• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

25 yaşında 75 milyon dollar sərvəti necə əldə etdi? - Pop-divanın yüksəlişi

  • Digər
  • 10 Fevral 2014 16:07
  • 9 891 Baxış
25 yaşında 75 milyon dollar sərvəti necə əldə etdi?  - Pop-divanın yüksəlişi

“33” lahiyəsində növbəti qonağımız 20 milyon nüsxə albom və 60 milyon sinql satışı ilə musiqi tarixinin ən çox satılan müğənnilərindən biri olan Rihannadır.

Rihannna: 25 yaş, Barbados əsilli R&B və pop ifaçısı, dünyanın 10 ən varlı gənc ulduzundan biri, qalmaqalları və son günlər Şakira ilə ifa etdiyi “Can't Remember To Forget You” mahnısı ilə gündəmdədir.

“Siz məni televizorda, bütün dünyaya özü və öz sirləri haqqında danışan görmüsünüz. Sizin düşünmək haqqınız var və indi divanda rahatca oturub məni mühakimə edə bilərsiniz”.

Robin Rihanna Fenti - müğənninin bütov adı məhz belədir. Rihannanın ailə və yaxınları arasında ləqəbi Riridir.

Fevralın 20-də 26 yaşına qədəm qoyacaq müğənni əslən Barbados adalarında, Sent-Maykl şəhərində doğulub.

Adada böyüyən Rihanna okeandan qorxur.

Ailənin böyük uşağı olan Rihannanın Afrika mənşəli anası mühasib olub, atası isə geyim fabrikində çalışıb.

Valideynləri boşanandan sonra 8 yaşlı Rihanna səbəbsiz baş ağrılarından əziyyət çəkib. Həkimlər balacanın beynində şiş ola biləcəyindən şübhələnib və o, uzun müalicə kursu keçib.

7 yaşından oxumağa başlayan müğənni Bridcittaunda atası ilə birgə piştaxta arxasında paltar satıb.

Bir neçə məktəb dəyişən Rihanna “Combermere School”da sinif yoldaşları ilə birgə musiqi qrupu yaradıb.

Musiqiyə aludə olan Rihanna məktəbi yarımçıq atıb və hələ də təhsilsizdir. “Məktəbə nifrət edirəm. Odur ki, hazırda olduğum yer üçün Tanrıya sonsuz təşəkkür”.

Müğənni olmasaydı və Birləşmiş Ştatlara gəlməsəydi, mütləq psixoloq ixtisasına yiyələnəcəyini deyən Rihanna insanların problemlərini dinləməyi bacarır.

16 yaşında qazandığı “Miss məktəb” titulu onda özünəinam yaradıb. Barbadosda dincələn amerikalı prodüsser Evan Rocersin təklifi ilə anasıyla birlikdə Konnektikuta gəlib.

Dörd mahnıdan ibarət ilk demo səs yazısı təsadüfən son zamanların ən güclü prodüsser şirkətlərindən biri olan “A&R”nin prezidenti, reper Jay-Z-nin əlinə keçir, amma Rihannanın ifasında “Pon de Replay” mahnısını dinləyən reper müqavilə imzalamaqda tələsmir.

“Def Jam Records”un təklifi ilə “For the Love of You” mahnısını canlı ifa edən Rihanna bu dəfə Jay-Z-ni özünə heyran edir və dərhal müqavilə imzalanır.

2005-ci ildə 17 yaşlı Rihanna Amerikaya köçüb.

Rihannanın uğur qazanmasında reperlə sevgi münasibətlərinin mühim rol oynadığını deyənlərin sayı da az deyil. Ancaq Jay-Z hələ o vaxtlar Rihannanın sevimli müğənnilərindən biri olan Beyonsla görüşürdü və bu ehtimallar inandırıcı səslənmir.

Səhnə təxəllüsü kimi seçilən Rihanna adı tam təsadüfən, studiyada qızğın iş gedərkən meydana gəlib.

İlk sinql “Pon de Replay” inanılmaz uğur qazanır, “Billboard Hot 100” xit paradında ikinci yerə qədər yüksəlir.

“Music of the Sun” Rihannanın ilk albomu olur və elə ilk həftədəcə Amerikada 69 min, dünyada isə 2 milyon nüsxə ilə satılır.

“SOS” kompazisiyası müğənninin Amerikada hitə çevrilən ilk mahnısıdır.

İlk illər Rihannaya qırmızı rəngli dodaq boyasından istifadə etmək və olduqca açıq-saçıq paltarlar geyinmək qadağan olunub.

“A Girl like Me” Rihannaya beynəlxalq uğur gətirən, Kanada, İrlandiya və Britaniya çartlarında birinci yerə yüksəlib. Ancaq albom haqqında fikirlər birmənalı deyil.

Professional vizajist kimi çalışan anası Rihannaya kosmetikadan istifadə etməyi qadağan edib. Ancaq müğənni böyüyüb və “Covergirl” kosmetika şirkətinin siması olub.

Yeni albomu üçün saçlarını qısa kəsdirən və qara rəngə boyayan Rihanna “Good Girl Gone Bad” ilə bu dəfə Rusiya, Yaponiya və Avstraliyaya qədər gedib çıxır.

Məhz bu albomda yer alan “Umbrella” hiti ona dünya şöhrəti, milyonlarla dollar və ilk “Grammy”sini qazandırır.

“Umbrella” mahnısı “Rolling Stone” jurnalının apardığı araşdırma nəticəsində 2007-ci ilin 100 ən yaxşı mahnısı arasında üçüncü olub.

2007-ci ildə Rihanna “American Music Award” mərasimində soul və R&B janrında ən yaxşı müğənni nominasiyasında qalib gəlir.

Konsertdən əvvəl həmişə sinəsini qabağa verib, klassik Afrika rəqsi ifa edən müğənni sakitləşmək üçün likör, tekila və ya vodka içir.

50-ci Qremmi mükafatlandırma mərasimində 20 yaşlı Rihanna dörd müxtəlif nominasiyada qalib olub.

2008-ci ildə dünya turuna çıxan pop ifaçısı elə həmin ildə “İlin divası” titulunu qazanır.

Konsertdən sonra qrim otağında yarım saatdan çox çılpaq gəzən Rihanna bu üsulla mənfi enerjidən qurtulduğunu və həqiqətən dincəldiyini deyir.

Reper sevgilisi Kris Braunla ziddiyyətli münasibət yaşayan müğənninin məhz onun ucbatından narkotik vasitələrə aludə olduğu deyilir.

Sevgililər günündə Kris Rihannaya olduqca orijinal hədiyyə, marixuanadan hazırlanan buket təqdim edib.

2009-cu ildə 19 yaşlı Braun, özündən 2 yaş böyük sevgilisini döyüb və qaçıb. Daha sonra polisə təslim olan reper 5 il müddətinə şərti cəza alıb.

Bir müddət sonra Braun peşman olduğunu etiraf edib və canlı yayımdaca keçmiş sevgilisindən üzr istəyib.

Döyüləndən sonra bir müddət küçəyə çıxmayan Rihanna yeni tatusu ilə depresiyyadan çıxdığını deyib. Qabırğasına silah şəkli həkk edən müğənni “Səhv deyil, ancaq dərsdir” (Never a failure, always a lesson) sözlərini yazdırmağı da unutmayıb.

Əsl tatu həvəskarı olan Rihannanın bədənində 20-dən çox tatu var. Qulağının arxasında balıq işarəsi, əl barmaqlarında Shhh və Love yazıları, topuğunda şahin təsviri, kürəyində ulduzlar, bədəninin müxtəlif yerlərində ərəb, ingilis dillərində sözlər, ən yaxın rəfiqəsinin doğum tarixi, Misir ilahəsi İsida və sinəsinin altında yanar od təsviri daha məşhurdur.

Sonuncu tatunu pop-diva, bir neçə gün öncə, Yeni Zellandiya turu zamanı elətdirib. Ancaq Rihanna belindəki Nefertiti və əlindəki Maoka qəbiləsinin təsviri ilə kifayətlənmək fikrində deyil.

2009-cu ildə, 51-ci Qremmi mükafatlandırma mərasimi məhz Rihannanın döyüldüyü və mərasimdə iştirak edə bilməyəcəyi üçün təxirə salınıb.

Fevral qalmaqalından sonra müğənni, noyabrda “Rated R” albomu ilə böyük səhnələrə qayıdıb. Albomun hitləri olan “Russian Roulette”, “Hard” və “Rude Boy” uzun müddət musiqi çartlarında liderlik edib.

Eminemlə 2010-cu ildə təqdim etdiyi “Love the Way You Lie” dueti Amerika ilə yanaşı, Kanada, Yeni Zellandiya, Norveç, İsveç və Avstraliya çartlarında nömrə bir olub.

Hitlərinin sayına görə Rihanna 100 müğənni arasında beşinci yerdə qərarlaşıb və diva bu yerdə dayanmaq fikrində deyil.

2008-ci ildən etibarən hər il fevral ayının bir günü Barbadosda “Rihanna günü” kimi qeyd olunur. Fevralın 22-də keçirilən festivalda ada sakinləri Rihannanın mahnıları altında rəqs edir və əylənirlər.

“Qara Madonna” olmaq Rihannanın çoxdankı arzusudur. O, pop-şahzadəni taxtdan endirmək fikrində deyil, amma yalnız yüksəliş və yeni zirvələr haqqında düşünür.

“Loud” albomu və albomun hiti “Only girl” Rihannanın ən çox satılan və gəlir gətirən albomu və mahnısı olub.

Rihanna Meksika, Yapon, Hindistan və Çin mətbəxinə sözün həqiqi mənasında nifrət edir. Müğənni demək olar ki, tərəvəz yemir. Gün ərzində meyvə və enerji içkiləri ilə qidalanır.

Sevimli mahnısı Alişi Keys və Jay-Z-nin “Empire State of Mind” duetidir.

Demək olar ki, hər gün Bob Marlini dinləyir.

“Diamonds” hiti Rihannanın öz ifasında “Umbrella”dan da çox bəyəndiyi mahnısıdır. “Bu mahnı bir başqadır. Hətta siz klubda olmasanız və ya rəqs etməsəniz belə o sizə dəhşətli təsir göstərir”,-deyə müğənni bildirib.

“Napoleon dinamit” və “Dexter” onun sevimli filmi və serialı, Terens Hovard və Denzel Vaşinqton sevimli aktyorları, Cessika Alba və qaradərili Holli Berri isə sevimli aktrisalarıdır.

Aktrisa kimi Rihanna özünü 2012-ci ildə ekranlara çıxan, rejissor Piter Berqin “Dəniz döyüşü” filmində sınayıb. Müğənni özünə kinokaryera qurmaq barədə ciddi şəkildə düşünür.

Rihanna özünün “Nude” ətirlərindən istifadə edir.

Bijuteriya və brilyantları sevməyən müğənni əsasən qızıldan olan zinyət əşyalarına üstünlük verir.

Kris Braunla ayrıldıqdan sonra bir müddət “Los Angeles Dodger” beysbol komandasının oyunçusu Met Komplə və basketbolçu Cey Ar Smitlə görüşüb.

Müğənni Aşer ilə eşq yaşadığı haqqında şayiələr gəzsə də Rihanna gözlənilmədən Kris Braunla barışıb, ancaq 2013-cü ilin yazında cütlük birdəfəlik ayrılıb.

Dostlarının əksəriyyəti kişilərdir.

İdeal insanlara və ideal həyata nifrət edir. “Mən maneə və çətinlikləri sevirəm. İstər münasibət quranda, istər karyeramla bağlı, istərsə də adi paltar seçimində hər şeyin qüsursuz olması məni qıcıqlandırır”,-deyə Rihanna qüsurlarını gizlətmir.

“Venus” jurnalının açıqlamasına görə, Rihanna ən gözəl ayaqların sahibidir. Məhz bu xəbərdən sonra diva ayaqlarını nə az, nə çox düz 1 milyon dollara sığorta etdirib.

Ketti Perri onun ən yaxın rəfiqələrindən biridir. Ancaq işlərin çoxluğu ucbatından Rihanna Perrinin Hindistanda keçirilən toy mərasimində iştirak edə bilməyib.

Sərvəti 75 milyon dollardan çoxdur. Rihanna dünyanın 10 ən varlı gənc ulduzundan biridir.

Nənəsinin ölüm xəbərini alan pop-ulduz iki böyük festivaldakı çıxışını təxirə salıb.

Müğənniliklə yanaşı, Rihanna həm də dizayner, fotomodel və Barbadosun fəxri mədəniyyət səfiridir.

“Glamour” jurnalının “ən yaxşı geyinən məşhurlar” siyahısında qaradərili müğənni 10-cu yerdə qərarlaşıb.

Ev heyvanlarını çox sevən Rihanna evində bir tısbağa, Marley və DJ adında iki it saxlayır.

Çılpaq şəkilləri ilə bəzədiyi “Unapologetic” albomu hələ ki, sonuncudur.

Tənha olsa da özünü xoşbəxt sayır və heç vaxt həyatından şikayət etmir.

“Yaxşı Rihanna” özü və ölkəsi ilə fəxr edir. Klublarda veyillənmir, xeyriyyəçiliklə məşğul olur. Çılpaq fotolar çəkdirməkdən imtina edir. Uğursuz sevgi haqqında romantik mahnılar yazır.

“Pis Rihanna” balaca qardaşları Rorri və Racad ilə dalaşır, onların başında butulka sındırır. Paltar və kosmetikalara milyonlarla dollar xərcləyir. Yağlı yeməklər yeyir, bikini ilə səhnəyə çıxır və ağır rok dinləyir.

Leyla Əliyeva

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR