• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Xalası toy günü qoşulub qaçdı

  • Digər
  • 6 Fevral 2014 14:56
  • 6 159 Baxış
Xalası toy günü qoşulub qaçdı

Atamla anamın toy şəkillərinə baxanda heç nə başa düşmürdüm. Qız toyunda gəlin başqa qız, oğlan toyunda mənim anam. Hər dəfə ata-anamdan bunun səbəbini soruşanda ya söz arasına söz salır, ya da zarafatla bir cavab tapıb verirdilər. İndi başa düşürəm ki, mənim gec-tez əsl həqiqəti anlayacağımı bilirmişlər deyə - özlərini əziyyətə salmayıblar. Həm də zatən uşaq idim, yəqin ki, o vaxt onların danışacaqlarını anlaya bilməzdim.

Xalamı 14 yaşımda tanımışam, nənəmin yubileyində. Heç vaxt görmədiyim bir gözəl qadın anamla qucaqlaşıb hönkür-hönkür ağlaşdılar. Nənəm də onlara qoşuldu. Sonra atam gəldi, o da ağladı, ancaq onların yanında yox. Həyətə çıxdı, cibindən yaylığını çıxardıb gözlərini sildi. Maraqdan ölürdüm, belə gözəl gündə bunlar niyə ağlaşırlar axı?! Qorxa-qorxa anama yaxınlaşıb ətəyindən tutdum. Anam yaşlı gözlərini dolandırıb mənə baxdı. Yox, onun gözlərində daha çox sevinc vardı. Deyəsən, o, sevincindən ağlayırdı axı. Bu məqamı qaçırmaq olmazdı:

- Ana...ana, niyə ağlayırsan? Bu xala kimdir?

- Xalandır, xalan, oğlum, - anam ağlaya-ağlaya başımı sığalladı.

- Xalam?!- gözlərim bərəldi - hansı xalam?

Təbii ki, orda bunu mənə heç kim izah etmədi, nə o anda baş verənləri, nə ondan əvvəlkiləri. Ancaq illər sonra həqiqəti biləndə nənəmin yubiley günündə baş verənlər gözlərimin önündə yenidən canlandı – ən xırda detalları ilə...

***

Ata babamla ana babam yaxın dost imişlər. İllərin sınağından çıxmış, bir-birinin etibarını qazanmış dost. Ata babamın tək oğlu olan atam - Sabir, ana babamın iki qızından böyüyünə - Fəridəyə deyihli imiş. Uşaqlar balaca olandan dostlar əhd-peyman bağlayırlar ki, böyüyəndə onları evləndirəcəklər, quda olacaqlar və beləliklə, bu dostluq əbədiləşəcək.

İllər keçir, uşaqlar böyüyür. Fəridə orta məktəbi bitirib Xarici Dillər Universitetinə qəbul olunanda, atam hərbi xidmətini başa vurub qayıdır. Atalar öz arzularını həyata keçirməyin vaxtı çatdığını düşünüb, onları nişanlamaq qərarına gəlirlər. Lakin gənclər gözləməyi məsləhət bilir. Daha doğrusu, atam iş tapana qədər onu gözləməklərini istəyir, Fəridə isə ali məktəbi bitirməyi. Hərçənd qızın bu qərarı atamın da ürəyindən olmur, nəinki böyüklərin.

İki il keçir. Atam artıq işləyir, Fəridə də üçüncü kursa keçir. Bu dəfə böyüklər daha onların nə deyəcəklərini gözləmir və qəti qərar verirlər ki, onları nişanlayıb xeyir işə başlasınlar. Fəridə bu dəfə də gözləməyi israr edir, hətta ciddi şəkildə. Ancaq az vaxt içində fikrindən daşınıb, nişana razılıq verir. Onun bu qəfil qərarı heç kimi çaşdırmır, əksinə sevindirir. Hamı Fəridənin öz hisslərinə əmin olduğunu düşünüb ürəklə nişana hazırlaşır.

Ancaq bütün bu söhbətlərə qarışmayan bircə nəfər var idisə, o, da Fəridənin özündən kiçik bacısı Səriyyə olur. Çünki Səriyyə həmin il orta məktəbi bitirib sənədlərini ali məktəbə verməyə, tələbə olmağa hazırlaşır. Bütün gününü dərs oxumaqla, kitablarla keçirən qızın dünyadan xəbəri yoxdur sanki.

Fəridə ilə atam nişanlanır. Təmtəraqlı nişandan sonra altı-yeddi ay nişanlı qalırlar. Sonra da həmin dəm-dəsgahla qız toyu edirlər.

Bir neçə ay sonraya da oğlan toyunun vaxtı dəqiqləşdirilir. Artıq toy üçün hər şey hazır olur. Oğlan evində toya bütün hazırlıqlar yekunlaşır, dəvətnamələr paylanır. Nəhayət, toydan bir gün öncə “çörəkbişdi” deyilən mərasim günü oğlan evindən bir neçə qadın və bir-iki kişi qız evinə gedir. Qız evindən gələn xonçalara pay qoyub aparırlar, həm də gəlin üçün gəlin paltarı aparırlar. Lakin qız evində surətlərdəki hüznü görəndə qorxurlar. Kimə nə olduğunu aydınlaşdıra bilmirlər. Fəridədən başqa, hamı onları qarşılamağa çıxır. Ancaq Səriyyə ilə anasının qıpqırmızı qızarmış gözlərini görəndə atamın xalası daha dözə bilmir:

- Ay bacı, bu nə sir-sifətdi, noolub sizə? Nə xəbər, nə məsələdi?

- Yanınızda üzüqarayıq...Allah pis övladın üzünü qara eləsin... – Fəridənin anası hönkürür.

- Axı noolub, bir deyin görək də, ürəyimiz partdadı ki?!

Qızın anası dayanmadan hıçqıra-hıçqıra ağlayır.

- Fəridə yoxdur, - Səriyyə ağlaya-ağlaya deyir.

- Necə yəni yoxdur?

- Qaçıb...qoşulub-qaçıb....

- Nəəə?!

Gedənlər kor-peşman geri qayıdır, ancaq məsələni ailə adamlarından başqa kimsənin bilməsinə imkan vermirlər. Babamla nənəm atamı da götürüb qız evinə gedir. Oğlan evində isə heç nə olmamış kimi hazırlıqlar davam edir.

Atalar kor-peşman oturub heç nə danışmırlar, daha doğrusu, danışmağa söz tapmırlar, analar isə dayanmadan ağlayır. Təkcə Səriyyə gözə dəymir. Atam isə yumruqlarını düyünləyib, dişlərini bir-birinə sıxıb oturur, heç nə danışmır. Onun bu halı valideynləri narahat edir, lakin heç kim heç nə deyib odun üstünə neft tökmür.

- Bəs indi biz neynəyək, qardaş? – babam Fəridənin atasından soruşur.

- Götürün, Səriyyəni aparın, mən sənin yanında üzüqarayam, sənə borcluyam. Məni bəlaya bir qızım salıb, o biri qızım da məni bu bəladan qurtaracaq.

- Bəs...bəs uşaqlar?

- Başqa yolumuzmu var?

***

Səriyyə ipə-sapa yatmır, heç kimi dinləmək istəmir. Təbii, axı onun öz arzuları var. İmtahanlara da lap az qalıbmış. Odur ki, Səriyyə daş atıb-başını tutur. Atası otağa girəndə Səriyyə özünü onun ayaqlarına atır.

- Qurbanın olum, ata, məni öldür, amma sən də bunu demə. Mən Fəridə deyiləm, Fəridə öz arzularının dalınca getdi, məni öz arzularımın yolundan etmə. Axı mən oxuyacam...axı mən...

- Qızım, mənə qulaq as. Bu bir kişi sözüdür, şərəf məsələsidir. Sən məni şərəfsiz etməzsən. Fəridə bunu etdi. Adama nə deyərlər, deməzlər iki qızından birinə gücü çatmadı? Bəs mən sabah kəndə, obaya necə çıxacam? Camaat üzümə tüpürməz mənim? Bu kişi ilə illərdir çörək kəsmişəm, indi alım ayağımın altına deyirsən?

Səriyyə başını qaldırıb yaşlı gözlərini atasının bir gün içində qırışmış üzünə, əzab dolu gözlərinə, zəhmətkeş çöhrəsinə baxır.

- Ata! – deyib onun ayaqlarını qucaqlayır, - ata, sənə canım da qurbandır.

- İnanırdım, bilirdim, sən mənim ağıllı balamsan, məni xar etməzsən...

Atası otaqdan çıxanda Səriyyə:

- Ata! – çağırır.

Atası həyəcanla geri qanrılır.

- ....

- Mən onunla danışmaq istəyirəm ancaq.

- Nə istəyirsən, onu edəcəm.

Səriyyə atamla şərt kəsir.

- Mən Fəridənin günahını yumağa borclu deyiləm, ancaq atam başımı kəssə də dinmərəm. Səndən bir xahişim var, mənim arzum var, atamın şərəfi, sənin, ailəmin düşdüyü durum, əlbəttə, məni məhv edir, lakin özümü də heç kimə qurban etmək fikrim yoxdur, daha doğrusu, arzularımın üstündən xətt çəkməyəcəm. Söz ver, mənə söz ver ki, oxumağıma mane olmayacaqsan. Mən ali təhsil alacam.

- Söz verirəm...səni oxudacam!

Toy təxirə salınmır. Səhər “Vağzalı” sədaları altında Fəridənin əvəzinə, Səriyyə atamgilə gəlin köçür. Fəridə üçün bəzədilmiş gəlin otağında Səriyyə telli-duvaqlı gəlin olur.

Bir neçə ay sonra da qəbul imtahanlarını uğurla verib, atamın söz verdiyi kimi, tələbə adını alır. Oxuyub ali təhsilli həkim olur.

Həə..Fəridəyə gəlincə, sən demə, o heç əvvəldən də atamı sevməyibmiş. Özünün sevdiyi varmış. Vaxtı da ona görə uzadırmış. Nişandan qabaq möhkəm dalaşıb ayrılırlar. Buna görə də Fəridə nişanlanmağa razılıq verir. Lakin toydan bir neçə gün qabaq barışırlar, oğlan Fəridənin də onu sevdiyinə əmin olduğuna görə qızdan əl çəkmir və qoşulub qaçırlar. Babam uzun illər qızını bağışlamır, nəvələrini görmək, bağrına basmaq istəsə də, qüruru buna yol vermir.

Anam isə babamın daha da sevimlisi olur. Atam da elə ilk gündən anamın qəlbini ələ almağı bacarır, xüsusən də, verdiyi sözü tutmaqla. Zatən, atam əvvəldən də Fəridəni sevmirmiş, sadəcə, atalarının qərarına qarşı çıxmır, daha doğrusu, özünü sevdiyi yox imiş deyə, qarşı çıxmağa bəhanəsi də olmur.

İndi bu barədə söz düşəndə zarafatla atama deyirəm ki, bəxtin gətirib, sənin üçün mənim kimi oğulu ancaq Səriyyə xanım gətirə bilərdi dünyaya...

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR