Mədəni tənəzzülün Fatihəsi
Bizi izləyin

Digər

Mədəni tənəzzülün Fatihəsi

Uzaqdan ta atəşpərəst oğlu Mənsur Həllacın şaqqalandığı edam evnəsindən baxanda, bu gün Azərbaycanda, az qala, nəzarətdən çıxıb özü-özünü idarə edən proses kimi görünən mədəni tənəzzülün səbəb və nəticələrini infilyasiya qanunları əsasında müzakirə edəcəyik.

Əlbəttə, biz həyatın öz-özünə, yalnız mürəkkəb fiziki qanunauyğunluqlar nəticəsində yaranması təlimini elmin mövhumatı hesab etdiyimiz kimi, xalqların, cəmiyyətlərin həyatında baş verən hadisələrə də öz-özünə, hansısa tarixi, mədəni xaosun yaratdığı göydəndüşmə muştuluq kimi baxmırıq. Vaxtilə Vladimir İliç kapitalizm sistemini dağıtmağın yolunu, bu sistemin həftənin bütün günlərini yorulmadan işləyən pul dövriyyəsi çarxını sıradan çıxarmaqda görürdü. Sistemin əlaqə vasitələrini iflic eləmək! bu dağıdıcı metod istənilən mexanizminin faydalı iş əmsalını sıfıra endirmək üçün yetərlidir. Sovet imperiyası dağılandan sonra kommunizmin paralizəedici bu metodu Azərbaycanda daha çox mədəni kastada qorunub gücləndirildi. Cəmiyyətin digər infrastrukturları ilə müqayisədə, mədəni qabıq düşünülmüş şəkildə dünyadan daha da uzaqlaşdırılıb, ayrı-ayrı inzibati “yaradıcılıq məbədlərində” bazaltlaşdırıldı. Köhnələr köhnə rejimin hesabına özlərinin bütə çevirilmiş ictimai simalarını qorumaq, sərvətlərin yenidən bölünməsində büdcəxorlara seyriçi olmamaq üçün yenilərin arasında yarana biləcək bütün mədəni, yaradıcı əlaqələrin bəri başdan fatihəsini oxudular. İncəsənət ona nəzarət edən ictimai-mədəni birliklərin sədrlərinin keçmiş nüfuzuna tapınanların miskin təriqət kahalarına çevirildi. Bəstəkarlar yazarların, yazarlar rəssamların, rəssamlar rejissorların yeni ünvanını itirdilər. Sənətlərarası ratsiyada yalnız xışıltılar eşidildi. Nihilizmin qabarma dövrü başladı. Beləliklə, mədəni infilyasiya özünün son məqsədinə çatdı; yaranmaqda olan azad yaradıcı mühit məhv edildi, yeni və orta nəsilin yaradıcı potensialı köhnələrin xeyrinə, sanki, püşkatma yoluyla bölüşdürüldü.

Sənət adi dolanışıq məsrəflərinin muzduruna çevirildi. Yaradıcı yenilər üç-üç, beş-beş olmaqla dəstələrə bölünüb köhnələrin inzibati və ictimai nüfuzunun altını-üstünü təmizləyən könüllü mehtərliyə, qaravaşlığa razılaşdılar. Dövlətin incəsənətin inkişafına ayırdığı məbləğləri köhnələr öz cibxərclikləri kimi istehsalın daha gəlirli sahələrinə yatırıb, hökumətin başından elədiyi kommunist ziyalılıqdan, öz iqtisadi vəziyyətinin yaxşılaşmasından ötrü bütün mədəni, mənəvi dəyərləri qurban verən kapitalist revanşizmə kurs götürdülər. Yenilərin yaşayış həddinin düşünülmüş şəkildə aşağı salınması və onların “kökədən xırda bir tikə” prinsipi ilə idarə olunması mədəni sferada keyfiyyət yox, kəmiyyət artımına səbəb oldu. Pul kütləsinin artımı infilyasiya mühiti yaratdığı kimi, itə olan çörək borcunu daha rahat ödəmək üçün incəsənəti bürümüş kabab qoxusuna gələn, lakin eşşək dağlanmasına şahid olan “yaradıcı sürüləşmə” də sənətin ucuzlaşmasına səbəb oldu. Və hamı sənətdə kəmiyyətin keyfiyyətə çevirilməsi qanununun heç vaxt işləmədiyini bilərəkdən unutdu. Köhnələrlə yenilər arasında sənət münasibətləri natural təsərrüfat prinsipləri əsasında qurulmağa başladı; sən özündə olandan mənə, mən özümdə olandan sənə. Yenilər öz yaradıcı potensiallarından xərcləyib köhnələri yenidən yeniləşdirmək, köhnələr isə bunun müqabilində şəxsi əlaqələri və nüfuzları sayəsində yeniləri ev, iş, təqaüd, hətta həyat yoldaşı ilə təmin etmək barədə sövdələşdilər. Bu işdə artıq istedadın heç bir əhəmiyyəti qalmadı, məqsəd ümumi işin xeyrinə cəmiyyətin digər üzvlərini də sənətə cəlb edib yaradıcı mühiti qəlp istedadlarla doldurmaq idi. Və budur, ədəbiyyat özü yazıb, özü oxuyanların, musiqi nə yazıb, nə oxuya bilənlərin, heykəltaraşlıq başdaşıyonanların “yaradıcılıq” pəyəsinə çevirilib.

Köhnələr mövcud dəyərlər sistemini dağıdıb, yenisinin yaranması üçün sənət məhz indi qurbanlar tələb edir, yenilər isə hara asan və rahatdırsa, ora sənətdir deyib qaraçı əxlaqı ilə “yaradıcı” güzaranlarının köçəri kasıblığını, hətta oğurluq və dilənçiliyini edirlər. İqtisadçılar infilyasiyaya görə ucdantutma hamını günahlandırdığı kimi, biz də düşdüyümüz bu lax duruma görə hər şeyi, hər kəsi – feyzbuka “feyzburuq” deyən Maral Tahirqızını, adının qabağına yazıçı kəlməsi yazılmayanda, sanki, “prostoy”laşan Anar müəllimi, uçuq pirlərdə ilan tutan Həmid Herisçini, sükanı azərbaycanlıların əlinə keçəndə kəlarabasına çevirilən “Audi A4”ü, “Mc Donalds”da kartof ovuntusu sifariş etməklə özlərini Amerika vətəndaşları sanan qeheteşnik Qəzənfərin külfətini və başqa kimi istəsən, quru yuyub, yaş sərə bilərsən.

Artıq hamının gözü qarşısında baş verən bu saxtakarlığı “azad yaradıcı mühitə” oxşatmaq üçün məxfiliyə ehtiyac yoxdur. Artıq tənəzzül təhlükəsi sovuşub, biz indi çalağanın caynağından qopub uçrumun dibindəki pıtraq kolunun üstünə düşərək sağ qalan tısbağanın günündəyik; bura bizə yaddır, amma hələ ki, sağ-salamatıq

Oxumağa davam et
Reklam
Reklam

Gündəm