“Avropa hər həftə 2 jurnalistinin həyatı ilə vidalaşmalı olur”
Bizi izləyin

Digər

“Avropa hər həftə 2 jurnalistinin həyatı ilə vidalaşmalı olur”

Fransa Senatında dünyanın bir sıra aparıcı jurnalist təşkilatları və Avropa Şurasının təşkilatçılığı ilə jurnalistlərin sərbəst peşə fəaliyyəti göstərməsinə yaradılan müxtəlif maneələr, onların həyatı üçün törədilən təhdidlərlə bağlı “dəyirmi masa” keçirilib.

Publika.az-ın məlumatına görə, Avropa Şurası baş katibinin müavini Qabriela Battani-Draqoninin moderatoru olduğu tədbirdə çıxış edənlər Avropada və bütövlükdə dünyada artıq jurnalistikanın təhlükəli bir peşəyə çevrilməsi, ayrı-ayrı ölkələrdə jurnalistlərə qarşı qəsdlərin arzuolunmaz bir ənənə halını almasından narahatlıqlarını ifadə ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov isə problemin bir sıra aspektləri barədə danışıb.

Azərbaycanlı deputat R.Hüseynov Milli Məclisdə və Avropa Şurasında deputat olmamışdan əvvəl peşəkar jurnalistika ilə məşğul olduğunu və 10 il “Amerikanın səsi” radiosunun müxbiri kimi çalışdığını diqqətə çatdırıb: “Elə indi də mətbuatla sıx təmasdayam və bu sahənin problemlərinə yaxından bələdəm. Avropa üzrə bu günün dəhşətli statistikası ondan ibarətdir ki, hər həftə 2 jurnalist həyatı ilə vidalaşmalı olur. Jurnalistlərə qarşı dünyanın müxtəlif ölkələrində baş verən qəsdlər, təqiblər, təzyiqlərin onların peşə fəaliyyətləri ilə bağlı olması aydındır. Lakin burada incə bir məqam da var. Jurnalist peşəsi alpinizmə bənzəyir. Sən nə qədər mahir, təcrübəli alpinistsənsə, yıxılmaq, zədələnmək, qayadan aşaraq həlak olmaq ehtimalları da o qədər azalır. Jurnalist də nə qədər çox bilikli, təcrübəlidirsə, peşə etikasının sirlərinə yaxşı bələddirsə, onun özünü mühafizə etmək, daha rahat fəaliyyət göstərmək imkanları da artır. Azərbaycan, ümumilikdə postsovet məkanı, bir qədər də geniş götürsək, keçmiş sosialist düşərgəsi ölkələrində jurnalistika sahəsinə xas olan ortaq bir problem var. Əvvəllər kifayət qədər mətbuat azadlığı görməmiş bu ölkələrdə müstəqillik dövründə yeni jurnalistika sürətlə inkişaf edir, nəşrlərin, informasiya agentliklərinin sayı durmadan artır. Azərbaycanda mətbuat fəaliyyəti ilə məşğul olanların sayı hazırda on minə yaxınlaşmaqdadır. Lakin peşəkar jurnalistika təhsili almış, ya bu sahə üzrə mükəmməl təcrübə keçmiş qələm sahibləri həmin rəqəmin onda birindən də azdır. Postsosialist məkanı üçün eyni hal səciyyəvidir. Beləliklə, kifayət qədər yüksək peşəkarlığa malik olmamaq da jurnalistikaya üz tutanlar üçün artıq yeni bir təhlükəyə çevrilir, onların özlərinin özlərinə qarşı yaratdığı təhlükəyə. Çünki bir sıra hallarda ayrı-ayrı kütləvi informasiya vasitələrində çalışanlar təzyiqlərə, təqiblərə, hətta qəsdlərə məhz özlərinin naşı fəaliyyətləri nəticəsində uğrayırlar. Ona görə də, zənnimcə, Avropanın aparıcı jurnalist qurumlarının da, Avropa Şurasının da jurnalistikaya göstərə biləcəyi ən mühüm kömək peşə hazırlığı səviyyəsinin artmasına daim dəstək verməkdir. Mütəmadi seminarlar, kurslar, treninqlər, Avropanın yüksək peşəkar jurnalistlərinin iştirakı ilə ustad dərsləri təşkil etmək bu baxımdan çox səmərəli olardı. Həm də bu tədbirləri ayrı-ayrı ölkələrdən mətbuat işçilərini dəvət edərək hansısa Avropa mərkəzlərində deyil, elə müxtəlif ölkələrə gedib orada da təşkil etmək olar. Bu halda təbii ki, treninqlərə cəlb edilənlərin əhatə dairəsi qat-qat artar”.

Seminar çərçivəsində Avropa Şurasının baş katibi Torbyorn Yaqland və dünyanın aparıcı jurnalistika mərkəzlərinin təmsilçiləri “Jurnalistlərin təhlükəsizliyini qorumaq üçün internet platformasının yaradılması haqqında Anlaşma Memorandumunu imzalayıblar.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm