“Oğluma deyirəm ki, evi uçurtmasın, qızımlasa bir yerdə yuxulayıram” - Fazil Mustafayla siyasətdənkənar söhbət
Bizi izləyin

Digər

“Oğluma deyirəm ki, evi uçurtmasın, qızımlasa bir yerdə yuxulayıram” - Fazil Mustafayla siyasətdənkənar söhbət

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa parlamentin həm ictimaiyyətə, həm də mətbuata çox açıq, ünsiyyətli nümayəndələrindəndir. Media nümayəndələri istənilən mövzu, problemlə bağlı Fazil Mustafayla danışa, onun fikirlərini öyrənə bilirlər. Bizi isə maraqlandıran mövzu millət vəkilinin gündəlik həyatının görünməyən tərəfidir. Elə buna görə millət vəkilini “Siyasətsiz siyasətçi” rubrikasına qonaq etdik:

“İçməli suyu İlyas İsmayılovun həyətindən gətirirəm”

- Fazil bəy, əhvalınız necədir?

- Şükür, Allaha həmd olsun ki, yaxşıyam. Əsas odur ki, uca Yaradan fiziki baxımdan gücümü azaltmayıb. Həm yaradıcılıq, həm də idman baxımından. Düşünürəm ki, həyatımın bu vaxtını səmərəli keçirə bilirəm.

- Milli Məclisdəki fəaliyyət digər işlərlə bağlı vaxt azlığı yaratmır ki?

- Əksinə, parlamentdəki iş rejimimiz gərgin deyil. Halbuki gərgin olmalıdır. Mövcud vəziyyət belədir ki, biz tam mənada Milli Məclisdə geniş imkanlara malik deyilik. Əvvəllər bir neçə qanunvericilik təşəbbüsü ilə çıxış edirdik. Amma indi bu yoxdur. Parlamentin işində iclaslardan iclaslara, görüşlərdən görüşlərə iştirak edirik.

- Milli Məclisdə masa yoldaşınız kimdir? Kiminlə yanaşı əyləşirsiniz?

- İlyas İsmayılovla... Əvvəldən də, Milli Məclisdə format dəyişib ikili masalara keçdikdən sonra da onunla yanaşı əyləşirik.

- İlyas İsmayılov necə yoldaşdır?

- Sadə, səmimi... Onunla yaxşı münasibətimiz var. Çox maraqlıdır ki, bizim yaş münasibətlərimiz yoxdur. Bağlarımız da çox yaxındır. Elə olur ki, mən ona baş çəkirəm. İçməli su lazım olanda gedib onun həyətindən gətirirəm (gülür). Çünki bağda içməyə suyumuz yoxdur. Ona görə də haradansa su gətirməliyəm. Bu səbəbdən yayda İlyas müəllimgilin həyətindən qablarda su daşıyıram.

“...qızı tanımırdım, amma ailəsini tanıyırdım”

- Böyüklərin məsləhətiylə evlənmisiniz. Bu, ananızın tövsiyəsi ilə baş verdi, yoxsa..?

- Bacımın məsləhətiylə... Mən 33 yaşımda ailə qurdum. Həbsdən çıxandan sonra Naxçıvana getmişdim. Ona qədər dəfələrlə evlənməyimi təklif etmişdilər. Lakin siyasi gərginlik, aksiyalar, həbslər səbəbindən evlilik təklifləri ağlıma batmırdı. Amma həbsdən çıxandan sonra gördüm ki, ən çətin mərhələni keçmişəm.

- Bildiyimə görə, evlilik məsələsi cəmi 10 gün ərzində reallaşıb.

- Bəli, rayona gedən günün sabahı bacım təkid etdi ki, Fazili buraxmayaq, evləndirək. Bir variantı mənə dedilər. Elə həmin variantın da üzərində dayandım. Düzdür, qızı tanımırdım, amma ailəsini tanıyırdım. Əmisi sinif yoldaşım idi, evlərində bir neçə dəfə olmuşdum. Ailəni tanıdığımdan vaxtı itirmədən qərar verdim. Nişanım, toyum cəmi dörd gün ərzində oldu.

- Həyat yoldaşınızla yaş fərqiniz çoxdur.

- Elədir, aramızda 14 yaş fərqi var.

- Yaş fərqinin çox olması problem yaratmır ki?

- Yox, əksinə, mən tövsiyə edirəm ki, qadınla kişi arasında yaş fərqi minimum 10 il olsun. Bu, olduqca zəruridir.

“Elə olur, özümü də yuxu tutur və onunla birlikdə yuxulayıram”

- Eşitdiyimə görə, balaca qızınız çox dəcəldir.

- Düzdür, ümumiyyətlə, bütün balacalar dəcəl olur (gülür).

- Amma sizin evdə “komendant saatı” o yatdıqdan sonra başa çatır.

- Özü də maraqlı odur ki, hər axşam onu mən yatırtmalıyam. Əlimdə nə işim olursa-olsun, ancaq gəlib məni gözləyir. Mən də onu yatırdıram. Elə olur, özümü də yuxu tutur və onunla birlikdə yuxulayıram. İki saatdan sonra ayılıram ki, əlimdəki işim, kompüterdəki yazım yarımçıq qalıb.

- Neçə yaşı var?

- Beş yaşına keçib. Bağçaya gedir. Heç olmasa, bağçada müəyyən vərdişləri götürüb – rəqslər, şeirlər öyrənib.

- Bəs böyük övladınız?

- Onuncu sinifdə oxuyur, adı Ərturandır. O hazırlıqlara gedir, ali məktəblərə hazırlaşır. İdmanla – üzgüçülüklə və kikboksinqlə məşğul olur. Çox vaxtı olmadığından idmanla evdə məşğul olur. Amma bu, bizə problem yaradır. Çünki divara, qapı və pəncərəyə təpiklə və ya yumruqla zərbə vurmasını hiss edirik. Xəbərdarlıq edirik ki, evi dağıtmasın.

- Özü də mənziliniz bina evində yerləşir. Qonşular da narahat olur.

- Bəli. Elə buna görə də, şənbə-bazar günlərində çox vaxt bağa gedirəm. Həm təmiz hava qəbul etmək üçün, həm də velosiped sürmək üçün. Mən velosiped sürməyi və qaçmağı xoşlayıram.

“...evdə qızılım-filan yoxdur”

- Evə bazarlığı özünüz edirsiniz. Bazarda aldatmırlar sizi?

- Aldanıram, amma bəri başdan satıcıya Qurandan sitat gətirir, ayəni deyirəm ki, ola bilər mən 300 qram az alaram, amma aldatmaq sənin problemindir. Elə satıcı da var, üzünə baxanda onun xaraktercə düzgün adam olduğunu hiss edirəm. Ticarət qaydalarını başa düşdüyünü anlayıram. O ki qaldı aldığım məhsullara, məsələn, ətin keyfiyyətini seçə bilmirəm. Buna görə də evə əti qardaşım, bazara yoldaşımla gedəndə o alır. Ümumiyyətlə ət, qızıl – bunların keyfiyyətindən başım çıxmır. Arxa planda – evdə qızılım-zadım yoxdur (gülür). Həm başım çıxmır, həm də xoşlamıram.

- Xarici ölkələrə həm rəsmi, həm də işgüzar səfərlər edib geri qayıdanda evə ən çox çay alıb gətirirsiniz. Bu, yerli məhsullara etibar etməməyinizdən irəli gəlir?

- Əvvəllər xaricdən çay gətirirdim. Çayın özündə xeyli keyfiyyət problemləri var – içdikdən sonra görürsən stəkanın dibində çöküntü yaranır. Ona görə də çayı xaricdən alıb gətirməyə üstünlük verirdim. Amma axır vaxtlar aptekdən Azərbaycan çayı alıram, təmiz çayın yerini tapmışam. Ona görə də daha xaricdən çay gətirmirəm. Evdə çay içməyə üstünlük verirəm. Suya çox meylim yoxdur.

“Jurnalist kimi toya 50 manat sala bilirsiniz, amma biz 100 manat salanda küsürlər”

- Deputat maaşı ilə dolanmaq mümkündür?

- Yox, mümkün deyil. Özümüzü aldatmayaq. Bəlkə də, dolanmaq mümkün olardı. Bu maaşla Avropa ölkələrində qənaətlə yaşamaq olardı. Amma bizdə ictimai nəqliyyat çox bərbad vəziyyətdə olduğundan ondan istifadə edə bilmirik. Sıxlıq olduqda ictimai nəqliyyata minmək cəhənnəmin içinə girmək kimi bir şeydir. Metronun içi də təxminən elədir. Buna görə benzinə xeyli vəsait sərf edirik. Siz jurnalist kimi bir toya 50 manat sala bilirsiniz, amma biz 100 manat salanda küsürlər ki, bu boyda deputat gör nə qədər pul yazdırıb. Ona görə də məcburuq ki, 200 manat və ya dollar pul yazdıraq. Bu da bir xərcdir. Xəstəsi, yaxud digər problemi olan insanlar da bizə yüklənir. Məcbur olursan ki, müalicəsi ilə əlaqədar 50-100 manat verəsən. Bu da 500-600 manat deməkdir. İnsanlar səndən qayğı tələb edirlər. Ona görə də əlavə gəlir vasitələri üzərində düşünməli olursan. Mənim də gəlir vasitəm kitabdır. Hər hansı problemli işlə məşğul olmağa fikrim və ya marağım olmadığından daha çox bu sahədən gəlir qazanmaq istəyirəm. Hər hansı obyektim, gəlir yerim yoxdur.

- Səhv etmirəmsə, qardaşınız inşaat materialları sahəsində çalışır.

- O, yerlərini icarəyə verib və oradan 3-5 manat gəlir götürür. Qardaşım bəzi məsələlərdə mənə kömək edir. Amma çalışıram ki, kitablarımın satışından, xaricdəki jurnallarda məqalələrdən gəlir qazanım. Xaricdəki jurnallardan sifarişlər gəlir və onlar yaxşı qonorar verirlər. Bunlar hamısı bir yerdə adamı vəziyyətdən çıxarır. Mən qənaətcil adamam, heç bir lüksüm, komfortum yoxdur. Bahalı restoranlarda oturmağı xoşlamıram. Pulumu yeməyə çox xərcləmirəm. Evdə də deyirlər ki, sən niyə bir dəfə yeməyə etiraz etmirsən? Yemək yansa da, onu yeyirəm. Belə məsələlərə şükürlü yanaşıram. Allah nəyi veribsə, ona şükür etmək lazımdır. Amma müəyyən insanlara, borc üçün müraciət edənlərə kömək edə bilmirəm. Heç borc verdiklərim də “üzü yumşaqdır” – deyib pulu qaytarmırlar.

“Hətta avtomobilimi də özüm sürürəm”

- Yazdığınız kitabın əsas mövzusu nədir?

- Bu günlərdə işıq üzü görən kitabımın mövzusu “Azərbaycanda türk kimliyi və saxta tarix problemi”dir. Kitabda tarixə baxışla bağlı yeni metodologiya təklif etmişəm. Bu həftə yeni kitabım nəşr ediləcək: “Bütöv Azərbaycan axtarışı”. O, maraqlı, bütöv Azərbaycan problemlərinə dair məqalələr toplusudur. Əsasən bu il yazılmış məqalələrdir. Hal-hazırda “Azərbaycanda 1917-1920-ci illərdə siyasi fikir cərəyanları” kitabımın üzərində işləyirəm. Bu, partiya modellərinə yeni baxış formasıdır. Onu da 1-2 aya yekunlaşdıracam.

- Mütaliə edirsiniz...

- Gündəlik çalışıram ki, ən azı 40-50 səhifə oxuyum. İngilis dilini təkmilləşdirməklə məşğulam, boş vaxtlarımda oxuyuram. Hər gün ya səhər, ya da axşam futbol oynayıram. Bir də kitablarımın nəşri. Məişət qayğılarını da bura əlavə edirəm. Elə bir adamam ki, hər şeyi özüm edirəm. Hətta avtomobilimi də özüm sürürəm. Sürücüm yoxdur. Bütün bunları bir günə sığışdırmağa çalışıram.

- Bəs son dəfə oxuduğunuz kitab hansıdır?

- Son dəfə oxuduğum və çox xoşladığım Məhəmməd Əsəd bəyin “Qafqazın 12 sirri” əsəridir. Tövsiyə edirəm ki, elə sən də oxuyasan. Çox yaxşı əsərdir. Bir neçə kitabı eyni vaxtda oxumağa çalışıram. Xarici ədəbiyyatdan Kafkanı mütaliə edirəm. 20 il əvvəl rusca oxuduqlarımı indi tərcümədən oxuyuram. Daha çox fəlsəfi ədəbiyyata üstünlük verirəm. Hegelin və digərlərinin əsərlərini mütaliə edirəm.

- Ən çox yadınızda qalan məzəli hadisə?

- Çox olub, yadıma sala bilmirəm.

- Məsələn, parlamentin son sessiyasında üzləşdiyiniz məzəli olay.

- Son sessiyada deputat həmkarım Hacı Qalib məndən əvvəl çıxış etdi. Sonda dedi ki, mən çox cəsarətli danışdım, amma düz danışdım. Bu sözlərə güldüm. Çox xoşuma gəldi (gülür). Özü bunu qiymətləndirdi. Belə məzəli məqamlar çox olur. Milli Məclisdə zarafat mühiti çox yaxşıdır.

“Qarajı düzəltmişdim ki, seçiciləri orda qəbul edim”

- Yolda, küçədə insanların sizə yaxınlaşmaları sıxıntı, gərginlik yaratmır ki?

- Yox, insanlar görür ki, sən də onlardan birisən. Heç nə dəyişməyib, fərqli bir şey yoxdur. Mən əsasən kitab mağazalarını gəzirəm. Sizinlə müsahibə məkanı olaraq qəsdən buranı seçdim. Belə yerlərdən zövq alıram. Sıxıntı yaradan odur ki, bəzən insanlar yolun ortasında elə problemlərindən danışırlar ki, deyirsən gəl, filan yerdə qəbul edim. Məsələ burasındadır ki, bizim heç qəbul yerimiz yoxdur. Məsələn, mən seçiciləri çox vaxt Bakıxanov qəsəbəsində parkda qəbul edirəm. İki-üç ildir icra orqanına müraciət etmişəm, hələ ki yer ayırmayıblar. Əvvəllər seçki dairəsinin binasında qəbul edirdim, bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar artıq orda da qəbul edə bilmirəm. Mədəniyyət sarayı isə təmirə bağlanıb. Bəzi insanlar elə bilir ki, bizim hər şəraitimiz var. Əslində şərait yaradılmalıdır ki, seçiciləri qəbul edə, dinləyə bilək. Bu da bizdə çətinlik yaradır. O boyda rayonda bir otaq tapılmır ki, insanları orda qəbul edim. Anamgilin həyətində bir qaraj var. Oranı düzəltmişdim ki, seçicilərlə görüşüm. Qaraj isə qışda çox soyuq olur. Buna görə də orda seçiciləri ancaq yayda qəbul edə bilirəm.

“Vaxtı boş keçirmək olmaz”

- Dostlarınız çoxdur?

- Təbii.

- Kimlərdir?

- Ayrı-ayrı sahələrdə olan insanlardır. Musiqiçi, rəssam, futbolçu, ümumiyyətlə idmançı, ədəbiyyatçı, iş adamı olan dostlarım var. Onlar ayrı-ayrı sahələrdə olduqlarından yorulmuram. Əksinə, məsələyə onlardan enerji almaq baxımından yanaşıram. Mənim onlara, onların da mənə ehtiyacları var. Mən ağıllı, savadlı adamlardan nəyi isə öyrənməyə çalışıram. Və bilmədiyim nəyi isə soruşmağa pis baxmıram. Vaxtı boş keçirmək olmaz.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm