“İvan Qroznı”dan nostalji müsahibə: “DÇ-98-dən sonra Ronaldo mənəvi cəhətdən “sınmışdı”
Bizi izləyin

Digər

“İvan Qroznı”dan nostalji müsahibə: “DÇ-98-dən sonra Ronaldo mənəvi cəhətdən “sınmışdı”

Futbol əfsanələrini unutmaq çox çətindi. İndi Kriştiano Ronaldo və Messinin adı dillər əzbəri olsa da, 10-15 il əvvəlki ulduzların yeri yenə də görünür. Götürək elə “Qarabağ”ın Avroliqadakı rəqibi “İnter”i. Bu klubun heyətində saysız-hesabsız ulduzlar, əfsanələr top qovub. Ronaldonumu deyək, Baconumu deyək, Vyerinimi deyək? Ötən əsrin sonlarında A seriyasında bir futbolçu da vardı ki, formasının arxasındakı rəqəm xüsusi diqqət çəkirdi. “1+8” nömrəli futbolkaya indi harda rast gələ bilərsiz?

1990-cı illərin sonlarında “İnter”in heyətində döyüşkənlikdə hamını üstələyən bir futbolçu var idi. Çilili idi. Özünəməxsus saç düzümü o vaxtlar çox da dəbdə deyildi. Meydanda ürəyini qoyurdu. Hər gün, çərşənbə, şənbə, bazar, 90 dəqiqə ərzində yalnız göy-qara rəngləri düşünürdü. Klubun tarixini də məhz belə futbolçular yazır, adətən.

Yəqin ki, “İnter” azarkeşləri İvan Samorano üçün çox darıxır. O, məsələn, indiki Ronaldo və Messi qədər populyar deyildi, amma milanlılar üçün onlardan da artıq nüfuza malik idi. “Qol maşını” idi. Onun vurduğu qollar xüsusi emosiyayla bayram edilirdi. Tribunada əyləşənlər sevincdən ağlını itirirdi.

Bu yaxınlarda “İvan Qroznı” ləqəbli Samoranonun “İnter”in azarkeş saytlarından birində maraqlı müsahibəsi dərc olunub. 1996-2001-ci illərdə “neradzurra”nın uğurları üçün tər tökən çilili sabiq futbolçu keçmişə boylanıb və ötən günləri xatırlayıb. Əminik ki, müsahibəni oxuduqca siz də 15 il əvvəli xatırlayacaqsız.

- 1996-cı ilin yayı: “Real”ı tərk edib “İnter”in hücumçusu oldunuz. Danışıqlar necə baş tutdu?

- Danışıqlarda maraqlı bir şey olmadı. Məsələ problemsiz və qısa zamanda həll olundu. “Real”da oynayırdım. “İnter”ə qədər daha 3-4 Avropa nəhəngindən təklif almışdım. Amma üfüqdə “neradzurra” peyda olandan və Massimo Morattiylə söhbətdən sonra fikrimi qətiləşdirdim. Əmin oldum ki, “İnter” əsl mənim komandamdı və birbaşa Milana uçdum. Bu qərara heç vaxt peşman olmamışam.

- 1996-cı ildən 2001-ci ilə kimi yəqin ki, xeyli unudulmaz anlar yaşamısız. Həm də məyusedici məqamlar olub. Hansı “şəkil” yaddaşınıza həkk olunub? Bəlkə, UEFA kubokunda “Latsio”yla Paris finalı?

- “İnter”lə bağlı yalnız xoş təəssüratlarım var. “İnter”də 5 gözəl il keçirmişəm. Tifozinin məhəbbətini heç vaxt unuda bilmərəm. Yəqin ki, Parisdəki həmin gecə ən təsirli hislərlə yadda qalıb.

- Bu oyun bütün “İnter” azarkeşləri üçün unudulmazdı...

- 3:0 qalib gəldik və ilk qolu mən vurdum. Bu, fərdi planda ikiqat xoşbəxtlik idi. Təsəvvür edin, ilk dəfə çilili bir futbolçu beynəlxalq titul qazanırdı. Sevinirəm ki, uzun illərdən sonra milanlı tifozi məni unutmayıb.

- 1997-ci ilin yayında Moratti klubun tarixində bəlkə də ən səs-küylü transferi reallaşdırdı - Ronaldonu Milana gətirdi. “Fenomen” ilk mövsümündə “10 nömrə”ylə oynasa da, növbəti mövsümdə “9”-u geyindi. Samorano isə...

- Mən də “1+8” nömrəsiylə oynamağa başladım. DÇ-98-dən sonra Ronaldo mənəvi cəhətdən “sınmışdı”. Çox pis vəziyyətdə idi. Ona baxanda ürəyim ağrıyırdı. Matsolaya dedim ki, mən “9”-u Ronniyə verim, özüm də “9”-la oynayım, amma “1+8” şəklində. Sonra klub prezidenti Morattiyə də məqsədimi açıqladım, o da Kalçonun qaydalarına zidd omadığını vurğuladı. Ronaldoya bu “hədiyyə”ni özüm təqdim etdim. Bununla ona “yeni nəfəs” vermək istəyirdim. İstəyirdim ki, depressiyadan çıxsın.

- Seçim uğurlu oldu. “1+8” futbol tarixinə populyar nömrə kimi düşdü.

- Bu, mənə karyeramla bağlı əlavə sevinc bəxş edir.

- İllər öncə “Kalçopoli” qalmaqalını eşidəndə reaksiyanız necə oldu?

- Çox məyus oldum. O qədər zəhmətdən sonra belə faktları eşitmək adama pis təsir edir. İtaliya futbolu ağır yara aldı. Amma yenə də “İnter”in bir parçası olduğum üçün fəxr edirəm.

- Artıq Moratti də “İnter”dən ayrılıb. Onun haqda düşüncələrini bilmək maraqlıdı...

- Moratti həm insan, həm də prezident kimi dahi biriydi. Onun gözəl ailəsi var. Həmişə futbolçuların qeydinə qalırdı. Həmişə əlindən gələni artıqlamasıyla edərdi. DÇ-98-dən sonra Çili yığmasında geyindiyim formanı ona hədiyyə etdim. Karyeramda yaşadığım ən gözəl illərə görə ona minnətdaram.

- Beşillik “İnter” karyeranda bir sıra məşqçilərlə işləmisən. Ən çox yadında qalan kim olub?

- Lippi, Hocson, Luçesku kimi böyük məşqçilərlə işləmişəm. Amma Luici Simonini heç vaxt unutmaram.

- Sizdən ideal heyət qurmaq tələb olunsaydı, kimləri seçərdiz?

- Bu suala cavab vermək çox çətindi. “İnter”də xeyli ulduz futbolçular oynayıb: Zenqa, Berqomi, Corkayeff, Zanetti, Roberto Karlos, İns, Berti, Baco, Ronaldo, Vyeri, Souza, Suares və... Samorano (gülür).

- Yenidən “İnter”ə qayıtmaq təklifi alsaydınız, nə cavab verərdiniz?

- Futbolçu kimi qayıtmaq çətin məsələdir (gülür). Əlbəttə, qayıdardım. Moratti və ya Zanetti çağırsaydı, bir saniyə belə düşünməzdim.

- Bəs hansı yükün altına girərdiniz?

- Rəhbərliklə, prezidentlə futbolçular arasında vasitəçi kimi işləyərdim. Bu rolu özümə ideal hesab edirəm.

- İndi də “İnter”in oyunlarını izləyirsiniz?

- Əlbəttə. İndi əvvəlkindən də çox izləyirəm. Hazırda “neradzurra”da həmvətənim Medel oynayır. Əla oyunçudur, bu üzdən “18 nömrə”ni daşıyır. Mənə belə gəlir ki, “İnter” hazırda yenidənqurma dövrünü yaşayır. Bir neçə ildən sonra yüksək yerlər uğrunda mübarizə apara biləcək. Mançini bu komandanı zirvələrə daşıya bilər.

- Belə çıxır ki, Matsarrinin Mançiniylə əvəzlənməsinə doğru qərar kimi baxırsız?

- Baş məşqçi istefası xoş hal deyil. Amma nəticə olmayanda bir nömrəli hədəf məşqçi olur. Təəssüf, amma futbolda belədi.

- Siz “İnter”in tarixində, bəlkə də, ən yaxşı futbolçuyla birlikdə oynamısız. Ronaldo doğrudanmı “Fenomen” idi?

- Buna zərrə qədər də şübhəniz olmasın. O, yaxşıların yaxşısı idi. “İnter” onun kimi yüksəksəviyyəli futbolçuya “göy-qara” fomanı geyindirdiyi üçün fəxr etməlidir.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm