50 insanı parçalamış timsahı necə ovladılar – FOTOLAR
Bizi izləyin

Digər

50 insanı parçalamış timsahı necə ovladılar – FOTOLAR

XX əsrin sonlarında Seylonda peyda olan timsah yerli sakinlərin qorxulu röyasına çevrilmişdi. Su hövzələrinə yaxınlaşmağa heç kim cürət etmirdi. Çaylarda əvvəldən timsahlar vardı. Lakin onlardan biri antilopları, vəhşi heyvanları deyil, məhz insanları ovlamağı sevirdi. Çay ətrafına gedən insanlar geri qayıtmırdılar.

Seylon o zaman avropalı müstəmləkəçilərin əlində idi. Odur ki, köhnə qitədən peşəkar ovçu çağırıldı. Çünki aborigenlərin ovçuları bu işin öhdəsindən gələ bilmirdilər. Ağdərili ovçu isə məsələni tez həll etdi. Yerlilərdən birinin körpə uşağını kəndirlə sahildəki ağaca bağladı. Özü isə yaxınlıqda gizləndi. Körpənin çığırtısını eşidən timsah sahilə çıxdı. Bu zaman ovçunun atdığı sərrast atəşlə öldürüldü.

Fransızlardan daha hiyləgər Qustav

Adamyeyən timsahlara indi də dünyanın müxtəlif ölkələrində rast gəlinir. Onlardan ən məşhuru, Burindidəki çayların kralı, dünya mətbuatının “Qustav” adı verdiyi nəhəng timsahdır. Bu timsahın 60-dan çox yaşı var. Uzunluğu 6,5 metr, çəkisi 1 tondan çoxdur. O qədər nəhəngdir ki, daha cəld hərəkət edən antilop, zebra, Qnu marallarını tuta bilmir. Əvəzində begemotları parçalayır. Bir də, insan ətini çox sevir.

Onun qurbanına çevrilmiş insanların sayı 60-dan çoxdur. Qustav çayda paltar yuyan qadınları bir andaca sudan çıxaraq qapır və dərinliklərə çəkərək parçalayır. Bəzən qayıqları aşırır. Suya düşən insanın isə bu timsahdan xilas olma şansı sıfra bərabərdir.

Burundi hökuməti timsahdan canını qurtarmaq üçün Fransa Ovçular Cəmiyyətinə müraciət də etdi. 2002-ci ildə fransız ovçular başda sədrləri Patris Faye olmaqla Burundiyə gəldilər. Qustav üçün ov başladı. Onu ətlə, diri keçi ilə tələyə salmaq istədilər. Tələdəki ət, yaxud diri keçi yox olurdu. Amma Qustav ələ keçmirdi. Nəhəng timsah fransız ovçulardan daha hiyləğər idi.

Düzdür, timsahı yaralaya bildilər. Ancaq iş bundan o tərəfə getmədi. Fransızlar çantalarını yığıb Afrikadan evə qayıtdılar.

Adamyeyən Qustav hələ də Burundi sularında üzür. Sonuncu dəfə o, kameralara 2011-ci ildə tuş gəldi. Timsah növbəti insanı parçalayıb rahat və doymuş şəkildə çayla üzürdü.

Timsaha görə matəm

Burundidəki timsahdan daha qocamanı Uqandada yaşayırmış. Bu Afrika ölkəsindəki nəhəng timsahın 80 yaşı vardı. Çəkisi 1 tondan çox olan timsah balıqçıların qəniminə çevrilmişdi. Onun qorxusundan heç kim qayığa otura bilmirdi. Timsah qayıqları saman çöpü kimi aşırırdı. Suya düşən insanları bir anda parçalayırdı. Uqanda hökuməti tədbirlər planı hazırladı. Mütəxəssislərdən ibarət qrup yaradıldı. Qrup timsahın göründüyü marşrut üzrə katerlə hərəkət edib nəhəng sürünənin yerini aşkarladı. Bir neçə yerdə tələ quruldu. Burundidən fərqli olaraq Uqandada adamyeyən timsahı tuta bildilər. Yerli əhali sevinc içində idi. Timsah diri ələ keçmişdi. Onu maşına yükləyərkən ətrafına minlərlə insan toplaşdı.

Timsahı öldürmədilər. Hazırda o, Merçison Folls Milli Parkında saxlanılır. Nəhəng timsaha baxmaq üçün bura gələn turistlərin sayı-hesabı yoxdur.

Müasir dövrdə ələ keçən ən böyük timsah isə Lolonq adlı nəhəng sürünən olub. Bu timsah Filippində bir neçə insanı parçalamışdı. Onu 2011-ci ilin sentyabrında Bonuvan qəsəbəsində tutdular.

Timsahın ölçüləri hamını heyrətləndirirdi. Uzunluğu 7 metrə yaxın, çəkisi bir ton yarım idi. Lolonqu 3 həftə izləmişdilər. 50-dən çox qəsəbə sakini ovda iştirak etmişdi. Ələ keçəndən sonra onu yerli zooparka satdılar.

Timsahın hesabına zooparka minlərlə turist axışdı. 2012-ci ildə Lolonq ən böyük timsah kimi Ginnesin Rekordlar Kitabına düşdü.

Lakin az keçmiş Lolonq öldü. Ölənə qədər bu timsah dövlət büdcəsinə o qədər gəlir vermişdi ki, hətta bəzi filippinlilər Lolonqa görə ölkədə matəm elan edilməsini tələb edirdilər.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm