Stalinin şinelində Qızıl Meydana gəlmiş it
Bizi izləyin

Digər

Stalinin şinelində Qızıl Meydana gəlmiş it

İnsanların əhliləşdirdiyi ev heyvanlarından ən birincisi itdir. Alimlər qazıntılar zamanı əhliləşdirilmiş itlərin sümüklərini dəfələrlə aşkarlayıblar. Ən qədim sümüklər 10 min il əvvələ aiddir.

Beləliklə, itlər insanların ən qədim dostu sayılır. Həm də sadiq dostu. Bunu tarixi faktlar da sübut edir.

Xilasedici

İsveçrə muzeylərinin birində Barri adlı itin müqəvvası var. Bu it uzun müddət Alp dağlarında xilasedici işləyib.

Turizm mövsümünün pik vaxtında İsveçrəyə minlərlə insan axışır. Təbii ki, xilasedicilər qar uçqunları, yaxud digər təbii kataklizmlərə hazır olur. Bu mənada onların dəstəsindəki xüsusi öyrədilmiş itlərin böyük rolu olur.

Barri xilasedici itlərdən ən məşhurudur. O, 40-dan çox insanın həyatını xilas edib. Bir dəfə o, 10 yaşlı oğlanı qar altından donmuş halda tapıb. Uşağın üzü donmasın deyə onu yalayıb. Sonra uşağın üstünə uzanaraq xilasedicilər gələnədək onu bədəni ilə isidib.

Generalissimusun əmri

İkinci Dünya müharibəsində minaaxtaranlara itlər aktiv surətdə kömək edirdilər. Xüsusi öyrədilmiş itlərdən biri sovet tarixinə düşmüşdü. Onun adı Culbars idi.

Sovetlər ölkəsinin faşist işğalı altında olmuş bölgələrində, həmçinin almanlardan azad edilmiş Avropa ölkələrindəki şəhərlərdə Culbars 7000 mina, həmçinin 150-dən çox partlamamış aviasiya bombası aşkarlamışdı.

İyunun 24-də Moskvada keçiriləcək Qələbə paradına az qalmış mina partlaması nəticəsində Culbars yaralandı. Buna görə onun paradda hərbi itlərin cərgəsində iştirakı sual altına düşdü.

Bunu eşidən Stalin əynindəki şineli çıxardı. Qəhrəman iti parada generallisimusun şinelinə bükərək gətirdilər.

Kosmonavt

Digər maraqlı kuryoz isə Layka adlı itlə bağlıdır. Sovetlərin kosmosa göndərdikləri ilk raketlərin birində məhz Layka uçurdu.

Əvvəlcədən məlum idi ki, o, gedər-gəlməzə gedir, sağ qalma ehtimalı yoxdur. Bu zaman ABŞ-ın Missisipi ştatından bir qrup qadın BMT-yə şikayət etdi.

Onlar BMT-dən SSRİ-də heyvanlara qarşı qəddar münasibətə son qoymağı tələb edirdilər:

“İtlərə qarşı belə münasibət yolverilməzdir. Əgər kosmosa canlı məxluq göndərmək istəyirlərsə, buyurub Missisipiyə gəlsinlər. Biz onlara istədikləri sayda zənci verə bilərik”.

Layka isə 1957-ci ildə “Sputnik-2” raketində kosmosa uçdu. Onu ilk kosmonavt it adlandırmaq olar.

Makedoniyalı İsgəndərin sevimlisi

Makedoniyalı İsgəndərin atası Filippi bütün döyüşlərdə nəhəng və çox aqressiv olan bir it müşayiət edirdi. Təəssüf ki, salnamələrdə itin adı qalmayıb. Ancaq haqqında məlumatlar kifayət qədərdir.

Bu it sahibinə çox bağlı idi, döyüşlərdə sahibinə hücum çəkən yüzlərlə düşmənin boğazını gəmirmişdi. Fillipp sui-qəsd zamanı öldürüləndə nəhəng it dayanmadan uladı. Filipp tonqalda yandırıldıqda isə o dözmədi. Sədaqətli it sahibsiz yaşamaq istəmədi – özünü Filippin cəsədinin yandırıldığı tonqala ataraq öldü.

Makedoniyalı İsgəndərin özü də heyvanları sevirdi. Öz sevimli və əfsanəvi atı Busefalın şərəfinə hətta şəhər də salmışdı. Ancaq çoxları bilmir ki, İsgəndər öz sevimli iti, önu döyüşlərdə müşayiət etmiş Peritanı heç də Buçefaldan az istəmirdi. Onu da şərəfinə Perita şəhəri salınmışdı.

Bələdiyyə işçisi

1970-ci ildə İsveçin Stokholm şəhər bələdiyyəsində Siv Qustavson adlı it çalışırdı. Sivin qeyri-adi istedadı vardı, o, müxtəlif itlərin səsi ilə hürə bilirdi. O, şəhərin müxtəlif ərazilərində hürürdü. Onun səsinə evlərdə olan itlər cavab verirdilər. Beləliklə, şəhər sakinlərindən hansının evində it saxladığı bəlli olurdu. Məsələ ondadır ki, İsveçdə it saxlamağa görə vergi ödənirdi. Sivin köməyi ilə bələdiyyə işçiləri vergidən yayınanları aşkar edib cərimələyirdilər.

Polislər və məhkumlar

İtlərə həsr olunmuş filmlər də az deyil. Sovet vaxtı məşhur olan “Yanıma gəl, Muxtar” filmindəki itin real həyatdakı prototipi Sultan adlı ovçarka idi. Sultan milis sistemində 10 il çalışmış, 5 mindən çox əməliyyatda iştirak etmişdi. İnanılmazdır, amma Sultan 1000-dən çox cinayətkarı zərərsizləşdirmişdi...

Əksinə, məhbəsə düşüb azadlıqdan məhrum olan itlər də olub.

1924-cü ildə Pensilvaniya məhkəməsi Pep adlı itə ömürlük həbs cəsazı kəsdi. Məsələ onda idi ki, Pep Pensilvaniya qubernatorunun sevimli pişiyini parçalamışdı.

Kubokun xilaskarı

1966-cı ildə İngiltərədə futbol üzrə Dünya Çempionatı keçiriləcəkdi. Çempionatın açılışına az qalmış kubok yoxa çıxdı. İngiltərə şok yaşayırdı. Çempionat başlayır, kubok isə yoxdur. Axtarışlara məşhur Skotland Yard polisləri də qoşuldu. Kubok 7 gündən sonra tapıldı. Onu London parklarının birində sahibi ilə gəzişən Pikls adlı it kolluqların arasından aşkarladı.

Çempionat bitdikdən sonra dünya çempionu olmuş ingilislərin şərəfinə banket verilirdi. Banketə fəxri qonaq kimi Pikls da dəvət edildi. O, futbolçuların yemək yediyi boşqabları yalamaq şərəfinə nail oldu.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm