• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Şok! Şok! Şok!!!”

  • Digər
  • 26 Sentyabr 2014 18:15
  • 1 072 Baxış
“Şok! Şok! Şok!!!”

Yaradılanların qiyamı (Azərbaycan örnəyində)

Belə bir diskursdan başlayım: ONLAR ÖZLƏRİNİN YARATDIQLARI OXUCU TİPİNİN QURBANI OLUBLAR. Bunu açım.

Məncə, mədəniyyətdə yaradanın öz yaratdığının qiyamı ilə rastlaşması, yaradanın yaratdığının qurbanı olması, universal haldır. Allah-təala Adəmlə Həvvanı yaradandan sonra, beləcə, onların qiyamı ilə üzləşdi. Allahın yaratdığı mələk olan İblis “yaradanın yaratdığının ona qarşı qiyamı” arxetipinə ən güclü örnəkdir. Bu teoloji materialdan dünyəvi olaylara keçsək, Brutun Sezara xəyanətindən tutmuş tarix boyu baş vermiş min cür nankorluğacan saysız olayda yaradılanların öz yaradanlarına qiyamına tamaşa etmək olar. Çağımızda gənc yazarların Anar, Elçin, Ramiz Rövşən kimi yazarları aşağılamaq üstündə “postmodernist” (əslində, modernist) imiclərini qurması göstərdiyim “texnolojidəndir”.

Azərbaycanda oxucu tiplərinin tarixindən

Bax, bu kontekstdə sual verirəm: Sovet dönəminin son onilliklərində 20-30 istedadlı azəri yazarı hansı oxucuları yaratdı ki, sonra da onların qiyamı ilə üzləşdi (sözsüz, həmin yazarlarla bərabər bu oxucu tipini “aşkarlıq çağı”, nisbi söz azadlığı, müstəqil mətbuat da yaratmışdı).

Azərbaycan yazarları öz yazılarında yenilik, informativlik faizini artıra-artıra yeni oxucu tipini, elə oxucu tipini yaratdılar ki, o yalnız yeniliyi böyük olan tekstlərə tamarzı oldu (deyim ki, Ortaçağ oxucusu belə deyildi, əslində, heç tipik Sovet oxucusu da yeniliyə o qədər tamarzı deyildi).

Azərbaycan oxucusu qavrayış dönəmlərinin bir çoxundan keçərək bu günə çatıb. Gəlin, bu dönəmlərin bəzisinə qısaca baxaq. Sovet dövründə mətbuat oxucu nazı ilə oynamırdı və belə duruma salınmış oxucu xırda bir ərmağandan mutlu olurdu. Ancaq artıq, Qorbaçovun “aşkarlıq çağı”nda açılan gizlilərin bolluğu az qala OXUMAĞI YAŞAMAQDAN MARAQLI ETDİ. Səhifə-səhifə tənqidi düşüncə yazılarını oxumaq ləzzət oldu.

Milli istiqlal hərəkatı dövründə müxalifət mətbuatı oxucunun qəzəbinə, hiddətinə kökləndi. Mətbuat və oxucu qarşı-qarşıya yellənən əks-səda yelləncəyində mutlu oldu. Demokratik hakimiyyət dönəmində mərdanə, qiyamçı sözün deyilməsinin sıfıra yaxınlaşan təhlükəsi, informasiyanın bolluq bazarı oxu ləzzətini bir az azaltmağa başladı.

Bizdə oxu krizisi

Hazırda bu ləzzətsizlikdən başlayan oxu böhranı dərinləşib, həmin böhran, tutalım, özünü onda göstərir ki, bir xeyli oxucu heç özü də bilmir nə istəyir. Oxu qavrayışının “mədə” xəstəliyi baş verib: nəsə dadlı bir şey istəyir, ancaq heç nəyin tamını duymur. Artıq belə bir vəziyyətdə iri yazı yazmaq lap tərbiyyəsizlik olub.

Haqqında danışdığımız yeni oxucu tipi yeniliyi böyük olan bol-bol yazıları aldıqca Qərbdə azad bazarın yaratdığı tükədiciyə, istehlakçıya oxşayır. Tükətimci (istehlakçı) psixoloji elədir ki, bazar onu hər dəfə yeni mallarla təmin edəndə yenilikdən bezir. Bezdiyi üçün, bir də görürsən, malın, tavarın (türk sözüdür) keyfiyyətindən daha çox bazardakı reklam tipli başqa vasitələrdən qıcıqlanmağa gərək duyur: bu zaman filan siqaret ona görə ləzzət verir ki, sevdiyi filan filmdə həmin siqareti super qəhrəmanın barmaqlarında görür və s. Oxşar olaraq yeni Azərbaycan oxucusu da yenilik daşıyan tekstlərə öyrəşib, bu tekstləri oxumaqdan darıxmağa başlayıb. Tekstlə maraqlanmaq üçün onun əlavə qıcıqlara gərəyi var.

Haradasan, imic düzəldən?!

Bu kontekstdə Salvador Dalinin öz tamaşaçılarını şoka salan davranışlarını anlamaq olar. Dali şəkillərini qavramağa gəlmiş adamları qıcıqlandırmaq üçün şoka salan şeylər edir, sözlər deyirdi. Məsələn, arvadı haqqında aydırmışdı: mən Qalanı atamdan da, anamdan da, hətta puldan da çox sevirəm.

Batı mədəniyyətində imicmeykerlər, imic düzəldənlər institutunun yaranması bazar qanunlarının, tükədimci psixolojinin kültür, söz məkanına sirayət etməsi ilə bağlı idi. Bunun sonucudur ki, hansı jurnalistlər, filosoflar, yazıçılarsa, çörəyini, bazara “tavar” çıxarmaqdan çıxarırlar. O biri jurnalistlərsə, bazara mal çıxarmaq istedadında olmadıqları üçün bazara mal çıxaranları cürbəcür qalmaqal, ilginc olaylar işığında təqdim edib (oxucularda hansı yazarlarlasa bağlı mis­tik, irrasional hal yaradıb) çörəklərini qazanırlar.

Bizim yazarlar oxşar oxucu tipini yaradıblar. Tükədimci psixolojiyə düçar olmuş oxucularsa, artıq, həmin psixolojinin təsiri altında əlavə qıcıqlara möhtacdırlar. Mediada “Şok!Şok!Şok!!!” başlıqları, “super!” nidası bundandır. “Təzə bazarda” hətta pendir satan adaşım da bütün pendirlərə “super!” deyir.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR