Səddamın edamının nəticələri
Bizi izləyin

Digər

Səddamın edamının nəticələri

Abdominal topoqrafik edam

Humanist Amerika demokratiyası bədəvi İraq qanunları ilə köməkləşib Səddam Hüseyni adı çoxdan qırmızı kitaba düşsə də, Şərqdə hələ də bol-bol meyvə gətirən dar ağacından asanda və bu edamı bütün dünyaya görüntüləyəndə, sanki, mövcud bəşəriyyətin şüuraltısında sönmüş hesab olunan bir psixi zəlzələ ocağı oyandı, sinir qısaqapanması baş verdi: ağlıkəsməz uşaqlar bu zəlzələnin psixi vahiməsinə qapılıb, bəlkə də, ilk dəfə gördükləri ölümün nə və necə olduğunu bilmək üçün maraq xatirinə özlərini asmağa başladılar. Artıq ölümün necəliyinin fərqində olmayan qocalar bu edam səhnəsinə “kosmetik” təmkinlərini pozmadan baxdılar. Ölümə münasibətdə uşaqlarla qocalar arasında orta mövqe tutan gənclər isə Orta Şərqdə nə baş verdiyini anlamaq üçün tarixi biliklərini təkrarlamağa çalışdılar. Edam sonrası bəstəkar dostum Firudin Allahverdi yenə həndəvərindəkiləri intellektual masabəyiliyinin hipnozuna salmağı bacardı; Səddamın qırxı çıxmamış haradansa əldə etdiyi orta əsr Şərq edamları haqqında ensiklopediyanı qoltuğuna vurub rəml atan Göygöz Kosa kimi düşdü şəhərin canına. Bir edam uzmanı səliqəsiylə başladı xalqımızı asıb-kəsmə məsələlərində maarifləndirməyə. Mənə onun “pazçalma” edamı haqqında oxuduğu mühazirəyə qulaq asmaq nəsib oldu və indi o müdhiş mühazirədən yadımda qalanları sizə də danışıb, yazının növbəti abzaslarına zəmin hazırlamağa çalışacağam. Demək, bəstəkar edam uzmanının dediyinə görə, pazçalma edamın heç bir qəddarlıq duyğusu tələb etməyən, əksinə, insanın abdominal topoqrafiya, yəni daxili orqanların düzülüşü haqqında tibbi biliklərinə arxalanan növüdür və cəlladın təkbaşına yerinə yetirəcəyi hökm deyil. Edam zamanı məhkum üzərində əməlli-başlı təlim keçmiş cəlladlar qrupu işləyir. Baş cəlladın göstərişi ilə köməkçiləri ucu yonulmuş pazı məhkumun münasib yerindən bədəninə daxil edirlər və baş cəllad əli ilə edam olunanın daxili orqanlarını əlləşdirə-əlləşdirə pazı orqanlararası boşluqlardan keçirib, ta xirtdəyəcən gətirir. Bu zaman ani diqqətsizlik məhkumun daxili orqanlarının birinin zədələnməsinə və onun vaxtından əvvəl qanaxmadan ölməsinə səbəb ola bilər. Belə olduqda edam hökmü baş tutmamış hesab olunur və paz mərhumun cəsədindən çıxarılıb işinə səhlənkar yanaşdığı üçün “şiddətli töhmət” kimi baş cəlladın öz ölçüsünə yonulur. Soyuqqanlılıqla həyata keçirilmiş və uğurla nəticələnmiş bu edam cərrahiyyəsindən sonra paz çalınmış günahkarı, başqalarına görk olsun deyə, meydana gətirib xürrəmi məşəli kimi hündür dirəyin ucuna bərkidirlər və o zavallı zarıya-zarıya dirəyin ucunda günlərlə ölməyə başlayır. Edam uzmanının kitabında belə yazılmışdı.

Edam mövzusuna müraciət etməyimiz heç də son zamanlar cəmiyyətdə zorakılıq hallarının artmasının qarşısını almaq üçün yenidən ölüm hökmünün qanuniləşməsinin, yəni “pazı pazla çıxarmaq” ideyasının gündəmə gəlməsi deyil. Məsələ bu gün Orta Şərqdə orta əsr edamlarının yenidən dirçəlməsinin bir balaca dünyəviləşmək, küllükültürəlizmləşmək istəyən müsəlman ölkələrinin mədəni həyatına vurduğu paz məsələsidir. Çünki sivilizasiya olmaq iddiasına düşmüş zorakı ideologiyalar yayıldığı, yaxud yayılmaq üçün təcavüz etdiyi coğrafiyalara öz arxalarınca doğma mədəniyyətlərini, daha doğrusu, mədəniyyətsizliklərini də gətirirlər. Məsələn, hadisələrin kökünü alt şüurda axtarmağı sevən yazıçı Həmid Herisçi son illər Azərbaycan ədəbiyyatında müasir poeziyanın daha çox klassikanın qəzəl, meyxana, mərsiyyə janrına uduzduğunu deyərkən, nədənsə bunun səbəbini Orta Şərqdə kütləviləşən orta əsr edamlarının zühurunda görmədi. Qəzəlin, meyxananın şıdırığılaşması müasir poeziyamızın qansız edamıdır. Bu, Orta Şərq insanının alt şüurunda baş verən edam zəlzələsinin Azərbaycana gəlib çatan ilk zəif dalğalarıdır. Lev Qumilyov xalqların pasionarlığında poeziyanın vurhay intibahını ilk xəbərdaredici amillərdən biri kimi izah edirdi və islam sivilizasiyasının yaranmasını V əsrdə ərəb poeziyasının inkişafı ilə əlaqələndirirdi.

Bizim mövzunun cavab axtardığı sual isə budur: qəddarlığı qəddarlıqla yenmək mümkündürmü? Elm və tarix bu suala yox cavabı verir. Elm qəddarlığa insanın növ xüsusu kimi baxır, tarix isə elmin bu baxışını sübut edir. Leturno, Spenser kimi ağıl dəryaları bəşəriyyətin tərəqqisi dedikdə, xalqlararası müharibə texnologiyalarının təkmilləşməsini, edam repertuarlarının zənginləşməsini, əzabı, ağrını şiddətləndirən vasitələrin inkişafını nəzərdə tuturdular. Sivilizasiyanın məqsədi, sadəcə, insanın növdəngəlmə qəddarlığına mədəni görkəm verməkdən, edamı daha ağrısız icra etməkdən, ağrını daha humanist üsullarla yaratmaqdan ibarətdir. Məsələn, götürək müasir edamlar zamanı cəlladın üzünü örtməsinin nə üçünlüyünü. Çoxları elə bilir ki, cəllad başqalarından qorxduğu üçün niqabda gizlənir. Xeyr. Nisbətən qədim tarixdə öldürən öldürülənin gözünün içinə baxaraq bu aktı icra edirdi. Bu isə öldürülənin ölümqabağı daha da alçaldılması, daha da təhqir olunması anlamı daşıyırdı. Kamyu kiminsə tərəfindən öldürülməni təhqirin ən ali forması hesab edirdi, üstəgəl, insan həm də onu öldürənin kim olduğunu görə-görə qətlə yetirilirsə, bu təhqir qurbana və ya məhkuma mənəvi işgəncə, qatilə, yaxud cəllada xüsusi mənəvi həzz verir. Koroğlunun “kişiliyin ölümü” adlandırdığı tüfəngin icadı da orta əsr humanizminin düşməni görmədən, öldürmə anından həzz almadan məhv etmək incəliyinin tərəqqisi idi. Müasir edamlar zamanı cəlladın üzünü məhkumdan gizləməsi də psixologiya elminin humanist tərəqqisinin nəticəsidir. Müasir psixoloqlar ölüm anının da doğum anı kimi insan üçün intim akt olduğunu və insan intimliyinə müdaxiləni qəddarlığın, vəhşiliyin ən əxlaqsız əlaməti hesab edirlər. Ona görə də bəşər humanizminin gəlib çıxdığı bu düşüncə cəlladdan məhkumun boğazına kəndir keçirərkən, yaxud onu kötüyə yatırıb boynunu vurarkən üzünü örtməsini tələb edir. Üzünüörtmə cəlladın məhkuma ehtiramının, hətta bəlkə də, canıyananlığının əlamətidir, əlibaltalı sivilizasiyanın öz günahkar yetirməsinə son sayğısıdır. Əvvəllər meydanın ortasında kütlənin gözü qarşısında icra olunan edamların indi xəlvətdə yerinə yetirilməsinə görə də insan öz mədəni tərəqqisinə borcludur.

Ümumiyyətlə, həyat elə qurulub ki, qəddarlıq üçün həmişə şərait və bəhanə var. Qəddarlığı qəddarlıqla yenmək bir tərəfin qəddarlığı üzərində digər tərəf və tərəflərin qəddarlığa olan tələbatını ödəməkdir. Nə yazıq ki, həyat gözəlliklərinin müvəqqətiliyi ilə deyil, ölümlərinin dəyişilməzliyi ilə mövcuddur. Və nə yazıq ki, Tanrı Kaynazoy erasının əşrəfini yaradanda, sadəcə, yeni canlı yaratmışdı, yeni növ yox.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm