
Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsin xalq arasında populyarlığı ilə yanaşı, həyatındakı qeyri-adi olaylarla da yaddaşlarda iz buraxıb. Hətta dövlət başçısı olduğu dövrdə də prezident statusuna uyğun olmayan ağlasığmaz hərəkətləri ilə insanları təəcübləndirməyi bacarıb.
Modern.az saytının məşhur dövlət xadimləri
haqqındakı silsilə yazılarından növbətisi Boris Yeltsinə həsr
olunub.
Məktəb illərində Yeltsin dərslərindən əla qiymətlər alsa da,
dəcəlliyi ilə öz həmyaşıdlarından fərqlənib. İl boyu müəllimlərlə
yola getməyən gələcək prezident davranışına görə yeddinci sinifdə
oxuyarkən məktəbdən xaric olunub. Sonradan ağıllı olacağına söz
verən məktəbli Boris yenidən təhsilini davam etdirib və orta
məktəbi bütün fənlər üzrə əla qiymətlərlə bitirib.
Uşaqlıqda dəcəlliyinin ucbatından Yeltsin sol əlinin iki barmağını da itirib. Belə ki,
həmyaşıdları ilə birgə hərbi anbarın ətrafından tapdıqları qumbara
onun əlində partlayıb. Bu səbəbdən də Yeltsin hərbi xidmətə
çağrılmayıb.
1955-ci ildə Ural Politexnik
İnstitutunu bitirdikdən sonra Yeltsin bir sıra tikinti idarələrində
çalışıb, əmək fəaliyyətində fərqlənən mütəxəssis kimi tanınıb və
bunun nəticəsi olaraq cavan yaşlarından partiya işinə keçərək
siyasi karyerasına başlayıb.
Boris Yeltsin kəskin çıxışları, bəyanatları ilə fərqlənən siyasətçi
olub. Məhz bu kəskin çıxışlarına, 1987-ci ilin noyabrında
Qorbaçovun siyasətini tənqid etdiyinə görə onu Moskva şəhər Partiya
Komitəsinin birinci katibi vəzifəsindən azad ediblər. Bunu
haqsızlıq kimi qəbul edən Yeltsin dəftərxana qayçısı ilə özünə qəsd
etmək istəyib.
1989-cu ildə yenidən siyasətə qayıdan Yeltsin 1991-ci ildə Rusiya
Federasiyasının ilk prezidenti seçilib.
İlk dəfə Amerika Birləşmiş Ştatlarına səfərə gedərkən özünü saxlaya
bilməyən Boris Yeltsin trapdan düşən kimi tualet əvəzinə təyyarənin
arxasına keçərək özünü “rahatlayıb”. Təbii ki, onu qarşılamağa
gələnlər bunu müşahidə ediblər. Yeltsin isə heç nə olmamış kimi
əlini yumadan belə onlarla çox mehribancasına görüşüb.
Ziyafətlərdə Yeltsinin ən çox sevdiyi əyləncələrdən biri
qaşıqları stola döycələyərək hansısa mahnının ritmini tutmaq
olub.
1992-ci ildə Qırğısıstanda səfərdə olarkən Boris Yeltsin öz sevimli
əyləncəsini Qırğızıstan prezidenti Əskər Akayevin başında
sınayıb.
Yeltsin hədsiz dərəcədə spirtli içkilərin aludəçisi olb. Rusiya qoşunlarının
Almaniyadan çıxarılması ilə bağlı bu ölkəyə səfəri zamanı Yeltsin o
qədər kefli olub ki, hərbi orkestrin qarşısından drijoru kənara
itəliyərək öz “maharətini” göstərib.
1995-ci ildə Amerika Birləşmiş Ştatlarında rəsmi səfərdə olarkən
gecədən xeyli keçmiş kefli vəziyyətdə olan Yeltsin alt paltarında
onun üçün ayrılmış iqamətgahdan çıxmaq istəyəndə mühafizəçilər
prezidentin qarşısını kəsib. Sonradan məlum olub ki, Rusiya
prezidenti pitsa almaq üçün çıxıb yolda taksi saxlatdırmaq
fikrindəymiş.
1991-ci ildə Rusiyada prezidentinin Yeni il münasibətilə ənənəvi
təbriki baş tutmayıb. Bu missiyanı həyata keçirməyi tanınmış
satirik Mixail Zadronova həvalə ediblər. Satirik əvvəlcə məsələnin
nə yerdə olduğunu anlamayıb. Ona başa salıblar ki, Yeltsin ciddi
məşğuldur. Zadronov gülümsəyərək deyib:
- Hə, indi anladım, “zapoy...”
Boris Yeltsin Krasnoyarskda olarkən vilayət rəhbərliyi onun
istirahəti üçün Yenisey çayında teploxodla gəzinti təşkil edib.
Dövlət başçısının vəziyyətinin “yaxşı” olduğunu görən prezidentin
mətbuat katibi Vyaçeslav Kostikov zarafatla Yeltsinə ilişməyə
başlayıb. Bundan hiddətlənən Yeltsin mühafizəçisinə əmr edib ki,
mətbuat katibini çaya atsınlar. Əmr dərhal icra olunub.
1992-ci ildə Rusiya hökuməti ilə Moskva hökuməti işçilərinin
arasında futbol turniri keçirilib. Yeltsin bu oyunda azarkeş
qismində iştirak edib. Oyun başlanandan bir neçə dəqiqə sonra
Rusiya hökuməti komandasının qapıçısı zədə alıb və oyunu davam
etdirə bilməyib. Qapıçını əvəz etmək problemi yarananda Yeltsinin
gözünə vaxtilə SSRİ yığmasının qapıçısı, tanınmış idman şərhçisi
Vladimir Masloçenko sataşıb. Yeltsin onun meydançaya çıxmasına
göstəriş verəndə Masloçenko etirazını bildirib:
- Boris Nikolayeviç, axı mən hökumətin strukturunda deyiləm.
Yeltsinin cavabı məsələyə son qoyub:
- Vladimir, mən səni bu gündən idman nazirinin müavini təyin
edirəm.
Əlacsız qalan Masloçenko meydançaya çıxıb. Amma sonradan ona təklif
olunan vəzifədən imtina edib.
1994-cü ildə Amerika səfərindən Rusiyaya qayıdarkən Boris
Yeltsin içkinin təsirindən bir-neçə saat təyyarədən çıxa bilməyib.
Elə bu səbəbdən də İrlandiyanın baş naziri ilə əvvəlcədən
planlaşdırılmış görüş vaxtında baş tutmayıb. Rəsmi qonaqlara isə
izah olunub ki, mühafizəçilərin günahı ucbatından Yeltsini vaxtında
yuxudan oyatmayıblar.
Boris Yeltsin hədsiz dərəcədə idman həvəskarı olub. Azerkeşlik
etdiyi komanda məğlub olanda hətta həkim müdaxiləsinə də ehtiyac
yaranıb. Özü isə ən çox voleybol və tennisoyunlarına üstünlük verib. Sol əlində iki
barmağının olmamasına baxmayaraq Yeltsin voleybol üzrə idman ustası
dərəcəsini alıb.
1999-cu ilin dekabrın 31-də günorta saatlarında Boris Yeltsin Yeni
il münasibətilə rus xalqını təbrik etdikdən sonra prezidentlik
müddəti başa çatmadan istefa verdiyini bəyan edib.