hazırlanma mərhələsinin müxtəlif formaları haqqında danışacaqdıq. Ancaq son zamanlar ziyalılarımızın dilindən mətbuatın dilinə düşmüş yeni “İnzibatizm” termini xəyallarımzı tarixin ilk inzibatçı lideri Babil hökmdarı Hammurapinin qanunlarına və bəlkə də, bu qanunların yazılmasına səbəb olan Babilistan insanlarının qudurğanlığını, bu qudurğanlığa verilən ilahi cəzanı özündə əks etdirən Babil qülləsinin xarabalıqlarına aparıb çıxardı. Nuh peyğəmbərin nəvələrinin Allaha çatmaq üçün tikmək istədikləri bu qüllənin adı indi reallaşması mümkün olmayan iddiaların, anadangəlmə uğursuzluğa uğrayan cırtqozluğun simvolu kimi xatırlanır və Axundovun, Məmmədquluzadənin, Sabirin aktuallığını əsas göstərib maarifçilik hərəkatının Azərbaycanda başdan uğursuzluğa düçar olduğunu söyləyənlərin dilindən düşmür. Onların fikrincə, maarifləndirici təşəbbüslər Azərbaycan mədəniyyətinin uçub-dağılmış Babil qülləsidir.

Atan behiştlik. Bu gün bizim maariflənməmiş Azərbaycan xalqı haqqında yalnız təsəvvürlərimiz var ki, o da sadəcə, kortəbii “tüklənmiş” məişət vərdişləridən və adına adət-ənənə dediyimiz fiziki mövcudolma pintiliyindən ibarətdir. Biz xalqımızın maarifləndirilmiş dövrünün övladlarıyıq və bizim maarifləndirilmişimiz bu gündədirsə, gör hələ maarifləndirilməmişimiz nə gündə olub.

İkincisi maarifləndirənin kimliyi məsələsidir: Avropada maarifləndirmənin qələbə ilə nəticələnməsinin bircə amili var idi, maarifləndirici vektor cəmiyyətdə yuxarıdan aşağı istiqamətlənmişdi və inzibati xarakter daşıyırdı. Kralın getdiyi operaya, tikdirdiyi məktəbə rəiyyətin ağzı nə idi getməsin. Xalq özünü zindanla çəkic arasında qalmış, ondan nə düzəldiyindən xəbərsiz olan qızardılmış dəmir kimi hiss edirdi. Krallar döyə-döyə ondan Avropa düzəldirdilər.

Bu gün xəlvətə düşəndə özünü demokratik ölkə adlandırmaq istəyən Türkiyənin təməlini Atatürk, doğub-törəməkdən və doğub-törədiklərini sultana xəzinə doldurmaq üçün qənimət çapovulçusu böyütməkdən başqa bir ictimai dəyəri olmayan osmanlı qullarına inzibati maarifçilik zopasıya qoydurmadımı?

Dünyanın istənilən ölkəsində cəza sistemi olmayan maarifçilik böyük ideyaların gec-tez təəssüf dolu lağlağıya, ədəbi lotuluğa çevirilməsi ilə nəticələnib. İctimai qınaq heç bir donuzu darıdan çıxara bilməyib indiyədək.

Doğulmaqda olan azadlığın anası maarifləndirmə, atası inzibatizm deyilsə, o azadlıqdan gec-tez Zvasiland qoxusu gələcək. O azadlığın boy atdığı ölkədə gec-tez ehsan qoxusuyla kabab qoxusu sevişən ilanlar kimi bir-birilərinə sarılıb nəsilartırma həzzinə bayılacaqlar. O kral ki, öz xalqının sakral tələblərinə boyun əyəcək, ya hər il Zvasilandın döllük kralı kimi damazlıq bir qızla evlənmək zorunda qalacaq, ya da Saakaşvili kimi “özgə qapılarında” qarın otaracaq.

İndi bizim ölkədə də xalqın Babil qülləsi kimi hörməyə başladığı məişət pozğunluğunu, mentalitet qudurğanlığını indidən inzibati buldozerlə kökündən yıxıb-dağıtmaq lazımdır. Başqa yolu yox artıq!

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR