• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Bakıda Koreya Kino Festivalı başlandı - FOTO

  • Digər
  • 27 Noyabr 2014 23:45
  • 1 241 Baxış
Bakıda Koreya Kino Festivalı başlandı - FOTO

Noyabrın 27-də Nizami Kino Mərkəzində Koreya Fondu, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Koreya Kinosu Festivalının açılış mərasimi keçirilib.

Publika.az-ın məlumatına görə, dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri mərasimi açan SEBA Assosiasiyasının sədri Ruhəngiz Heydərova festivalın əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan-Koreya əlaqələrinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Koreya Respublikası prezidentinin ölkəmizə və Prezident İlham Əliyevin Koreyaya rəsmi səfərindən sonra bu əlaqələr daha da genişlənib.

Qeyd olunub ki, 2004-cü ildən fəaliyyət göstərən SEBA Assosiasiyası indiyədək mədəniyyət, elm, səhiyyə sahələrində bir sıra layihələr reallaşdırıb. 2005-ci ildə isə Azərbaycan Mədəniyyətinin Dostları Fondu ilə birgə ilk dəfə ölkəmizdə Koreya Kinosu Günlərini keçirib.

SEBA Assosiasiyasının fəaliyyətinə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyini vurğulayan R.Heydərova bildirib ki, assosiasiyanın işlərinin keyfiyyətli və nəticəli olması da məhz bu səbəbdəndir.

Diqqətə çatdırıb ki, ildən-ilə genişlənən Azərbaycan ilə Koreya arasında əlaqələr artıq ikinci dəfə keçirilən Koreya filmlərinin nümayişinə də öz təsirini göstərib. 2005-ci ildən fərqli olaraq, bu il nümayiş etdirilən Koreya filmlərinin sayı 10-a çatdırılıb. Festival SEBA Assosiasiyası və Koreya Fondu arasında oktyabr ayında imzalanmış əməkdaşlıq memorandumundan sonra reallaşan ilk birgə tədbirdir. Həmçinin festivalın Koreyanın Baş naziri Çanq Honqvonun Azərbaycana rəsmi səfəri gününə təsadüf etməsi də çox sevindirici haldır. Ruhəngiz Heydərova festivalın işinə uğurlar arzulayıb.

Mərasimdə çıxış edən Koreya Respublikasının xarici işlər nazirinin birinci müavini Ço Taeyonq deyib: “Koreya ilə Azərbaycan arasında münasibətlər olduqca sürətlə inkişaf edir. Lakin bu inkişafa baxmayaraq yerdə qalan və hələ də gerçəkləşməyən böyük potensial vardır. Yaxın gələcəkdə bu potensialı ərsəyə gətirərək həm Koreya, həm də Azərbaycan xalqı üçün bir sıra faydalı işləri reallaşdıracağıq”.

Festivalın böyük əhəmiyyət daşıdığını bildirən qonaq SEBA Assosiasiyasının Koreya mədəniyyətinin Azərbaycanda tanınmasında fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, mədəniyyət illər keçdikcə bu iki xalqı bir-birinə daha da yaxınlaşdıracaq.

Mərasimdə çıxış edən Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Koreya Kinosu Festivalının ölkəmizdə daha bir mədəniyyət bayramı olduğunu deyib. Bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev xalqımızın mədəniyyətinin dünyada tanıdılması istiqamətində böyük işlər görür. Həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən müvafiq istiqamətdə irimiqyaslı layihələr reallaşdırılır. Bu baxımdan Koreya Kinosu Festivalının təşkili də iki ölkə arasında münasibətlərin genişlənməsində növbəti bir addımdır. Bu festival Azərbaycan tamaşaçısına Koreya mədəniyyəti və insanları ilə daha yaxından tanış olmaq və onları daha yaxşı anlamaq üçün geniş imkanlar yaradacaq.

Koreyanın ölkəmizdəki səfiri Çoi Suk-İn Koreya Kinosu Festivalına Baş nazir Çanq Honqvonun təbrik ismarıcını çatdırıb.

Sonra 2005-ci ildə keçirilmiş Koreya Kinosu Günləri barədə qısa film göstərilib.

Tamaşaçılara təqdim olunan festivalın ilk filmi isə – rejissor Lee-Yonq-Junun “Memarlıq 101” adlı ekran əsəri olub.

Koreya Kinosu Festivalı noyabrın 30-dək davam edəcək.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR