Aşura bu gün
Bizi izləyin

Digər

Aşura bu gün

FAKT

"Bu gün Məhərrəm ayının 10-cu günü, "Aşura günü"dür. Bu gün əksər müsəlman ölkələrində xüsusi dini mərasimlə qeyd edilir, inanclı insanlar əza saxlamaqla Kərbəla şəhidlərini yad edirlər".

ŞƏRH

Əgər bir tarixi hadisənin ildönümü 14 əsrdən sonra da qeyd olunursa, demək ki, həmin hadisədə mühüm məqamlar var. Aşura gününün tarixi ilə bağlı ötən yazımızda müəyyən qədər məlumat verdik. Dövlətin bu günü qeyri-iş günü elan etdiyi təqdirdə tərəf kimi qəbul olunacağına görə, bu addımı atmamaqda doğru qərar verdiyini qeyd etdik. Zatən ölkədə hər kəs inancına uyğun olaraq başqalarına zərər vermədiyi təqdirdə istədiyi ayini, ritualı yerinə yetirə bilir.

Aşura İslam dünyasında mühüm ayrılığın başlandığı gündür.

Biz Kərbəla hadisəsinə, xilafətin sahibliyi davası kimi baxsaq, İmam Hüseynin tərəfdarlarına haqq verməliyik. Çünki bu hakimiyyət məsələsinə biz müasir dönəmin prinsipləri ilə deyil, məhz VII əsr feodal-patriarxal quruluşun tələbləri əsasında yanaşmalıyıq. Hz.Hüseyn peyğəmbərin nəslindən idi, ərəb dövlətini o qurduğuna görə, ondan sonra hakimiyyətdə onun nəsli olmalı idi.

Biz Kərbəla hadisəsinə zülm və ədalət çərçivəsindən baxsaq, qarşı tərəfdə hər cür ədalətsizliyi, mənəviyyatsızlığı təmsil edən I Yəzid, digər tərəfdə isə ona baş əyməyərək 72 tərəfdarı ilə birgə mübarizə aparan Hz.Hüseyn dayanırdı.

Bu gün də İslam dünyasının parçalandığı ərazi yenə də Kərbəlanın yerləşdiyi İraqdır.
Bu gün İraqda və Suriyada I Yəzid kimi xilafət yaratdığını deyən xəlifə Əbu Bəkr Bağdadi və tərəfdarları hər gün baş kəsir, müsəlmanları, türkmənləri yurd-yuvalarından didərgin salır, qadınları qul kimi bazara çıxarır.

Məsələn, elə dünən internetdə yayılan İŞİD-ə aid videoda deyilir: "Bu gün qul bazarı günüdür. Hər kəs payını götürəcək. Hər kəs aldığı qula istədiyini edə bilər. Kim köləni satmaq istəyirsə, mən alıram".

Nə o zaman Yəzidi Qərbin iri gücləri yaratmışdı, nə də bu gün Bağdadini kimsə ortaya atıb. Doğrudur, İŞİD-dən başda İngiltərə, ABŞ, Rusiya olmaqla bölgədə marağı olan bütün super güclər istifadə edir, amma onun hərbi və insani gücünün artmasında bölgə xalqlarının inancı və mentaliteti də əsas rol oynayır.

Üstəlik islam və ərəb dövlətləri də İŞİD-dən yararlanmağa, bölgənin bölüşdürüləcək neft payından çıxar əldə etməyə çalışırlar.

Nədən bu qədər müsəlman ölkəsi, İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqasi İraqdakı, Suriyadakı hadisələri həll edə bilmir? Çünki Yəzid dönəmindən ərəblər arasında başlayan təfriqə bu gün də davam edir, sabah da davam edəcək.

Ümumiyyətlə, bugünkü dönəmdə İslam ölkələrinin çoxuna etibar etmək mümkün deyil. Təkcə İranın timsalında məzhəbi bir olduğu iddia edilən ölkənin uzun illərdir Ermənistandan yana tutduğu mövqe hər birimizə bəllidir.

Qəribədir ki, dünyada Aşuranın geniş qeyd olunduğu ən böyük ölkə də İrandır...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm