• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bu toplumu özbaşına buraxsan...

  • Digər
  • 26 Oktyabr 2014 23:48
  • 704 Baxış
Bu toplumu özbaşına buraxsan...

Axır ki, dövlət işə qarışmağa məcbur oldu... Başqa yol qalmamışdı.

Sarsıntı yaradan etirafdır, amma fakt budur ki, camaatımız əksərən özü-özünü idarə edə bilmir, ölüsünü basdırmağı, dirisini evləndirməyi bacarmır.

Əsəbi səslənsə də deyəcəyəm. Belə mazoxist toplumlar dünyada hələ ki var: özü üçün “adət-ənənə” adlı məişət faciələri yaradıb, onların əsirinə çevrlirlər.

Elçilikdən gərdəyə qədər on-on beş biabırçı, xərcli-xəsarətli, zülüm-zillətli, saxta mərhələlərdən keçən toyçuluq, qəbiristanlıqlarına qəsəbə memarlığı gətirilən, hər ölüdə 40 gün olmaqla, ömrü hüzür çadırlarında çürüdən yasçılıq...

Hələ on il qabaq Naxçıvanda Vasif Talıbov “qeyri-standart” görünən addımlarıyla camaatın müəyyən hissəsinin bəzi “adət-ənənə” kaprizlərini “tapdalamağa” başlayanda ona bir yazıda təşəkkür eləmişdim. Ardını arzulamışdım.

Amma görünür, “insan haqları”, “şəxsi azadlıqlar”-zad mənasında qınağa tuş gəldiyindən, o da bu savab işi axıracan aparmadı, həvəsdən düşdü sanki.

Ay qardaşlar, hələ ki, nə “haqq”, nə “şəxsi azadlıq”?! Azad yaşaya bilməyən topluma belə azadlıqmı vermək olar? Avtobusa minə bilməyən, metrodan düşə bilməyən, maşını öz yoluynan sürə bilməyən, diniliyi, kiçik istisnalarla, saqqalda, dünyəviliyi ağsaqqalda ilişib qalan toplumu özbaşına buraxmaqmı olar?!

Bildiyimə görə, on doqquzuncu əsrin ortalarında Kaliforniyada dövlət hakimyyəti ümumiyyətlə olmayıb. Nədən ki, bu ştat müharibənin gedişində Meksika ittifaqıyla birləşdirilmişdi və elə o vaxt rayonlarının birində qızıl yataqları tapılmışdı. Onunçün da Federal Mərkəz Kaliforniyada heç cür nəzarət yarada bilmirdi ki, bilmirdi. Qubernator da təyin olundu, federal qoşunlar da gəldi, amma bir həftə keçməmiş onlar da dövlət işlərini tullayıb getdilər özləriyçün qızıl arıtlamağa.

Və düz 15 il Kaliforniyada nə federal, nə də regional hakimiyyət olmadı. Həyat isə gedirdi. Adamlar özləri müxtəlif formalarda təşkilatlanır, mülkiyyət, mənəviyyat, məişət məsələlərindən tutmuş cinayətkarların cəzalandırılmasınadək, bütün problemləri həll eləyə bilirdilər.

Bəli, onlar eləyə bilirdilər. Amma biz eləyə bilmirik axı.

Boş söhbətdir – bu məsələlərin heç biri “sistemin günahı” deyil. Bu məsələlər, məsələn, dinsizliyin əsas ideoloji xəttlərdən biri olan Sovet sistemində belə oğrun-oğrun, oğru-oğru zəncir vuran, pirə-zada gedən toplumun şəxsi qüsurudur. Ya tarixi proseslərdən gəlmədir, ya da mədəni-mental “yaradılışıdır”, hər nədirsə, hakimiyyət, sistem zdes ne priçom. Koreya arqumentini unudun getsin, istisnalar ana qaydanı dəyişmir, bir-iki fraqmentlə ümimi gedişata qiymət verməzlər.

İndi nə görürük? Hiss olunur ki, xeyir-şərlə bağlı son xilas tədbirlərində hökumət özünü həm də çox ehtiyyatlı aparır. Məsələn, Mübariz Qurbanlı deyir ki, biz inzibati qaydada heç nə eləmək istəmirik, bütün bunlar yalnız camaata tövsiyə xarakterlidir.

Başadüşüləndir. Mübariz müəllimi anlayıram, di gəl, eyni zamanda da anlamıram.

Nədən çəkinirsiz axı? Xalq gözgörəti mədəni-mənəvi uçurum qarşısındadır. Saxta qeyrət mentallığının bıçaqlaşmalarından, başkəsmələrindən tutmuş “zerkalnı nömrə” gerizəkalılığının başgicəlləndiməsinəcən – toplum özünü buraxmış vəziyyətdədir.

Belə hallarda bir yol qalır: dəyənək! Yəni dövlət heç nədən çəkinmədən “qanun çərçivəsində” topluma zor tətbiq eləməyə başlamalı! Onun zibili balkondan tullamasından tutmuş ictimai yerlərdə davranışınacan, hərəkət qabalığından tutmuş səs qabalığınacan – bütün "xəritəsi" nəzarətə götürülməlidir.

Bu cəza dəyənəyi deyil ki. Milli, dini, mənəvi, mental pafosun girdabında özünənəzarəti itirmiş bir toplumu vurmalısan ki, diksinsin, ayılsın.

Bir az radikal olmaq, lap polislərin sayını artırmaq lazımdır. Dolayı yolla, hansısa başqa məqsəd və ad altında gizlədilmiş şəkildə güc strukturlarında mədəni səviyyə məsələlərini tənzimləyən əlavə quruluş yaratmaq lazımdır. Yeri gəlsə, lap səs polisi, təmizlik polisi “xırdalıqlarınacan” getmək lazımdır. Dünyanın başqa ölkələrində polisdə belə bölgü rəsmi şəkildə olmasa da, şərti şəkildə var axı. Məsələn, səhv eləməsəm, Londonda taksiləri “Taksi!” qışqırıb çağıranlar 100 dollar cərimə ödəməlidirlər. Sinqapurda metroda saqqız çeynəmək, tualetdən istifadədən sonra unitaza su buraxmamaq ciddi cəzalandırılır.

Fəlakət həddindəyik. Camaatın həyat tərzinin tənzimlənməsi, toplumun “qanun çərçivəsində” zor gücünə ağıllandırılması indi hökumətin əsas işinə çevrilməli.

Nədən ki, bu, indiki vəziyyətimizdə milli təhlükəsizlik məsələsidir.

Həə, siz Allah, bu yerdə kimsə maarifçilikdən-zaddan danışmasın. Biz hələ ki, nə qədim yunanlarıq, nə də indiki yaponlar. Qoy oturmuşuq.

Bunu isə elə-belə yazıram. Buddizmin Yaponiyada yaranmış Dzen-Buddizm qolunda belə hallar vardı: bir də görürdün ki, əl ağacı ilə şəyirdi kötəkləmək ən böyük həqiqəti açırdı. Bir dəfə Dzen müridi müəllimdən soruşur: Dzendə ən böyük həqiqət nədir? Müəllim cumub onu boğazlayır və boğa-boğa başlayır qışqırmağa: “De! Özün de görüm!” Müridin gözləri bərəlib, boğazından xırıltı gələndə müəllimi əlini çəkir. Bir az keçir, mürid özünə gəlir və birdən onda illərcə gözlədiyi “satori”, yəni şüurunun Dzen həqiqətiylə nurlanması baş verir.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR