Aydın Mirzəzadə: “İlk görüşümüz 20 dəqiqə çəkdi, 6 ay sonra evləndik...”
Bizi izləyin

Digər

Aydın Mirzəzadə: “İlk görüşümüz 20 dəqiqə çəkdi, 6 ay sonra evləndik...”

Telefon danışığımız çox qısa oldu. Amma lakonik və aydın danışdı. Milli Məclisin deputatı Aydın Mirzəzadə “Siyasətsiz siyasətçi” rubrikamızla bağlı ondan müsahibə almaq istəyimizi bildikdə, bizi birbaşa evinə dəvət etdi. Dünən ailə həyatının 30 illiyini qeyd etmiş millət vəkili ilə onun sadə görkəmli mənzilində söhbətləşdik. İctimai həyatda hər kəslə səmimi və sadə rəftar edən, bu səbəbdən də insanların rəğbətini qazanan Aydın Mirzəzadə ilə söhbətimiz olduqca maraqlı alındı.

“Səhər oğlumla birlikdə yemək yeyib, onu yola salmağı xoşlayıram”

- Aydın müəllim, necəsiniz?

- Təşəkkür edirəm, yaxşıyam. Sizinlə görüşə məmnun oldum.

- Dünənki telefon danışığınızdan məlum oldu ki, gününüzü saatlara bölmüşünüz. Saat 10:50-də görüşək dediniz.

- Bəli, elə bir şey var.

- Məsələn, bugünkü iş və fəaliyyət qrafikiniz nədən ibarətdir?

- Səhər tezdən oğlumla bir oyanmışam. Səhərlər oğlumla birlikdə yemək yeyib, onu yola salmağı xoşlayıram. Ata qayğısı, ata-oğul münasibətləri - birinci budur. İkincisi, intensiv surətdə ingilis dilini öyrənməyə başlamışam. Hər gün saatyarım ingilis dilini öyrənirəm. Əgər tədbirlər olsa, iştirak etməyə çalışıram. Əgər tədbir olmasa, iş yerimə gedib mənə gələn məktubları oxuyuram. Günün bir neçə saatını kabinetimdə keçirirəm. Deputatlıq, bəlkə də, yeganə sahədır ki, o, iş gününü özü bölür. Ola bilər, bütün gününü tədbirlərdə keçirsin. Bu da mümkündür ki, heç bir tədbir gözlənilmir. Asudə vaxtlarda mütaliə edir, hansısa mövzu üzrə materiallar axtarıram. Çox təəssüf ki, insanların bir qismi yanlış olaraq bizim bütün günü kabinetlərdə olduğumuzu düşünür. Bəziləri də elə düşünür ki, hər şeyi bilirik. Sonra da bizi ittiham edirlər ki, Milli Məclisdə oturursunuz, amma bunları bilmirsiniz. Ola bilər ki, vətəndaş hər hansı informasiyanı bizdən tez əldə etsin və müəyyən bilgiyə malik olsun. Bəzən bir informasiyanı jurnalistdən və hər hansı şəxsdən bir qədər gec ala bilərik. Amma bununla belə, millət vəkili məlumatlı və hazır olmalıdır. Mövqeyini, fikirlərini bildirməlidir. Mənim mobil telefonum bütün günü hər kəsə açıqdır. Mingəçevirdən zənglər olur, münasibət bildirməyə, köməklik göstərməyə çalışıram.

- Milli Məclisdən söz düşmüşkən, parlamentdə masa yoldaşınız kimdir?

- Aytən Mustafayeva. Onu 1997-ci ildən tanıyıram. Həyat yoldaşı ilə dost olmuşuq. Çox vətənpərvər, ziyalı xanımdır.

- Bəs masa yoldaşı kimi necədir?

- Azərbaycan xanımlarına məxsus olan bütün müsbət xüsusiyyətlər onda var.

- Milli Məclisdə dostluq münasibətlərinə malik olduğunuz həmkarlarınız kimlərdir?

- Elə şəxslər var, onunla münasibətlərimiz parlament əlaqələrinə qədər vardı. Və münasibətlər indi də davam edir. Əli Əhmədovla bir zamanlar Prezident Aparatında bir yerdə işləmişik. Mübariz Qurbanlı, Siyavuş Novruzovla, Musa Quliyevlə və digərlərilə münasibətlərimiz çoxdan yaranıb. Parlamentdə hamıyla münasibətim var.

- Qanunda sadəcə deputat statusu var. Sizə "deputat" deyə müraciət edək, yoxsa millət vəkili?

- Mənə sadəcə öz adımla müraciət etsəniz, daha xoş olar. Çünki dünyaya gələndə mənə bu adı veriblər - Aydın. Mənim üçün ad və soyad vacibdir.

“Bəy olmağıma baxmayaraq, məni çoxlu işlətdilər”

- Dünən ailə qurmağınızın 30 ili tamam oldu. Necə qeyd etdiniz?

- Əvvəldən planlaşdırmışdıq ki, ailə üzvlərimizlə birlikdə - 4 nəfər qeyd edək və bir neçə yaxın dostları çağıraq. Əlavə 2 nəfər də qoşuldu. Həyat yoldaşım üçün sürpriz hazırlamışdım. Restoranın administratorundan xahiş etmişdim ki, arada mahnını kəsib mənə söz versinlər. Zala bildirdim ki, bu gün toyumuzun 30 ilidir. Həyat yoldaşımdan xahiş etdim yanıma gəlsin. O, bir dəfə mağazada bir hədiyyə görmüşdü. Ancaq ala bilməmişdi. Həyat yoldaşımın xəbəri olmadan onu mağazadan almışdım. Onu restoranda xanımıma təqdim etdim. Eyni zamanda, qızılgül almışdım. Administratordan xahiş etdim, hərəsini bir ofisianta versin. Həyat yoldaşımın gözləmədiyi halda ofisiantların hərəsi bir tərəfdən gəldi. Qadın üçün bu, böyük sevincdir. Dönüb mənə baxdı, başa düşdü ki, bunları özüm təşkil etmişəm. “Facebook” səhifəmdə şəkillərimizi yerləşdirərək zarafatla yazdım ki, Mingəçevirdə çadır toyumuzu etdik. Bəy olmağıma baxmayaraq, həm toydan əvvəl, həm də sonra məni çoxlu işlətdilər. Dünən bir gün ərzində “facebook”da 1100 nəfər həmin yazımı bəyəndi. İndiyə qədər statuslarımı bu sayda bəyənən olmamışdı. Yazını məqsədli şəkildə paylaşdım. Hesab edirəm, üzdə olan, tanınan adamlar cəmiyyət üçün açıq olmalıdırlar.

- Həyat yoldaşınızla 1984-cü il mayın 27-də tanış olmuşunuz.

- Bəli...

- Mənim bildiyimə görə, bu görüş cəmi 15 dəqiqə çəkib. Siz qısa zamanda onunla ailə qurmağa qərar vermişiniz.

- (Gülür) 20 dəqiqə...

- Eşitdiyimə görə, qızı sizin üçün bacınız seçib.

- Həyat yoldaşım orta məktəbdə bacıma ingilis dilindən dərs demişdi. Anam da bir dəfə kənardan baxıb bəyənmişdi. Azərbaycanda ailə üzvlərinin gələcək gəlini görüb bəyənmələri çox yaxşı ənənədir və min illərdir özünü doğruldur. Həmin görüşdən qabaq özüm də bir dəfə kənardan görmüşdüm.

“Görüşə bacımın əvəzinə, mən getdim”

- Təsadüfən?

- Bəli, qardaşını da tanıyırdım. 27 yaşım vardı, evlənmək vaxtım çatmışdı. Bacım ona zəng edib dedi ki, görüşmək istəyir. O isə parkda görüşmək istədiyini bildirdi. Görüşə bacımın əvəzinə mən getdim. Elə bilirdi bacım gələcək. Yaxınlaşıb dedim ki, mən filankəsəm, bacımın yerinə mən danışmaq, məsləhətləşmək istəyirəm. Çox narahat idi. Getmək istəyirdi. 20 dəqiqə sonra dedim ki, anamı ananızın yanına göndərmək istəyirəm. Cavab verdi ki, bunu valideynlərim bilər.

- Cəmi 20 dəqiqə ərzində ailə qurmağa qərar verdiniz.

- Bəli. Həyat da göstərdi ki, doğru qərar vermişəm. 6 ay sonra evləndik. Çox çətinliklərimiz oldu. İlk övladımız 4 ildən sonra dünyaya gəldi. 10 il birotaqlı evdə yaşadıq. Hətta Mingəçevirdə icra başçısının müavini vəzifəsində çalışanda da həmin birotaqlı evdə yaşayırdım. 1997-ci ildə Bakıya, Prezident Aparatına işə dəvət olundum.

Hesab edirəm ki, ailə sağlam təməllər üzərində qurulanda, xoş münasibətlər qurulanda hər şey yaxşı olur. İndi iki övladımız var. Dünən də növbəti 30 ili bir yerdə olmağa təntənəli şəkildə and içdik (gülür). Hamıya bu cür mehriban ailə və güvənc arzulayıram.

- İdmanla məşğul olursunuz?

- Yox.

- Bəs sizin mənzilinizin yerləşdiyi mərtəbənin dəhlizində “turnik”i kim asıb?

- Qonşumuz. Məsələ burasındadır ki, heç vaxt idmanla məşğul olmağa maraq olmayıb. Amma biz genetik olaraq sağlamıq. Bizim ailədə siqaret çəkmək, spirtli içki qəbul etmək və digər pis vərdişlər yoxdur. Piyada gəzməyi xoşlayıram.

- Bazara da özünüz gedirsiniz. Ərzağın, meyvə tərəvəzin çəkisində və ya qiymətində aldatmırlar?

- Mən ərzağı və meyvəni təqribən eyni adamlardan alıram. Bazarlıq etdiyim insanlarla dostam. Çəki və qiymətin necə olmasına əhəmiyyət vermirəm. Satıcıların məni aldatmalarına inanmıram. Düşünürəm ki, insanlar bir-birlərini tanıyanda belə şeylərə ehtiyac olmur.

“Ayaqqabı ustası ilə dost idik”

- Dostlarınız çoxdur?

- Köhnə mahnıda deyilir ki, dost bir, ya iki olar. Ümumən, yaxın ətrafım genişdir. Desəm ki, eyni adamla həmişə və tez-tez ünsiyyətdə oluram, bu bir az başqa cür səslənər. Əlbəttə, yaxın dostlarım var. Bir sinifdə oxuduğum, respublikanın tanınmış rəssamı Rauf Əbdülhüseyn oğlu ilə uzun illərdir sıx ünsiyyətdəyik. Bir yaxın dostum isə şəhid oldu. Ali məktəb illərindən indiyə qədər dostluq etdiyim adamlar var. Köşkdə meyvə satan və həmişə bazarlıq etdiyim adam Nadir kişi də dostumdur. Həyətdə bir ayaqqabı ustası vardı, onunla dost idik. Allah rəhmət eləsin! Sadəcə gedib yanında oturub söhbət edirdik. Bəziləri yanlış olaraq elə düşünür ki, tanınmışlar ancaq tanınmışlarla dost ola bilərlər. General dostum da var, nazir də, səfir də.

- Bayaqdan fikir verirəm, çayı qəndsiz içirsiniz. Əvvəllər də tədbirlərdə, müsahibələr zamanı çayı şirniyyatsız içmənizin şahidi olmuşam.

- Yox, heç bir xəstəliyim yoxdur. Son 4 ildə şirniyyatdan uzağam. Çayı heçnəsiz içirəm. Kompot, tort və digər şirniyyat növlərindən imtina etmişəm. Tibblə maraqlanıram. Bilirəm ki, insan yaşa dolduqca onun orqanizmində dəyişikliklər yaranır.

- Evdə tək olanda yeməyi özünüz hazırlayırsınız?

- Bəli, amma çox yox. Özüm yemək bişirə bilmirəm.

- Məsələn, hansı yeməkləri hazırlaya bilirsiniz?

- Ac qalmamaq üçün kartofdan bir neçə yemək hazırlaya bilirəm. Soyutma kartofa soğan, göyərti, yumurta əlavə edib nəsə hazırlayıram. Yaxud düyü şorbası və südlü düyü. Tələbəlik vaxtı yemək bişirə bilirdim. Amma indi uşaqların anası bişirir deyə, mənə ehtiyac qalmır. Düzdür, həyat yoldaşıma kömək etməyə çalışıram. Yəni kartof-soğanı təmizləməyə, nəyisə qarışdırmağa. Belə işlərdə ona yardımçı olmağa çalışıram.

“Mənzilimin təmirə ehtiyacı var”

- Sonuncu dəfə hansı ədəbi əsəri oxumusunuz?

- Əsasən klassiklərlə maraqlanıram. Viktor Hüqonun, Drayzerin, Çingiz Aytmatovun, Lev Tolstoyun, Şoloxovun əsərlərini çox xoşlayıram.

- Təxminən yarım saatdır söhbət edirik. Bu müddət ərzində telefonunuza xeyli zəng gəldi. Bildiyimə görə, telefonunuzda 1300 nəfərin əlaqə nömrəsi var.

- O qədərdir.

- Gün ərzində də xeyli zəng gəlir, bu qədər adama cavab verməyə necə vaxt tapa bilirsiniz?

- Gün ərzində 60-70 nəfərlə telefonla danışıram. Çalışıram danışıqları qısa edim. Bilirsiniz, insanın ehtiyacı, problemi var ki, mənə zəng edir də. Özünü onun yerinə qoymaq, nədəsə kömək etmək lazımdır.

- Mənziliniz sadədir. Eşitdiyimə görə, uzun illər Bakıda da kirayə həyatı yaşamısınız.

- Bəli. Prezident Aparatına işə girəndə 6 il kirayədə yaşadım. Bu mənzili mənə ulu öndər Heydər Əliyevin birbaşa göstərişi ilə 1993-cü ildə verdilər. Ümummilli lider bildi ki, evim yoxdur. Orderdə də yazılıb - prezidentin göstərişi ilə. Bu, mənə böyük diqqət idi. Mənzilimin təmirə ehtiyacı var.

- Neçə otaqdır?

- Dörd. Alınarsa, təmir etdirərik, alınmazsa, heç bir problem yoxdur.

- Heydər Əliyevlə bağlı ən yaddaqalan xatirəniz?

- 2000-ci ilin noyabrında ilk dəfə Milli Məclisin deputatı seçildim. Ulu öndər partiya sədri kimi Milli Məclisə seçilmiş YAP üzvlərini qəbul edirdi. O, adları sadalanan şəxslərin üzünə baxır, başıyla əyləş işarəsini verirdi. Mənim də adım çəkildi, təqdim edərək bildirdilər ki, əvvəllər Prezident Aparatında işləyib. O, növbəti dəfə mənə baxdı. Bildirdilər ki, bundan əvvəl Mingəçevirdə işləyib, Yeni Azərbaycan Partiyasının yerli təşkilatın sədri, yaradıcılarından olub. Hələ YAP təsis olunmamışdan əvvəl orda təşkilat komitəsi yaratmışdıq. O, bir qədər dayanıb mənə baxdı. Sonra isə başıyla əyləş işarəsi verdi. Çölə çıxanda mənə dedilər ki, ulu öndər sənə nə çox baxdı! Cavab verdim ki, bilmirəm. Bu, mənim üçün xoş xatirə idi...

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm