BAXCP bələdiyyə seçkiləri ilə bağlı qərar verdi
Bizi izləyin

Digər

BAXCP bələdiyyə seçkiləri ilə bağlı qərar verdi

Ali Məclis partiya üzvlərinin bələdiyyələrə fərdi qaydada öz namizədliklərini irəli sürmələri ilə bağlı qərar qəbul edib

Qüdrət Həsənquliyev: “Üzvlərimiz bu seçkilərə qatılmalı və seçilmək üçün mübarizə aparmalıdırlar

Noyabrın 2-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin növbəti sessiyası keçirilib. Partiyanın mətbuat xidmətinin məlumatına görə, dövlət himninin oxunmasından sonra məclis iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin və Milli Azadlıq Hərakatının lideri, eks-prezident Əbülfəz Elçibəyin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Ali Məclisin sədri Teyyub Qənioğlu gündəlikdə duran məsələləri məcliş iştirakçılarının diqqətinə çatdırıb və birinci məsələyə - rayon təşkilatlarından Ali Məclisə yeni seçilmiş üzvlərin səlahiyyətlərinin təsdiq edilməsinə münasibət bildirmələrini xahiş edib. Rayon təşkilatlarından Ali Məclisə yeni seçilmiş üzvlərin səlahiyyəti yekdilliklə təsdiq olunduqdan sonra ictimai-siyasi vəziyyət və partiyanın qarşısında duran vəzifələr haqqında danışmaq üçün söz BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevə verilib.

BAXCP sədri çıxışına Ali Məclisə yeni təsdiq olunan üzvləri təbriklə başlayıb: “Əziz bəylər və xanımlar, hər birinizi xoş gördük. İlk öncə yeni seçilmiş Ali Məclis üzvlərini təbrik edirəm, onlara fəaliyyətlərində uğurlar arzulayıram. Ümid edirəm ki, onlara göstərilmiş etimadı doğruldacaqlar və BAXCP-nin Ali Məclisinin üzvü kimi şərəfli adı layiqincə daşıyacaqlar. Həm də fəaliyyətlərilə partiyamızın nüfuzunun artmasına töhfələrini vermiş olacaqlar. BAXCP özünün fəaliyyətilə Azərbaycan siyasətinə bir çox yeniliklər gətirmiş partiyadır. Biz hər zaman konstruktiv mövqeyimizlə, məsələlərə prinsipial yanaşmamızla, mili maraqları, ölkənin maraqlarını hər şeydən üstün tutmağımızla seçilən və seçilmiş partiya olmuşuq. Bundan sonra da partiyamızın fəaliyyəti bu istiqamətdə davam etdiriləcək. Siz özünüz də ölkədəki ictimai–siyasi vəziyyəti təhlil etdikcə görürsünüz ki, bizim vaxtilə sərgilədiyimiz siyasi kurs nə dərəcədə xalqımızın maraqlarına cavab verir. Mən əminəm ki, hələ bundan sonra çoxları bizim bəyan elədiyimiz siyasi kursun alternativinin olmadığını görəcəklər”.

BAXCP sədri çıxışında hər zaman olduğu kimi yenə də Dağlıq Qarabağ məsələsinə geniş yer ayırıb: “Qağlıq Qarabağ probleminin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupu faktiki bu günə kimi heç nəyə nail olmayıb. Çünki bu qurumda təmsil olunan Fransa Azərbaycanın iradəsinə zidd olaraq həmsədr kimi təyin olundu. ABŞ və Fransada güclü erməni diasporası var. Onlar ona görə heç vaxt Azərbaycanın maraqlarını müdafiə etməyəcəklər. Rusiya isə Ermənistanın hərbi-siyasi müttəfiqidir, həm də konfliktin arxasında dayanan və problemin həll olunmasının qarşısını alan əsas ölkədir. Ona görə də biz söyləyirdik ki, bu məsələdə Rusiya ilə razılıq əldə etmədən, problemin sülh yoluyla həlli mümkün deyil. Ya problemin həllində Rusiyanı razı salmağa nail olmalıyıq, ya da silahlı qüvvələrimizi daha da gücləndirib torpaqlarımızı işğaldan azad etməliyik. Nəzərə almalıyıq ki, müharibə başlayacağı təqdirdə Rusiya və İran da Ermənistana yenidən çox fəal şəkildə kömək edə bilər. Ancaq buna baxmayaraq, Ermənistan da bilməlidir ki, ona kimin kömək etməsindən asılı olmayaraq müharibə başlayarsa Ermənistan bir dövlət kimi məhv olacaq. Bunun üçün də Azərbaycan hərbi xərclərini artırmalıdır. Düzdür bu gün Azərbaycanın hərbi xərcləri Ermənistanın ümumi büdcəsindən çoxdur. Ancaq nəzərə almalıyıq ki, biz təkcə Ermənistan silahlı qüvvələrilə vuruşmayacağıq. Gümrüdə Rusiyanın hərbi bazası var. Bu baxımdan Ermənistana bəzi qonşu dövlətlərin açıq, bəzilərinin isə gizli verəcəyi dəstəyi nəzərə almalıyıq. Azərbaycan hərbi xərclərini kəskin şəkildə artırmalıdır. Buna böyük ehtiyac var. Yalnız bu halda ədalətli sülhə nail ola bilərik”.

Qüdrət Həsənquliyev ölkəmizin həyatı üçün mühüm əhəmiyyət daşıyan məsələ-sosial islahatlardan da danışıb: “Təhsildə köklü islahatlara, yeniliklərə nail olmaq üçün birinci xarici ölkələrə göndərilən tələbələrin sayı kəskin şəkildə artırılmalıdır. Dəfələrlə məsələ qaldırmışam ki, xarici dillərin öyrənilməsi üçün xüsusi dövlət proqramına ehtiyac var. Bakı şəhərində rus dilini bilən gənclərimiz rus dili vasitəsilə Avropa dillərini daha asan öyrənə bilirlər. Azıərbaycan məktəblərində oxuyan uşaqların xarici dilləri öyrənməsi olduqca çətindir. Çünki bunun üçün normal dərs vəsaitləri yoxdur. Xarici dillərin öyrənilməsi ölkəmizin inkişafı və dünyada layiqli yerini tutması baxımından çox vacibdir.

Dəfələrlə bildirmişəm, yenə də bu fikirdəyəm ki, universitetlər müxtəlif dar bir sahə üzrə mütəxəssis yetişdirmək üçün fəaliyyət göstərməmilidirlər. Universitetlər həm də ziyalı yetişdirməlidirlər. İndiki halda riyaziyyata hazırlaşan uşaq Azərbaycanın tarixiyə bağlı elementar məsələləri bilmir. Eyni zamanda da digər fənləri. Bunun səbəbi uşaqların yalnız seçdikləri ixtisas üzrə imtahan verəcəkləri fənləri öyrənmək üçün repititor yanında hazırlaşmaları və dərslərdən yayınmalarıdır. Beləliklə, ziyalılarımız yarımçıq formalaşır. Bazar iqtisadiyyatına keçən ölkədə bu qədər dövlət universitetləri olmamalıdır. Xüsusi təyinatlı akademiyalar istisna olmaqla, bütün ali təhsil müəssisələri özəlləşdirilməlidir”.

BAXCP lideri imkansız ailələrə təhsil kreditləri verilməsinin əhəmiyyətini xüsusi olaraq qeyd edib: “Bu kreditlər də 25-30 illiyə verilir. Bəzi ölkələrdə bu kreditlər üzrə faiz dərəcələri tutulmur. Məqsəd də gənclərin yüksək təhsil alması və gələcəkdə həmin kreditlərin geri qaytarılmasında maraqlı olmalarıdır. İmkanlı adamlar isə öz uşaqlarının təhsil haqqını kredit götürmədən də ödəyə bilərlər. Dövlət isə müəyyən kateqoriyadan olan tələbələrin təhsil haqqını ödəyə bilər. Bu təcrübə xaricdə də var”.

Səhiyyə ilə bağlı məsələyə də toxunan Qüdrət Həsənquliyev partiyanın mövqeyini bir daha sərgiləyib: “Dövlət xəstəxanaları özəlləşdirilməlidir. Çox böyük vəsaitlər hesabına nə qədər xəstəxanalar tikilir, ancaq müəyyən müddətdən sonra baxımsızlıq üzündən həmin xəstəxanalar pis vəziyyətə düşür. Çünki həmin xəstəxanaların baş həkimləri orada özlərini müvəqqəti şəxs hesab edirlər. Xəstəxanalar özəlləşdirilməli, vətəndaşlar isə icbari tibbi sığortaya cəlb olunmalıdırlar”.

BAXCP sədri vurğulayıb ki, Azərbaycan parlamentli respublika modelinə keçməlidir: “Hökuməti parlamentdə qalib gəlmiş partiya formalaşdırılmalıdır. Parlamentli respublikalarda kəskin debatlar, hakimiyyət böhranı ola bilər, ancaq ağır nəticələrlə müşayət olunacaq qarşıdurmalar mümkünsüzdür. Biz siyasi partiyaların bir institut kimi inkişafı üçün proporsional seçki sisteminin bərpa olunmasının tərəfdarıyıq. O ölkədə ki, güclü siyasi partiya yoxdur, o ölkədəki parlamentdə aiditoriyalarda müzakirələr, diskussiyalar və fikir çəkişmələri yoxdur, o halda dini ekstremizm üçün çox gözəl şərait yaranır”.

Dekabrın 23-də ölkəmizdə bələdiyyə seçkilərinin keçiriləcəyini xatırladan Qüdrət Həsənquliyev bildirib ki, BAXCP İdarə Heyətində bu məsələ müzakirə olunub: “Üzvlərimiz bu seçkilərə qatılmalı və seçilmək üçün mübarizə aparmalıdırlar. Sizə bu seçkilərdə uğurlar arzulayıram”.

BAXCP liderinin çıxışından sonra Ali Məclisin sədri Teyyub Qənioğlu son 3 ay ərzində görülən işlər barədə məlumat verib. Teyyub Qənioğlu partiya üzvlərini bələdiyyə seçkilərində fəal iştirak etməyə, təşkilatlanma prosesinə diqqətlə yanaşmağa çağırıb.

Daha sonra BAXCP-nin ictimai-siyasi əlaqələr üzrə katibi Niyaməddin Orduxanlı, elm və təhsil məsələləri üzrə katib Vaqif Abışov rəhbərlik etdikləri sahələr üzrə fəaliyyətlərindən söz açıblar.

BAXCP-nin baş katibi Söhrab Abdullayev Ali Məclis üzvlərinə partiyanın bələdiyyə seçkilərində iştirakı ilə bağlı İdarə Heyətinin tövsiyyələrindən danışıb. Söhrab Abdullayev qeyd edib ki, aparılan müzakirələr nəticəsində BAXCP üzvlərinin öz namizədliklərini müvafiq bələdiyyələrə fərdi qaydada irəli sürmələri məqsədəuyğun hesab olunub: “BAXCP Ali Məclisi xeyli öncə bələdiyyə seçkilərində iştirakla bağlı qərar qəbul edib. İndi isə iştirakın forması barədə qərar qəbul etməliyik”.

Söhrab Abdullayevin çıxışından sonra BAXCP Ali Məclisi partiya üzvlərinin bələdiyyələrə fərdi qaydada namizədliklərinin irəli sürülməsi ilə bağlı qərar qəbul edib.

Ali Məclisin sessiyasında BAXCP-nin təşkilati işlər üzrə katibi Bünyamin Qəmbərli, İdarə Heyətinin üzvü Hüseynağa Qəniyev və digər Ali Məclis üzvləri BAXCP sədrinin çıxışı ətrafında fikirlərini səsləndiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm