Vüqar Bayramov: “Azərbaycanda kredit böhranı gözləniləndir”
Bizi izləyin

Digər

Vüqar Bayramov: “Azərbaycanda kredit böhranı gözləniləndir”

Artıq uzun müddətdir ki, ölkədə bank sektoru və onların bahalı kredit siyasəti müzakirə mövzusudur. Düzdür, Mərkəzi Bankın vədlərinə əsasən, növbəti ildə faizlərə əncam çəkiləcək. Lakin bununla belə, bankların faizləri endirəcəkləri kiməsə inandırıcı gəlmir. Ən maraq doğuran məqam isə yüksək faizlərin fonunda hər ay əvvəlki aya nisbətdə əhaliyə verilən kreditlərin həcminin artmasıdır.

Publika.az-ın bu istiqamətdə suallarını iqtisadçı-ekspert Vüqar Bayramov cavablandırıb.

- 2014-cü il oktyabrın 1-dək ölkənin hüquqi və fiziki şəxslərinə 17.6 milyard manat kredit verilib. Bu da 20 faizə yaxın artım deməkdir. Ölkə vətəndaşlarının belə sürətli borclanmasının səbəbi nədir?

- 17,6 milyard manat kredit verilməsi heç də əhalinin yaxşı yaşamaması demək deyil. Nə qədər yaxşı yaşayırsansa, o qədər də çox kredit götürürsən. Yəni krediti götürməyə sənin ödəmə qabiliyyətin imkan verir. Tələbat sonsuzdur. Gəlirlər artıqca tələb də artır. Hər əməkhaqqı artımı baş verdikcə, insanın yeni tələbi formalaşır. Kreditlərin həcminin artması əhalinin gəlirlərinin artımından xəbər verir. Kredit portfelinə nəzər yetirsək, bunun 38 faizi istehlak kreditləri, 10 faizi mikro kreditlərdir. Kredit alan vətəndaşaların sayı 2,5 milyon nəfərdir. Hər dörd nəfərdən birinin kredit borcu var. Böyük rəqəmdir. Bu həm də bankların özlərinin kampaniya aparması ilə bağlıdır. Elə insanlar var ki, kredit götürərək toya, tətilə gedirlər. Yəni, səbəblərdən birincisi əhalinin gəlirlərinin artması olsa da, digəri kreditə normal münasibətin formalaşmamasıdır. Xaricdə vətəndaş istehlak kreditinə o zaman müraciət edir ki, buna məcburdur. Kredit götürüb toya getmək heç vaxt bir avropalının ağlına gələ bilməz. Vətəndaşların kreditə münasibəti, öz ödəmə qabiliyyətini düzgün qiymətləndirməməsi borcun artmasına gətirib çıxarıb.

- Mərkəzi Bank sədrinin açıqlamalarından belə bəlli olur ki, ən yüksək kredit faizləri istehlak kreditləri üzrədir -18 faiz. MB sədrinin təminatsız kreditlər adlandırığı kredit kartlarında bu rəqəm 35 faizədək gedib çatır. Kifayət qədər yüksək göstəricidir. Sizcə, MB faizləri niyə cilovlamır?

- Mərkəzi Bankın əsaslandırmasına görə, kredit fazilərinə müdaxilə edərlərsə, qara bazar yanacaq. Əslində, biz də dəfələrlə bildirmişik ki, hazırkı şərtlərdə Mərkəzi Bank kredit fazilərinə müdaxilə etsə, qara bazar yaranacaq. Çünki həmin kreditə, faizə tələbat var. Lakin bütün hallarda Mərkəzi Bankın müdaxiləsi çox vacibdir. Müdaxilə elə həyata keçirilməlidir ki, qara bazar formalaşdırılmasın.

- Bunu necə etmək olar?

- Mərkəzi Bankın müdaxiləsi yalnız inzibati cəhətdən olmamalıdır. Mərkəzləşdirilmiş kredit resursları vasitəsiylə kommersiya banklarına yardımlar edilə bilər. Bu gün Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərinin həcmi ümumi cəlb edilən vəsaitlərin təxminən 10 faizini təşkil edir. Eyni zamanda bu kreditlərə çıxışı olan bankların sayı da az deyil. Kredit faizləri yüksək olduğundan, banklar daha çox kredit verməkdə maraqlıdırlar. Bankların yanaşması, əslində, yalnışdır. Məsələn, iki il müddətinə kredit verirlər. Faizləri nəzərə almaqla düşünürlər ki, vətəndaş yaxın 1 ildə krediti qaytaracaq. İkinci il problem olarsa belə, gəlir əldə etmiş olurlar. Bu yalnış yanaşma problemli kreditlərin həcminin artmasına gətirib çıxarır. Digər məqam Azərbaycan iqtisadiyyatında mənfəət normasının yüksək olmasıdır. Elə xidmət sektorları var ki, ora 1000 manat investisiya yatırılır. İlin sonunda 500 manat gəlir əldə edilir. Bu, olduqca yüksək gəlirlikdir. Avropa ölkələrində bu rəqəm 5-8 faiz intervalında dəyişir. Mənfəət norması yüksək olduğundan, real sektorda hüquqi şəxslərin yüksək faizli kreditlərə ehtiyacı yaranır. Onlar 30 faizlə kredit götürüb qaytara bilirlər. Bu da banklara yüksək faiz siyasəti həyata keçirməyə meydan verir.

- Doğrudanmı, banklar daha çox faiz ödəyirlər, nəinki faiz alırlar? Söhbət əhalinin əmanətlərini banklarda yüksək faizlə yerləşdirməsindən gedir.

- Təbii ki, yox. Banklar yüksək faiz ödəmir. Əmanətlərin Sığortalanması Fondu davamlı olaraq banklara yardım edir. Əslində, banklar vətəndaşlardan vəsaitləri ucuz alıb, daha yüksək faizlə digər vətəndaşlara verirlər. Çünki əmanətlər üzrə sığortalanan faizlər 9 faiz, kreditlər 18-35 faizdir. Əslində, sığortalanan əmanətlər üzrə faizlərin 12-dən 9-a endirilməsi yalnış addım idi. Biz ilkin olaraq onların 12 faizdən 11 faizə endirilməsini təklif edirdik. Ondan sonra bunun kredit faizlərinə necə təsir göstərdiyinin risk analizi aparılmalı idi. Kredit faizləri düşdüyü halda 11 faizdən 10 faizə endirilməsi yönündə qərar qəbul edərək, prosesi davam etdirməliydilər. Problem ondadır ki, Əmanətlərin Sığortalanması Fondu kredit faizlərini 12 faizdən 10 faizə endirdi. Bu halda faizlərin dəyişməməsinə, daha da artmasına baxmayaraq, yenə də faiz endiriminə gedərək sığortalanan faizləri doqquz faiz etdi. Faizləri endirməkdə məqsəd bankların daha ucuz vəsait cəlb etmələrini təmin etməkdir. Bu gün banklar ucuz vəsait cəlb edirlər, amma ucuz kredit vermirlər. 9 faizlə vətəndaşdan cəlb edilən vəsait 35 faizlə digər vətəndaşa kredit kimi verilir. Azərbaycan kredit faizləri ilə əmanət faizləri arasında paradoksal nisbətə malik az sayda ölkələrdən biridir. Heç bir ölkədə əmanətlər üzrə sığortalanan faiz dərəcəsi istehlak kreditləri üzrə faizlərdən 4 dəfə aşağı deyil.

- İlin əvvəlində Mərkəzi Bank arayışsız kreditlərin verilişini qadağan etdi, banklar qarşısında sərt tələblər qoydu. Bununla belə, təhlillər göstərir ki, həmin dövrdən bu tərəfə ölkədə bankların gəlirləri, eləcə də kredit verilişi artıb.

- Bankların böyük qismi kənardan vəsait cəlb edir. Sərt inzibati metodlar, düşünmürəm ki, səmərəli olub. Məqsəd problemli kreditlərin qarşısını almaq idi. Problemli kreditlərin həcmi 5.5 faizə çatıb. Deməli, inzibati metodlarla problemin qarşısını almaq olmur. İslahatların aparılmasına ehtiyac var.

- Beynəlxalq normalara görə, bu faiz nisbəti 3 faizdir. Kredit böhranı nə dərəcədə realdır?

- Problemli kreditlərin həcmi artıq riskli həddi keçib. Hansısa kommersiya bankı çayxanada plastik kart paylayırsa, bu, problemli kreditlərin artmasını şərtləndirməlidir. Kredit alanların sayını süni şəkildə artırmaq doğru deyil. Azərbaycanda problemli kredit böhranı gözləniləndir. Daha doğrusu, bu, baş verəcək. Məhkəmələrdə bu istiqamətdə yüzlərlə iş var.

- Bankların taleyinin həllinə cəmi 1 ay qaldı. Artıq gələn ilin yanvar ayının 1-də maliyyə sektorunda neçə bankın qalacağını biləcəyik. Necə düşünürsüz, Mərkəzi Bank hansısa banka maliyyə yardımı edəcək? Ümumiyyətlə, sektoru neçə bank tərk edə bilər?

- Mərkəzi Bank sədrinin ilin sonuna qədər Azərbaycanda 6 bankın müflis olacağı ilə bağlı açıqlaması yanlış idi. Bəlkə də, Elman Rüstəmov belə bir bəyanatla çıxış edən yeganə Mərkəzi Bank sədridir. Avropa ölkələrində bank müflis olsa belə, Mərkəzi Bank məlumat yaymır. Çünki bu sektor həssas sektordur. Belə xəbərlər bütövlükdə banklara olan inamın azalmasına gətirib çıxarır. Yüksək göstəricilərə malik banklarda depozitləri olanlar belə narahatlıq yaşayırlar. Hər halda, 6 bankı yalnız Mərkəzi Bank yardım edərək xilas edə bilər. Yaxud da MB həmin bankların birləşdirilməsinə və ya statuslarının dəyişdirilərək bank olmayan kredit təşkilatlarına çevrilməsinə çalışa bilər. Digər tərəfdən, 6 bank qalsa belə, fəaliyyətləri effektli olmayacaq. Hazırda elə banklar var ki, məcmu kapitala qoyulan tələbi yerinə yetirərək, 50 milyon manatlıq həddi keçib. Hətta onlar belə səmərəli işləyib bank sektorunda mövqe tuta bilməyəcəklər. Ümumiyyətlə, ölkənin bank sektoru liberallaşarsa, hansısa məşhur xarici bank Azərbaycanda fəaliyyətə başlayarsa, yerli bankların 50 faizi müflis olacaq. Banklarımızın rəqabət aparmaq qabiliyyəti, likvidlikləri aşağıdır. Bankın məcmu kapitalının 50 milyon manat olması onun likvid olması demək deyil.

- Bir az da ipotekadan danışaq. Dünya Bankının araşdırmalarına görə, Azərbaycanda mənzil problemini həll etmək üçün 6 milyard vəsaitə ehtiyac var. İldən-ilə büdcədən ipoteka kreditlərinə ayırılan vəsaitin həcmi artırılır. Bununla belə, İpoteka Fondunun xətti ilə verilən kreditlərin həcmi 5 faiz azalıb. Mərkəzi Bank isə hər ilin sonunda növbəti il proqramın təkmilləşəcəyini vəd edir. Sizcə, kim kimi aldadır?

- İpoteka kreditləşməsinin müsbət tərəfi odur ki, vətəndaş pul götürüb ev alır. Mənfi tərəfi isə daşınmaz əmlak bazarında aktiv tələb formalaşdırır. O baxımdan bir sıra ölkələrdə ipoteka kreditləşməsi ilə yanaşı sosial və ya xalq evləri tətbiq olunur. Bu sistemin tətbiqi ipoteka kreditlərinin aktiv tələbdən passiv tələbə çevrilməsinə imkan verir. Belə halda hökümət bazara pulla deyil, evlə daxil olur. Yəni, büdcədən vəasit ayrılır, mənzil inşa olunur, tikinti xərclərinə uyğun olaraq, 20 il müddətinə gənclərə verilir. Dövlət bununla tələbin bir hissəsini bazardan çıxarır. Təklif artdığından qiymətlər azalır. Bunları nəzərə aldıqda ipoteka proqramının təkmilləşdirilməsi, genişləndirilməsi vacibdir. Məsələn, sosial ipoteka proqramının ən çatışmayan cəhəti kreditlərin gənc ailələr üçün nəzərdə tutulmasıdır. Amma xeyli sayda gənc var ki, məhz evi olmadığından ailə qurmur. Bütün dünyada olduğu kimi, subayların da ipoteka proqramından yararlanmaq hüququ olmalıdır. Sosial ipoteka kreditlərinin faizləri də yüksəkdir. Norveçdə kommersiya ipoteka kreditlərinin faizləri 3,5 faizdir. Dövlətin ayırdığı kreditlər 1-1,2 faizlə verilir. Yeri gəlmişkən, Azərbaycan Norveç modeli tətbiq etdiyi üçün bu ölkəni misal gətirirəm. Digər ölkələrdə faizlər daha yüngüldür. Vəsait dövlət büdcəsinindirsə, kommersiya xarakterli ola bilməz. O ki qaldı proqramın təkmilləşdiriləcəyi ilə bağlı vədlərə, 2011-ci ildən Mərkəzi Bank belə bəyanat verir. Növbəti ildə heç bir dəyişiklik baş vermir. Artıq bu məsələ tapmacaya çevrilib.

- Bu arada Mərkəzi Bank bir növ minnət qoyur ki, ipoteka proqramı dünyanın bir çox ölkəsində tətbiq edilmir. Maraqlıdır ki, buna baxmayaraq, büdcədən ayırlan vəsaitin həcmi artırılır və ortada problemin həlli istiqamətində heç bir dəyişiklik yoxdur. Bu qədər səmərəsizdirsə, niyə sistemi saxlayıblar?

- İpoteka proqramı dünyanın hər bir ölkəsində tətbiq edilir. Sadəcə qeyd etdiyimiz kimi, proqramın aktiv tələbdən passiv tələbə çevrilməsi üçün dövlətin gördüyü işlər var. Hərçənd qlobal maliyyə böhranının səbəblərindən biri ipoteka kreditləri idi. Hətta bundan sonra Amerikada ipoteka əsas kredit növlərindən biri kimi qalır.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm