Abdullah Çatlı, Polad Ələmdar və ya Türkiyədə “dərin dövlət” necə “açığa çıxır” – ŞOK FAKTLAR
Bizi izləyin

Digər

Abdullah Çatlı, Polad Ələmdar və ya Türkiyədə “dərin dövlət” necə “açığa çıxır” – ŞOK FAKTLAR

Türkiyədə “dərin dövlət”in qurulmasında adı ən başda çəkilən Abdullah Çatlının ölümü hələ də sirr olaraq qalır.

1996-cı il noyabrın 3-də Balıkəsirin Susurluq mahalında baş verən avtomobil qəzasına qədər Çatlının kim olduğu da dəqiqliyi ilə bilinmirdi. Həmin vaxtı baş vermiş müəmmalı avtomobil qəzasında Abdullah Çatlı dünyasını dəyişdi.

Bu qəzadan sonra Abdullah Çatlının adı keçmişdə iştirak etdiyi iddia edilən bir çox cinayət işlərində hallandırılmağa başladı. İnsanların bir qisimi Abdullah Çatlını “Qladio” (İkinci Dünya müharibəsi sonrası İtaliyada NATO tərəfindən partizanlara qarşı keçirilən əməliyyatın kod adıdır) adlı gizli təşkilatın adamı, digər bir qisim isə Türkiyəyə xidmət etmiş gerçək bir vətənsevər hesab edirdi.

Kim idi Abdullah Çatlı? O, 1956-cı il iyunun 1-də Türkiyənin Anadolu bölgəsində yerləşən Nevşəhərdə dünyaya gəlib. Ailədə 5 uşaqdan ən böyük övlad olan Çatlı gənc yaşlarında ikən siyasi toplantılara və qlobal biznesə böyük həvəs göstərib. Abdullah Çatlının timsalında sadə kəndlilərin etibar etdiyi və problemləri çıxdıqda üz tutduqları sözükeçən insan anlayışı dəyişərək silah və narkotik alveri vasitəsilə özünə milyonlar qazanmış soyuqqanlı cinayətkar təsviri ilə əvəzlənmişdi. Çünki Abdullah Çatlı yaşa dolduqca, tamam ayrı istiqamətə meyillənmişdi. Hələ uşaq ikən onun haqqında bir neçə dəfə cinayət işi açılmışdı, orta məktəbdə oxuduğu zaman müəllimini qətlə yetirməkdə suçlanırdı. Dəfələrlə məhkəmə önünə çıxarılsa da, onun haqqında həbs qərarı kəsilmirdi. Kəsiləndə belə, həbsdə çox qalmırdı.

Abdullah Çatlı həbsxana həyatını daha çox xaricdə keçirmişdi. O, 1982-ci ildə İsveçrədə, 1984-cü ildə isə Fransada həbs olunub və barəsində 7 illik həbs qərarı çıxarılıb.

O, 1985-ci ildə Roma Papası II İoann Pavelə qarşı törədilmiş sui-qəsd cəhdi ilə bağlı açılan cinayət işi üzrə məhkəmə prosesində də şahid kimi dindirilib. Bu zaman Abdullah Çatlı sözügedən cinayətdə əlinin olmadığını və cinayəti törədən Mehmet Ali Ağcanın türk deyil, bolqar olduğunu bəyan edib. Doğrudan da, Abdullah Çatlının bu ifadələri sonradan məhkəmənin doğru qərar verməsində həlledici rol oynayıb. Çünki həmin dövrdə Mehmet Ali Ağcanın Türkiyə vətəndaşı olması və bu sui-qəsd planını da Türkiyə xüsusi xidmət orqanları tərəfindən hazırlanması barədə fikirlər formalaşmışdı. Ancaq Abdullah Çatlı məhkəmədə verdiyi bu ifadələri ilə Türkiyəni Qərbin böyük təzyiqlərindən xilas edib.

Abdullah Çatlının Türkiyə dövləti üçün xidmətləri bununla bitmir. Onun dəfələrlə ASALA-ya qarşı anti-terror əməliyyatlarında iştirak etməsi barədə məlumatlar var. Hətta Abdullah Çatlının bir neçə dəfə ASALA tərəfindən xaricdə türk diplomatlarına qarşı planlaşdırdığı sui-qəsd planlarını ifşa etdiyi də deyilir. Sonralar Abdullah Çatlının ayrı-ayrı böyük cinayətlərdə adı hallandırılsa da, həbsdə çox müddət qalmadığına görə onun Türkiyə “dərin dövlət”inin adamı olması barədə xəbərlər yayılmağa başlanmışdı. Aşkarda isə o, narkobaron kimi tanınırdı. Bəlkə də, bunu iz azdırmaq üçün məqsədli şəkildə edirdi. Ölümünə qədər çoxları onun haqqında geniş məlumata malik deyildi. Hətta Abdullah Çatlının əsl adının kimliyi də insanlara qaranlıq qalırdı.

1996-cı ildə keçirdiyi avtomobil qəzası da Türkiyə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Çoxları bunu sui-qəsd adlandırırdı. O zaman Türkiyənin əksər mediası bu cür yazırdı: “Susurluq qəzasında Türkiyə “dərin dövlət”i açığa çıxdı”. Media ona görə belə yazırdı ki, həmin qəza zamanı Abdullah Çatlının avtomobilində özündən savayı, Türkiyənin tanınmış siyasət və dövlət adamları da var idi...

Qəza zamanı avtomobildə olan İstanbul şəhər Təhlükəsizlik İdarəsi rəisinin müavini Hüseyn Kocadağ və Şanlıurfadan seçilmiş millət vəkili Sedat Edip Bucak da həyatlarını itirmişdilər. Bəlkə də, buna görə çoxları elə düşünürdü ki, Türkiyədə mafiya başçısı ilə dövlət və siyasət adamları arasında işbirliyi var.

Digər bir iddialara görə isə, Abdullah Çatlı Türkiyə Xüsusi Təyinatlı Qüvvələrin keçmiş komandanı, Abdullah Öcalanı tutub Türkiyəyə gətirən general Engin Alan, Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan (o, vaxtilə Bakıda TİKA-nın nümayəndəsi kimi də çalışıb - red) və digər kəşfiyyatçılarla vaxtilə eyni qrupda çalışıb.

Abdullah Çatlının ölümünü bu gün də Türkiyə ictimaiyyətinin müzakirə mövzusu olaraq qalır. Onun həyatından bəhs edən neçə-neçə filmlər çəkilir, kitablar yazılır və sairə.

Misal üçün, tanınmış yazar Hakan Türk “Abdullah Çatlı kimdir?” adlı kitab yazıb. Kitabda 3 noyabr 1996-cı il tarixində baş verən və bu zaman Abdullah Çatlının ölümü ilə tarixə düşən “Susurluq qəzası”ndan bəhs olunur. Bundan əlavə, kitabda həmin qəza zamanı ölən 3 nəfərlə bağlı şübhəli məqamların olması, pərdəarxası məqamlar və sairə məsələlərdən də söhbət açılır.

Abdullah Çatlı haqqında çəkilən filmlərin isə ən məşhuru “Kurtlar Vadisi” serialıdır. Bu filmdə Abdullah Çatlı rolunu tanınmış türk aktyoru Necati Şaşmaz “Polat Alemdar” olaraq canlandırır...

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm