Manatın alıcılıq qabiliyyəti niyə düşür? - Açıqlama
Bizi izləyin

Digər

Manatın alıcılıq qabiliyyəti niyə düşür? - Açıqlama

Son aylar manatın alıcılıq qabiliyyəti sürətlə düşməkdədir. Məsələn, 50 manata bir ay öncə hansısa supermarketdən yetərincə alış-veriş edə bilirdinizsə, artıq bu məbləğə ehtiyacınızın müəyyən hissəsini qarşılaya bilirsiniz.

Vəziyyəti Publika.az-a şərh edən iqtisadçı – ekspert Vuqar Bayramov bildirir ki, manat dollar qarşısında zaman-zaman məzənnə qazansa, alıcılıq qabiliyyəti aşağı düşməkdədir: “Manatın alıcılıq qabiliyyətinin düşməsi qiymətlərin yüksəlməsi ilə bağlıdır. Bu gün 100 manatın alıcılıq qabiliyyətinə baxsaq, məlum olur ki, bir il əvvəl alıcılıq qabiliyyəti daha yüksək idi. Bütün dünyada milli valyutaların alıcılıq qabiliyyətinin aşağı düşməsi müşahidə edilir. Hətta ABŞ dollarının belə alıcılıq qabiliyyəti düşüb. Amerikada belə bir deyim var ki bu günün dolları sabahın dolları ilə eyni deyil. Azərbaycanda manatın aşağı düşməsi və ya inflyasiyası digər dönərli valyutalarla müqayisədə daha yüksəkdir. Bu da qiymətlərin yüksək olmasını şərtləndirir”.

İqtisadçı bildirir ki, son dövrlər manatın alıcılıq qabiliyyətinin düşməsi müşahidə edilməkdədir: “Bu da istehlak bazarındakı qiymət artımları ilə bağlıdır. Baxmayaraq, neftin qiymətinin azalması dünya bazarında qiymətlərin azalmasına gətirib çıxarıb, amma bu, Azərbaycan iqtisadiyyatında əks-effekt yaradıb. Ölkədə ərzaq məhsulları bahalaşıb. Manatın məzənnəsi dəyişməsə də, alıcılıq qabiliyyəti aşağı düşüb”.

V.Bayramovun sözlərinə görə, manatın alıcılıq qabiliyyətində azalmalar davam edəcək: “Mövcud qiymət artımı, manatın məzənnəsinin tənzimlənməsi fonunda milli valyutanın alıcılıq qabiliyyəti aşağı düşməsinin qarşısını almaq praktiki mümkün deyil”.

O ki qaldı növbəti il üçün inflyasiya səviyyəsinin 2,3% həcmində proqnozlaşdırılmasına, V.Bayramov deyir ki, makroiqtisadi göstəriciləri, büdcə gəlirlərindəki artım tempini nəzərə alsaq, gələn il inflyasiya səviyyəsi 2014-cü illə müqayisədə yüksək olacaq: “İqtisadi artım varsa, buna uyğun olaraq pul dövriyyəsinə daxil olan vəsaitlərin həcmi artıbsa, bu inflyasiyanın daha yüksək olmasına gətirib çıxarmalıdır. 2015-ci ildə qiymətləri, eləcə də inflyasiya səviyyəsini neftin bazar qiyməti müəyyənləşdirəcək. Əgər neft 80-100 dollar intervalında qalacaqsa, hökümət gələn il 2014-cü ildə müşahidə edilən inflyasiya səviyyəsini qoruyub saxlamağı bacaracaq.Yox, neftin dünya bazar qiyməti yenidən yüksələrsə, idxal inflyasiyası güclənəcək daxildə qiymətlər qalxacaq. Son dövrlər xüsusilə ərzağın və kənd təsərrüfatı mallarının qiymətlərinə təsir edən faktor Ruasiyaya ixrac imkanlarıdır. Şimal qonşumuzun tətbiq etdiyi embarqo qalarsa, bazarda yerli məhsulların qıtlığı 2015-ci ilə də transfer olacaq. Neftin dünya bazar qiymətindən asılı olmayaraq, daxili bazarda qiymətlər yüksək olacaq”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm