PYD-Türkiyə-İŞİD üçbucağı
Bizi izləyin

Digər

PYD-Türkiyə-İŞİD üçbucağı

İŞİD-la bağlı son proseslər və eləcə də Türkiyənin şərqində baş verən hadisələr yeni, lakin olduqca mürəkkəb bir mənzərənin ortaya çıxmasına təkan verdi. Ortada olan acı reallıq budur ki, Yaxın Şərq təkcə dövlətlərin geosiyasi və ya müxtəlif təşkilatların dini-ideoloji qarşıdurması məkanı deyil, eyni zamanda, yüz ildən artıqdır ki, körüklənərək odunun sönməsinə imkan verilməyən etnik qarşıdurmalar məkanıdır. Qərb İmperializminin son iki yüz ildə Yaxın Şərqin münbit torpaqlarında əkdiyi toxumlar bu gün öz bəhrəsini artıqlaması ilə verməkdədir.

Türkiyə şantaj edilir….

Hazırda baş verən hadisələrin fonunda Türkiyəyə yönəlik diplomatik çağırışlara başqa ad vermək mümkün deyil. Ən maraqlı məqam ondan ibarətdir ki, bu zaman Türkiyə iki istiqamətdən həmləyə məruz qalır: xaricdən – Qərb vasitəsi ilə və daxildən – HDP və radikal sol qüvvələrin əli ilə. Bu zaman hər şey Türkiyə ilə İŞİD-i açıq şəkildə üz-üzə qoymağa hesablanır. Sadəcə hər iki tərəfin bu zaman istifadə etdiyi metodlar fərqlidir.

NATO-nun timsalında Qərb Türkiyəyə «qorxma, mən səninləyəm», nəğməsi ifa etməkdədir və bu zaman qabaqdakını qızışdıran, lakin arxada gizlənərək özünü qorumaq üçün təhlükəsiz yer seçmiş çığal uşağı xatırladır. ABŞ-ın və ya Avropa güclərinin endirdiyi hava zərbələrinin effekti sıfırdır. Nə coğrafi şərait, nə də İŞİD-in taktiki gedişləri bu zərbələrdən maksimal nəticə almağa imkan verir. Nəticə: konkret irimiqyaslı quru əməliyyatları aparılmalıdır. Və bu zaman Qərbin yadına Türkiyə düşür. Halbuki…

Halbuki, xatırlayırsınızsa, İŞİD-in İraq demarşı yeni start götürdüyü zamanlarda nə bölgədəki etnik yapı (yəni, kürdlər və ərəblər), nə də ki bölgədəki güclər (ABŞ, Qərb, ərəb ölkələri) Türkiyənin təkbaşına həyəcan siqnalına adekvat reaksiya verməmişdilər. Hətta ABŞ və NATO rəsmi şəkildə «baş verən hadisələri ürəkağrısı ilə seyr etdiləri, lakin birbaşa müdaxilənin hazırda onların maraqlarına cavab vermədiyi» açıqlaması ilə çıxış etmişdilər. O zaman hədəfdə türkmənlər idi. Və İŞİD-ə qarşı da ən mütəşəkkil müqaviməti türkmənlər təşkil etmişdilər. Sonrakı proseslər isə gedişatı dəyişdi. Artıq hədəfdə zəngin neft yataqları ilə bol olan əraziləri nəzarət altında saxlayan kürd peşmərgələrdir. Türkiyənin isə İŞİD məsələsində ilk əvvəllər olduğu kimi aktiv mövqe sərgiləməməsi, hətta rəsmi Ankaranın İŞİD-ə qarşı qurulan koalisiya məsələsində passiv mövqe tutması, türk diplomatlarının azad edilməsi ilə nəticələndi.

Əslində Türkiyənin belə bir mövqe yolu tutması təbii və anlaşılandır. İŞİD-lə birbaşa, özü də tək halda üz-üzə gəlmək heç bir şəkildə maraqlara cavab vermir. Lakin indi Ankaranı bu qarşıdurmaya sürükləyirlər…

Birmənalı şəkildə vurğulanmalıdır ki, Dəmirtaşın açıqlaması Türkiyə hökümətini və ictimaiyyətini şantaj etməkdən başqa bir şey deyil. Kobani ilə Azərbaycanın müqayisə edilməsini başqa cür qiymətləndirmək olmaz zatən. Dünəndən başlayaraq Türkiyənin güney-doğusunda baş verən hadisələr bir daha onu sübut etdi ki, heç bir açılım layihəsi kürd sorununun həll edilməsi üçün yetərli olmayacaq. Bu sadəcə münasibətləri hər iki tərəfə sərf edəcək şəkildə müvəqqəti dondurmağa xidmət etsə də, ilk qığılcımdaca təkrar yeni qarşıdurmalara səbəb olacaq, necə ki, Tuncelidə biz bunun şahidi olduq.

Əslində Türkiyənin İŞİD-PYD qarşıdurmasında kürdlərə dəstək verməməsinin səbəbləri çoxdur. Və İŞİD-lə meydanda təkbaşına savaşmağın heç bir maraq çərçivəsinə sığmaması bunlardan yalnız biridir. Məsələ ondadır ki, PYD – terror təşkilatı PKK-nın rəsmi Suriya qoludur və Ankaranın hər hansı bir dəstəyi nəticə etibarı ilə Türkiyənin öz daxilində haqlı və çox ciddi narazılıqlara təkan verə bilər. Zatən bu «kürd açılımı» macərası türk ictimaiyyəti tərəfindən birmənalı qəbul edilmir. Qarşıdan isə parlament seçkiləri gəlir. Və bu seçkilər AKP iqtidarı üçün olduqca vacibdir. Başqa bir səbəb isə Əsəd iqtidarına münasibətdir. Türkiyənin Suriya içindəki qarşıduran qüvvələr arasında özünə yaxın bildiyi müxaliflər – Azad Suriya Ordusudur. PYD isə həm PKK uzantısıdır və digər tərəfdən də rəsmi Ankaranın Suriya iqtidarına münasibəti ilə ciddi fikir ayrılığı var. Suriyadakı kürdlər Əsəd rejimini ciddi şəkildə müdafiə edirlər. Türkiyənin isə bu məsələdəki prinsipial mövqeyi bəllidir.

Keçən həftə ABŞ hava qüvvələrinin Kobanidə İŞİD mövqelərinə zərbə endirdikləri bir zamanda paralel olaraq bölgə üçün başqa bir mühüm görüşmə də keçirilirdi. Dəmirtaşın aracılığı ilə PYD lideri Salih Müslim Ankaraya dəvət edilmişdi. PYD türkiyədən silah və sursat yardımı xahiş edirdi. Ankaranın isə iki tələbi var idi: silah və sursat istəyirsinizsə, Əsəd rejiminə qarşı mövqe qoyun və Azad Suriya Ordusuna qoşulun; Suriyadakı daxili savaşdan istifadə edərək Türkiyə ilə sərhəd bölgədə muxtariyyət elan etməkdən vaz keçin, əks halda, Türkiyə bunu dövlət maraqlarına təhdid kimi qiymətləndirəcək.

Və nəticədə ortada maraqların toqquşması fonunda çox qarışıq bir mənzərə yaranır. Türkiyənin hədəfi Əsədin getməyidir. ABŞ isə xarici işlər nazirinin mətbuat attaşesi Jen Psakinin dili ilə artıq Əsəddən daha qabaq İŞİD probleminin həllində maraqlı olduqlarını bildirdi. Ankaranın fikrincə isə, problemin qaynağı Əsəddir, İŞİD sadəcə simptomdur. Və beləliklə: Ankara Əsədi istəmir və Azad Suriya Ordusunu dəstəkləyir; ABŞ ilk növbədə İŞİD-i istəmir və buna görə də Əsədlə müttəfiq olan PYD-yə hava zərbələri ilə dəstək verir; PYD Əsədi istəyir, İŞİD-i istəmir, lakin Türkiyədən də dəstək umur; İŞİD isə bunların heç birini istəmir…

Bax belə bir qarışıq mənzərə yaranır…

Oxumağa davam et
Reklam
Reklam

Gündəm