• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bir gün eşidərsən Şakir də getdi…

  • Digər
  • 21 Oktyabr 2014 15:20
  • 1 049 Baxış
Bir gün eşidərsən Şakir də getdi…

İşdən tez çıxdığım axşamlar yolda mütləq İctimai radionun efirində “Telli saz” verilişini dinləyirəm.
Verilişin aparıcısı köhnə bir tanışımdır- Şakir Nadiroğlu.

Şakir Nadiroğlunu AXCP-dən tanıyıram, hər zaman qarşılıqlı hörmətimiz olub bir-birimizə.
Yaşca məndən böyük olduğundan “Şakir abi” deyərdim ona.

Şakir abi məndən, mənimlə yaşıd olanların çoxundan fərqli olaraq evli idi, ailə, uşaq saxlayırdı. Evləndirəcəyi oğlu, köçürəcək qızı vardı, bildiyim qədər. Amma mənim kimi, mənimlə yaşıd olanların çoxu kimi maddi sıxıntıları vardı.

Bütün maddi sıxıntılara rəğmən, “hərəkatçı aurası”nın verdiyi təsəlli, “hakimiyyətə bu gün gələcəyik, sabah gələcəyik” vədlərinə inanaraq dözürdü. Ancaq Şakir abinin bu auraya, bu vədlərə niyə aludə olduğu qaranlıq idi mənə. Çünki iddiasız adamdı, zəhmetkeşdi, əgər bir gün AXCP iqtidara gələrdisə, heç bələdiyyə sədrinin müavini postunu da verəcək deyildilər ona. Bir gün Şakir abi iş axtarmağa başladı, ümumi tanışlarımız vasitəsi ilə “Avrasiya” qəzetinə korrektor düzəldi. Mənimlə orada az işlədi, çünki qəzet bağlandı, İrfan Sapmaz Azərbaycanı tərk edib öz ölkəsinə-Türkiyəyə qayıtdı.

“Avrasiya”da yenidən kəşf etdim Şakir abini. Zəngin söz ehtiyatına, folkloru dərindən bildiyinə valeh oldum.

Sonra uzun müddət görmədim onu, rastlaşmadıq. Lap bu yaxınlarda İctimai radionun efirində, “Telli saz” proqramında səsindən tanıdım.

Mənim kimi saz-söz həvəskarlarında kifayət qədər maraq yaratmış bir proqram ərsəyə gətirib, verilişində el aşıqlarnı ağırlayır, xalq dastanlarından söz açır, “Dilqəmidən-müxəmməs”ə havalar təqdim edir.
“Telli sazı” dinlədikcə düşünürəm hər dəfə: nə yaxşı, Şakir abi AXCP-dən uzaqlaşıb, öz yolunu tapıb, həm min illər boyu toplanmış mənəvi xəzinəmizi gün işığına çıxarmaqla xalqın ruhunu oxşayıb, həm də evinə, ailəsinə sabit qazanc aparır.

Nə qədər adam vardı AXCP-də Şakir müəllim kimi... Onlar sözün əsl mənasında, ömürlərini, potensiallarını, hətta ailələrinin ruzisini belə qurban verirdilər irreal mühitə. Fəqət o mühitdə qazananlar vardı, müxalif ola-ola nazir səviyyəsində yaşayanlar, mülk tikdirənlər, oğlunu-qızını xaricdə oxudanlar vardı. Azərbaycanda yeni ilin yaxşı qarşılanmadığını əsas götürüb Avropada Noel gecəsi keçirənlər vardı.
Ancaq Noelin işığı zaman-zaman qaranlıq işlərinin üstünə düşdü. Adamlar bir-bir, iki-iki, beş-beş, on-on, Əbülfəz Elçibəyin ölümü ərəfəsində isə on minlər birdən tərk etdi Əli Kərimlini.

Üzdə, arxada hər gedənə bir şəbədə qoşdular, kimini siyasi hakimiyyətə, kimini Milli Təhlükəsizlik nazirliyinə bağladılar, birinə “iradəsi zəif”, digərinə “tamahı güclü” dedilər.
Hamı, hər kəs suçlu oldu, əqidəsiz, prinsipsiz, qeyri-sabit, satqın oldu.

Bircə Əli Kərimli özündə, yanında qalanlar isə Əli Kərimlidə “bir günah tapa” bilmədilər.
Ay dolandı, il keçdi, gün bu gün oldu, bir də baxdıq, rəhmətlik Mahir Səmədov demiş, AXCP-də bir Əli Kərimli qalıb, bir də matros Faiq.
Hətta...

Hətta 1989-cu ildə AXC-nin qurucularından olan, bir illik iqtidar dönəmində bir neçə ay Füzulidə icra başçısı işləmiş Şakir Abbasov da bu günlərdə tərk etdi AXCP-ni.
Bu Şakir ayrı adamdır, yuxarıda sözünü etdiyim şəxs deyil.

Ancaq elə onun da istefasının üzə çıxardığı bir məqam var.

Lider olmaq, təşkilata insanlar cəlb etmək və onları qorumaq, komanda kimi çıxış etmək üçün öndə gedən mütləq, el dili ilə desək, kölgəsi qalın adam olmalıdır.

Şakir Abbasovun bütün açıqlamalarından aydın görünür ki, onun AXCP-dən istefasında iqtidarın hər hansl rolu yoxdur. Zatən, Şakir Abbasov iqtidar üçün maraqlı fiqur da deyil.
Sadəcə, o, bir “veteran cəbhəçi” kimi lazımdı AXCP-yə.

Ancaq Şakir Abbasovu belə təşkilatda saxlaya bilmədilərsə, deməli, Əli Kərimlinin liderlik keyfiyyətlərini bir daha incələməyə gərək var.

Doğrudanmı, ətrafındakı samballı, bacarıqlı, işgüzar adamları itirən sədrin heç bir suçu yoxdur?
O adamların bir çoxu indi partiya sədridir, deputatdır, başqa təşkilatlarda ikinci-üçüncü fiqurdur, siyasi elitada önəmli isimlərdir.

O adamların bəziləri indi bir nazirliyin, dövlət komitəsinin yükünü çiynində daşıyan məmurdur, bəziləri aylıq dövriyyəsi ən azı yarım milyon manat olan şirkətlərin rəhbəri, ortağıdır.

Demək ki, istedadız, qabiliyyətsiz, dövlətə, cəmiyyətə, özünə və ailəsinə faydasız deyilmiş o adamlar.
Sadəcə, Əli Kərimlinin yanında olanda enerjiləri bir heçə sovrulurmuş, sosial entropiyanın girdabında çabalayırmışlar.

“Şakir”, bildiyim qədər, “şükr edən” deməkdir.

Məncə, Şakir Nadiroğlu kimi Şakir Abbasov da məhz bundan şükr edəcək.

Şükr edəcək ki, çox gec olsa da, Elçibəydən əsər-əlamət qalmamış AXCP-dən canımı qurtardım.
Mən isə sizlərə söz verirəm, işdən tez çıxdığım günlərin birində Şakir Nadiroğluna telefon açacam, abimdən rica edəcəm ki, “Telli saz”da bir “Yurd yeri” havası səsləndir.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR