• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İspan deputat: “Bu soyqırımı törədənlər mütləq cəzalandırılmalıdır” – FOTOLAR

  • Digər
  • 8 Fevral 2014 23:19
  • 1 005 Baxış
İspan deputat: “Bu soyqırımı törədənlər mütləq cəzalandırılmalıdır” –  FOTOLAR

Ölkəmizdə səfərdə olan İspaniya parlamentinin üzvlərindən ibarət Azərbaycanla qeyri-formal dostluq qrupunun rəhbəri Xose Maria Çikoyonun Publika.Az-a eksklüziv müsahibəsi:

-Azərbaycanda olmaq sizin üçün necədir?

-Mən Azərbaycanda artıq 7-ci dəfədir ki, oluram. Azərbaycana ilk səfərimdən bəri ölkəniz çox dəyişib və inkişaf edib. Mən Azərbaycanda, paytaxt Bakıda böyük inkişafı görürəm. Bu səfər mənə çox xoş təsir bağışladı və maraqlı oldu.

-Səfərinizin əsas məqsədi nədir?

-Bakıya səfərimiz zamanı biz Azərbaycan nümayəndələri ilə keçirdiyimiz bütün görüşlərdə qeyd etmişik ki, səfərimiz tanışlıq məqsədi daşıyır. Biz Azərbaycan haqqında məlumatları İspaniya ictimaiyyətinə, parlamentinə və hökumətinə çatdıracağıq.

-Səfər zamanı Dağlıq Qarabağ münaqişəsini də müzakirə etdiniz. Bu münaqişə ilə bağlı ölkənizin mövqeyi nədən ibarətdir?

-2012-ci ildə Madriddə də bizim görüşümüz olmuşdu. O vaxt Azərbaycan parlamentinin bir qrup deputatı Madridə səfər etmişdi. O zaman da keçirdiyimiz görüşdə biz Dağlıq Qarabağ münaqişəsini müzakirə etmişdik. Bu səfərimizin də əsas məqsədi odur ki, Azərbaycanın sosial, iqtisadi, siyasi və mədəni vəziyyəti haqqında ətraflı məlumata malik olaq, ölkənizi daha yaxşı tanıyaq.

Dağlıq Qarabağ münaqişəsi 20 ildən çoxdur ki, həll olunmayıb. Bu illər ərzində haqq-ədalət bərpa olunmayıb.BMT-nin qəbul etdiyi 4 qətnamə hələ də icra olunmamış qalır. Biz bu qətnamələrin icrasına və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdarıq. Bu münaqişə nəticəsində Azərbaycan əhalisinin xeyli hissəsi qaçqın vəziyyətinə düşmüşdür. Bu, dözülməzdir. Unutmayaq İspaniya dünyada insan hüquqlarını ən fəal müdafiə edən dövlətlərdən birirdir. Biz öz yurdlarından didərgin düşən və bir çox sahələrdə hüquqları pozulan Azərbaycan vətəndaşlarının öz doğma yurdlarına qayıtması üçün əlimizdən gələni əsirgəməyəcəyik. Biz bu işğala son qoyulmasını, insan hüquqlarının təmin olunmasını və regionda, o cümlədən Azərbaycanda sülhün təmin olunmasını arzu edirik.

Əgər BMT-nin qəbul etdiyi 4 qətnamə yerinə yetirilərsə, o zaman müharibəyə ehtiyac qalmaz. Hesab edirəm ki, münaqişənin həlli üçün də ən yaxşı çıxış yolu məhz odur ki, BMT-nin qəbul etdiyi qətnamələr icra olunsun.Biz bu münaqişə haqqında ətraflı məlumatı öyrənirik. Azərbaycandan qayıdandan sonra isə ölkəniz haqqında, o cümlədən işğal olunmuş torpaqlarınızla bağlı həqiqətləri İspan xalqına və hökumətinə çatdırılacaq.

-Azərbaycanda da İspaniyaya maraq var. Xüsusilə də İspaniya futbol klubları Azərbaycanda maraqla izlənilir. Bizim üçün də maraqlıdır, siz hansı kluba azarkeşlik edirsiniz?

-Təbii ki, İspaniyanın futbol klubları olan “Real Madrid”, “Barselona”, “Valensiya” və digərləri dünyada olduğu kimi, Azərbaycanda da sevilə bilər. Bu, təbii haldır. Bizim keçirdiyimiz görüşlərin də əsas məqsədi odur ki, İspaniya-Azərbaycan arasında həm idman, həm siyasi, həm mədəni, həm də digər sahələrdə münasibətlər yüksəlsin. Əlaqələrimizin genişlənməsi gələcəkdə futbol sahəsində də əməkdaşlığa yeni imkanlar açacaq.

Ümumiyyətlə, biz Azərbaycandan yeni layihələr və təkliflər gözləyirik.

-Bəs siz hansı klubun azarkeşisiniz?

-Mənim sevimli futbol klubum var və bu,”Valensiya”dır. Mən “Valensiya” klubunun azarkeşiyəm.

- Azərbaycanla bağlı sual vermək istəyirəm. Bu ayın 26-da ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımının növbəti ildönümü anılacaq. Ümumiyyətlə, Xocalı soyqırımı haqqında siz və ispan xalqı nə qədər məlumatlıdır?

- Əlbəttə ki, Xocalı haqqında mənim məlumatım var. Mən katolikəm və dünyanın istənilən yerində günahsız insanlara, ən əsası da körpə uşaqlara, qocalara və qadınlara qarşı törədilən bu cür vəhşiliklərə heç cür haqq qazandırmaq mümkün deyil. Bu soyqırımı törədənlər mütləq qanunlar qarşısında cəzalandırılmalıdır.

Vasif Həsənli

Fotolar: Nuron

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR