Humay: “Mən onu qucaqlayıram, o, məni itələyir”- FOTOLAR, VİDEO
Bizi izləyin

Digər

Humay: “Mən onu qucaqlayıram, o, məni itələyir”- FOTOLAR, VİDEO

“Ulduzlu axşam”da həmsöhbətim gənc, yaraşıqlı, həm də çox istedadlı sənətçi Humaydır. Hələ bir neçə il bundan öncə Türkiyənin pop-starları Tarkan, Kübariyə, Sərdar Ortac kimi məşhurlarla birgə çoxlarının xəyal edə biləcəyi layihələri reallaşdıraraq gündəmi alt-üst edən Humay Qədimova…

Görək gənc sənətçi qarşıda daha hansı layihələrlə heyranlarını sevindirəcək. Humayla hər şeydən danışdıq sənətdən, şayiələrdən, sevgidən, sevimli əyləncəsindən...

- Bu gün bir çox sənətçilər var ki, gündəmdə qalmaq üçün hətta ssenariləşdirilmiş qalmaqallardan istifadə edirlər. Amma sən qalmaqalsız da gündəmdəsən. Buna necə nail olursan?

- Düz deyirsiniz. Hətta görürəm ki, sənəti olan müğənnilər də qalmaqaldan istifadə edir. Amma elə sənətin özü ilə o qədər maraqlı işlər görmək olar ki, bunun özü səni gündəmdə saxlaya bilər. Mən yeni sənətə gəldiyim vaxtdan uğurlarım bol olub. Tar aləti ilə bağlı etdiyim layihələri Azərbaycanda heç kim etməyib. Türkiyənin pop-starı Tarkan, Kübariyə, Sərdar Ortac və digər məşhurlarla layihələrim yenilik idi. Buna görə də, hər zaman sənətimdə elə yeniliklər etmək istəyirəm ki, onlar özü məni gündəmdə saxlasın.

- Bəs səni necə, qalmaqala çəkmək istəyənlər olur?

- Olur. Bilirsiniz ki, tar ifaçılığı ilə yanaşı, iki ilə yaxındır həm də müğənni kimi fəaliyyət göstərirəm. Bu yaxınlarda oxumağıma görə mənə söz atanlar oldu, adım hallandı. Bu, xoşuma gəlmədi.

- Nə dedilər ki?

- Dedilər ki, gözəl tar ifaçısıdır, niyə müğənnilik edir və sair. Mənim oxumağım bəzi şou əhlini qıcıqlandırdı. Əslində, buna normal yanaşmaq lazımdır. Bizim köhnə sənətkarlarımız da instrumental ifaçılıqdan başlayıblar. Sonradan gəlib müğənni kimi fəaliyyət göstəriblər. Yaxud da Avropanın özündə instrumental ifaçılar həm musiqi alətində ifa edirlər, həm də özlərini müşayiət edirlər.

- Bostanını daşladılar, bəs reaksiyan necə oldu?

- Heç birinə cavab vermədim. Başımı aşağı salıb öz işimə davam etdim. İstəmədim bununla hansısa bir qalmaqalın əsasını qoyum.

- Həmkarlarının bu sözlərini paxıllıq kimi dəyərləndirirsən, yoxsa?..

- Tar ifaçısı kimi kifayət qədər tanınmışam. Amma təbiidir ki, məni tanımayanlar da var. Amma elə adamlar var ki, müğənni kimi fəaliyyət göstərəndən sonra məni tanıyıblar. Hətta onlar heç əvvəldən mənim tar ifaçısı olduğumu bilmirdilər. Yəni demək istəyirəm ki, tez qəbul olundum. Buna görə də, ola bilər ki, kimsə paxıllıqdan ünvanıma belə sözlər söyləyib. Müğənni var ki, illərdir əziyyət çəkir, amma istədiyi zirvəyə çata bilmir, elə yenində sayır. Şükürlər olsun ki, məndə hər şey normal alındı. Həm də bu o demək deyil ki, mən bütün gücümü vokal ifaçılığına yönəltmişəm, bütün günü repertuar seçimi ilə məşğulam, xeyr. Belə deyil. Çalışıram həm tar, həm ud alətində, həm də ifaçılıqda maraqlı repertuar seçim. Yenilikləri sevən biriyəm və hər zaman fərqli yaradıcılıq işləri ilə insanları təəccübləndirmək niyyətindəyəm.

- Tarla bağlı qarşıda hansı layihə gözlənilir?

- Tar mənim simamdır və mən bu alətlə tanınmışam. Bu alətlə bağlı layihələrim olduqca, onu təqdim edəcəyəm. Qabaqcadan anons etməyi xoşlamıram.

- Türk ulduzları ilə çoxlarının xəyal etdiyi layihələri gerçəkləşdirdin. Daha hansı xarici ölkə sənətçisi ilə layihə etmək arzusundasan?

- Mən hər zaman dünyada nömrə bir sənətçi saydığım Maykl Ceksonla bir laiyhə etmək arzusunda olmuşdum. Amma qismət olmadı. Ondan başqa beynimdə hələlik elə bir müğənni yoxdur. Həm də onu deyim ki, sadaladığım bu ulduzlardan sonra heç özüm də istəmirəm ki, səviyyəcə aşağı olan hansısa bir müğənni ilə duet ifa edim. Bu səviyyəni həmişə çalışıram qoruyum. Yəni səviyyəcə onlardan aşağı müğənni ilə layihə etməkdənsə, etməmək daha yaxşıdır. Ola bilər e, sən müəyyən vaxt gündəmdə olmayasan, tamaşaçının yadından çıxasan, amma vaxt, zaman gəlir, yenə də hər şey öz dəyərini alır. Mənim nəzərimdə çox ustadlar var ki, buna qalsa, gərək bütün günü efirlərdən düşməsinlər. Amma onlar səviyyələrini saxlamaqdan ötrü hətta onillərdir ki, efirdə görünmürlər. Mənim üçün o sənətkarlar daha da qiymətlidirlər. Hələ mən bunu bir tamaşaçı kimi deyirəm, sənətçi kimi yox.

- Bəs Azərbaycanda hansı sənətçi ilə belə bir layihə planlaşdırırsan?

- Azərbaycanda korifey sənətkarımız Zeynəb Xanlarovadan sonra muğamımızı, musiqimizi bütün dünyada tanıdan ustad xanəndə Alim Qasımovla bir duetimiz olub. Amma təkliflər olsa, təbii ki, baxıb dəyərləndirərəm.

- Şou-biznes həm də şayiələrlə doludur. Şayiələrdən qorxursanmı?

- Qorxmuram, sadəcə, məsuliyyətlə yanaşıram. Qorxmaq o deməkdir ki, sən bunu eləmisən, buna görə qorxursan. Sadəcə, məsuliyyət hissi daşıyırsan. Əslində, qorxunun özündə də bir məsuliyyət var. İnsan qorxmasa, məsuliyyət hissi də keçirməz. Çalışıram bu məqamlara ehtiyatla yanaşım, şəxsi məqamları dostlar arasında, eləcə də sosial şəbəkədə paylaşmayım. Özəl məqamlar özümə məxsusdur və bunu başqaları ilə bölüşməyi sevmirəm.

- Səni nə ruhdan sala bilər? Ümumiyyətlə, səni ruhdan salmaq asandırmı?

- Məkana görə ovqatım dəyişə bilər. Ruhdan düşdüyüm məqamlar da olur. Çox olub həyatımda belə şeylər.

- Bəlkə, birini deyəsən…

- Məsələn, solo-konsertimə hazırlaşdığım bir vaxtda elə söz eşitmişəm, hətta səhnəyə çıxmaq da istəməmişəm. Bir neçə dəfə sənətlə bağlı ruhdan düşmüşəm. Məsələn, o vaxtlar anam xəstə idi, üzüm belə gülmürdü. Onun qayğısını çəkmək, əziyyətini görüb məyus olmaq məni ruhdan salırdı. İndinin özündə də anamın yoxluğu məni çox sarsıdır.

- Bəs depressiyadan necə çıxırsan?

- Sağ olsun dostlarım. Özüm də mübariz olmağa çalışıram.

- Adam var, bir xoş kəlmədən xoşbəxt ola bilir. Humayı nə xoşbəxt edə bilir?

- Adam var, avtomobil alarsan, özünü xoşbəxt sayar. Adam var, ev alarsan, bəxtəvər olar, adam var, sevgi verərsən, xoşbəxt olar. Amma mən anamı itirəndən sonra – beş aydır ki, xoşbəxtlik hissi nədir, bilmirəm. Ağlıma da gətirmirəm ki, məni nə xoşbəxt edə bilər. Hətta özümə də bu sualı verirəm ki, filan şey, görəsən, məni xoşbəxt edə bilər? Cavab vermişəm ki, yox, edə bilməz. Hazırda düşünürəm ki, gələcəkdə ailə qurum, övladım olsun, anamın adını qoyum. Bəlkə, bu, məni xoşbəxt edə bilər.

- Ananın sənə “bunu qulağında sırğa elə” deyə məsləhətləri vardımı?

- Çox şeylər var. Bəzən elə addımlar atıram, dərhal anamın məsləhətləri səslənir qulağımda. Deyirəm ki, anam sağ olsa, belə məsləhət verərdi. Buna görə düşündüyümü daha eləmirəm.

- Ananın sənə ən böyük qadağası nə idi?

- Gündəlik makiyajdan çox istifadə etməyimi xoşlamazdı. Çox açıq-saçıq geyinməyimə qarşı çıxardı. Sənətçiyəm, el şənliklərindən gec də gələ bilirik. Buna qarşı narazılıq edirdi, deyirdi ki, çalış gecə saat 11-ə qədər evdə ol. Hərçənd, xasiyyətimi bilirdi və istənilən qastrola gedəndə mənim yanımda olurdu. Nədənsə, qısqanclıq və övlada qarşı məsuliyyət hissi güclü idi onda. İnanın ki, mən anamı hər an yanımda hiss edirəm.

- Yuxuna tez-tez girir?

- Tez-tez.

- Adətən, yuxuda sənə nə deyir?

- Mən onu qucaqlayıram, o, məni itələyir.

- İnsanlara etibar edirsən?

- Qətiyyən. Əslində, mən heç kəsə etibar etmirəm. Bu, yaxşı bir xüsusiyyət deyil. Bilmirəm, cəmiyyət məni belə öyrədib, ya nədir, sirrimi heç kimlə bölüşmürəm.

- Heç kimə inanmadan yaşamaq çətin deyil?

- Çox çətindir. Təsəvvür edin, insanın bölüşə biləcəyi bir kimsə yoxdur. Təbii ki, dostlar var, amma bütünlüklə başıma gələnlər, çətinliklər barədə kiməsə danışım, ondan kömək gözləyim – bu, məndə yoxdur. Heç kimsədən kömək də gözləmirəm.

- Gücün nədədir?

- Aciz görünməyi sevmirəm və həmişə bir şeyi düşünmüşəm ki, mən güclü görünməliyəm. Son beş ayda – anamı itirəndən sonra məndə belə hiss yaranmışdı ki, ayağa qalxa bilməyəcəyəm. Sanki, gücümü itirmişdim. Biz atasız böyümüşük, anam hər zaman başını dik tutub balalarını böyüdüb. Anamın məsləhətləri yadıma düşür. Düşünürəm ki, anam o çətinliklər qarşısında ruhdan düşmədi, mən niyə ruhdan düşüm? Anamın ruhundan belə ruh alıram.

- Ən zəif cəhətin nədir?

- Tez inanmağım. Yanımda biri göz yaşı töksə, ona inanacağam.

- Gəncsən, qəşəngsən, ətrafında, yəqin, xeyli sevənlərin də var?

- Olur.

- Reaksiyan necə olur?

- Uşaq deyiləm, artıq 28 yaşın içindəyəm. 16-17 yaşımız yoxdur ki, göylərdə uçaq. Təbii ki, mənim ağılla düşünən vaxtımdır. Hətta sevgidə belə. Düşünürəm ki, hətta ailə quranda da belə hisslərin əsirinə çevrilməyəcəyəm.

- Sevgi ağılla hesablaşmır axı.

- İndiki zamanda belə lazımdır. Böyüklərimizdən də eşitmişəm ki, ağlın seçimi ilə olan evlilik daimi olur.

- Sənin üçün ərə gedəcəyin adamın hansı xarakterdə olması önəmlidir?

- Birinci növbədə qısqanc olmamalıdır. Çünki mən sənət adamıyam, bu tədbirdən çıxıb o tədbirə gedirik. Evə gec gəlmək, tez gəlmək, qastrollar- filan…

- Xarici görünüş sənin üçün önəmlidir?

- Qətiyyən.

- Yəni deyirsən, meymundan bir balaca fərqlənsə, bəsdir?

- Bəli. Bu barədə düşüncələrim fərqlidir. Ailə quracağım oğlan ilk növbədə ağıllı, mədəni olmalıdır. Ailəcanlı olsun, xanımına dəyər versin. Hiss edim ki, arxamda bir kişi dayanıb və onunla özümü güclü hiss edə bilim. Nə vaxtsa sınmağımı hiss etməməliyəm, buna imkan verməməlidir. Arxamda onun gücünü hər an hiss etməliyəm.

- Çox vaxt ətrafımda olan gənc qızlardan bu sözləri eşidirəm: “Kiminlə ailə quraq, yaxşı oğlan var ki?”

- Mən də elə düşünürəm. Qızların dedikləri ilə razılaşıram. Amma bunu hamıya da şamil etmək olmaz. Çox tərbiyəli oğlanlar da var.

- Humay, bildiyimə görə, kolleksiya toplamağı sevirsən...

- Ətir və musiqi alətlərinin kolleksiyasını yığmağı xoşlayıram. Bu həm də mənim hobbimdir. Musiqi alətlərinin xəstəsiyəm. Evdə, demək olar ki, bütün alətlərdən varımdır. Həm mili, həm də əcnəbi ölkələrin alətlərini toplayıram. Hara gedirəmsə, musiqi aləti alıb gətirirəm.

- Hamısında ifa etməyi bacarırsan?

- Əlbəttə. İstifadə etməsəm, onlar məndən küsər. Hətta elə hal da olur ki, alət durduğu yerdə çat verir, ya zədə alır. Təsəvvür edin, sizi beş ay evdə saxlayıram, amma danışdırmıram, yemək vermirəm, necə olarsınız?..

- Bəs ətirlərə nə qədər pul xərcləyirsən?

- Demək olar ki, əksəriyyəti hədiyyədir. Özümə nadir hallarda ətir alıram. Sağ olsunlar, bayramlarda hədiyyə edirlər. Özüm də müəlliməyəm, tələbələrim hər bayramda mənə ətir bağışlayırlar.

- Hamısını istifadə edirsən?

- Çalışıram hamısından istifadə edim. Təbii ki, ovqatıma uyğun olaraq.

- Ən çox sevdiyin ətir hansıdır bəs?

- “Şanel”, “Quart”, “Armani”…

- Humay, sonda yaradıcılıq yenilikləri ilə bağlı soruşmaq istərdim. Hansı yeniliklər var?

- İşlərim çoxdur. Tamaşanı yaxşı mənada təəccübləndirən, maraqlandıran yeni layihələr üzərində çalışıram. Mən ekspromt layihələri çox sevirəm. Hamının etdiyi layihələrdən qaçıram.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm