• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Elnarə Xəlilova: “Ərə gedəndə Rövşənlə şərt kəsdim ki...” – FOTOLAR+VİDEO

  • Digər
  • 1 Dekabr 2014 15:42
  • 4 265 Baxış
Elnarə Xəlilova: “Ərə gedəndə Rövşənlə şərt kəsdim ki...” – FOTOLAR+VİDEO

“Bilsəm ki, ərimin sevgilisi var, onda...”

“Ulduzlu axşam”-da tanınmış müğənni Elnarə Xəlilovadır. Kreativ layihələri, maraqlı imici, fərqli ifa tərzi, repertuarı, həm də bahalı klipləri ilə seçilən Elnarə. Yeri gəlmişkən, o, ötən həftəsonu Türkiyədə çəkdirdiyi yeni klipini sevənlərinin ixtiyarına verdi.

Onu da qeyd edək ki, hər zaman mediadan kənar gəzən sənətçi xanım indən belə jurnalistlərlə tez-tez görüşəcəyinə söz verdi. Amma bu görüşün məqsədi də elə yaradıcılığındakı yenilikləri bölüşmək olacaq. Bizsə onu yaradıcılıqla bağlı söhbətə çəkmədik. Mövzunun ürəyincə olmayacağını əvvəlcədən zənn etsək də, müğənni bizimlə söhbətləşməkdən də imtina etmədi.

- Bu gün dəb düşüb, şou-biznes əhlinin əksəriyyəti özünü ulduz hesab edir. Bəs sən necə, özünü ulduz sayırsan?

- Əslində, mən ilk növbədə özümü Allah bəndəsi sayıram. Bəlkə də, bu, mənim həddən artıq sadə olmağımdan irəli gəlir. Bəlkə də, özümü bəzən həddən artıq sadə aparıram. Bəzən də bilməyərəkdən belə alınır. Bu sadəliyim də çox zaman mənim başıma oyunlar açır, mənə problemlər yaradır. Bəlkə də, kənardan baxıb hansısa ulduz həmkarlarımı özüm-özlüyümdə qınadığım vaxtlar da olub. Məsələn, demişəm ki, a, buna bax e, kiminləsə şəkil çəkdirmədi, amma mən çəkdirərdim. Lap beşini də çəkdirərdim. Amma son bir müddət keçir və baxıb görürəm ki, elə düzünü onlar edir. Yəni adamı o həddə çatdırırlar, sadə olduğuna da peşman edirlər.

- Yəni, mərdi qova-qova namərd edirlər, bunumu demək istəyirsən?

- Bəli. Bax ona görə də məcbur qalıb “Instagram” səhifəmi, “Facebook”-umu bağladım. 12 min adam vardı “Instagram” səhifəmdə. Məni o həddə çatdırdılar, axırda belə qərar verməli oldum. Bir tək “Tvitter”də varam, o da ona görə ki, baxım görüm dünyada nələr baş verir.

- İndi son qərarın nə oldu, özünü ulduz hesab edirsən, ya yox?

- Çox istəyirəm özümü ulduz hesab edim. Əslində etməliyəm də. Bu, mənim işimdir, bundan ötrü enerjimi, pulumu sərf edirəm, bütün həyatım, ömrüm buna sərf olunur ki, mən ulduz olum. Əslində, elə ulduzam. Lazım gəlirsə, yaxın ətrafım üçün anayam, bacıyam, həyat yoldaşıyam – o halda ulduzluqdan çıxıram.

- Elnarə, bəzən səni kaprizli, eqoist xanım kimi xarakterizə edənlər də var. Mətbuata açıq deyilsən, sualları asanlıqla cavablandırmırsan və sair…

- Mən buna kapriz yox, peşəkarlıq deyərəm. Xahiş edirəm məni düzgün başa düşsünlər. Lap elə götürək axırıncı klipimi. “Dayan” üzərində bir aydır çalışıram. Bu məqamda mənim müsahibələr verməyim, özümü xərcləməyim nə dərəcədə düzgündür? Axı mən özümü bu işə xərcləyirəm. Digər yaradıcılıq işləri də elə. Yaradıcılıq işi övlada bənzəyir. Ana öz körpəsini gözləyən zaman necə özünü qoruyursa, mən də eləyəm. Əsəbdən, stressdən qorunmalıyam ki, uşağı normal şəkildə dünyaya gətirə bilim.

- Tez ruhdan düşən insansan, yoxsa, səni ruhdan salmaq asan məsələ deyil?

- Yox, əslində tez ruhdan düşürəm. Tez alışıb, tez sönürəm. Tez özümdən çıxanam və deyim ki, məni özümdən çıxarmaq çox asandır. Amma eyni zamanda, səbirliyəm. Səbirli olmağımı xoşlayıram, çünki Allah da səbirli bəndəsini xoşlayır. Amma yenə də deyirəm ki, hərdən səbirli olmağım da başıma bəla olur. Səbir edirsən, müəyyən məqamlarda abrına-həyana qısılırsan, kiməsə cavab vermirsən “qorxdu” deyirlər. Cavab verirsən, düşürsən o adamın səviyyəsinə. Qızıl ortanı tutmaq çox çətindir, amma buna çalışıram.

- Yaradıcılıq işlərini gerçəkləşdirərkən ailə büdcənizə nə qədər ziyan vurursan?

- Qətiyyən yaradıcılıq işlərimi həyata keçirərkən ailə büdcəmə toxunmuram. Elə edirəm ki, bu işimdən gələn pulu o işə, o işdən gələn pulu o işə calayıram. İşimi elə qururam ki, ailə büdcəmə ziyan gəlməsin. Amma bu yeni klipimi həyata keçirərkən kənardan pulum olmadı və pulu həyat yoldaşım Rövşən verməli oldu.

- Bəs geyimlərinə pulu kim xərcləyir – özün, yoxsa həyat yoldaşın?

- Həyat yoldaşım.

- Qarderobda ən çox hansı geyim elementinə üstünlük verirsən – ayaqqabı, ətək, çanta?..

- Konkret bir geyim elementinin adını çəkə bilmərəm. Hərəsindən bir az-bir az varımdır. Xüsusi nədənsə xoşum gəlir deyə bilmərəm.

- Ən bahalı paltarının qiymətini, bəlkə, deyəsən...

- Mənim bir paltarım vardı, modelyerim hazırlamışdı. Başdan-başa yeni üslubda idi. Yalan olmasın, azı, bir əlli-altmış parçadan istifadə etmişdi o geyimi hazırlayarkən. Əl işi idi və onun qiyməti yox idi. 8-9 il bundan əvvəl 500 manata almışdım o geyimi. Mən yaradıcılığa qiymət verdiyim üçün o cür geyimlərimi qiymətsiz sayıram. Var elə geyimlərim evdə. Hətta qədimi pullardan hazırlanan boyunbağım da var. Xoşlayıram belə şeyləri.

- Qayınanan hədiyyə edib?

- Yox, sərgilərdə olanda baxıb xoşlayıram və bəyəndiyim o cür təkrarolunmaz əl işlərini alıram.

- Qarderobda artıq qalan geyimlərin aqibəti necə olur, saxlayırsan? Məsələn, adam var, əli gəlmir kiməsə verməyə.

- Yox, mən hamısını paylayıram. Ehtiyacı olanlara verirəm.

- Geyimlərinə çoxmu pul xərcləyirsən?

- Yox, mən ümumiyyətlə, geyimə, ayaqqabıya çox pul xərcləmirəm. Belə şeylərə gəldi-gedər şey kimi baxıram.

- Bəs onda nəyə daha çox pul xərcləiyrsən?

- İşimə, mahnılarıma. İstəyirəm ki, mahnım keyfiyyətli olsun. Elə mahnım olub, üç min-beş min manat pul xərcləmişəm, haradansa bir musiqiçi dəvət etmişəm və s. Ürəyim partlayır, istəyirəm hamı başa düşsün ki, mən neyləmək istəyirəm. Mahnı da var ki, sıfır manat xərcləmişəm, amma hit olur, dillərə düşür. Onda dəli oluram ki, necə olur, bu qədər pul xərcləyirəm, amma bu xərc çəkmədiyim mahnı hit olur.

- Geyimlərini seçərkən kimləsə məsləhətləşirsən?

- Mənim musiqi direktorum var – Günel Sərdarqızı, çox gözəl zövqü var. Bəzən geyimlərimi o seçir.

- Alış-verişi haradan edirsən?

- Haradan gəldi. Bax indi klipə görə Türkiyəyə getmişdik, elə alış-veriş də etdik. Amma deyim ki, məxsusi alış-veriş üçün gedirəm İtaliyaya-filan, belə bir xasiyyətim yoxdur.

- Həyat yoldaşın geyimlərinə müdaxilə edirmi?

- Yox…

- Eşitdiyimə görə, çox qısqancdır...

- Amma mən ona əsas vermirəm.

- Sənət aləmində sənə qadağaları varmı?

- Adətən, yoxdur. Mən onsuz da ərə gedəndə bilirdim kimə gedirəm. Mən bilirəm ki, o, sıravi bir Azərbaycan kişisidir, bu cəmiyyətdə yaşayır. Onun müdaxiləsi olmasa da, bilirəm ki, nə olar, nə olmaz.

- Əlini masanın üstünə vurub, Azərbaycan kişisisayaq deyirmi ki, mən deyən olmalıdır?

- Heç vaxt onu o həddə çatdırmamışam.

- Belə çıxır ki, güzəştə hər zaman sən gedirsən?

- Yox, yeri gələndə o, mənim nazımla oynayır. Bəzən qışqırıram ki, xeyr ola, niyə filan şey filan olmalıdır.

- Zəif nöqtəsini bilirsən?

- Niyə bilmirəm, yoldaşım deyil? (gülür)

- Özün necə qısqanırsan yoldaşını?

- Hə, hə, qısqanıram.

- Telefonunu qurdalamaq-filan…

- Hə, olub, olub.

- Özünü yandırdığın vaxtlar necə?

- Yox, hələ ki, olmayıb. Düzdür, belə deyirlər ki, qorxan gözə çöp düşər. Amma mən nəyləsə üzləşməkdən qorxmuram. Çox tolerantam və Allah qorusun, məndən uzaq, bir gün bilsəm ki, sevdiyimin sevdiyi var. Mən o kəslərdən deyiləm ki, ona deyim dayan, getmə, məni tərk etmə. Mən o adamı o qədər sevirəm, o qədər çox istəyirəm ki, istənilən halda xoşbəxt olmasını istəyən adamam. Mən ona əzab verib, incidib məcburən yanımda saxlamaram ki, üç uşağımın atasısan, yanımda qalmalısan. Yanımdan buraxdığım an hiss edərəm ki, o, xoşbəxtdir, bununla rahatlıq taparam.

- Səncə, hisslər nə dərəcədə qalıcıdır?

- Yeni sevənlər arasında həmişə çoşqu, ehtiras olur. Elə ki, evlənirlər, təbii ki, istədiklərinə nail olurlar. O ehtiras da sönür. Muradına yetəndən sonra uşaqlar doğulur və sevgi hissi dolaşmağa başlayır uşaqlar arasında. Sevgi öz formasını dəyişir.

- Qısqanclığını bildirirsən?

- Əlbəttə. Deyirəm, ə, bura gəl, bu nə məsələdir? Qısqanmalıyam da. Həyat yoldaşımdır.

- Birdən sənə xəyanət etsə?

- Mən ərə gəlməmişdən qabaq onunla şərt kəsmişəm…

- Şərti şumda kəsmisən ki, xırmanda yabalaşmayasınız?

- Bəs necə? Demişəm ki, işdir-şayəd, birdən çaşarsan, aşarsan… Düzdür, o, günah etməkdən çox qorxur. Çünki bilir ki, zina Allah qarşısında çox böyük günah sayılır. Mənə elə gəlir ki, o, günah etməkdən qorxar. Məndən yox, birinci Allahdan qorxar.

- Elnarə özünü necə qadın sayır - cazibədar, maraqlı, baxımlı?…

- Əslində, bü cür baxımlı olmaq da çox çətindir. Allah məndən heç nə əsirgəməyib. Allahın mənə verdiyi bu vücuda, bu əl-ayağa görə, bu taleyə, bu ağıla görə Ona min dəfə şükür edirəm.

- Ən çox vücudunda nəyi bəyənirsən?

- Saçlarımı. Ona görə ki, saçlarımı hamı bəyənir.

- Gözdən-nəzərdən qorxmursan ki? Saç tez nəzərə gəlir deyirlər…

- Mənfi energetika var və bunu danmıram. Mən Ayətül-kürsü, Əl-fələq surələrini oxuyuram və Allaha sığınıram. Cadu, nəzər var. Məsələn, dünən gözəl bir şüşə qabım yerə çırpılıb, çilik-çilik oldu. Qızlar dedilər ki, sənə gələn göz-nəzər idi. Dedim əşi, cəhənnəm. Təki uşaqlarıma, yoldaşıma heç nə olmasın, təki qab-qacağa, maşına dəysin ziyan.

- Uzun saçlarını birdən-birə niyə kəsdirdin?

- Əslində, mən saçlarımı kimyəvi vasitə ilə burdurdum. Sonra götürüb rəngini açdırdım. Kimyəvi vasitələr saçlarımı qurutdu. Artıq, üçüncü uşağa hamilə idim. Başım özümə qarışdı və saçlarıma qulluq etmək halında deyildim. Tez kəsdirdim və canımı qurtardım. Amma bilirdim ki, kökü var və uzanacaq. Bir müddət də qırmızı rəngdə gəzdim. Məncə, həmin saç məndə şarm yaratdı. Çünki mahnılarım da belədir, eyniliyi sevmirəm.

- Uşaqlarına vaxt ayıra bilirsənmi?

- Çalışıram vaxt ayırım. Bax indi uşaqların bağçadan çıxan vaxtıdır, qaçacağam ora.

- Qayınananla münasibətin necədir?

- Əla, “şikarnı”. Mən yaşca kiçiyəm. Eyni zamanda mənim də anam var, o da gəlin gətirəcək, insan özünə rəva görmədiyini başqasına da görməz.

- Yeməkləri qayınanan bişirir?

- Yox, mən özüm bişirirəm. Qayınanam indi qaynımgillə yaşayır.

- Rəfiqələrin çoxdur?

- Var.

- Həyat yoldaşının qadağası olurmu ki, filankəslə rəfiqəlik elə, ya eləmə?

- Heç vaxt qarışmır. Amma qadınlar daha çox emosionaldır və çox şeyləri görmürlər. Kişilər isə daha konkretdirlər. Həm də o, yaşca məndən böyükdür və təhlükə hiss edən kimi mənə deyir, bunu eləmə, bu, yaxşı qurtarmayacaq. Hələ yadıma gəlmir ki, onun sözünə qulaq asım, amma yanılım. Havaxt ki, qulaq asmamışam, başım dəyib divara. (gülür)

- Rövşəndə daha çox qiymətləndirdiyin xasiyyət hansıdır?

- Əslində, onun aldadıcı görünüşü var. Çox adam elə bilir ki, o, əzazildir, vurub-tutandır, qısqancdır və s. Onun görüntüsü elədir. O əzazil görüntünün arxasında çox ürəyiyumşaq bir insan gizlənir. Yanında bir adam kövrəlsin, Rövşən ondan betər ağlayacaq.

Cəvahir Səlimqızı

Foto: Elçin Murad

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR